Müəllif: İlqar VƏLİZADƏ
Qarşıdakı iki onillikdə türk dünyası məkanında keyfiyyətcə yeni nəqliyyat şəbəkəsi qurulacaq. O, iştirakçı dövlətlərlə yanaşı, xarici oyunçuların da maraqlarına xidmət edəcək. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) qeyri-formal sammitində çıxış edən dövlət başçılarının dediklərini təhlil edərkən, buna heç bir şübhə qalmır.
Türk perspektivləri sammiti
Məlum olduğu kimi, martın 31-də Qazaxıstanın birinci prezidenti, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayevin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) videokonfrans formatında qeyri-formal sammiti keçirilib. Sammitdə məqsəd türk dünyasının Avrasiya qitəsinin ən vacib iqtisadi və mədəni məkanlarından birinə çevrilməsi üçün təşkilatın qarşıdakı illərdə inkişaf perspektivlərinin müəyyənləşdirilməsi, həmçinin Türküstanın türk dünyasının mənəvi paytaxtlarından biri seçilməsi idi.
Türküstan ta qədimdən yalnız Mərkəzi Asiyada deyil, həm də Avrasiya qitəsinin şimal hissəsində vacib nəqliyyat arteriyalarının kəsişdiyi şəhərdir. O, tarixdə Böyük İpək Yolu kimi qalmış məşhur marşrutlar şəbəkəsinin tərkib hissəsi olub. Türküstanın türk dünyasının mənəvi paytaxtı seçilməsinin isə yeni rəmzi mənası da var. Məlum olduğu kimi, yeni İpək Yolu da bu şəhərdən keçir. Beləliklə, Türküstan türk dünyasının kiçik modelinə, Böyük Avrasiya üçün nəqliyyat habına çevrilir.
Sammitdə TDƏŞ-in «Türk dünyasının gələcəyi-2040» adlı strategiyasının hazırlanması ideyasının təsdiqlənməsi çox qiymətli və vaxtında verilmiş qərardır. Onun Şuranın bu ilin payızında Türkiyədə keçiriləcək növbəti toplantısında qəbul olunması nəzərdə tutulur. Bu mənada, Türk Şurasının təşkilat səviyyəsinə qaldırılması, təşkilatın orta perspektiv üçün strategiyasının qəbulu, nəqliyyat əlaqələrinin təkmilləşdirilməsi sahəsində iddialı planların ortaya qoyulması xüsusi önəm qazanır.
Təəssüf ki, koronavirus pandemiyası ölkələr arasında iqtisadi əlaqələrin intensivliyini xeyli azaldıb. Lakin xoşbəxtlikdən, bu, Mərkəzi Asiya ölkələrindən Cənubi Qafqaza və Kiçik Asiyayadək uzanan multimodal nəqliyyat marşrutları ilə yük daşımalarının intensivliyinə o qədər də ciddi təsir göstərməyib.
Statistikaya görə, türk qrupuna aid ölkələr arasında ümumi qarşılıqlı ticarət dövriyyəsi təxminən 17 milyard dollar təşkil edir. Bununla yanaşı, Azərbaycanla Türkiyə qarşılıqlı ticarətin həcmi baxımından lider ölkələrdir. Onların arasında ötən il ticarət dövriyyəsinin həcmi 4 milyard dollar olub. İkinci və üçüncü yerlərin Qazaxıstan-Türkiyə və Özbəkistan-Qazaxıstan əlaqələri tutur – təxminən 3 milyard dollar.
Türk qrupuna aid ölkələr arasında getdikcə artmaqda olan qarşılıqlı ticarət fonunda nəqliyyat kommunikasiyalarının inkişaf etdirilməsi xüsusi önəm kəsb edir.
Zəngəzur dəhlizi inkişaf drayveri kimi
«Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır», - deyə Azərbaycan Prezidenti İlham Əliyev Türk Şurasının nəqliyyat strategiyası baxımından Zəngəzur nəqliyyat dəhlizinin əhəmiyyətini izah edərkən bildirib.
Azərbaycan yüzilliklər əvvəl olduğu kimi, yenidən türk dünyasının qərb və şərq qütbləri arasında etibarlı əlaqəni təmin edən vacib nəqliyyat bəndinə çevrilir. Zəngəzurdan keçəcək nəqliyyat, kommunikasiya, infrastruktur layihələri isə bütün türk dünyasını birləşdirəcək, eyni zamanda digər dövlətlər, o cümlədən Ermənistan üçün əlavə imkanlar açacaq.
Tarixi ədalətsizlik olaraq, Zəngəzur 100 il əvvəl Ermənistana verilsə də, uzun illər orada etnik azərbaycanlılar yaşayıb. Onlar regiondan 30 il əvvəl, Dağlıq Qarabağ münaqişəsinin ilkin mərhələsində qovulublar. Onların bölgədən qovulması ilə birlikdə, Azərbaycanın əsas hissəsi – qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə də kəsilib.
Azərbaycan Ordusunun son qələbəsindən sonra isə bu əlaqə bərpa olunur. Üstəlik, Zəngəzur dəhlizindən yalnız dəmir yolu deyil, həm də avtomobil yolunun keçməsi nəzərdə tutulur.
Dəmir yolu əlaqəsindən danışsaq, bu, ilk növbədə, Horadiz-Ağbənd magistralıdır. Daha sonra 44 kilometrlik Zəngəzur (yaxud Mehri) hissəsi, Ermənistan-Ordubad sərhədi (11 km), Ordubad-Naxçıvan- İrəvan, İrəvan-Gümrü-Qars hissələri gəlir. Əlbəttə, yeni şəraitdə Cənubi Qafqazla İran dəmir yollarını birləşdirən Culfa dəmir yolu da işə salınacaq.
Bundan başqa, 2020-ci ildə Qars-İğdır dəmir yolunun tikintisinə başlanılıb və onun Naxçıvana birləşdirilməsi nəzərdə tutulur. Bu, perspektivdə Türkiyənin Qars şəhərini regionun vacib nəqliyyat bəndinə çevirmək imkanı yaradacaq. Çünki Bakı-Tbilisi-Qars və Naxçıvan-Qars (gələcəkdə) dəmir yolları məhz orada kəsişəcək.
Avtomagistrallara gəlincə, Zəngəzur dəhlizi vasitəsilə avtomobil yolunun bərpasının, həmçinin Naxçıvan-Şahbuz-Gorus-Laçın-Xankəndi-Ağdam-Bərdə-Yevlax avtomagistralının işə salınmasının vacibliyi qeyd olunmalıdır. O, Zəngəzurun şimal hissəsindən keçir və müxtəlif coğrafi regionları birləşdirir.
Yeri gəlmişkən, Azərbaycan Prezidenti bu gün Ermənistanın əsas müttəfiqi Rusiya ilə dəmir yolu əlaqəsinə malik olmadığını birbaşa söyləyib. «Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər», - deyə İlham Əliyev bildirib. O, deyib ki, Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə, Mərkəzi Asiya isə Avropa ilə birləşir: «Artıq Azərbaycan bu işlərə start verib. Əminəm ki, tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcəklər».
Türk dövlətlərinin aldıqları mesaj
Azərbaycan Prezidentinin sözləri türk həmkarları tərəfindən praktik olaraq, yekdilliklə dəstəklənib. Bu da anlaşılandır – bu gün TDƏŞ üzvləri onların dünya ilə etibarlı əlaqəsini təmin edəcək miqyaslı nəqliyyat-logistika layihələri həyata keçirirlər. Türkiyə istisna olmaqla, türk dövlətlərinin əksəriyyətinin Dünya okeanına çıxışı yoxdur. Nəticədə, onlar öz məhsullarını xarici bazarlara çıxarmaq, həmçinin idxal əməliyyatlarını reallaşdırmaq üçün əsasən yerüstü və hava nəqliyyatından istifadə edirlər. Əksər türk dövlətinin əsas ticarət tərəfdaşlarının Qərbdə, xüsusilə Qərbi Avropada olduğunu nəzərə alsaq, onlar üçün «Şərq-Qərb» multimodal nəqliyyat dəhlizinin əhəmiyyəti daha da artır. Bu mənada, Zəngəzur dəhlizi «Şərq-Qərb» marşrutunun əsas hissəsi, Mərkəzi Asiya dövətləri üçün isə əsas bəndlərdən biridir.
Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev Bakı ilə İrəvan arasında əldə olunmuş sülh razılaşmasını təsadüfən yüksək qiymətləndirməyib. Onun fikrincə, bu, bu istiqamətdə Böyük İpək Yolunun dirçəldilməsinə, Xəzər dənizinin rolunun artırılmasına imkan yaradacaq.
Nazarbayev bildirib ki, Zəngəzur dəhlizi və ümumilikdə Qərb marşrutu türk dövlətlərinin Çinin «Bir kəmər, bir yol» təşəbbüsünün üstünlüklərindən effektiv istifadə üçün yeni imkanlar açır. «Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizi (yaxud Turan dəhlizi) Avropa ilə Asiya arasında ən təhlükəsiz və ən qısa ticarət marşrutuna çevrilir», - deyə Nazarbayev qeyd edib.
Son onillikdə Qazaxıstan üçün nəqliyyat kommunikasiyalarının inkişafı ölkənin sosial-iqtisadi inkişafının, ayrı-ayrı sahələrdə irəliləməsinin vacib şərtinə çevrilib. Belə olan təqdirdə, onun üçün qonşu ölkələr və regionlarla sıx əlaqələrin qurulması xüsusi əhəmiyyət daşıyır. Bu, Qazaxıstanın öz nəqliyyat şəbəkəsinin də effektivliyini artırmasına imkan verəcək.
Türkmənistan qarşısında da eyni hədəf durur. Prezident Qurbanqulu Berdıməhəmmədov da bildirib ki, ölkəsi özünün müasir nəqiyyat-kommunikasiya sistemlərinin müasirləşdirilməsi, beynəlxalq və regional səviyyəli nəqliyyat-tranzit dəhlizlərinin yaradılması istiqamətində addımlar atır. Prezident hesab edir ki, bu, beynəlxalq birliyin səyləri birləşdirməsinə imkan verəcək.
Özbəkistan üçün qonşularının nəqliyyat potensialını inkişaf etdirməsi, təkmilləşdirməsi onun regional nəqliyyat habı qismində çıxış etməsinə yol açacaq. Bu halda Özbəkistan qonşularını öz nəqliyyat şəbəkəsi vasitəsi ilə birləşdirəcək. Üstəlik, Daşkənd üçün bu, həm də bir-birindən uzaq oyunçular arasında tranzit ölkəyə çevrilmək imkanı deməkdir.
Sammitdə çıxış edən Özbəkistan prezidenti Şavkat Mirziyayev Mərkəzi Asiya vasitəsi ilə dünyanın əsas bazarlarına, o cümlədən Çin, Hindistan, Pakistan və digər Asiya dövlətlərinə, eyni zamanda Azərbaycan və Türkiyə vasitəsi ilə Avropa ölkələrinə çıxışın təmininin vacibliyini vurğulayıb. «Bu istiqamətlərdə nəqliyyat dəhlizlərinin inkişafı, logistik infrastrukturun yaradılması istiqamətində birgə miqyaslı layihələrin reallaşdırılması bizim ümumi maraqlarımıza tam cavab verir», - deyə o, qeyd edib.
Qırğızıstan prezidenti Sadır Japarov isə ölkəsi üçün Türk Şurası dövlətləri ərazisi ilə dəmir yolu tikintisi layihəsinin reallaşdırılmasının böyük əhəmiyyət kəsb etdiyini bildirib. Onların arasında Qırğızıstanı bir tərəfdən Özbəkistan, digər yandan isə Çinlə birləşdirəcək dəmir yolu layihəsi də var.
Qırğızıstan, Özbəkistan, Türkmənistan, Azərbaycan və Gürcüstanın Dəmir Yolu idarələri rəhbərlərinin hələ 2019-cu ilin sonlarında keçirilmiş toplantısında tərəflər yeni Mərkəzi Asiya-Cənubi Qafqaz multimodal marşrutunun yaradılması haqda razılığa gəlmişdilər. Bununla yanaşı, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu magistralı layihəsinə də böyük ümidlər bəslənir. Bu, tərəflərin Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Avropa İttifaqı marşrutu üzrə multimodal daşıma marşurutu yaratmaq planına da tam uyğundur.
Bu gün türk dövlətlərinin inteqrasiyasında əsas lokovotim rolunu məhz nəqliyyatın oynadığına heç bir şübhə yoxdur. Cənubi Qafqazda nəqliyyat yollarının açılmasının bu prosesdə vacib rol oynayacağına artıq heç kim şübhə etmir. Türk dövlətləri öz səyləri hesabına yol çəkməklə yanaşı, bütün tərəfdaşlarını bu yoldan istifadəyə dəvət edirlər. Türk inteqrasiyasının əsl dəyəri məhz bundadır.
MƏSLƏHƏT GÖR: