Müəllif: Kənan RÖVŞƏNOĞLU
Cozef Bayden administrasiyası ABŞ-ın Yaxın Şərq siyasətində korrektələri davam etdirir. Daha doğrusu, Tramp zamanında baş verən dəyişikliklər aradan qaldırılır və ölkə yenidən Obama dövründəki siyasi kursa geri dönür.
Belə ki, bu günə qədər rəsmi Vaşinqton Yəmən müharibəsi koalisiyasından çıxıb, İranla nüvə danışıqlarını bərpa edib. İndi isə Bayden administrasiyası İsrail-Fələstin münaqişəsində Trampın apardığı siyasətdən imtina edir. Bu ayın əvvəlində İsrail xarici işlər naziri Qabi Aşkenazi ilə telefonla danışığı zamanı ABŞ dövlət katibi Entoni Blinken həmkarına fələstinlilərin də israillilər qədər bərabər şəkildə azadlıq, təhlükəsizlik, rifah və demokratiyaya sahib olmalı olduğunu xatırladıb. Təbii ki, ABŞ xarici siyasət idarəsinin rəhbəri telefon danışığında Vaşinqtonun dəyişməyən siyasətini – İsrailin təhlükəsizliyinin qorunması prinsipinə Vaşinqtonun sadiq olduğunu bir daha xatırladıb.
Trampın silinməyən “izləri”
Bayden prezident kimi fəaliyyətə başladığı ilk gündən Fələstin məsələsində Trampın tutduğu xətdən imtina edib. Fələstin administrasiyasına yardımı bərpa edən Bayden Obama və daha əvvəlki prezidentlərin Yaxın Şərq (İsrail-Fələstin) münaqişəsi ilə bağlı tutduğu xətti davam etdirəcəyini göstərir.
Məsələ ondadır ki, əvvəlki Vaşinqton administrasiyaları – istər demokrat Klinton və ya Obama, istərsə də respublikaçı Buş – İsrail-Fələstin münaqişəsində ölçülü siyasət aparıb. Əlbəttə, Vaşinqton mövcud olduğu dövrdə İsrailin təhlükəsizliyinin əsas təminatçısı kimi çıxış edib və etməkdə davam edir. Ancaq daha əvvəlki ABŞ hökumət komandaları Yaxın Şərq münaqişəsinin həllinə nail olmaq, eyni zamanda böyük ərəb coğrafiyası ilə münasibətləri qırmamağa çalışıblar. Çünki daha əvvəl baş verən müharibələr və 1973-cü il böhranı kimi acı təcrübə var.
Bu siyasət həm də müəyyən praqmatizm və dövrün reallığına əsaslanırdı. Vaşinqtonda hesab edirdilər ki, (bugünkü administrasiya da elə düşünür – K.R.) münaqişənin ən optimal həll yolu 1967-ci il altıgünlük müharibəyə qədər olan sərhədlərdə iki dövlətin yaradılmasıdır. Yəni İsrail Qüdsü və sözügedən müharibəyə qədər olan əraziləri Fələstinlə bölüşür. Mövcud tarixi-siyasi şərtlərdə ən uyğun variant da bu ola bilərdi. Ancaq 90-cı illərdə məlum oldu ki, hər iki tərəfdə radikal sağ qüvvələr güzəştə hazır deyil, nəinki hazır deyil, hətta buna mane olacaq gücdədirlər. İshaq Rabinin qətlə yetirilməsi, iki “intifada” baş verməsi, HƏMAS və “İslami Cihad” kimi radikal silahlı qrupların yaranması göstərdi ki, SSRİ-dən sonra müsəlman dünyasında daha radikal xətt formalaşır. Üstəlik, 11 sentyabr hadisələri ilə ABŞ-ın diqqəti başqa istiqamətə yönəlməklə yanaşı, müsəlman aləmində radikal islamçı qrupların fəallaşması və antiqərb ovqatının yüksəlməsinə səbəb oldu. İsraildə isə buna paralel olaraq sağ qüvvələr dalbadal iqtidar olmaqla ölkənin siyasi kursunu daha da sərtləşdirdi. 2006-cı il Livana uğursuz müdaxilə İsraildə ifrat sağ qüvvələrin mövqeyini daha da gücləndirdi.
Başqa sözlə, son 20-30 ildə baş verənlər barışıq ümidlərini kəskin şəkildə azaltdı. Lakin buna baxmayaraq, Vaşinqton bu dövrdə, hətta Corc Buşun (oğul) zamanında belə Vaşinqton İsrail-Fələstin münaqişəsində ölçülü siyasətini davam etdirdi. Obama isə açıq şəkildə sağçı baş nazir Netanyahuya qarşı soyuq münasibət göstərməklə İsrailin siyasi kursunu balanslaşdırmağa çalışdı.
Ancaq 2017-ci ildə Donald Trampın prezident kimi fəaliyyətə başlaması ilə Vaşinqtonun ölçülü siyasəti tamamən ortadan qalxdı. Daxili siyasətdə yəhudi lobbisinin dəstəyini almağa çalışan Tramp İsrail hökumətinə “yaşıl işıq” yandırdı. Donald Tramp administrasiyası 2017-ci ildə Qüdsü İsrailin paytaxtı olaraq tanıdı, bir il sonra isə İsrailə daha bir jest edən Tramp 1967-ci ildə İsrail ordusu tərəfindən işğal olunmuş Colan Təpələri ərazisini İsrail torpağı kimi tanıdı. Halbuki ondan əvvəlki ABŞ prezidentləri İsrailin çağırışlarına rəğmən buna getməmişdi.
Fələstindən daha vacib
Təbii ki, Trampın bu addımları ciddi etiraza səbəb olsa da, ərəb ölkələrinin əksəriyyəti ya susdu, ya da yumşaq etiraz bildirdi. Çünki həmin vaxt regionun ərəb ölkələri üçün daha ciddi problem İran idi və İrana qarşı cəbhədə ərəb hakimiyyətləri üçün Vaşinqtonun (Trampın – K.R.) dəstəyi daha vacib idi. Məhz Tramp administrasiyasının səyləri nəticəsində daha 4 ölkə (BƏƏ, Bəhreyn, Sudan və Mərakeş, Misir və İordaniya isə daha əvvəl bu addımı atmışdı – K.R.) İsraillə münasibətləri normallaşdırdı.
Artıq ərəb ölkələrinin lokomotivi rolunu oynayan Səudiyyə Ərəbistanı da İsraillə münasibətləri normallaşmasına müsbət yanaşdığını gizlətmir. Krallığı xarici işlər naziri Faysal bin Fərhan İsrailin regiondakı mövqeyinin normallaşmasının bütün region üçün iqtisadi, sosial və təhlükəsizlik baxımından faydalı olacağını deyib. Lakin hələlik ərəb dünyasındakı mövqeyi səbəbindən Ərəbistan hakimiyyəti bu addımı özü ata bilmir. Lakin bunu etməsə də, digər ölkələr üçün “yaşıl işıq” yandırır. Səudiyyə Ərəbistanının rəsmi mövqeyi isə 1967-ci il sərhədləri daxilində iki dövlətin yaradılmasıdır. Rəsmi ər-Riyad 1967-ci ilə sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan Fələstin dövləti yaradılacağı təqdirdə İsraillə münasibət quracağını açıqlayıb.
Göründüyü kimi, Tramp artıq olmasa da, onun apardığı siyasət davam edir. Ərəb ölkələri hətta Baydenin zamanında belə İsraillə barışıq prosesini davam etdirməkdə qərarlıdır. Bu isə onu göstərir ki, barışıq indi ərəb ölkələri üçün əlverişlidir. Amma bunun reallaşması üçün daha çox şərtlərin yerinə oturması lazımdır.
O da məlumdur ki, Bayden hələlik Trampın İsraillə bağlı qərarlarını ləğv etməyib. Doğrudur, ABŞ-ın hazırkı hökuməti Trampdan sonra yenidən “işğal” ifadəsini işlədib. ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Ned Prays verdiyi açıqlamada “İsrailin 1967-ci il müharibəsi zamanı İordan çayının qərb sahili, Qəzza və Colan Təpələrini işğal etməsi tarixi həqiqətdir” deyib. Bundan əvvəl isə Vaşinqton 2020-ci il İnsan Haqları Hesabatında bundan əvvəlki illərdə, yəni Tramp zamanında işlədilməyən “işğal” ifadəsindən istifadə olunub.
Yəni başqa sözlə, Trampın İsrail-Fələstin münaqişəsi ilə bağlı siyasətindən tam imtina olmayacaq. Tramp zamanında ərəblər və İsrail arasında əldə olunan İbrahim Sazişləri (Abraham Accords) prosesi qüvvədə qalacaq.
Sonra nə olacaq?
Məsələ ondadır ki, hər nə qədər son 30 ildə İsrail üçün ən böyük irəliləyiş hesab olunsa da. Trampın barışıq cəhdləri, ya da başqa adla “Əsrin razılaşması” “yuxarıdan” həyata keçirilən prosesdir. Başqa sözlə, bu barışıq ərəb rejimləri və İsrail hakimiyyəti arasında aparılan danışıqlar və barışıqdır. Fələstin bütövlükdə bu prosesdən narazıdır. Üstəlik, ərəb ictimai rəyinin mövqeyi də məlum deyil. Nəhayət, bu prosesə qarşı olan ciddi dövlətlər və qüvvələr var.
Yəni indiki şərtlərdə barışıq mümkün deyil. Hətta Mahmud Abbas administrasiyası hansısa bir razılaşmaya imza atmağa məcbur qalsa belə Fələstin ictimai rəyi, geniş mənada ərəb-müsəlman dünyasında ciddi müqavimət olacaq.
Bu mənada Bayden hökumətinin yanaşması bu prosesin daha sağlamlaşdırılması və köklü, bütün tərəflərin cəlb olunmasını nəzərdə tutur. Amma əlbəttə, yaxın zamanda bunun baş verəcəyini də heç kim gözləmir. Çünki münaqişəsinin həlli ilə bağlı çox ciddi, həlli qeyri-mümkün olan maneələr var. İlk növbədə, hər iki xalqın və siyasi qüvvələrin əsas hissəsinin bu prosesi qəbul edib, icra etməsidir. Amma bu hələlik mümkün deyil.
MƏSLƏHƏT GÖR: