Müəllif: Nadir SƏNANOĞLU
Avropa futbolunda çoxdan gözlənilən hadisə baş verdi. Koronavirus pandemiyası dövründə böyük məbləğdə qazanclarından məhrum olan 12 nəhəng klub Avropa Superliqasının yaradıldığını bəyan etdi. Başqa sözlə, UEFA-nı qorxudan böyük və klublar üçün daha qazanclı layihəyə aprelin 18-dən 19-na keçən gecə rəsmən start verildi. Bununla, 12 nəhəng klub UEFA-ya qarşı çıxdığını nümayiş etdirdi. Avropa futbol qurumu 48 saat ərzində yeni layihənin ləğv olunmasına nail oldu və iştirakçıların əksəriyyətinin Superliqadan çıxdıqlarını bəyan etdi.
İdeyaya görə...
Təsisçisi “Real”, “Barselona”, “Atletiko”, “İnter”, “Yuventus”, “Milan”, “Mançester Yunayted”, “Mançester Siti”, “Liverpul”, “Arsenal”, “Çelsi” və “Tottenhem” klubları olan Avropa Superliqasının bu ilin avqustunda start götürəcəyi elan edildi. Əvvəlcədən turnirdə 20 klubun iştirak edəcəyi və onlardan 15-nin İspaniya, İtaliya, İngiltərə, Almaniya və Fransanı təmsil edəcəyi gözlənirdi. Lakin Fransa və Almaniya təmsilçilərinin UEFA-nı dəstəklədiyi açıqlandı.
Superliqa layihəsində əsas ideya böyüklərin – varlıların öz yarışının olmasıdır. Nəhəng klublar daha zəiflərlə oynamaq istəmir. Çünki güclü zəiflə oyundan daha az pul əldə edir. Əvəzində güclü klub bahalı futbolçusunun zədələnməsindən ehtiyatlanır, uzun məsafələrə uçuşdan boyun qaçırır və öz yarışını istəyir.
Əslində, Superliqa təklifi dəfələrlə qaldırılıb, lakin hər dəfə yalnız müzakirələrlə yekunlaşıb. Bu dəfə layihə iştirakçıları hesab edirdilər ki, nəhayət, istəkləri baş tutacaq, çünki artıq sponsorlar yaxşı maliyyə təminatı söz vermişdilər.
Superliqanın maddi təminatçısı kimi ABŞ çıxış edirdi. ABŞ-ın “JP Morgan” investisiya bankı Avropanın 12 nəhəng klubunun qurmağa qərar verdiyi Avropa Superliqasına 6 milyard dollar ayıracağını açıqlamışdı. Yarışda iştirak edəcək hər bir kluba 350 milyon avro ödəniləcəkdi. Oyunların qaydaları da müəyyənləşmişdi. İki qrupda hər birində 10 komanda qarşılaşacaq, final isə mayın sonunda tərəfsiz stadionda keçiriləcəkdi. İnfrastruktur, investisiya planlarını dəstəkləmək və koronavirus pandemiyasının təsirini aradan qaldırmaq üçün təsisçilərin, təxminən, 3,5 milyard avro alacağı bildirilirdi.
Təsisçi klubların bir çoxunun sahibləri amerikalı olduğu üçün Avropanın ali futbol dairələrində Superliqanı “Amerika layihəsi” adlandırdılar. Onların fikrincə, amerikalılar futbola milyonların oyunu kimi deyil, milyonlar qazandıran oyun kimi baxır.
Üstəlik, nəzərə almaq lazımdır ki, pandemiya səbəbindən klublar qazanclarından məhrum olub. “Milan”, “Arsenal”, “Mançester Yunayted” kimi komandalar isə son illər ümumiyyətlə UEFA Çempionlar Liqasında gec-gec görünən qonaqlardırlar. Əsas pullar isə məhz burada dövr etdiyindən həmin klubların itkiləri böyükdür və onlar yeni maliyyə mənbələri axtarırlar. Bundan əlavə “Real”, “Barselona”, italyan və ingilis klublarının böyük məbləğdə borcları var. “Barselona” hətta müflislik həddinə çatıb.
Superliqada isə klublara həmrəylik ödənişlərinin Çempionlar Liqasında əldə etdikləri gəlirləri xeyli üstələyəcəyi gözlənilirdi. Həmin məbləğ 10 milyard avrodan çox olacaqdı. Çempionlar Liqasının mükafat fondu isə təxminən, 2 milyard avrodur.
İstənilən halda Superliqanı təsis edən klubların hamısı UEFA-nın yaratdığı Avropa Klublar Assosiasiyasından (AKA) çıxdıqlarını da bəyan etdilər. “Yuventus”un prezidenti Andrea Anyelli isə AKA-nın prezidenti vəzifəsi və UEFA İcraiyyə Komitəsinin üzvlüyündən istefa verdi. Anyellinin Avropa Superliqasının prezidenti seçilən “Real”dan olan həmkarı Florentino Peresin müavini (vitse-prezident) olacağı da məlum oldu. Anyellinin AKA-dakı xələfi dərhal seçildi.
Onun yerini Karl-Haynts Rummenigge tutdu.“Bavariya”nın vitse-prezidenti təmsil etdiyi klubun yeni liqanın yaradılmasında iştirak etmədiyini və bütün Avropa futbolu ailəsinin birgə çalışmalı olduğunu vurğuladı.
48 saatdan sonra fiasko
UEFA-nın prezidenti Aleksander Çeferin dərhal açıqlama verməklə təşəbbüsü pislədi və rəhbəri olduğu təşkilatın sanksiyalar tətbiq edəcəyini bildirdi: “Superliqada oynayacaq futbolçuların dünya və Avropa çempionatında iştirakına qadağa qoyulacaq. Onların öz milli komandalarında oynamasına icazə verilməyəcək”.
Avropa ölkələri də futbolda planlaşdırılan inqilabda iştirak etmədi. İngiltərənin baş naziri Boris Conson, Fransa prezidenti Emmanuel Makron Superliqanı tanımadıqlarını və ölkələrində belə yarışın keçirilməyəcəyini dedi. Boris Conson ingilis klubların qərarı dəyişməyəcəkləri təqdirdə, pandemiya dövründə onlara edilən maliyyə yardımının geri alınacağını bəyan etdi. Cəmi 48 saat sonra Superliqa ideyası iflasa uğradı. İtaliyanın "İnter", “Milan”, İspaniyanın "Atletiko" (Madrid), İngiltərənin "Liverpul", "Arsenal", "Mançester Yunayted", "Tottenhem", "Mançester Siti" və "Çelsi" klubları Superliqanı tərk etdiyini açıqladı. “Arsenal” açıq məktub yazmaqla UEFA-dan rəsmən üzr istədi. Beləliklə, meydanda “Real”,“Barselona” və “Yuventus” qaldı.
Sirr deyil ki, UEFA həmişə belə bir turnirin yaradılmasının əleyhinə olub. Yaşıl meydanda hər zaman rəqib olan “Real” və “Barselona”nın bu layihədə tərəfdaş olması da çox maraqlıdır. Əslində isə klubları birləşdirən ümumi maraq var – daha çox pul qazanmaq. Dünya idmanı – xüsusilə futbol artıq uzun illər maliyyə layihəsinə çevrilib. FİFA-nın sabiq rəhbəri Yozef Blatterin zamanında futbol yarışları kommersiya – biznes layihələrinə oxşamağa başladı. Nəticədə, klubların büdcələri, futbolçuların transfer və maaşları dövlətlərin qazancından – büdcəsindən daha çox artdı. Avropada bəzi klublar böyük dövlət qədər gücə çevrildi. Futbolçular 9 ay davam edən mövsümə 40-50 bəzən, hətta 80-90 milyon dollar qazanmağa başladı. İndi isə klublar futbolçularına həmin pulları ödəməkdə çətinlik çəkir.
Futbol mütəxəssislərinin fikrincə, klubların Superliqa məsələsində UEFA-ya qarşı sonadək dirəniş göstərəcəkləri inandırıcı deyildi. Sadəcə, onlar bu yolla UEFA-dan özləri üçün daha çox pul “qoparmağa” çalışırdılar.
Əslində, UEFA, həqiqətən, böyük pullar qazanır. Çempionlar Liqası Avropa futbol təşkilatına milyardlar qazandırır. Lakin inqilabçılar təkliflərinin futbol ictimaiyyəti tərəfindən bu qədər sərt qarşılanacağını düşünmürdülər. Bununla belə, UEFA-nın aparıcı klubların öz maliyyə durumlarını düzəltməsi üçün onlarn gəlirlərini müəyyən qədər artırmağa razılıq verəcəyini də istisna etmək olmaz.
Superliqa formatı orada məsələn Azərbaycan kimi kiçik ölkələrin klublarının yarışma ehtimalını, demək olar ki, heçə endirirdi. Doğrudur, bu layihənin müəllifi olan klubların ölkəmizdəki azarkeşlərini də anlamaq olar. Lakin onun yaranması milyonlarla digər azarkeşi öz kumirlərini Avropada görmək imkanından məhrum edə bilərdi.
Müvəqqəti dondurma?
İstənilən halda, hələlik UEFA Superliqa layihəsini dayandırmağı bacardı. Amma fikrimizcə həmişəlik deyil. “Real” və dostları 5-6 il sonra yenidən bu layihəni gündəmə gətirəcək. Səbəb sadədir: nəhəng klublar böhrandan qaçır. Ona görə ABŞ bankının təklif etdiyi böyük pullardan imtina etmir. Yeri gəlmişkən, UEFA Çempionlar Liqasının formatını dəyişib. 2024/25 mövsümündən ÇL-də qrup mərhələsi ləğv olunacaq, komandaların ümumi sayı isə 32-dən 36-ya qədər artırılacaq. 36 komandadan 2-si yarışa “Wild Card” sistemi ilə buraxılacaq. Bu vəsiqə daxili çempionatda ÇL-ə viza ala bilməyən, amma əvvəllər turnirdə uğur əldə edən klublara veriləcək. ÇL yeni formata əsasən İsveçrə sistemi əsasında keçiriləcək. Bununla da, ilkin mərhələdə hər komanda 5-i səfərdə, 5-i evdə olmaqla 10 oyun keçirəcək. Nəticədə, turnir cədvəli formalaşacaq və ilk 8 yeri tutan komanda ÇL-in 1/8 finalına birbaşa vəsiqə qazanacaq. Digər 8 vəsiqə uğrunda isə 9-24-cü yerləri tutan komandalar pley-off formatında mübarizə aparacaqlar. Bununla, təşkilat nəhəng klubların təklifini dəyərləndirdiyini və yarışın daha baxımlı olacağını düşünür.
Sonda bir xatırlatma. İllər öncə futbol ölkələri toplaşmaqla bir təşkilat yaratdı. Həmin təşkilat indi hamının tanıdığı UEFAdır. 25 il öncə isə nəhəng klublar yeni yarışı təsis etmək istədi, həmin turnir UEFA tərəfindən sonradan Çempionlar Liqası adlandırıldı. Bu dəfə Superliqa ideyası ortaya atıldı. Nəticəsini zaman göstərəcək. Bir reallıq var: UEFA futbolda inqilabın qarşısını alsa da, inqilabçılar hələ də futboldadır.
MƏSLƏHƏT GÖR: