Müəllif: İlqar VƏLİZADƏ
Türkiyənin Qars əyalətində iki həftə davam edən «Qış təlimi-2021» hərbi təlimi bu günlərdə başa çatıb. Bu, Azərbaycan hərbçilərinin də iştirak etdiyi ənənəvi təlim formatıdır. Təlimə tank rotaları, artilleriya batareyaları, snayper bölükləri, xüsusi təyinatlılar və vertolyotlar cəlb olunmuşdu. Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrini darmadağın etdiyi 44 günlük müharibədən sonra bu təlim xüsusilə vacib əhəmiyyət daşıyırdı. Məlum olduğu kimi, həmin savaşda qazanılmış qələbədə məhz artilleriya, xüsusi təyinatlılar, tank bölükləri və snayperlər xüsusi rol oynayıb.
Hədəf daha yaxşı olmaqdır
Türkiyə ilə Azərbaycan ilk dəfə deyil birgə hazırlıq, miqyaslı birgə hərbi təlim keçirir. Bu, «Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında» müqaviləyə tam uyğundur. Bu, onu göstərir ki, Azərbaycan və Türkiyədə hərbi quruculuq işləri paralel inkişaf edir, bir çox hallarda qarşılıqlı razılaşma ilə həyata keçirilir.
Hələ müharibədən əvvəl – 2020-ci ilin avqustunda növbəti, eyni zamanda tarixin ən miqyaslı Türkiyə-Azərbaycan birgə hərbi təlimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev əminliklə bildirmişdi ki, Ankara yaxın zamanlarda hərbi-texniki əməkdaşlıq sahəsində Azərbaycanın bir nömrəli tərəfdaşına çevriləcək.
Məhz bunun təsdiqi kimi Qarsda yeni və ya hərbi sənayelərin məhsulu olan hərbi silah və nəqliyyat vasitələri sınaqdan keçirildi.
Bundan başqa, təlimlərin gedişində birgə əməliyyatların aparılması üçün əməkdaşlıq və koordinasiya bacarıqları inkişaf etdirilib.
Bu, çox vacibdir. Çünki Türkiyə və Azərbaycan ordularının uzunmüddətli əməkdaşlığı məhz sıx kooperasiyaya əsaslanır. Hədəf Azərbaycan Silahlı Qüvvələrinin hazırlıq səviyyəsinin Türkiyə Ordusunun səviyyəsinə çatdırılmasıdır. Odur ki, təlimlərdə vacib hədəf qoşunların hərbi hazırlıq səviyyəsinin yoxlanılması, birgə xüsusi əməliyyatların keçirilməsi bacarıqlarının sınanması, ümumi komandaların avtomatikləşdirilməsi və s. idi.
Təlim qış fəslində və dağlıq ərazidə keçirildiyindən, qarşıya qoyulmuş vəzifələr arasında qalın qarda, güclü şaxtada atıcılıq bacarığının yaxşılaşdırılması, qış şəraitində hərbi hazırlıq səviyyəsinin yüksəldilməsi də var idi. Bundan başqa, səhra şəraitində yerləşmə, təchizat və texniki xidmət, həmçinin komandanlıq sisteminin işinin təmini kimi məsələlərə də diqqət ayrılıb. Təlimlərin gedişində hücum, desant-həmlə və hava əməliyyatları, avianəqliyyat və maddi-texniki dəstək məsələləri də xüsusi yer tutub.
Ermənistanın narahatlığı
Qonşu Ermənistan bu təlimləri aşkar narahatlıqla qarşılayıb. Ölkənin siyasi, ekspert və hərbi dairələri təlimlər çərçivəsində hücum əməliyyatlarının keçirilməsi faktını xüsusi narahatlıqla şərh edirlər. Bundan başqa, Azərbaycan tərəfdən təlimlərə Naxçıvanda dislokasiya olunmuş ümumqoşun ordu hissələrinin qatılması da İrəvanı narahat edən məqamlardandır. Lakin Ermənistanın Azərbaycan-Türkiyə tandeminə qarşı çıxmaq üçün nə gücü, nə iradəsi var. Odur ki, onlar Rusiyaya qarşı mifik təhdidlə bağlı köhnə fikirləri ortaya atmaqdan başqa bir iş görə bilmirlər.
Erməni tərəfinin ziddiyyətlər, qüsurlarla dolu arqumenti sözügedən hərbi təlimlərin Rusiyanın Ermənistanda yerləşən 102-ci hərbi bazasının yaxınlığında keçirilməsilə bağlıdır. Guya «Türkiyə Silahlı Qüvvələrinin bilavasitə Rusiya qüvvələri yaxınlığında güclənməsi, infrastrukturunu inkişaf etdirməsi Moskvanı narahat etməlidir».
Maraqlıdır ki, Rusiya tərəfi bu təlimlərin qiymətləndirilməsində daha təmkinli mövqedən çıxış edib. Təlimlərə nə Rusiya rəsmilərindən, nə ölkənin hərbi rəhbərliyindən hər hansı şərh verilib. Aparıcı rus hərbi ekspertləri isə bu təlimlərdə Moskvanın maraqlarına hər hansı təhdid görməyiblər.
Bu yerdə ötən il baş verənlər yada düşür: Ermənistanla Azərbaycan arasında erməni tərəfinin 2020-ci ilin iyulunda iki ölkənin sərhədində əl atdığı təxribatdan sonra baş vermiş hərbi qarşıdurmanın ardından yenə də Bakı ilə Ankara birgə hərbi təlim keçirmişdi. O zaman təlimlərə hərbi aviasiya, artilleriya və quru qoşunları da cəlb olunmuşdu. İrəvan onda da Rusiyanın diqqətini bu təlimlərə çəkməyə çalışmış, amma Moskvanın baş verənlərə diqqəti bir qədər fərqli aspektdə olmuşdu. Moskvada hər kəs yaxşı bilirdi ki, nə Bakının, nə də Ankaranın Ermənistana, xüsusilə Rusiyanın oradakı 102-ci hərbi bazasına hücum etmək niyyəti var. İşğal altındakı torpaqlarını güc yolu ilə azad edə biləcəyini isə Azərbaycan heç zaman gizlətmirdi. Bəs, Rusiya bu niyyətdə regiondakı maraqlarına təhdid görürdümü? O zaman Moskva nə sözdə, nə də əməldə belə bir narahatlıq ifadə etmişdi.
Əvəzində, Moskvanın baş verənlərdən narahatlıq ifadə etməməsi İrəvanda aşkar əndişəyə səbəb olmuşdu. Guya NATO-nun Türkiyənin timsalında KTMT üzvü Ermənistana hücum məqsədilə Naxçıvanda əməliyyat meydanı yaratdığına dair iddialar tələ idi. Bu tələyə isə yalnız erməni cəmiyyətinin sadəlöhv, aldadılmış nümayəndələri düşdü.
Yeni təhdidlər fonunda təlim
«Qış təlimi-2021»ə gəlincə, onun hansı regional, hətta beynəlxalq gündəm fonunda təşkil olunduğu da qeyd edilməlidir. Bu təlim hansısa dərəcədə Azərbaycan ilə Türkiyənin zamanın diktə etdiyi çağırışlara cavabı idi. Türkiyə Müdafiə Nazirliyinin Azərbaycan qüvvələri Qarsa çatar-çatmaz verdiyi bəyanat təsadüf sayıla bilməz: «Biz Qarabağda Ermənistan ordusu üzərində böyük qələbə qazanmış qardaşlarımızı qürurla salamlayırıq. «Bir millət, iki dövlət» anlayışımızla «bir ürək, bir bilək, bir yumruq» olaraq fəaliyyətimizə davam edəcəyik!»
Düşünmək olar ki, «bir ürək» və «bir yumruq» olmaq hədəfi yalnız Cənubi Qafqaz regionundakı vəziyyətə hesablanmış mesaj deyil. Lazım gələrsə, ondan daha geniş coğrafiyada istifadə oluna bilər.
Təsadüf elə gətirib ki, «Qış təlimi-2021»in keçirildiyi vaxt Türkiyə ərazisində fəaliyyət göstərən terrorçu Kürd Fəhlə Partiyası (PKK) növbəti dəhşətli terror aktı törədib. Nəticədə, 13 Türkiyə vətəndaşı həlak olub. Cavabında, Türkiyənin milli təhlükəsizlik qüvvələri sürətli və miqyaslı əməliyyat keçirərək, terrorçularla əlaqədə şübhəli bilinən 718 nəfəri saxlayıb. Eyni vaxtda, Türkiyə hərbçiləri İraqın şimalındakı Qara rayonunda «Pençe Kartal-2» adlı dörd günlük əməliyyat da həyata keçirib.
Təəssüf ki, Türkiyənin terrorçuluqla mübarizədə ardıcıl addımlar atmasına baxmayaraq, o, hələ də potensial risk zonası olaraq qalır.
Amma Qarabağ savaşında qələbə qazanmış Azərbaycan indi Türkiyəyə terrorçularla mübarizədə fəal yardım göstərə bilər. Qarabağın erməni işğalı altında olduğu illərdə orada PKK yaraqlılarının da məskunlaşdığı heç kimə sirr deyil. Onların bir çoxu Vətən müharibəsi zamanı Ermənistan tərəfdən döyüşlərə də qatılıb. Amma sonda həmin terrorçular ya məhv edilib, ya da qaçıb. Qaçmağa müvəffəq olmuş bu terrorçuların bir çoxu İraq-Türkiyə sərhədindəki sığınacaqlarına qayıdıblar. Nəticədə, onlar bu gün də ən yaxşı bacardıqları işlə məşğuldurlar – sülhü, dinc sakinlərin sakitliyini pozmaq.
Əlbəttə ki, bu şəraitdə Azərbaycanın təhlükəsizlik qüvvələri türkiyəli qardaşlarının yanında olmağa, onlara hər dəqiqə dəstək verməyə hazırdır. Bununla yanaşı, Türkiyə ilə Azərbaycan təhlükəsizliyinə təhdid yaradan terrorçuluğa son qoyulmasına çalışan yeganə dövlətlər deyil. Ankara ilə Bakını bu işdə dəstəkləməyə hazır olanlar arasında İslamabad da var. Türkiyənin müdafiə naziri Hülusi Akar Pakistan Hərbi Hava Qüvvələrinin komandanı Mücahid Ənvər Xanla hələ bu ilin yanvarında görüşüb. Elə həmin vaxt Azərbaycanın müdafiə naziri Zakir Həsənov Pakistanın Bakıdakı səfiri Bilal Haye ilə bir araya gəlib. Tərəflər birgə təlimlərin keçirilməsi, o cümlədən Azərbaycan Ordusunun Pakistan və Türkiyə xüsusi təyinatlıları və başqa növ orduların cəlbilə manevrlərdə iştirakı məsələsini müzakirə ediblər. Görüşlərdə tərəflər arasında hərbi, hərbi-texniki əməkdaşlıq potensialının böyük olduğu vurğulanıb, bu əməkdaşlığın Ankara, Bakı və İslamabadın maraqlarına uyğun inkişaf etdirilməsi niyyəti ifadə olunub.
Bu görüşlər qarşıdakı dövr üçün üç ölkənin hərbi-siyasi əməkdaşlıq formatının əsasını qoyub. O, regionda bütün iştirakçıların maraqlarına cavab verən effektiv təhlükəsizlik sisteminin formalaşdığını göstərir.
MƏSLƏHƏT GÖR: