23 Noyabr 2024

Şənbə, 06:28

NƏ QƏDƏR ÇOX OLSA, BİR O QƏDƏR YAXŞIDIR

Avropa Cənub Qaz Dəhlizi üzrə daha çox qaz almağa can atır, Azərbaycan yeni nəql həcmlərinə hazırdır

Müəllif:

01.03.2021

«Cənub Qaz Dəhlizi» (CQD) layihəsi avropalı istehlakçılar üçün istifadəyə verildikdən sonra gələcək inkişafı üçün Avropa Birliyi və ABŞ-dan dəstək aldı. İndi CQD-nin səhmdarları bütün səylərini yeni qaz təchizatı mənbələrinin cəlbinə, həmçinin Avropada yeni satış bazarları axtarmağa yönəldəcəklər. Proses sürətli olmayacaq, qarşıda böyük işlər görülməlidir - sistemin genişləndirilməsi xərclərini müəyyənləşdirilməsi, qaz alqı-satqısı üçün müqavilələrin bağlanması, maliyyə mənbələrinin tapılması və s. Bununla belə, Azərbaycandan qaz idxalında maraqlı olan ölkələrin sayının artması düşünməyə əsas verir ki, CQD-nin ikinci mərhələsinin həyata keçirilməsi ilə bağlı xüsusi problemlər gözlənilmir.

 

«Qazprom» xəbərdarlıq edir!

“Cənub Qaz Dəhlizi Avropa İttifaqına öz enerji təchizatını şaxələndirmək, vətəndaşlarımıza daha çox seçim və rəqabəti təmin etməkdə kömək edir. Faktiki olaraq, biz İtaliyada bu ilin əvvəlində qaz qiymətlərinin artıq aşağı düşdüyünü görürük. Bu, uğurumuzun, həmçinin yeni tərəfdaşlığın başlanması deməkdir. Bu dəhliz vasitəsilə Avropa İttifaqı və Azərbaycan hazırda strateji enerji tərəfdaşlarıdır”, - deyə Avropa enerji komissarı Kadri Simson vurğulayıb.

CQD sisteminin cəmi 1,5 ay tam gücü ilə işləməsinə baxmayaraq, onun fəaliyyəti Avropa qaz bazarının "veteranlarının" diqqətindən yayınmayıb.

Elə fevral ayının əvvəlində Rusiya qaz konserni "xəbərdarlıq" etdi ki, «Qazprom»un Almaniyadan sonra ikinci ixrac bazarı olan İtaliyaya Rusiya Federasiyasından qaz nəqli, bu bazara yeni bir tədarükçünün – Azərbaycanın daxil olması üzündən, 2021-ci ildə "bəzi titrəmələr" yaşaya bilər.  

“Trans-Adriatik Qaz Boru Kəməri (TAP - Cənub Qaz Dəhlizinin Avropa hissəsi – “R+”) 2021-ci ilin I-II rüblərində Yunanıstan və İtaliya sərhədində ildə 8 milyard kubmetrə bərabər layihə gücünə çatdıqdan sonra, bu, bazarın yeni boru kəməri qazı mənbəyinə adaptasiyası dövründə başqa təchizatçıların İtaliyaya qaz nəqli həcmində bəzi titrəmələrə səbəb ola bilər”, - deyə Rusiyanın qaz inhisarçısı rüblük hesabatında vurğulayıb.

İtaliyanın qazötürmə operatoru «Snam»ın məlumatına görə, TAP qaz kəməri ilə İtaliyaya qaz nəqli 31 dekabr 2020-ci ildə başlayıb və demək olar ki, gündəlik 10 milyon kubmetr səviyyəsində sabitdir. Bununla belə, İtaliyaya dekabr ayında Avstriya vasitəsi ilə ötürülən (fiziki olaraq yalnız Rusiya qazı) 82 milyon kubmetr, yanvar ayında isə 92 milyon kubmetr olub. Amma fevral ayında Avstriyadan keçməklə gündəlik təchizat 52 milyon kubmetrə düşüb, halbuki bir il əvvəl bu, 58 milyon kubmetr səviyyəsində idi.

25 il müddətinə bağlanan müqavilə ilə 10 milyard kubmetr Azərbaycan qazının Avropaya nəqlinin Avropa qaz bazarındakı cari bölgüyə müəyyən düzəlişlər edəcəyinə şübhə yox idi. İndi layihənin səhmdarları, layihənin birinci mərhələsinin uğurla işə başlamasından ruhlanaraq, yeni mərhələni gerçəkləşdirməklə Xəzər dənizi regionundan Avropa qitəsinə qaz tədarükü mənzərəsini yetərincə "düzəltməyə" hazırlaşırlar. Cənub Qaz Dəhlizi Məşvərət Şurasının «Cənub Qaz Dəhlizi» layihəsinin yerinə yetirilməsi ilə bağlı VII iclasının əsas sonucu Azərbaycandan qaz alan ölkələrin sayının çox olması ilə bağlı sistemin gücünü iki qat artırmaq niyyətinin qətiləşməsi oldu. Əsas hədəf Qərbi Balkan bölgəsidir. Gələcək perspektivlər üçün planlar da hazırlanır – bu, "Hidrogen strategiyası"nın gerçəkləşdirilməsi üzrə planların nəzərə alınması ilə, Cənub Qaz Dəhlizinin Avropaya hidrogen qarışığının çatdırılması üçün istifadəsi ilə bağlıdır. Beləliklə, öhdəliklər müəyyən edilib və qalanları, necə deyərlər, bir texniki məsələlərdir.

 

Balkan qovşağı

Bəllidir ki, 3500 km uzunluqlu CQD sistemi hər il Türkiyəyə illik 6 milyard kubmetr, TANAP qaz kəməri ilə Avropaya 10 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulub.

Avropa istehlakçıları 31 dekabr 2020-ci il tarixdən etibarən Azərbaycandan "mavi" yanacaq almağa başlayıblar. Bu il CQD vasitəsi ilə Gürcüstana, təxminən, 1 milyard kubmetr, Türkiyəyə ən az 8 milyard kubmetr və Avropaya 5 milyard kubmetrdən çox qaz ixrac edilməsi planlaşdırılır. CQD-nin 2023-cü ilə qədər tam gücünə çatdırılması düşünülür.

“İndi isə biz Cənub Qaz Dəhlizinin birinci fazasını başa çatdırdıqdan sonra növbəti faza üzərində düşünürük. İkinci faza nəticəsində Azərbaycan qazının işlənilməyən yataqlardan hasilatı təmin ediləcəkdir və bu da artıq yeni təchizatçılar üçün yeni tranzit imkanları yaradacaq”,- deyə Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.

Sistemin genişləndirilməsi Avropaya ildə 20 milyard kubmetr ixrac təşkil etməyə imkan verəcək. Özü də, Azərbaycan öz qazına tələbatın yalnız indiki alıcılar arasında məhdudlaşmayacağına əmindir.

“CQD-nin genişlənməsinin növbəti mərhələsində Qərbi Balkanlarda yeni bazarlara çıxmağı ümid edirik. Albaniya vətəndaşları və bu bölgənin digər ölkələri üçün qaz təchizatına başlayacağıq”, - deyə SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib.

Avropa Birliyinin (AB) özündə də ümid edirlər ki, Azərbaycan qazının Qərbi Balkanlara nəqli ən qısa zamanda başlayacaq. AB-nin qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Oliver Varhelyinin sözlərinə görə, AB hətta azərbaycanlı tərəfdaşlarla bu mövzuda müəyyən müzakirələr aparmaq istəyir.

“Ötən ilin oktyabrında Avropa Komissiyası Qərbi Balkan regionu üzrə iqtisadi investisiya planını qəbul etdi. İqtisadi bərpa planlarının tərtibatı, onun icrası ilə bağlı yönəldilən 9 milyon avro və əlavə 20 milyon avro Avropa Komissiyasının yardımıdır. təbii qazın Qərbi Balkanlarda faydalı enerjiyə keçid sahəsində mühüm rolu var. Hazırda həmin regionda bununla bağlı çətinliklər mövcuddur, bu da regionun iqtisadi inkişafını əngəlləyir. Bu səbəbdən iqtisadi investisiya planı bir-biri ilə bağlı 5 sahəyə yönəlib və orada Qərbi Balkanlara qazın təchizatı xüsusi yer tutur”, - deyə avrokomissar Oliver Varhelyi vurğulayıb.

Bununla bağlı müəyyən ümidlər İon-Adriatik Boru Kəmərinin (IAP) çəkilməsi ilə əlaqələndirilir. 516 km uzunluqlu kəmər Albaniya, Çernoqoriya, Bosniya və Herseqovinadan keçərək, Xorvatiyada bitəcək. Qaz kəmərinin ötürmə gücü ildə 5 milyard kubmetr olacaq. Bunun 2,5 milyardının Xorvatiyanı alacağı gözlənilir.

“Əlbəttə, TAP-ın başa çatdırılması İonik-Adriatik boru kəmərinin inşasına imkan yaradır. Biz Qərbi Balkan ölkələri ilə anlaşma memorandumlarını artıq imzalamışıq. İonik-Adriatik boru kəməri həyata keçirildikdən sonra biz təchizat marşrutlarımızı şaxələndirmək imkanı əldə edəcəyik və Qərbi Balkan dövlətləri üçün də yeni imkanlar yaradacağıq”, - deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

 

Texniki baxımdan asandır

Macarıstan da Azərbaycan qazının idxalına olan marağını bir daha bildirib, bu ölkə bu qazın nəqli üçün boru kəmərinin çatışmayan hissəsinin tikintisini başa çatdırıb. Macarıstan xarici işlər naziri Peter Siyartonun sözlərindən aydın olub ki, Azərbaycan qazının nəqli sözün gerçək anlamında milli təhlükəsizlik məsələsidir və ölkə bu qazın satınalınması üzrə əməliyyatlara artıq 2020-ci illərin ortalarından başlamağa ümid edir.

“Bizim üçün mümkün qədər çox mənbədən qaz ala bilməyimiz çox önəmlidir. Azərbaycanla Avropa arasında birbaşa qaz ötürmə əlaqəsi qurulub və MVM şirkəti Azərbaycanın qaz şirkəti ilə müqavilə münasibətlərini hazırlamağa başlayıb. Macarıstanın bu onilliyin ortalarından başlayaraq Azərbaycandan qaz alacağını gözləmək yetərincə realdır”, - deyə Siyarto vurğulayıb.

O, Macarıstanın elektrik enerjisi və təbii qaz istehsalı müəssisələrinə buyurub ki, SOCAR ilə Azərbaycan qazının Macarıstana nəqli üzrə müqavilələrin bağlanması barədə danışıqlara başlasınlar.

Əlbəttə ki, Azərbaycan qazının Qərbi Balkanlara və digər ölkələrə nəqli bir sıra amillərdən asılıdır. Bunların sırasında başlıca amil Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihəsinin gələcək dəyəri ilə bağlıdır. Bu yay TAP konsorsiumu Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) gücünün iki dəfə artırılması imkanları ilə bağlı bazar araşdırmalarının məcburi mərhələsinə başlamağı planlaşdırır.  

“İşlər 2021-ci ilin iyul ayında başlayacaq. Biz nəticələrin oktyabr ayına qədər aydınlaşacağını gözləyirik. TAP konsorsiumu TAP-ın tutumunun iki dəfə - ildə 20 milyard kubmetrə qədər artırılmasını təklif etmək üçün iki ildən gec olmayaraq bazar sınaqları aparacaq”, - deyə TAP-ın idarəedici direktoru Luka Şippati bildirib.

TAP konsorsiumunun Direktorlar Şurasının sədri Murad Heydərov bildirib ki, hələ CQD-nin infrastrukturunun ilkin layihələnməsində onun genişləndirilməsi nəzərdə tutulub. "Buna görə, təkcə Azərbaycanın deyil, həm də Xəzər və Aralıq dənizi regionunun Cənub Qaz Dəhlizi sisteminə qaz ötürə biləcək bütün istehsalçılara giriş açıqdır", - deyə o vurğulayıb.

M.Heydərovun sözlərinə görə, CQD genişləndikdən sonra TAP-ın toplam ötürmə gücü ildə 20 milyard kubmetr, TANAP-ınkı 31 milyard kubmetr, Cənubi Qafqaz Boru Kəmərininki isə ildə 30 milyard kubmetr olacaq.

“Texniki baxımdan CQD sistemi asanlıqla genişləndirilə bilər, lakin TAP qaz kəmərinin tutumundakı artım Avropa qanunvericiliyinin, xüsusən də qaz direktivinin sərt tələblərinə uyğun olaraq gerçəkləşdirilməlidir. Qərar AB-nin və sistemin marşrutu boyunca yerləşən başqa ölkələrin qanunvericiliyinə uyğun olaraq, ticari məqsədəuyğunluq əsasında qəbul edilir”, - deyə M.Heydərov aydınlaşdırıb.

 

Resurs imkanları

Cənub Qaz Dəhlizinin ikinci mərhələsinin səmərəliliyini təmin etmək üçün xammal bazasının mövcudluğuna gəldikdə isə, Prezident Əliyevin açıqlamaları bütün mümkün şübhələri aradan qaldırır. Hazırda Cənub Qaz Dəhlizinin əsas mənbəyi artıq 137 milyard kubmetr qaz çıxarılmış «Şahdəniz» yatağıdır.

“Bizim təsdiqlənmiş təbii qaz ehtiyatımız 2,6 trilyon kubmetr təşkil edir və yeni məlumatlara görə bu həcm daha da artıq ola bilər. “Azəri-Çıraq-Günəşli” yatağında “dərin qaz” adlanan layihəni də nəzərə alsaq, bizim potensialın mənzərəsi daha da aydın olar", - deyə İ. Əliyev CQD Məşvərət Şurasının layihə üzrə iclasında bildirib.

Bununla yanaşı, Azərbaycan lideri qeyd edib ki, bir sıra başqa perspektivli qaz yataqları da var: «Babək» - ehtiyatları 400 milyard kubmetrdir, «Abşeron» - 350 milyard kubmetr (hasilat gələn il başlayacaq), «Ümid» - ehtiyatları ən az 200 milyard kubmetrdir.

“Bunlar təsdiqlənmiş ehtiyata malik olan yataqlardır ki, onlar Xəzər dənizinin Azərbaycana məxsus sektorunda qaz hasilatına töhfə verəcəkdir. Kəşfiyyat mərhələsində olan digər layihələr də var və biz növbəti illərdə yeni kəşflərin olacağına ümid edirik. Beləliklə, şaxələndirilmiş bu neft-qaz kəmərləri şəbəkəmizin hasilat gücünün artırılmasına xidmət edəcək”, - deyə İ.Əliyev vurğulayıb.

Bundan əlavə, Türkmənistan qazının Cənub Qaz Dəhlizi ilə ixracı ilə bağlı müəyyən ümidlər «Dostluq» yatağının işlənməsi ilə bağlıdır. Yada salaq ki, iki ölkənin hökumətləri bu yatağın birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi ilə bağlı 21 yanvar 2021-ci il tarixdə anlaşma memorandumu imzalayıblar. Sənədə görə, yatağın işlənməsi 30% (Azərbaycan) və 70% (Türkmənistan) nisbətində həyata keçiriləcək. "Türkmənistanla bu yeni əməkdaşlıq Orta Asiya qazının Cənub Qaz Dəhlizinə qoşulması üçün daha böyük imkanlar açacaq", - deyə SOCAR-dan bəyan ediblər.

Rusiyanın «LUKoyl» neft şirkəti də bu layihədə tərəfdaşlığa hazır olduğunu bildirib. Beləliklə, güman etmək olar ki, Rusiya tərəfinin Türkmənistan karbohidrogenlərinin Azərbaycan üzərindən Avropaya gələcək ixracına etirazı olmayacaq.  

"Biz «LUKoyl»un «Dostluq» yatağının işlənməsində iştirak etmək niyyətini alqışlayırıq və konkret investisiya təkliflərini nəzərdən keçirməyə hazırıq", - deyə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov fevralın 18-də Rusiya şirkətinin rəhbəri Vahid Ələkbərovla görüşü zamanı bildirib.

«Dostluq» yatağı «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar blokunun şərqində yerləşir və AÇG-dən neft və qaz nəqli üçün istifadə olunan mövcud boru kəməri infrastrukturuna qoşula bilər. Bu, Türkmənistanın gərəksiz xərclərdən qurtulmasına və ölkənin karbohidrogen xammalı ixracı üzrə marşrutlarının şaxələndirilməsinə əlverişli imkanlar yarada bilər.

Bu arada, rəsmi Ankara bu günlərdə Aşqabada belə bir ixracatın təşkilində kömək etməyə hazır olduğunu açıqlayıb. “Biz, Türkiyə olaraq, Türkmənistan qazının Türkiyəyə nəqlini və Türkiyə ərazisindən Avropa bazarlarına tranzitini təmin etmək üçün öhdəmizə düşən hər şeyi etməyə hazırıq. Bu məsələ 23 fevralda Azərbaycan və Türkmənistan xarici işlər nazirləri ilə üçtərəfli görüş zamanı müzakirə edildi”, - deyə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu görüşdən sonra bildirib.

Elə həmin gün Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirləri Türkmənistanın təbii qazı və enerji qaynaqlarının Azərbaycan üzərindən Türkiyəyə və Avropaya çatdırılmasına yönəlmiş layihələrə dəstəyini ifadə edən bəyannamə imzalayıblar.

CQD layihəsinin iştirakçıları bu dəhliz vasitəsilə Şərqi Aralıq dənizindən də qaz nəqlinə ümid bəsləyirlər. "İsrail qazının Şərqi Aralıq dənizindən TANAP yolu ilə Avropaya nəqli iqtisadi baxımdan ən əlverişli seçimdir və biz bunu dəstəkləyirik", - deyə SOCAR-ın vitse-prezidenti E.Nəsirov bildirib

Yeri gəlmişkən, SOCAR artıq TANAP qaz kəməri ilə Avropaya hidrogen qarışığı nəql etmək imkanlarını da qiymətləndirib. “TANAP vasitəsilə Avropaya hidrogen nəqli ilə bağlı araşdırma və təhlilimizi başa çatdırmışıq. Gələcəkdə 20 %-ə qədər hidrogen daşıyan qarışıq TANAP-la ötürülə bilər və boru kəməri artıq heç bir əlavə sərmayə qoymadan hidrogen nəql etməyə texniki cəhətdən hazırdır”, - deyə E.Nəsirov hesab edir.

Cənub Qaz Dəhlizinin yaradılması layihəsinin başa çatması Azərbaycan qazının Avropaya ixrac əhvalatına son qoymur. Bu, yalnız ilk fəsildədir, bütün maraqlı işlər hələ qarşıdadır.



MƏSLƏHƏT GÖR:

257