25 Noyabr 2024

Bazar ertəsi, 04:24

TÜRKİYƏ ƏVVƏLKİ DEYİL

Yeni Konstitusiyanın qəbulu bu regional fövqəldövlətin gələcək inkişafı kontekstində vacib rol oynayacaq

Müəllif:

15.04.2021

Türkiyədə yaxın vaxtlarda yeni Konstitusiyanın qəbulu prosesinə start veriləcək. Bu təşəbbüslə prezident Rəcəb Tayyib Ərdoğan çıxış edib. Türkiyə Cümhuriyyətinin 100 illiyini qeyd edəcəyi 2023-cü ilə dövlətin tarixində ilk mülki Konstitusiyanın təsdiqlənməsi planlaşdırılır.

 

«Türkiyə əvvəlki deyil!»

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni Konstitusiya ilə bağlı diskussiyalara başlanılacağının anonsunu hələ fevralın əvvəlində vermişdi. O zaman prezident prosesin maksimum şəffaf olacağını, cəmiyyətin bütün təbəqələrinin mövqeyinin nəzərə alınacağını demişdi. Prosedur baxımından söhbət bu il ərzində bütün siyasi qüvvələrin Konstitusiya ilə bağlı təşəbbüslərini hazırlamasından, sonda onların ictimaiyyətin müzakirəsinə çıxarılmasından gedir.

Türkiyə lideri yeni Konstitusiyanın qəbulu ilə bağlı növbəti səs-küylü bəyanatını rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasının (ƏİP) martın sonunda keçirilmiş qurultayında səsləndirib. Onun sözlərinə görə, hökumət ictimaiyyətə «açıq və şəffaf işin nəticəsi» olacaq yeni Konstitusiya mətnini 2022-ci ilin ilk yarısında təqdim edəcək. Ərdoğan deyib ki, orada «bütün daxili və beynəlxalq reallıqlar nəzərə alınacaq».

Türkiyənin hazırkı Konstitusiyası 1982-ci ildə hərbi çevriliş şəraitində qəbul olunub. Ərdoğan bu üzdən artıq onun «39 yaşı olduğunu», mövcud Konstitusiyanın «tarixi kontekstdə aktuallığını itirdiyini» bildirib. Amma ötən dövr ərzində ona dəfələrlə dəyişiklik edilib və Türkiyə Konstitusiyasında artıq, demək olar ki, dəyişdirilməmiş maddə qalmayıb. Son dəyişiklik də Ərdoğanın təşəbbüsü ilə baş verib və bununla da, ölkədə parlament idarəçiliyindən prezident üsul-idarəsinə keçilib. Bununla da, hakim ƏİP praktik olaraq Türkiyə Cümhuriyyətinin qurulduğu vaxtdan qüvvədə olan, əsas institutun parlament sayıldığı hakimiyyət modelini ləğv edib.

2017-ci ilin aprelində keçirilmiş Konstitusiya referendumu nəticəsində Türkiyə prezidentinin səlahiyyətləri əhəmiyyətli dərəcədə artırılıb: indi o, həm dövlət, həm də hökumət başçısıdır. Dəyişikliyə əsasən, vitse-prezident və nazirlərin, Hakimlər Şurası üzvlərinin yarısının və prokurorların təyin olunması səlahiyyəti prezidentə verilib. Bundan başqa, onun parlament tərəfindən təsdiqi tələb olunmayan sərəncamlar vermək, istənilən əsasla parlamenti buraxmaq səlahiyyətləri də var. Ərdoğanın özü baş nazir postunun ləğv olunmasından sonra 2018-ci ilin iyununda keçirilmiş prezident seçkisi nəticəsində dövlət başçısı seçilib. İndi o, hesab edir ki, Türkiyə 100 illik yubileyini dövlət çevrilişi nəticəsində qəbul olunmuş Konstitusiya ilə yox, yeni, müasir tələblərə cavab verən mülki Əsas Qanunla qarşılamalıdır.

Yeni Konstitusiya layihəsi ətrafında siyasi qüvvələr üçün prinsipial sayılan bir sıra məqamla bağlı qızğın müzakirələrin gedəcəyi gözlənilir. Məsələn, prezidentə həddindən artıq səlahiyyət tanındığını düşünən və bunu sərt tənqid edən müxalifətt parlament idarəçiliyinə qayıdılmasını vacib sayır. Müxalifət hesab edir ki, bu olmazsa, ən azı «yarımprezident modeli» yaradılmalı, ali qanunverici orqanın səlahiyyətləri artırılmalıdır. Qeyd edək ki, Konstitusiyaya 2017-ci ildə edilmiş dəyişikliklərdən sonra, həqiqətən, zəifləmiş parlamentə yeni Konstitusiya ilə bir qədər ciddi rol tanınacaq. Amma Ərdoğanın yeni Konstitusiyanın qəbulu təşəbbüsü ilə çıxış etməsinin buna hesablanmadığı bəllidir. Onun yeni Konstitusiyanın prezident üsul-idarəçiliyini gücləndirəcəyi haqda bəyanatı göstərir ki, Türkiyədə hazırkı hakimiyyət modeli qorunub saxlanacaq.

Daha bir prinsipial məqam Türkiyə Cümhuriyyətinin dünyəvi xarakteridir. «Mötədil islamçı» qüvvə sayılan ƏİP daxilindəki əhval-ruhiyyəyə baxmayaraq, Konstitusiyada din və xalqla bağlı maddələrin dəyişdirilməsi mümkünsüzdür. Ölkənin bütün əsas siyasi qüvvələri, o cümlədən ƏİP ilə hakim koalisiyada yer alan, Dövlət Bağçalının liderlik etdiyi Millətçi Hərəkat Partiyası dünyəvi dövlət düzəninin tərəfdarıdır. Odur ki, yeni Konstitusiyada bununla bağlı sürpriz gözləməyinə dəyməz.

Amma bu, yeni Konstitusiyanın ümumi ruhunun Ərdoğanın partiyasının strateji hədəflərinə uyğunlaşdırılacağını istisna etmir. ƏİP-in 2 illik dövr üçün qəbul etdiyi yenilənmiş proqramına əsasən, 2023-cü ildə yeni ümumi seçki keçirilməlidir. Partiya həmin seçkiyə Türkiyəni iqtisadi və siyasi düzənin formalaşmasına təsir edən aparıcı dövlətlərdən birinə çevirərək getməyi hədəfləyir.

Ankaranın bu iddialı hədəfini Ərdoğanın son bəyanatları da ortaya qoyur. R.T.Ərdoğan deyib ki, son 2 yüzillikdə «Türkiyənin inkişafını əngəlləməyə, onun başının yalnız daxili məsələlərə qatılmasına çalışan qüvvələr» bundan sonra istəklərinə nail ola bilməyəcəklər. «Bu günün Türkiyəsi əvvəlki Türkiyə deyil! Ölkənin inkişafı ilə bağlı 2023-cü ilə hesablanmış hədəflər XXI əsr və sonrakı dövr üçün qüdrətli, güclü Türkiyənin qurulması baxımından dönüş nöqtəsi olacaq», - deyə prezident bildirib. Bununla yanaşı, o, «dost dövlətlər»in sıralarını genişləndirmək, «ABŞ-dan Rusiyaya, Avropa İttifaqından ərəb dünyasınadək bütün dünya ilə əlaqələri inkişaf etdirmək» niyyətlərini də açıq şəkildə ifadə edib.

Məntiqlə, yeni Konstitusiya da Türkiyə liderinin elan etdiyi daxili və xarici hədəflərə çatılması üçün əsas olmalıdır.

 

Ərdoğan və rəqibləri

Türkiyədə yeni Konstitusiyanın qəbulu prosesinin anonsu bir sıra əlamətdar hadisələrlə müşayiət olunub. Söhbət, ilk növbədə, siyasi sistemə real təhlükə sayılan qüvvələrin neytrallaşdırılmasından gedir. O, daxili birliyin gücləndirilməsini və ölkənin dünya arenasında nüfuzunun artırılmasını nəzərdə tutur.

Məsələn, kürdpərəst Xalqların Demokratik Partiyası (XDP) qapadılmanın astanasındadır. Prokurorluq Konstitusiya Məhkəməsinə müraciət edərək, bu təşkilatın buraxılmasını istəyib. Səbəb onun bəyanatlarının və fəaliyyətinin «dövlətlə xalq arasında parçalanma yaradılmasına yönəlməsi»dir. Konstitusiya Məhkəməsi sorğunu «prosessual çatışmazlıqlar» səbəbilə geri qaytarsa da, əminliklə demək olar ki, fəaliyyəti daha çox separatçılıq kimi qiymətləndirilən XDP böyük ehtimalla, Türkiyədəki siyasi proseslərdən kənarlaşdırılacaq.

Yeni Konstitusiyanın qəbulunun anons edildiyi dövrdə daxili siyasi mübarizə kontekstində baş vermiş daha bir maraqlı hadisə istefada olan 103 admiralın məktubunun peyda olmasıdır. Məktubda Aralıq və Mərmərə dənizlərini birləşdirməli olan yeni gəmiçilik arteriyası – «İstanbul» kanalının yaradılması planından narahatlıq ifadə olunur. Müəlliflər Türkiyənin Bosfor və Dardanel boğazlarında mövcud olan kanalların statusunu müəyyənləşdirən Montrö razılaşmasından mümkün çıxışından narahatlıqlarını ifadə ediblər. Bununla yanaşı, hərbçilər məktubda mövcud Konstitusiyanın qorunub saxlanmasının vacibliyini də bildiriblər.

İstefada olan admiralların mövqeyi hakim dairələrin kəskin narazılığına səbəb olub. Məlum olub ki, iki mövzu ətrafında hökumətlə müxalifət arasında sərt, bəlkə də, amansız mübarizə başlayır. Söhbət hakimiyyətin «İstanbul» kanalının inşası planı (yeni kanal Montrö razılaşmasının təsir zonasına düşməyəcək və gələcəkdə xarici dövlətlər ondan istifadəyə görə pul ödəməli olacaq) və Konstitusiya dəyişikliyindən gedir. Elə bunun ardınca sözügedən məktubu imzalamış onlarla sabiq admiral həbs edilib və onlara qarşı nə az, nə çox – dövlətə xəyanət maddəsi ilə cinayət işi qaldırılıb. Ardınca isə Ərdoğan istefada olan admiralların açıq məktubunun yayılmasının arxasında müxalifətçi Cümhuriyyət Xalq Partiyasının (CXP) dayandığını bəyan edib.

«Məktuba imza atmış admirallar arasında CXP üzvləri, hətta bu partiyanın rəhbərliyində yer alan şəxslər də var. Onlar çevrilişi xatırladan bu məktuba necəsə bəraət qazandırmağa çalışırlar», - deyə Türkiyə prezidenti qeyd edib. Ərdoğan bununla, siyasi rəqiblərinin xüsusilə yeni Konstitusiyanın qəbulu planına mane olmaq cəhdlərinə qarşı amansız olacağını göstərib.

 

Əzəmətli qanun

Beləliklə, yeni Konstitusiyanın qəbulu Türkiyə adlı fövqəldövlətin gələcək inkişafı kontekstində dərin məna kəsb edir. Admiralların məktubu bir məqamı bir daha ortaya qoyur: ölkənin hərbi elitasının bir hissəsi hökumətin ordunu Türkiyənin siyasi həyatından kənarlaşdırmaq cəhdlərini dövlət düzəninin dəyişdirilməsi cəhdi kimi qiymətləndirir. Söhbət əsası Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk tərəfindən qoyulmuş düzəndən gedir. Türkiyənin hökumətpərəst KİV-i admiralların məktubunu təsadüfən «hərbi memorandum» kimi qiymətləndirmir: «Biz bir məsələdə heç cür ortaq məxrəcə gələ bilmirik: çevriliş və terrorçuluq siyasi həyatımızda son dərəcə həssaslıq, ümumxalq reaksiyası göstərməli olduğumuz iki amildir».

Əslində, yeni, «mülki» Konstitusiyanın qəbuluna hazırlığı 2016-cı ilin yayında qarşısı alınmış hərbi çevriliş cəhdinin nəticəsi də saymaq olar. O zaman hakimiyyətini qoruyub saxlaya bilmiş Ərdoğan onu addım-addım daha da gücləndirib. İndi Türkiyə Mustafa Kamalın respublikasının taleyini dəfələrlə müəyyənləşdirmiş qiyam təcrübəsinə birdəfəlik son qoymaq iqtidarındadır. Yeni Konstitusiya istər mətni, istərsə də ruhu ilə Türkiyənin yeni simasının təcəssümü olmalıdır.

Ən maraqlısı odur ki, bu dəyişikliyi aktivinə Türkiyənin sosial-mühafizəkar hərəkatı ilə sıx bağlı olan, dini dəyərlərə əsaslanan partiya yazır. 2000-ci ilin əvvəllərində Ərdoğanın partiyası fenomeni Türkiyənin mədəni-tarixi ənənələrinə, sivil xüsusiyyətlərinə əsaslanan siyasətə yaranmış sosial tələbin nəticəsi kimi meydana çıxıb. Uzun illər Türkiyə əhalisinin çoxu haqlı olaraq, XX əsrdə Şərqin birinci ölkəsindən Qərbin sonuncu dövlətinə çevrildiklərini deyirdi. Üstəlik, avratlantik dünya Osmanlı imperiyasının tarixi varisinin Qərbə tam və bərabərhüquqlu inteqrasiyasına mane olur, onun Qərb sivilizasiyasının standartlarına «cavab vermədiyini» göstərmək üçün istənilən bəhanədən istifadə edirdi. Bu, gün də belədir. Bu cür ədalətsizliklə, ayrı-seçkiliklə üzləşmiş türklər xilaslarını milli yaddaşa müraciətdə tapdılar. Bununla da, onlar əcdadlarının vaxtilə dünya tərəfindən fövqəldövlət kimi qəbul olunarkən əsaslandıqları dini və mədəni ideallara qayıtdılar.

Bu mənada, yeni Konstitusiyanın qəbulu Türkiyənin yeni tarixində maraqlı hadisələrdən biri olmalıdır. O, Türkiyə dövlətinin gələcək inkişaf yolunu müəyyənləşdirəcək, xüsusilə dünya arenasında nüfuzunu davamlı artırmasına zəmin yaradacaq.



MƏSLƏHƏT GÖR:

210