23 Noyabr 2024

Şənbə, 05:10

TARAZLIĞI QORUMAQ

Azərbaycan kəskin xarici təzyiq şəraitində iqtisadi artım meylini qorumağa can atır

Müəllif:

01.04.2021

Son bir ildə dünya iqtisadiyyatı pandemiyadan o qədər yüksək "dozada" zərbələr alıb ki, buna qarşı peyvənd tapmaq, virusun özünə qarşı peyvənd tapmaqdan daha çətindir. Hökumətlərin üzərinə çox yük yığılıb: daxili problemlər xarici təsirlərlə qarışıb, neft bazarında titrəmə tüğyan edir, valyuta bazarlarında kəskin sıçrayışlar var və s. – bütün bunlar üzündən bəzən hökumətlər böhrana qarşı plan düşünməyə macal tapmırlar.

İndi-indi vəziyyətin az-çox sakit bir axına oturduğu, neftin qiymətinin, o cümlədən Azərbaycan iqtisadiyyatı üçün arzulanan bir səviyyəyə çatdığı zamanda yeni bir xarici sarsıntı baş verir. Göründüyü kimi, Azərbaycan Mərkəzi Bankı yenidən manatı titrəmədən, iqtisadiyyatı isə mənfi təsirlərdən qorumaq üçün "qalxanını" qaldırmalı olacaq.

 

Dünya müsbətlik gözləntisindədir

Koronavirus pandemiyası üzündən dünya iqtisadiyyatına 3,5 trilyon dollardan çox zərər dəyib, bu da 2008-ci il böhranı dövründəki zərərdən iki dəfə çoxdur. Belə rəqəmlər bu yaxınlarda Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin tərəfindən açıqlanıb. Onun sözlərinə görə, ekspertlər vəziyyəti İkinci Dünya müharibəsindən bu yana ən böyük qlobal böhran kimi qiymətləndirirlər.

Ancaq buna baxmayaraq, beynəlxalq analitiklər və maliyyə institutları artıq bu il bunu müsbət hala çıxarmağa ümidlərini itirmirlər. Bundan əlavə, Beynəlxalq Valyuta Fondunun (BVF) başçısının birinci müavini Ceffri Okamotonun fikrincə, peyvəndləşdirmə və əlavə maliyyə stimulu 2021-ci ildə daha dinamik qlobal iqtisadi artım üçün perspektivlər açır. "Yanvar ayında biz 2021-ci il üçün qlobal artımı 5,5% səviyyəsində proqnozlaşdırmışdıq, ancaq, özəlliklə də, ABŞ-da əlavə maliyyə stimullaşdırılmasının və peyvəndləşdirmənin genişlənmə perspektivləri ilə bağlı artım üçün daha güclü perspektivlər yaranıb", - deyə o bildirib.

Bununla yanaşı, elə həmin BVF ehtimal edir ki, Çin istisna olmaqla, bazarları formalaşmaqda olan ölkələrdə və inkişaf etməkdə olan ölkələrdə adambaşına məcmu gəlir 2020-2022-ci illər arasında pandemiyadan əvvəlki dövrlə müqayisədə 22% az olacaq. Bu da, öz növbəsində, ona gətirəcək ki, pandemiyanın başlamasından bu yana, təxminən, 90 milyon insan yoxsulluq həddinin altına düşəcək.

Ancaq inkişaf etmiş ölkələr üçün də asan olmayacaq: «Financial Times»ın yazdığına görə, iqtisadçılar artıq COVID-19-un üçüncü dalğasının və məhdudiyyətlərin sərtləşdirilməsi fonunda avrozonada iqtisadi artım proqnozlarına aşağıya doğru yenidən baxırlar. Belə ki, «Morgan Stanley» analitikləri xəbərdarlıq ediblər ki, məhdudiyyətlərin daha bir neçə ay keçərli olacağı təqdirdə, bu, "başqa bir itirilmiş yay"a səbəb olacaq, İspaniya və İtaliya ÜDM-nin 2-3% azalmasına gətirəcək. «Barclays» iqtisadçıları indi

Avropada səyahət məhdudiyyətlərinin yalnız ikinci rübün sonuna qədər qaldırılacağını gözləyirlər ki, bu da "daxili tələbi və nəticədə, idxalı zəiflədəcək".

Köhnə Dünyadan fərqli olaraq, ABŞ-ın perspektivləri daha ümidverici görünür və burada iqtisadiyyata, təqribən, 2 trilyon dollarlıq dəstəyi nəzərdə tutan Bayden paketinin rolu var ki, BVF rəhbərinin müavini bundan yuxarıda bəhs etmişdi, həmçinin gözlənilən infrastruktur xərcləri paketi də öz işini görür. Bundan başqa, ümid var ki, bu tədbirlər yalnız Amerika iqtisadiyyatına deyil, başqa ölkələrin də iqtisadiyyatlarına müsbət təsir göstərəcək, məcmu tələbə artırıcı təzyiq göstərəcək. Beləliklə, ən azından neft ixracatçıları da daxil olmaqla xammal ixracatçıları qazanacaqlar ki, burada, əlbəttə, iqtisadi artım gözləmək olar.

 

Sarsıntılara baxmayaraq valyuta balansı

Ümidlər öz yerində, amma hökumətlər üçün bu gün qlobal böhrana müqavimət göstərmək hələ də çətindir. İqtisadiyyatı üzdə saxlamaq üçün verilən istənilən qərar əks nəticə verə bilər və yalnız ölkə daxilində deyil, həm də regionda da mənfi meyillərə səbəb ola bilər.

Məsələn, bu ilin əvvəlində neftin bahalaşması sayəsində Azərbaycan iqtisadiyyatında çətinliklə qazanılan tarazlıq türk lirəsinin növbəti çöküşü ilə bağlı təhlükə altına düşdü.

Türkiyədəki valyuta böhranına mərkəzi bankın uçot dərəcəsini 2% artırmaq qərarı səbəb oldu, bu addımın əsas arqumenti artan inflyasiya ilə bu yolla mübarizə niyyəti idi. Bu mövqe ilə razılaşmayan prezident Rəcəb Tayyib Ərdoğan ölkənin mərkəzi bankının rəhbərini vəzifəsindən azad edib və onun yerinə yumşaq monetar siyasət tərəfdarı olan Şahab Kavçıoğlunu təyin edib. Ancaq artıq 22 martda Türkiyə lirəsi çökmüşdü və düşməyə davam edərək, cəmi bir həftə içində məzənnəsi 17% azalmışdı.

Türkiyənin ticarət tərəfdaşları olan dövlətlərin iqtisadçılar ehtiyatla işarə vururlar ki, lirənin ucuzlaşması onların ölkələrinin və digər inkişaf etməkdə olan ölkələrin valyutalarına keçə bilər. Məsələn, artıq Rusiya rublunun məzənnəsində müəyyən dalğalanma var, Qazaxıstan tengesi də bir qədər zəifləyib və s.

Türkiyə ilə yetərincə sıx iqtisadi münasibətlərə malik Azərbaycanda da bir daha manatın taleyi ilə bağlı narahatlıq dalğası yaşandı – qarşıdan gələn devalvasiya ilə bağlı söhbətlər bütün ötən il və bu il dəfələrlə gedib, lakin ölkənin Mərkəzi Bankı inadla onları inkar edib, milli valyutanın məzənnəsini sabit saxlamaqla bağlı qurumun qabiliyyətinə etibar etməyə çağırdı.

Bax, bu dəfə də AMB İdarə Heyətinin sədri Elman Rüstəmov çağdaş trendi izləyərək, «Twitter»də rəy paylaşaraq, əmin edib ki, Mərkəzi Bank tərəfdaş ölkələrin iqtisadiyyatında və maliyyə sistemində baş verənləri diqqətlə izləyir.

“Ölkədə makroiqtisadi sabitlik, o cümlədən valyuta bazarındakı tarazlıq da daxil olmaqla qorunur, dollarlaşmada azalma müşahidə olunur. Dünya bazarında neft qiymətlərindəki artım meyli valyuta bazarındakı sabitliyə müsbət təsir göstərir. Yuxarıda deyilənlərin hamısı nəzərə alınarsa, türk lirəsinin ucuzlaşmasının Azərbaycan manatının məzənnəsinə təsiri gözlənilmir. Ölkənin valyuta bazarındakı tarazlığı və mövcud makroiqtisadi sabitliyi qorumaq üçün kifayət qədər maliyyə mənbəyi var”, - deyə E.Rüstəmov qeyd etdi.  

Bununla yanaşı, iqtisadçı, Milli Məclisin deputatı Vüqar Bayramov hesab edir ki, Azərbaycan üçün türk lirəsi ilə bağlı vəziyyət, təbii olaraq, tamamilə izsiz keçə bilməz. Bununla belə, onun fikrincə, bizim ölkəyə türk mallarının idxalında artım olacaq və bu da ikitərəfli ticarət dövriyyəsinə müsbət təsir göstərəcək. “İldən ilə Türkiyə ilə ticarət dövriyyəsinin həcmi böyüyür və keçən il bu, 4,5 milyard dollara çatıb. Beləliklə, Türkiyə İtaliyadan sonra Azərbaycanın ikinci ticarət tərəfdaşı oldu, özü də, Azərbaycanın lehinə müsbət saldo ilə”,- deyə V.Bayramov əlavə edib. Onun fikrincə, türk lirəsi mövqeyini yaxşılaşdırmazsa, onda Azərbaycanda türk mallarının qiyməti enə bilər ki, bu da inflyasiyaya müsbət təsir göstərəcək.

 

Təskinlik proqnozları

Azərbaycan Mərkəzi Bankı da bu yaxınlarda uçot dərəcəsi ilə bağlı qərar verib, ancaq türkiyəli həmkarlarından fərqli olaraq riskə getməyib. Dərəcə yenə də 6,25% səviyyəsində saxlanılıb, faiz dəhlizinin aşağı həddi 5,75%, yuxarı həddi 6,75% səviyyəsində qalıb. AMB öz qərarını son inflyasiya meyilləri, xərc və tələb amillərinin qısa və ortamüddətli perspektivdə qiymətlərə mümkün təsiri ilə arqumentləşdirib. "Analiz göstərir ki, inflyasiya üzrə risk amilləri balansında ciddi bir dəyişiklik yoxdur", - deyə açıqlamada bildirilir.

AMB tarazlayıcı amillər sırasında neftin qiymətinin artmasını, xarici balansın yaxşılaşmasını, siyasətin əsas "lövbəri" olan məzənnənin sabitliyinin adını çəkir. “Monetar olmayan inflyasiya bir qədər artsa da, baza inflyasiyası sabit qalır. Hesablamalara görə, ilin sonuna qədər inflyasiya Mərkəzi Bankın hədəf dəhlizi daxilində qalacaq”, - deyə bank vurğulayır.

İqtisadçı ekspertlər, ümumiyyətlə, AMB-nin ehtiyatlı mövqeyini əsaslandırırlar - iqtisadiyyat bu il pandemiya ilə yanaşı, maksimum müsbət ümumi effektlə Qarabağda azad edilmiş ərazilərin bərpası üçün vəsait axınını istifadə etməlidir.

İqtisadçı ekspert Rəşad Həsənovun fikrincə, iqtisadiyyatın, özəlliklə də pandemiyadan sonrakı dövrdə fəallığını artırmaq, bərpa prosesini sürətləndirmək üçün Mərkəzi Bank nəzəri olaraq iqtisadi aktivliyi qorumaq üçün daha yumşaq pul-kredit siyasəti aparmalı idi. Ancaq inflyasiya təzyiqləri tənzimləyicinin manevr etmə qabiliyyətini məhdudlaşdırır.

Ekspert Cəfər İbrahimlinin sözlərinə görə, AMB uçot dərəcəsi məsələsində gözləmə mövqeyi tutur və ola bilər ki, bu, daha bir neçə ay davam edəcək: "İndi dünyanın mərkəzi bankları öz faiz dərəcələrini ən aşağı səviyyədə qoruyub saxlayırlar ki, pandemiya dövründə iqtisadi fəallığı təmin edə bilsinlər."

Bununla belə, Azərbaycanın iqtisadi inkişaf statistikasında artıq işartılar görünür, zəif də olsa, iqtisadi fəallıq bərpa olunur. Düzdür, yenə də çox şey karantin tədbirlərinin müddətindən və xarici təsirlərdən asılıdır.

Bununla birlikdə, AMB-nin açıqlamasında deyildiyi kimi, Azərbaycanın qeyri-neft sektorunda ressesiya praktiki olaraq dayanıb, 2021-ci ilin yanvar - fevral aylarında qeyri-neft sənayesində artım 12,1%, kənd təsərrüfatında artım 2,3%, nəqliyyat və anbar təsərrüfatında artım 10,9% olub.

“Real sektorun monitorinqinin nəticələrinə görə, fevral ayında ticarət və xidmətlər sahəsindəki işgüzar etimad indeksi əvvəlki aya nisbətən artmağa meyilli olub. Tikinti üzrə alınan sifarişlərdə müsbət dinamika müşahidə edilib”, - deyə açıqlamada qeyd edilir.

Mərkəzi Bank qısamüddətli və ortamüddətli perspektivlərdə həm xarici, həm də daxili tələbdə canlanmanın davam etməsini gözləyir. Bu zaman, daxili tələb vergi-büdcə, pul-kredit və makroprudensial siyasətlərin stimullaşdırılması hesabına dəstəklənəcək. Buna görə də yerli iqtisadçılar bu il dövlət büdcəsində nəzərdə tutulan 3,4%-lik iqtisadi artım həddinin əldə edilməsi imkanları ilə bağlı müsbət əhvaldadırlar, beynəlxalq maliyyə institutları isə öz proqnozlarında hələ də 2% ilə məhdudlaşırlar. Ancaq neft bazarında əldə edilən balans ilin sonuna qədər qorunarsa, həmçinin peyvəndləşmə karantin məhdudiyyətlərini ən azından yayda zəiflədərsə, o zaman xarici analitiklərin öz fikirlərini dəyişdirəcəyinə cürətlə ümidlənmək olar.

Əslində, bu il Azərbaycanda iqtisadi fəallığın artımını dəstəkləyən daha bir güclü stimul da var – işğaldan azad edilmiş ərazilərin bərpası üçün genişmiqyaslı işlərə başlanağaq. AMB də, hökumət də və iqtisadçılar da əmindirlər ki, məhz bu, iqtisadiyyata ən müsbət təsir göstərəcək və böhranı yeni imkanlara çevirəcək.


MƏSLƏHƏT GÖR:

216