Müəllif: Namiq MAYILOV
Dünyanın 35-dən artıq kütləvi informasiya vasitəsinin 50-dən artıq sualı. Azərbaycan Prezidenti İlham Əliyev Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı Bakıya gəlmiş əcnəbi jurnalistlərin suallarını birnəfəsə cavablandırıb. Üstəlik, o, hər suala səsləndirildiyi dildə cavab verib. Bu məqam, təbii ki, qələbə ustalarının diqqətindən yayına bilməzdi. Odur ki, mətbuat konfransının iştirakçıları təəccüblərini gizlətmirdilər. «Düşünürəm ki, mətbuat konfransının uzunluğuna görə Siz artıq dünya rekorduna imza atmısınız. Mən 25 ildir jurnalistika ilə məşğul oluram, ancaq hər hansı bir Prezidentin 4 dildə bu cür mətbuat konfransı aparmasının şahidi olmamışdım», - deyə Böyük Britaniyadan olan müstəqil jurnalist bildirib.
«Xüsusilə Sizin dil qabiliyyətinizi qeyd etmək istərdim. Bizdə İspaniyada siyasətçilər bunu edə bilmir», - deyə İspaniyanın «La Vanguardia» qəzetinin müxbiri britaniyalı həmkarının fikirlərini təsdiqləyib.
Amma burada təəccüblü heç nə yoxdur. 44 günlük İkinci Qarabağ müharibəsinin gedişində İlham Əliyev dünyanın aparıcı mətbuat orqanlarına elə öz dillərində 30-dan artıq müsahibə vermişdi. «Mən dünyaya mesajımızı çatdırmaq istəyirdim, mən həqiqəti və mövqeyimizi dünyaya çatdırmaq istəyirdim. Hər gün mən bəyanatlar verirdim, Azərbaycan xalqına müraciətlər edirdim. Çünki buna ehtiyac var idi, xalqımızın buna ehtiyacı var idi, ordumuzun buna ehtiyacı var idi. Bilirəm ki, mənim həmin o müraciətlərim və mesajlarımın ümumi qələbəmizdə böyük rolu olub», - deyə dövlət başçısının özü bu haqda danışarkən bildirib.
İndi isə o, regionda müharibədən sonra yaranmış vəziyyəti təhlil edirdi və bunu yenə də jurnalistlərin anlayacağı dildə, ibarəli diplomatik formullara girmədən edirdi.
Yeni reallıqlar
İlham Əliyev bildirib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün unikal imkanlar açıb. Və bu mövqeyi regionun, demək olar ki, bütün dövlətləri bölüşür. Ən azı, Azərbaycan və Rusiyadan başqa, yeni reallıqların yaratdığı böyük imkanlardan maksimum yararlanmağa Türkiyə ilə İran da maraq göstərirlər. «Gələcəkdə belə bir istək olarsa, Gürcüstan ümumi platformaya qoşula bilər», - deyə Azərbaycan Prezidenti qeyd edib.
Bu gün söhbət, məsələn, Zəngəzur dəhlizindən gedir. O, Avrasiyada yeni nəqliyyat arteriyasının yaradılmasına imkan verəcək. Ermənistandan keçəcək bu dəhlizin açılması Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin 2020-ci il noyabrın 10-da imzaladıqları birgə bəyanatında da əksini tapıb. Amma Ermənistan sözdə bu razılaşmaya sadiq olduğunu desə də, məsləhətləşmələrin gedişində sanki ondan yayınmağa çalışır. Odur ki, İrəvan bu tarixi imkanı qaçırmaq riski ilə üz-üzədir. Bu halda o, regional əməkdaşlığın növbəti, keyfiyyətcə yeni mərhələsindən də kənarda qalacaq.
Ermənistan hazırdırmı?
Amma bir məsələ də var ki, Ermənistan əvvəlcə dərin daxili siyasi böhrandan qurtulmalıdır. Bu ölkə Azərbaycanla müharibədə üzləşdiyi məğlubiyyətdən sonra qarışıb və hələ də özünə gələ bilmir. İlham Əliyev isə bildirir ki, Ermənistanın üzləşdiyi tragikomik vəziyyət Bakını da narahat edir. Ən azı ona görə ki, bu vəziyyət regionda sülhün irəli aparılmasını ləngidir. «Amma bu, bizim planlarımıza təsir edə bilməz... Müəyyən geriləmələr, müəyyən təxirə salınmış tədbirlər ola bilər. Ancaq ümumiyyətlə, mən hesab edirəm ki, Ermənistanda siyasi hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Ermənistan buna böyük mənada təsir edə bilməz və etməməlidir də», - deyə İ.Əliyev bildirib.
Bu gün bütün regional güclərin bölgədə sabitlikdə, dayanıqlı sülhdə maraqlı olduğu ortadadır. Bunun qarantı isə yalnız hərtərəfli əməkdaşlıq ola bilər. Odur ki, radikal erməni dairələrinin istənilən revanşist cəhdləri apriori iflasa məhkumdur. Birincisi, çünki Ermənistanın özü revanş haqda düşünəcək halda deyil. İkincisi, kimsə bu fikrə gələrsə belə, Azərbaycanın daha sərt cavabı ilə qarşılaşacaq. Rusiya prezidenti Vladimir Putinin də dediyi kimi, İrəvan üçün birgə bəyanatın icrasından imtina cəhdi intihar olacaq.
Odur ki, Bakıda Ermənistanda baş verəcək hansısa dəyişikliklərin üçtərəfli bəyanatın icrasına mane olacağı ilə bağlı narahatlıq yoxdur. «İlk olaraq, ona görə ki, bu, artıq rəsmi imzalanmış sənəddir. İkincisi isə ona görə ki, burada Rusiya prezidentinin də imzası var. Bu gün Ermənistanın Rusiyadan asılılığı müharibədən qabaqkı dövrdən 10 dəfə artıqdır. Müharibədən əvvəl də Ermənistan Rusiyadan asılı olan bir ölkə idi. Mən bununla Ermənistanı ittiham etmirəm, bu, reallıqdır, yəni o asılılıq müharibədən sonra 10 qat artıb. Yəni Ermənistanın cəsarəti çatacaqmı ki, Rusiya Prezidentinin imzasına bu cür yanaşsın? Burada, sadəcə, o bəyanatdan söhbət getmir, bu söhbətin mahiyyəti ondan ibarətdir ki, orada Rusiya prezidentinin imzası var və o, bu sənədin qarantı kimi çıxış edir. Yəni mən tövsiyə edərdim onların hər hansı bir gözləntisi olmasın. Ermənistanda tarix sübut edib ki, orada siyasətçilər hər zaman hakimiyyətə gəlmək üçün populist çıxışlar ediblər, sonra real vəziyyətlə üzləşəndə onlar bunun əziyyətini çəkiblər. Ona görə mən istisna etmirəm ki, hər hansı revanşist bəyanatlar olsun. Amma onlar bundan çəkinməlidirlər», - deyə Azərbaycan Prezidenti bildirib.
Sülhməramlı mandatı ilə
Bütün bunlarla yanaşı, Azərbaycan Ermənistanın əngəllənməsi mexanizmlərinin tətbiqini də vacib sayır. Bu işdə əsas rol, əlbəttə ki, qarant ölkənin üzərinə düşür. Prezident İlham Əliyev deyib: «Ermənistana «İsgəndər» raketləri veriləndə mən bunu Rusiya rəhbərliyinə demişdim. Mən demişdim ki, bu, düzgün addım deyil, bu addım sabitliyin möhkəmlənməsinə yönəlməyib, bu, bizi heç nədən çəkindirməyəcək. Yeri gəlmişkən, müharibə dövründə də demişəm və Rusiya tərəfinə «İsgəndər» raketlərinin geri almalarını təklif etmişəm. Bəli, demişəm, bu gün də fikrim belədir ki, regionlarda hadisələrin belə faciəli inkişafının qarşısını ala biləcək yeganə yol bu silahları geri almaq və ermənilərə bir daha pulsuz silah verməməkdir. Mən bunu həmişə deyirəm. Təəssüf ki, belə olub. Müharibədən sonra belə hallar yoxdur. Biz bunu müsbət addım kimi qiymətləndiririk».
Eyni zamanda dövlət başçısı Ermənistanın müdafiə naziri və Rusiyanın İrəvandakı səfirinin Moskvanın Ermənistan ordusunun müasirləşdirilməsində iştirak etmək niyyəti haqda fikirlərinə də münasibət bildirib: «Nə üçün? Nə məqsədlə? Buna heç bir zərurət yoxdur. Əgər biz sülh, uzunmüddətli sülh istəyiriksə, məsuliyyətsiz adamların əlində bu cür məhvedici vasitələr olmamalıdır. Hərc-mərclik hökm sürən, ordunun rəhbərliyə tabe olmadığı, onların hərbi çevriliş etdiyi və ya etmədiyi ölkədə bu da tragikomediyanın bir hissəsidir. Axı, hərbi çevrilişi ya edirlər, ya da etmirlər. Əllərində meqafonlar tutmuş, küçələrdə gecə çadırları qurmuş, hansısa bomjların yürüşləri tragikomik təsir bağışlayır. Bu, sadəcə, biabırçılıqdır. Bütün dünya onlara gülür, həm iqtidara, həm də müxalifətə. Ona görə də, belə adamların əllərinə təhlükəli silah vermək olarmı?!»
Regionda postmüharibə dövründə təhlükəsizlik kontekstində Azərbaycan ərazisindəki sülhməramlıların fəaliyyəti də vacib məqamlardandır. Mətbuat konfransında səsləndirilən suallarda xarici jurnalistlər Rusiya hərbçilərinin Qarabağda mandatlarını aşan hərəkətlər etməsinə də diqqət çəkiblər. Prezidentin bu haqda suallara cavabı isə narahatlıqların əsassız olmadığını təsdiqləyib: «Biz hazırda orada nələr baş verdiyini bilirdik və indi də bilirik. Müharibə vaxtı da bilirdik, müharibədən əvvəl də bilirdik. Əlbəttə, bu, bizə o vaxt da kömək edirdi, indi də kömək edir. Buna görə də indi rusiyalı sülhməramlılar tərəfindən əcnəbilərin gizlicə Dağlıq Qarabağa buraxılması ilə bağlı anlaşılmaz hərəkətlər bizi heyrətləndirir. Biz Rusiya tərəfi ilə razılığa gəlmişik ki, əcnəbilər oraya yalnız bizim icazəmizlə daxil ola bilərlər. Lakin razılaşma pozulur. Hələlik bu barədə daha danışmayacağam. Ola bilsin, bu mövzunu bir daha şərh etmək lazım gələcək, lakin bu, faktdır. Yəni demək istəyirəm ki, biz praktiki olaraq kimin oraya gəlməsini və kimin oradan getməsini adbaad bilirik. Buna görə də belə imkanlara malik olduğumuz bugünkü şəraitdə biz, əlbəttə, hər şeyi izləyirik və izləyəcəyik».
Yeri gəlmişkən, prezidentin mətbuat konfransından cəmi bir gün sonra Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanatla çıxış edərək, Ermənistanı üçtərəfli bəyanata zidd olaraq, Qarabağa hərbçilər göndərməkdə günahlandırıb. Nazirlik bildirir ki, Ermənistanda fəaliyyət göstərən xarici KİV Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin ya aldadılaraq, ya da zorla Qarabağa göndərildiyini yazır. Bu isə istər əsgərlərdə, istərsə də onların ailələrində narazılığa səbəb olur.
Bakı xatırladır ki, 10 noyabr bəyanatı Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən rusiyalı sülhməramlıların oraya yerləşdirilməsilə paralel çıxarılmasını nəzərdə tutur. Eyni zamanda, sənəd Laçın dəhlizi ildə hər iki istiqamətdə hərəkət edən vətəndaşların, nəqliyyat vasitələri və yüklərin təhlükəsizliyinə zəmanət verir.
«Bu dəhlizin hərbi məqsədlər üçün istifadə olunması, xüsusilə gizli şəkildə, mülki formada və mülki nəqliyyat vasitələrində gizlədilməklə şəxsi heyətin ərazilərimizə yeridilməsi Laçın dəhlizi üzrə hərəkət rejiminin kobud şəkildə pozuntusudur. Bu, sülhməramlı kontingentin nəzarət mexanizmlərinin pozulması olmaqla, kontingentin bölgədə vəziyyətin sabitləşdirilməsi səylərinə zərbə vurur», - deyə nazirliyin bəyanatında bildirilir.
Əlbəttə ki, rusiyalı sülhməramlıların susqunluğu fonunda Ermənistanın destruktiv addımları Bakını narahat etməyə bilməz. Ümumilikdə isə Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan ərazisindəki sülhməramlıların fəaliyyəti qənaətbəxş sayılır.
Sülhməramlı missiyanın təmin edilməsində Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də vacib rol oynamalıdır. İstənilən halda, Azərbaycan ərazisində xarici hərbçilərin mövcudluğu müvəqqəti xarakter daşıyır. Başqa sözlə, Qarabağdakı sülhməramlıların hərbi bazası kimi qəbul oluna bilməz və onlar bu əraziyə müvəqqəti yerləşdiriliblər.
Böyük qayıdış
Azərbaycan artıq işğaldan azad olunmuş ərazilərinin bərpasına başlayıb. Nəzərə alsaq ki, söhbət darmadağın edilmiş 10 min kvadrat kilometrədək ərazidən gedir, görülməli olan işlərin miqyası çox böyükdür. Bu məqsədlə dövlət büdcəsindən 2,2 milyard manat ayrılıb. Bununla yanaşı, artıq potensial investorlarla danışıqlar da aparılır. Azərbaycan bəyan edib ki, böyük qayıdış prosesində dost ölkələrin şirkətləri də iştirak edə bilər.
İlk iş təbii ki, ərazinin minalardan təmizlənməsidir. Üstəlik, bu, çox riskli, çox təhlükəli işdir. Ermənistan tərəfi minalı ərazilərin xəritəsini Azərbaycana verməkdən boyun qaçırır ki, bu da hərbi cinayət sayıla bilər.
Ərazilərin minalardan təmizlənməsi prosesini sürətləndirmək üçün Azərbaycan Ordusunda yeni mühəndis-istehkamçı bölüklər yaradılır, Minatəmizləmə Agentliyinin fəaliyyəti genişləndirilir. Bu işdə Rusiya Fövqəladə Hallar Nazirliyi və Türkiyə hərbçiləri ilə əməkdaşlıq da edilir, özəl şirkətlərlə danışıqlar aparılır.
Paralel olaraq, Şuşaya avtomobil yolunun çəkilməsinə, Füzulidə beynəlxalq aeroportun tikintisinə başlanılıb, artıq təmizlənmiş 7 min hektarlıq ərazidə kənd təsərrüfatı işlərinə start verilib. Zəngilan rayonunda «ağıllı kənd» layihəsinin reallaşdırılmasına da başlanılıb. Bu gün bütün bu işlərin başa çatdırılmasına nə qədər zamanın tələb olunduğunu söyləmək çətindir. Bir fakt aydındır ki, işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri Xankəndi və erməni əhalinin yaşadığı digər yaşayış məntəqələrinin də inteqrasiyasını qaçılmaz edir. Əsas odur ki, bunu Ermənistanda da başa düşsünlər və Qarabağ ermənilərinin tarixi perspektivi dərk və qəbul etməsinə mane olmasınlar. «Yeri gəlmişkən, mən bu barədə müharibədən əvvəl demişəm. Yəni əgər Ermənistan rəhbərliyi qüvvələrin – həm hərbi, həm siyasi, həm iqtisadi, həm demoqrafik qüvvələrin nisbətini ayıq başla qiymətləndirsəydi, düzgün qərar qəbul edərdi. Bizim qüvvəmiz isə yalnız artacaq. O cümlədən, əhalimiz də. Ermənistan isə əməkdaşlıq etməsə yalnız zəifləyəcək. Burada obyektiv olaraq başqa hal, sadəcə, mümkün deyil. Azərbaycan və Türkiyə ilə əməkdaşlıq olmasa, Ermənistanın bərpa üçün sadəcə, resursu yoxdur. Onlar hər tərəfdən sıxılmış vəziyyətdə necə yaşayırdılarsa, elə də yaşayacaqlar. Lakin indi həmin kisə, deyərdim ki, balaca bir torbaya çevrilib. Vəssalam», - deyə İlham Əliyev bildirib.
Dövlət başçısı bildirib ki, onilliklər boyu aparılmış sülh danışıqlarında beynəlxalq vasitəçilər Azərbaycana mövcud reallıqlara uyğun, faktiki olaraq, pislə daha pis arasında seçim etməyi təklif edirlərmiş. Azərbaycanın öz ərazilərini güc yolu ilə azad etməsindən sonra isə Ermənistan və himayədarlarının yeni reallıqla barışmaqdan başqa yolu yoxdur.
MƏSLƏHƏT GÖR: