23 Noyabr 2024

Şənbə, 07:09

QARABAĞA YOLLAYIŞ

Azərbaycan işğaldan azad edilmiş torpaqlarda turizm sektorunun dirçəlişinin ilkin konturlarını açıqlayıb

Müəllif:

01.04.2021

BMT-nin Ümumdünya Turizm Təşkilatı UNWTO-nın qiymətləndirməsinə görə, beynəlxalq turizmdə tam bərpa yalnız 2022-ci ildən sonra gözlənilməlidir. Həmin tarixə qədər kütləvi peyvəndləşmənin müsbət təsiri və karantin məhdudiyyətlərinin aradan qaldırılması kütləvi sərnişin avianəqliyyatının bərpasına imkan verəcək və iqtisadi artım dinamikası turizm sənayesi çarxını işə salacaq. UNWTO-nun məlumatına görə, 2021-ci ilin əvvəlinə olan vəziyyətə dünya ölkələrinin 80%-i hələ öz sərhədlərini qapalı saxlayır və istirahət sektoru biznesi yalnız yerli turistlərə istiqamətlənib. Bənzər proseslər Azərbaycanda da gedir - daxili turizmin dəstəklənməsi üzrə addımlar atılır, hotellərin “ulduz” sertifikatlaşdırması aparılır və uçuşların bərpası üçün ilk addımlar atılır. Eyni zamanda ölkə Qarabağ bölgəsinin turizm potensialının araşdırılmasına da başlayıb.

 

Turizm sektorunun bərpası uzanır

UNWTO-nun məlumatına görə, 2020-ci ildə koronavirus pandemiyası üzündən beynəlxalq turizm səfərlərinin sayı bir milyard nəfər azalıb və nəticədə, qlobal turizm sektoru 1,3 trilyon dollar itirib, turizmdə və ona bağlı sahələrdə, təxminən, 100-120 milyon iş yerinin itirilməsi təhlükəsi yaranıb.

Beynəlxalq ekspertlərin 2021-ci il üçün də proqnozları optimizmdən uzaqdır, lakin sahə itkilərində bir qədər azalma ehtimalı var. Belə ki, turizm sektorunun nümayəndələri, ilk növbədə, açıq hava turizminin, həmçinin daxili turizmin bərpasını gözləyirlər. Bununla yanaşı, UNWTO-nun optimist ssenarisinə görə, qlobal turizm sektorunun böhrandan əvvəlki 2019-cu il səviyyəsinə tam bərpası üçün ən az 2,5 il vaxt lazımdır. Yəni bu, təxminən, 2023-cü ilin ortalarında baş verəcək.

«Turizm sənayesində çox böyük xaos tüğyan edir, çünki ölkələrin çoxunda müxtəlif karantin məhdudiyyətləri müəyyən edilib. Yenə də düşünürəm ki, peyvəndləşdirmə prosesi turistlərin artımını önəmli dərəcədə artıracaq və keçən ilin fəlakətli nəticələri ilə müqayisədə 2021-ci ilin yayı daha yaxşı olmalıdır. Ancaq bunun üçün ölkələr arasında koordinasiya və ümumi qaydaların qoyulması tələb olunur ki, bu da asan deyil”, - deyə Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili bildirib.  

Baş katib həmçinin əlavə edib ki, UNWTO böhran komitəsinin işi səyahətçilər üçün müəyyən beynəlxalq qaydaların uyğunlaşdırılmasına, o cümlədən COVID-19-a qarşı peyvənd edilmiş turistlərin xarici səyahətləri üzrə razılaşdırılmış protokolun hazırlanmasına yönəlib. Bu işlərin gerçəkləşdirilməsi artıq bu yay müsbət rəqəmləri müşahidə etmək, həm səyahətçilərə, həm də turizm sektoru ilə məşğul olan şirkətlərə nikbin əhval-ruhiyyə vermək imkanı yaradacaq. Eyni zamanda Z.Pololikaşvilinin sözlərinə görə, bu gün bütün dünya ölkələri sahəni canlandırmaq üçün ilk addım kimi daxili turizmi maksimum dərəcədə stimullaşdırmalıdırlar, nəzərə alınmalıdır ki, ölkələrin 80%-ində sərhədyanı səyahət məhdudiyyətləri qorunur.

 

Azərbaycan: daxili tələbata ümidlər

Yuxarıda sadalanan proqnozlar və tövsiyələr ümumilikdə Azərbaycanda turizm sektorundakı cari durumu əks etdirir. Ötən ilin martında tətbiq olunan və turizm sektoruna, sərnişin avianəqliyyatı sahəsinə həddindən çox ziyan vuran karantin məhdudiyyətlərinin nəticələri, adı keçən sahələrlə və onlara bağlı sahələrə təsirini 2021-ci ildə də davam etdirir. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-fevral aylarında Azərbaycana gələn xarici vətəndaşların sayı 72,1 min nəfər olub ki, bu da keçən ilin uyğun göstəricisindən 5,9 dəfə azdır. Özəlliklə, Fars körfəzi ölkələrindən gələnlər 5,6 dəfə, MDB ölkələrindən gələnlər 5,2 dəfə, Avropa Birliyi ölkələrindən gələnlər isə 4,3 dəfə azalıb. Hazırda Azərbaycana səyahətlər əsasən qeyri-turizm məqsədilə, əsasən Rusiya, Türkiyə və İran vətəndaşları tərəfindən həyata keçirilir (ölkəyə daxil olanlar bütün əcnəbilərin 72,5%-i bu üç ölkənin payına düşür).

Öz növbəsində, 2021-ci ilin ilk iki ayında yalnız 60,9 min Azərbaycan vətəndaşı xarici səfər edib və bu göstərici üzrə 13,5 dəfə azalma qeydə alınıb. “Hal-hazırda xaricə uçmaq mümkün olsa da və bu məqsədlə xüsusi uçuşlar həyata keçirilsə də, bu, turizm kimi qəbul edilə bilməz. Bununla belə, ilin ikinci yarısına ümidlər var”, - deyə Dövlət Turizm Agentliyinin (GAT) Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Kənan Quluzadə sahədəki vəziyyəti qiymətləndirərkən bildirib.

Nəqliyyat məhdudiyyətləri, yeni COVID-19 ştamlarının ortaya çıxması və növbəti bir pandemiya dalğası ehtimalı, həmçinin Avropada, Asiya və Orta Şərq dövlətlərində, MDB ölkələrində peyvəndləşdirmə ilə bağlı yaranmış problemlər və s. nəzərə alınmaqla, bu gün Azərbaycanda giriş (incoming) turizmin kütləvi bərpasının müddətləri barədə danışmaq olduqca çətindir. Ancaq çıxış (outgoing) turizm seqmentində müsbət artım dinamikası üçün müəyyən ümidlər var. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 22 mart tarixinə qədər ölkənin 488 min vətəndaşı koronavirusa qarşı peyvənd edilib və bu proses davam edir.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) ekspert şurasının sədri Göydəniz Qəhrəmanovun sözlərinə görə, artıq xarici turlar almaq üçün yetərincə müraciət daxil olur.Seçim məhdudluğuna baxmayaraq, bu gün azərbaycanlı turistlər Türkiyə, Rusiya, Ukrayna, BƏƏ, Gürcüstan və Belarusa gedə bilərlər. Ekspert bildirir ki, ilin ilk aylarında turizm agentliklərinin satışlarının həcmi artmağa başlayıb və bu göstərici 2019-cu ilin birinci rübünün səviyyəsinin 20%-inə çatıb. Ekspertin proqnozlarına görə, ilin sonuna qədər xarici yollayışların satış həcminin pandemiya öncəsi dövrün səviyyəsinin, təxminən, 50%-ə yaxınlaşması mümkündür. Özü də, əsas axın Türkiyə kurortlarının payına düşəcək, çünki Avropa ölkələri turstlər üçün öz sərhədlərini payızdan tez açmağa tələsmirlər.

Outgoing turizmin inkişafına imkan yaradan müsbət məqamlar sırasına bir sıra postsovet dövlətləri ilə və qonşu ölkələrlə sərnişin axınının bərpa olunmasını da aid etmək olar. Belə ki, AzAL və loukoster «Buta Airways» bu ilin fevral-mart aylarında Gürcüstan, Türkiyə, BƏƏ-yə müntəzəm uçuşları bərpa ediblər, yaxın gələcəkdə Rusiya, Ukrayna, Belarus və başqa qonşu dövlətlərlə daimi aviauçuşlar artırılacaq. Bu yaxınlarda Macarıstan loukosteri «Wizz Air» ilə yeni saziş bağlanıb, habelə Pakistan Beynəlxalq Hava Yolları ilə Lahordan Bakıya uçuşların təşkili ilə bağlı bir müqavilə imzalanıb. Bu ölkələrlə birbaşa uçuşların təşkili artıq yaxın gələcəkdə, karantinin yumşalmasından sonraya gözlənilir.

 

Yaya ümidlər

Ölkədəki turizm potensialına - hotellər, pansionatlar, istirahət zonalarına gəldikdə isə, onların sahənin dövriyyəsinə cəlb edilməsi hələ də gözlənilən göstəricilərə çatmayıb. Keçən ilin sentyabr ayında proqnozlaşdırıldı ki,

karantin məhdudiyyətlərinin yumşaldılması sayəsində daxili turizm xarici qonaqların kəskin azalmasını qismən kompensasiya edə bilər. Bununla belə, Qarabağdakı azadlıq müharibəsi dövründə tətbiq olunan komendant saatı və sonrakı qapanma çərçivəsində tətbiq edilən məhdudiyyətlər buna düzəlişlər etdi. Daxili turizm seqmentində müəyyən qədər canlanma Azərbaycanda 25 yanvar tarixindən şəhərlərarası nəqliyyatın bərpa olunduğu vaxtdan bəri müşahidə olunur: qış dövründə istirahət edənlərin sayı əsasən həftəsonları artıb və əsas axınlar Şamaxı, Qəbələ, Quba və Qusar bölgələrində qeydə alınıb. Bölgə hotellərində qalmanın dəyəri əvvəlki illərə nisbətən sabit qalıb, bununla belə, turizm bölgələrində gündəlik kirayə qiymətləri nəzərəçarpacaq dərəcədə artıb.

“Azərbaycanda hotellər bağlanmadı, hətta sərtləşdirilmiş karantin dövründə də çalışdılar. Ancaq onlarda bəzi tədbirlər, o cümlədən əyləncə tədbirləri keçirilmədi ”, - deyə Kənan Quluzadə bildirib. Onun sözlərinə görə, ilin ikinci yarısında yay dövründə Azərbaycanın turizm sahəsində müsbət meyillərin olacağı gözlənilir. Ancaq bu, ölkədəki epidemioloji durumdan asılı olacaq və ortaya çıxan reallıqlara əsaslanaraq qərarlar veriləcək. "Ümumiyyətlə, proseslər ümidvericidir, ölkədə koronavirusa qarşı peyvəndləşdirmə apırılır və biz turizm sektorundakı perspektivlərlə bağlı nikbin əhvaldayıq", -  deyə K.Quluzadə vurğulayır.  

Hələ ki, yay mövsümü ərəfəsində ölkədə Dövlət Turizm Agentliyi və başqa uyğun qurumların mütəxəssisləri tərəfindən hotellərin və istirahət zonalarının monitorinqi aparılır. Keçən ilin avqust ayından bu yana Nazirlər Kabineti tərəfindən hazırlanmış "COVID-19 pandemiyası zamanı mehmanxana fəaliyyətinin təşkili Qaydaları" nəzərə alınmaqla Bakıda və ölkənin bölgələrində sanitariya-gigiyenik standartlara, qida təhlükəsizliyinə riayət edilməsi ilə bağlı 300-ə yaxın hotel və mehmanxana tipli obyektdə yoxlama apırılıb.

Bu ilin mart ayında isə Azərbaycan Turizm Bürosu və Hotellər Assosiasiyasının mütəxəssislərinin dəstəyi ilə "ulduzlar" almaq məqsədi ilə milli təsnifatdan keçmək üçün müraciət etmiş hotellərin qiymətləndirilməsi üzrə işlərə başlanıb. İxtisas dərəcəsi almaq üçün 40 hotel müraciət edib və onlardan 24-ü yoxlanılıb: ixtisas qiymətləndirməsi Avropa Hotellər Birliyinin Hotel Stars Union

meyarları əsasında aparılır. Hotellərə ulduzlar üç il müddətinə təyin olunur və bundan sonra təkrar yoxlama keçirilməlidirlər. Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmidtin sözlərinə görə, "ulduz" təsnifatı mehmanxana sənayesinin inkişafında mühüm amildir və turistlərə daha keyfiyyətli xidmət göstərmək üçün şərait yaradır. Bu tədbirlər pandemiyadan sonra sahənin canlanması və artan regional rəqabət şəraitində xarici turistlərin cəlb edilməsi üçün önəmlidir.

 

Qarabağ – turizmin incisidir

Daha uzunmüddətli perspektivdə turizm sektorundakı əsas səylər işğaldan azad edilmiş Qarabağ bölgəsinin istirahət potensialının inkişafına yönəldiləcək. Hazırda Dövlət Turizm Agentliyinin (DTA) və bir sıra digər qurumların xətti ilə işğaldan azad edilmiş ərazilərin turizm potensialı ilə bağlı araşdırmalar aparılır və Qarabağda Regional Turizmin İnkişafı Strategiyası işlənilir. DTA aparatının rəhbəri Kənan Qasımovun sözlərinə görə, bu ərazilərin potensialından istifadə etmək üçün ilkin mərhələdə nəqliyyat infrastrukturunun və digər infrastrukturların yaradılması, təhlükəsizliyin təmin edilməsi (ərazilərin minalardan təmizlənməsi) və əhalinin qaytarılması kimi bir sıra məsələlərin həll edilməsi gərəkdir.

Hazırda infrastruktur layihələri fəal şəkildə həyata keçirilir: istehkamçıların işi ilə paralel olaraq Şuşa istiqamətində və İranla sərhəd boyunca magistral avtomobil yolları çəkilir, Kəlbəcər və Laçın rayonlarının dağ aşırımlarından keçən yol çəkmək planlaşdırılır, Ağdama dəmir yolu xətti çəkilir. Həmçinin Füzuli rayonunda beynəlxalq hava limanının tikintisinə də başlanılıb ki, bu, Qarabağda beynəlxalq turizmin gələcək inkişafı üçün son dərəcə önəmlidir.

Eyni zamanda artıq bu gün ekspert səviyyəsində ayrı-ayrı rayonların landşaft və təbii-iqlim özəllikləri nəzərə alınmaqla ixtisaslaşması barədə fikirlər səsləndirilir. K.Quluzadənin sözlərinə görə, birinci mərhələdə əsas istiqamət daxili turizmin təşkili olacaq – tanışlıq xarakterli turların keçirilməsi nəzərdə tutulur, bundan sonra infrastrukturun tam bərpa olunmasından sonra sağlamlıq turizminin dirçəldilməsi planlaşdırılır.

Özəlliklə, Kəlbəcər, Laçın və Şuşanın müalicəvi bulaqları və dağ havası sağlamlıq turizminin inkişafı üçün ideal imkanlar yaradır. Burada Yuxarı və Aşağı İstisu, Bağırsaq, Keşdək, İlıqsu, Minkənd və s. kimi məşhur müalicəvi bulaqlar yerləşir. Qeyd etmək lazımdır ki, işğaldan əvvəl də Kəlbəcər rayonunun İstisu qəsəbəsində (SSRİ dağılana qədər) hər il 50 min insanın müalicə olunduğu və istirahət etdiyi ümumittifaq əhəmiyyətli iki böyük sanatoriya var idi.

Bütünlükdə, işğaldan azad edilmiş ərazilərdə müxtəlif qaz və kimyəvi tərkibli, müxtəlif müalicə əhəmiyyəti olan 120-ə yaxın mineral su yatağı mövcuddur (bu, Azərbaycanda müalicəvi bulaqların ümumi geoloji ehtiyatlarının, təqribən, 39,6%-dir). Bu, bölgədə bir sıra balneoloji kurortların və istirahət zonalarının yaradılmasına imkan verir ki, bu kurortlar orqanizmin su prosedurlarına əsaslanan müalicə və bərpası metodlarına istiqamətlənəcək.

Qubadlının füsunkar təbiəti və buradan axan dağ çayı Bazarçayın təbii landşaftı səyahətçiləri cəlb etmək üçün yetərincə perspektivlidir. Öz növbəsində, Qarabağın incisi - Şuşa şəhəri və ətrafı öz zəngin təbiəti, dağ mənzərəsi və məşhur "Çetir" şəlalələri ilə idman, ekoloji və mədəniyyət turizmi klasterinin formalaşması üçün ideal uyğun gəlir. Bu gün artıq bəzi hotel zəncirləri mövcud beynəlxalq Şahdağ və Tufandağ kurortlarına analoji olaraq burada da hotel kompleksləri və əyləncə mərkəzləri yaratmaq üzrə planlar hazırlayırlar.

Ümumiyyətlə, ATAA sədri G.Qəhrəmanovun sözlərinə görə, Qarabağda dağ (alpinist), qış, ovçuluq, kənd təsərrüfatı və "yaşıl" turizm istiqamətlərinin inkişafı üçün böyük imkanlar var. Bundan başqa, Qarabağ bölgəsi qədim tarixi, misilsiz flora və faunası, mətbəxi, tarix və mədəniyyət abidələri, həmçinin dini abidələri, qədim qalaları və digər görməli yerləri ilə hər zaman turistlər üçün cəlbedici olacaq, zaman keçdikcə bütün Cənubi Qafqazda ən cəlbedici turizm bölgəsinə çevriləcək.



MƏSLƏHƏT GÖR:

273