Müəllif: İlqar VƏLİZADƏ
İranın nüvə proqramı mövzusu iki onillikdir ki, dünya KİV-nin gündəmindən düşmür. Çoxları hətta düşünür ki, artıq «sürtülməkdən xarab olmuş» bu mövzuda hansısa maraqlı dönüş ola bilməz. Bununla yanaşı, Ağ Evdə hakimiyyətin dəyişməsi və yeni ABŞ administrasiyasının aparıcı simalarının, ilk növbədə isə şəxsən prezident Co Baydenin bəzi ümidverici bəyanatlarından sonra maraqlı məqamlar yaranıb.
Vaşinqtondan gələn açıqlamalardan belə anlaşılır ki, Ağ Ev rəhbərliyi özündən əvvəlki respublikaçı administrasiyanın problemə yanaşmasını davam etdirmək niyyətində deyil və məsələyə yenidən baxmağı düşünür. Tehran isə okeanın o tayından gələn siqnalları eşitdiyini göstərir, uranın zənginləşdirilməsi prosesində geri addım ata biləcəyinə eyhamlar vurur. Bu cür qiyabi eyhamlar oyunu, bəlkə də, hələ bir müddət davam edə bilərdi. Lakin İranın xarici işlər naziri bu diplomatik oyunu pozmaq qərarına gəlib.
İran tələsdirir, ABŞ ləngidir…
İranın XİN başçısı Cavad Zərif martın 15-də Avropa Siyasəti Mərkəzinin Brüsseldə keçirilən konfransındakı çıxışında Amerika tərəfinə nüvə sövdələşməsinə qayıtmağa tələsməsini məsləhət görüb. Nazir bildirib ki, İranda tezliklə prezident seçkisi keçiriləcək və bu üzdən müəyyən çətinliklərin yaşanması mümkündür.
«Getməkdə olan hökumət heç bir ciddi iş görə bilməz. Sonra biz, təxminən, 6 ay davam edəcək gözləmə dövrünə qədəm qoyacağıq. Sentyabradək hökumətimiz olmayacaq. Sentyabradək olan dövrdə isə çox şey baş verə bilər. Odur ki, ABŞ-a məsləhətim – tələsin», - deyə o, qeyd edib.
Zərifin ismarıcının məğzini anlamağa çalışsaq, asanlıqla aydın olur ki, İran tərəfi Vaşinqtonu yeni razılaşmanı islahatçı Həsən Ruhaninin hökuməti ilə imzalamağa tələsdirir. Çünki onun növbəti prezident seçkisindən sonra hakimiyyətdə qalacağına zəmanət yoxdur. İranda hakimiyyətə mühafizəkarlar gələrsə, yeni sazişin imzalanması imkanları tamamilə yox ola bilər.
Bu gün həm Bayden, həm də Ruhani mümkün qədər tez razılığa gəlmək istəyir. Xüsusilə Baydenin İran istiqamətində ciddi irəliləyişə ehtiyacı var. Buna isə yalnız hazırkı mötədil Ruhani hökumətilə nail olmaq mümkündür. Co Bayden bu gün şansını qaçırmaqla, bu şansı birdəfəlik itirə bilər. Məsələ ondadır ki, bu ilin iyununda İranda hakimiyyətə mühafizəkarlar gələrsə, onlar ABŞ-da keçiriləcək növbəti prezident seçkisinin sonunadək hakimiyyətdə qalacaqlar.
Digər tərəfdən prezident Həsən Ruhani üçün bu irəliləyiş opponentləri ilə siyasi mübarizədə arqument olaraq vacibdir. Son illər İranda mötədil qüvvələrin mövqeləri xeyli laxlayıb. Bunun əsas səbəbi isə məhz ABŞ-ın İranın nüvə proqramı ilə bağlı sazişdən çıxması və Tehrana sərt iqtisadi sanksiyalar tətbiq etməsidir. Ruhaninin tənqidçiləri onu xarici düşmənlərə qarşı həddindən artıq yumşaq davranmaqda günahlandırır və sonda bundan İranın ziyan gördüyünü bildirirlər. Bu qüvvələr hesab edir ki, güzəşt siyasəti ölkəyə sadəcə, «nəfəsini dərmək» imkanı verib və bunun ardınca sanksiyalar bərpa olunub.
İndi Vaşinqton İranla yeni razılaşmanın qəbulu prosesini sürətləndirərsə, mötədillər hökuməti hadisələrin gedişini öz xeyirlərinə dəyişmək, qarşıdan gələn prezident seçkisində namizədlərinini qələbə şansını artırmaq imkanı qazanacaqlar.
İslahatçılar birləşsə…
Hazırda islahatçılar İranda bu ilin iyununda keçiriləcək prezident seçkisinədək vahid namizəd ətrafında birləşmək üçün var qüvvələrilə çalışırlar. Ölkədə islahatçı koalisiya səslərin konsolidasiyası məqsədilə hələ fevralın 14-də yaradılıb. Lakin bu düşərgəni təmsil edən bəzi liderlər koalisiyanı tənqid edir, partiyalarının onu dəstəkləməyəcəyini bildirirlər. Məsələn, islahatçı «İranlıların səsi» partiyasının baş katibi Məhəmməd Sadiq Xərrazi belə deyir. Xərrazi yeni yaradılmış koalisiyanı qeyri-demokratik qurum adlandırıb və partiyasının onu dəstəkləməyəcəyini istisna etməyib. Bu, islahatçılar düşərgəsində parçalanmasının göstəricisi sayıla bilər. Bununla yanaşı, Xərrazi özünün prezidentliyə namizəd olub-olmayacağını açıqlamayıb.
Bu azmış kimi, bir neçə tanınmış islahatçı prezident seçkisində şəxsən iştirak edə biləcəyini bildirir. Məsələn, islahatçıların lideri Məhəmməd Reza Aref bu haqda düşündüyünü deyib. Demokratlar Partiyası isə artıq baş katibi Mostafa Kavakebiyanı prezidentliyə namizəd elan edib. Doğrudur, hələlik onların namizədliklərinin Konstitusiya Keşikçiləri Şurası (KKŞ) tərəfindən təsdiqlənib-təsdiqlənməyəcəyi bəlli deyil. Bununla yanaşı, vəziyyət onu göstərir ki, islahatçılar düşərgəsində bütün elektoratı birləşdirə biləcək lider roluna namizəd axtarışı gedir.
Hər halda, fraksiyanın seçki prosesinin başlamasınadək birləşmək üçün xeyli vaxtı var və bir neçə tanınmış islahatçı artıq seçkidə iştiraka maraqlarını ifadə ediblər. Müşahidəçilər isə hesab edir ki, islahatçı qanadın tanınmış liderləri arasında siyasi mübarizə onların seçkidə qalib gəlmək hansını xeyli azaldır.
…mötədillər isə razılığa gələ bilmir
Mötədil qüvvələr də hələ ki, KKŞ-nin təsdiqləyəcəyi, əvvəlki seçkilərdə olduğu kimi, islahatları da birləşdirəcək namizədlərinin adını açıqlamayıblar. Sabiq mötədil parlamentari Əli Motaxari seçkiyə qatılmaq niyyətini fevralın 25-də elan edib. O, bundan əvvəlki parlamentdə spikerin ikinci müavini olub və 2020-ci il seçkisi zamanı KKŞ tərəfindən prosesdən kənarlaşdırılıb. Şuranın bu dəfə də Motaxarini seçkidən kənarda qoyacağı istisna deyil.
Mötədil düşərgəni təmsil edə biləcək daha bir potensial namizəd xarici işlər naziri Məhəmməd Cavad Zərifdir. Lakin o, prezidentliyə namizəd olmaq haqda düşünmədiyini bildirib.
Məsələ ondadır ki, Həsən Ruhaninin 2013-cü ildə ilk qatıldığı, sərt siyasət tərəfdarlarının bir neçə namizədlə qoşulduğu prezident seçkisini qazanmasının əsas səbəbi mötədillərlə islahatçıların prosesə vahid namizədlə qoşulması olub. Görünən odur ki, onlar qalib gəlmək üçün bu dəfə də qüvvələrini birləşdirməli olacaqlar. Amma bunun üçün elə namizəd seçilməlidir ki, KKŞ onun qeydiyyatından imtina etməsin.
Bununla yanaşı, KKŞ və məhkəmə sistemindəki sərt siyasət tərəfdarları, yəqin ki, namizədlərinin üstünlük qazanması üçün seçkiyə müdaxilə edəcəklər. KKŞ-nin katibi ayətolla Əhməd Cannati bildirib ki, qurum prezidentliyə namizədləri nəzərdən keçirən zaman «möminlik» məsələsinə xüsusi diqqət yetirməlidir. Bu qurum 2020-ci ilin parlament seçkisi zamanı görünməmiş sayda mötədil və islahatçı namizədi prosesdən kənarlaşdırmış, bunu korrupsionerlərlə mübarizənin vacibliyi ilə əsaslandırmışdı. Bundan başqa, Şura həmin insanları İslam Respublikasının ideallarına qeyri-loyallıqda da təqsirləndirmişdi. O zaman bu meyarlar kifayət qədər subyektiv olsa da, qeyri-proporsional tətbiq edilsə də, görünən odur ki, KKŞ müəyyən namizədləri seçkidən kənarda qoymaq üçün bu dəfə də eyni addımları atacaq.
Mühafizəkarların mümkün uğuru və sövdələşmənin taleyi
Beləliklə, İranda islahatçı və mötədil siyasi qüvvələr düşərgəsindəki qeyri-müəyyənlik fonunda mühafizəkarların qələbə şansı artır. Ölkənin məhkəmə sisteminin rəhbəri Höccətül-İslam vəl-muslimin Seyid İbrahim Raisi bu düşərgənin prezidentliyə ən ciddi potensial namizədidir. Ondan başqa, mühafizəkarların daha iki güclü namizədi var. Birincisi İran-İraq müharibəsi veteranı, Ruhaninin ilk prezidentliyi dövründə müdafiə naziri olmuş Hüseyn Dehqandır. İkinci namizəd isə Tehranın sabiq meri, İslam İnqilabı Keşikçiləri Korpusunun hava-kosmik qüvvələrinin keçmiş komandanı Məhəmməd Baqer Kalifabdır.
Maraqlıdır ki, sonuncu vaxtaşırı Birləşmiş Ştatlarla dialoq tərəfdarı kimi çıxış etməklə yanaşı, ABŞ-ın İrana və bütünlükdə Yaxın Şərqə təsirinin minimuma endirilməli olduğunu bildirir. Ötən ilin sonlarında Kalifab Donald Trampın ABŞ-da keçirilmiş prezident seçkisində məğlubiyyətini açıq şəkildə alqışlayıb, Baydeni isə «ağıllı təzyiq» tərəfdarı adlandırıb.
Hesab olunur ki, yeni prezidentin kim olacağından, hansı düşərgəni təmsil edəcəyindən asılı olmayaraq, o, xalq arasında populyarlığı qalmayan Ruhaninin üzərinə götürdüyü öhdəliklərdən imtina edəcək. İranda keçiriləcək prezident seçkisinədək ABŞ-ın iştirakı ilə yeni nüvə sövdələşməsinin əldə edilməsi perspektivinə kölgə salan məqam da məhz budur. Bayden administrasiyası anlayır ki, Ruhaninin dövründə imzalanacaq razılaşma uzunömürlü olmaya bilər. Bu səbəbdən də, Vaşinqton, güman ki, prosesi sürətləndirməyəcək.
Bundan başqa, Vaşinqtonda əmindirlər ki, İranın nüvə siyasətini prezident və ya hökumət deyil, ölkənin ali rəhbərliyi, ali dini lider Əli Xamenei müəyyənləşdirir. Bu isə daha çətin və daha qarışıq işdir. Bayden təcrübəli diplomatdır və görünür, hazırkı çoxgedişli kombinasiyada sonadək gözləyəcək. Çünki o, sonra Tehrandan Vaşinqton üçün daha sərfəli sövdələşmə «qoparmaq» istəyir. Hakimiyyətdən getməyə hazırlaşan Ruhani Vaşinqtona bu şərtləri təklif edə bilərmi? Yoxsa yeni prezidenti gözləmək daha yaxşı olar? Bu suallar yalnız İranın nüvə proqramı ilə bağlı yox, İran İslam Respublikasının daxili siyasi gündəmi üçün də aktual olaraq qalır.
MƏSLƏHƏT GÖR: