Müəllif: Nurlanə QULİYEVA
Bu gün Azərbaycanda sahibkarlıq subyektlərinin təxminən 99%-i mikro müəssisələr, kiçik və orta sahibkarlıq (KOS) subyektləridir, fərdi sahibkarların (fiziki şəxslərin) ümumi sayı isə bir milyonu keçib. Bu məlumatlar bu yaxınlarda Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA) tərəfindən dərc edilib.
Biznes icması təmsilçilərinin ölkəmiz üçün, əslində nəhəng olan bu sayının sırasında müxtəlif məhsulların istehsalı və ya emalı üzrə kiçik sexlər, xidmət və iaşə, nəqliyyat, kənd təsərrüfatı və s. sahələr üzrə obyektlər yer alır.
Bununla yanaşı, getdikcə populyarlıq qazanan startaplar - kiçik biznes başlanğıcların bir növ çağdaş gerçəkləşdirmə forması var. Pandemiya dövründə dünyada bu cür layihələrə xüsusi diqqət yetirilir. Bununla bağlı, son bir ildə Azərbaycanda da startap hərəkatının inkişafı üçün bir sıra addımlar atılıb.
İnnovasiya və yüksək gəlirlilik
Ekspertlər startaplarla klassik kiçik müəssisə arasında nə kimi özəl fərqlərin olmasını hələ müəyyən etməyiblər. Bəzilərinə görə, startap hansısa layihənin, məsələn bir mobil tətbiqetmənin və ya gənclər kafesinin başlanğıc mərhələsidir. Nümunə kimi onlar fəaliyyətlərini məhz startap kimi başlamış milyard dollarlıq sosial şəbəkələri göstərirlər.
Digər tərəfdən bir sıra ekspertlər israr edirlər ki, bu, öz oyun qaydaları olan xüsusi bir biznes növüdür. Buradakı başlıca özəllik - unikallıq və yenilikdir: yüzlərlə oxşar müəssisədən biri startap hesab edilə bilməz, startap olması üçün özünəməxsus dadı olmalıdır. Layihədə əgər yeni bazarların açılması, yeni texnologiyalar, məhsullar və xidmətlərin təqdimi üzrə iddia və coşğu varsa, ona maliyyə dəstəyi vermək olar. Ən başlıcası isə sürətli inkişafa və gəlir götürülməsinə hədəflənməlidir. Yəni kiçik biznes tədricən müştəri bazası qazanmağı və dövriyyəni artırmağı özünə rəva görürsə, startaplar ilk başdan müştəri dairəsinə və gəlirliliyə qısa bir müddətdə çatmağa hesablanmalıdır.
Məhz bu keyfiyyətlərdir pandemiya dövründə startapları ən populyar biznes təşkili formasına çevirir. Bildirmək gərəkdir ki, qlobal startaplar ekosisteminin inkişaf prosesi hələ 2016-cı ildə başlayıb. Karantin məhdudiyyətlərinin tətbiqindən öncə onun həcminin 3 trilyon dollardan çox olduğu təxmin edilirdi.
Ancaq 2020-ci ilin pandemiya dövründə böyük iqtisadiyyatlarda bir startap bumu başladı: ABŞ, Böyük Britaniya, Fransa və digər ölkələrdə yeni şirkətlərin sayı əvvəlki ilin göstəricilərini önəmli dərəcədə aşdı. Əsasən də ona görə ki, böyük şirkətlərin ixtisara düşən işçiləri çıxış yolunu öz işlərini təşkil etməkdə tapdılar. Özəlliklə də, bazarda yeni sahələr meydana çıxdı ki, onları yalnız çağdaş texnoloji həllərin istifadəsi ilə tutmaq mümkün idi. Qeyd etmək yetərlidir ki, Avropa texnoloji şirkətlərin keçən il rekord həcmdə - 41 milyard dollarlıq vençur sərmayələri cəlb ediblər ki, bu da 2019-cu ilə bxanda təxminən 500 milyon dollar çoxdur.
Bununla yanaşı, «Global Startup Ecosystem 2020» hesabatına görə, bu layihələrə dövlətlər tərəfindən lazımi dəstək verilmir. “Startaplara yardım və dəstək üzrə dövlət proqramları, adətən, vəsait ayırmaq üçün ciddi meyarlara əsaslanır və yaxşı gəlirlilik dərəcəsi, əmlak girovu olan şirkətlərə diqqət yetirirlər. Bunun nəticəsi kimi çox sayda startaplar kənarda qalır”, - deyə hesabatda bildirilir.
Vergi güzəştləri
Azərbaycanda isə bunun əksidir - startap sektoru bu gün əsasən dövlət dəstəyi sayəsində yaşayır. Dünyada bu layihələrin əsas investorları olan vençur fondları bizdə, demək olar ki, yoxdur, yəni özümüzdə yoxdur. Beynəlxalq fondların marağı isə, təəssüf ki, hələ də çox zəifdir. Özəl investorlar da bu cür "gənclik" layihələrini ciddi saymırlar və onlara investisiya qoymağa tələsmirlər. Prezident İlham Əliyevin bu münasibətlə qeyd etdiyi kimi, “startaplarla bağlı siyasətimiz əlbəttə ki, müsbətdir. Ancaq bu istedadlı gənclərlə görüşlər zamanı məlum oldu ki, bir çoxu xaricdə işləyirlər və müəyyən müddətə Azərbaycana gəlirlər. İstedadlı gənclərimizin Azərbaycanda fəaliyyət göstərmələri, öz biliklərini burada tam həyata keçirə bilməsi və ölkə iqtisadiyyatına xidmət göstərməsi, gücünü artırması üçün şərait yaratmalıyıq".
Dövlət başçısının bu tapşırığını yerinə yetirmək üçün hökumət artıq bir sıra yeni və yetərincə təsirli tədbirlər görüb. Belə ki, bu yaxınlarda iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycanda startap sertifikatı alan KOS-lar üç il ərzində innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət vergisi və gəlir vergisi ödəməyəcəklər. Bu, həm layihənin təşəbbüskarları, həm də investorlar üçün yetərincə güclü bir motivasiyadır.
Bununla bağlı, elə bir neçə gün əvvəl KOBİA startap sertifikatlarının verilməsi üzrə müraciətləri qəbul etməyə başlayıb. “Sertifikat almaq üçün KOBİA-ya daxil olan müraciətlər eyni gündə qeydə alınır. Müraciətə və ona əlavə edilmiş sənədlərə 30 gün müddətində baxılır, qiymətləndirilmək üçün Ekspertlər Şurasına təqdim olunur. Şuranın rəyinə əsasən Agentlik sertifikat verilməsi və ya imtina edilməsi barədə qərar qəbul edir”, - deyə KOBİA-nın məlumatında bildirilir.
Qeyd edək ki, Ekspert Şurasına İqtisadiyyat Nazirliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Əqli Mülkiyyət Agentliyinin, AMEA-nın nümayəndələri və müstəqil ekspertlər daxildir.
Bu qədər əlverişli vergi güzəşti əldə etmək üçün layihənin necə olmasına gəlincə, bunun üçün dəqiq meyarlar müəyyən edilib. Birincisi, bu, vergi tutulan mikro və ya kiçik biznesin olmasıdır – özü də, onun təsisçilərinin payı 49 faizdən çox olmamalıdır. Startaplar üçün ənənəvi keyfiyyətlərin – innovasiya həllərinin, yeni texnologiyaların tətbiqinin, rəqabətqabiliyyətinin, unikallığın və əlbəttə ki, sürətli gəlirliliyin olmasıdır.
Əlverişli perspektivlər
Lakin yuxarıda qeyd edildiyi kimi, Azərbaycan startaplarının əsas problemi layihənin ən azı birinci mərhələsi üçün sərmayə tapmaqdır. Hələ ki, bu məsələdə əsasən dövlət fondları və ya təşkilatları - İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Gənclər Fondu, Sahibkarlığa Kömək Milli Fondu və s. iştirak edirlər. Çox sayda dövlət qurumları zaman-zaman müxtəlif qrant müsabiqələri elan edirlər. Məsələn, pandemiya dövründə Gənclər Fondu sosial şəbəkələrdə multimedia məhsulları və layihələrinin yaradılması üçün maliyyə təminatını nəzərdə tutan "Evdə qal, ideyanı həyata keçir!" müsabiqəsini elan edib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi isə BMT İnkişaf Proqramı ilə birlikdə pandemiya dövründə edilən zənglər çərçivəsində kiçik şirkətlərin xidmətlərini yayan «evdeqal.az» veb saytını istifadəyə verib.
Bundan başqa, keçən il Azərbaycan Rabitə Nazirliyi yanında İnnovasiyalar Agentliyi «500 Startups» Fondu ilə sahibkarlıq sahəsində birgə fəaliyyət haqqında anlaşma memorandumu və saziş imzalayıb. Bu sənədlərdə əsas diqqət Azərbaycan startap ekosisteminin inkişafına, agentliklə birgə akselerasiya və investisiya proqramlarının həyata keçirilməsinə yönəldilib. Agentliyin köməyi ilə türkiyəli tərəfdaşlarla birlikdə 5 milyon dollarlıq ilk vençur fondu yaradılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi həmçinin özünü məşğulluq proqramı çərçivəsində startapların dəstəklənməsi üçün vəsait təqdim edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi öz növbəsində www.enterpriseazerbaijan.com portalını yaradıb ki, bu, investisiya layihələri, startaplar və s. üzrə məlumat bankına çevriləcək və eyni zamanda onlara yalnız ölkədə deyil, həm də xaricdə maliyyə mənbələrinə çıxışda kömək edəcək.
Yenə də, bütün bunlar - dövlət qurumlarının və fondların dəstəyidir. Ekspertlər qeyd edirlər ki, Azərbaycanda startap bazarının keyfiyyətcə və kəmiyyətcə inkişafı üçün özəl investorların ona marağını artırmaq və müstəqil kapital cəlb etmək lazımdır. Əlbəttə, bunu zorla və ya inzibati yolla etmək mümkün deyil, buna görə də yuxarıdakı güzəşt və imtiyazlarla yanaşı, maarifləndirmə işini gücləndirmək, yerli startapların beynəlxalq bazara çıxmasının uğurlu nümunələri, qoyulan sərmayələrin özünü çıxarma perspektivləri barədə məlumatlar vermək lazımdır və s.
Bu layihələrin iqtisadiyyatın müxtəlif sahələrində əhatə dairəsini genişləndirmək lazımdır. Bu gün ölkəmizdə təhsil (onlayn kurslar), e-ticarət və sosial şəbəkələr sahəsində startaplar populyardır. Bunlar ən çox resurs tələb edən layihələrdir - onların həyata keçirilməsi üçün xüsusi bir maliyyə tələb olunmur və onların uğuru, ilk növbədə, komandanın doğru seçilməsindən asılıdır. Bununla yanaşı, dünyada kənd təsərrüfatı, nəqliyyat və s. sahələrndə uğurlu startap nümunələri yetərincədir.
Növbəti illərdə Azərbaycan üçün qlobal hədəfin Qarabağda işğaldan azad edilmiş torpaqların bərpası və orada "ağıllı" kənd və şəhərlərin yaradılması olacağını nəzərə alsaq, resurs tutarlı və innovativ layihələrə ehtiyac nəzərəçarpacaq dərəcədə artacaq. Uyğun olaraq, Azərbaycanda startaplar yaxşı perspektivlərə malikdir. Yəni sadəcə başlamaq istəyinə ehtiyac var...
MƏSLƏHƏT GÖR: