Müəllif: NURANİ
Ermənistanda bu gün yaşanmaqda olan dövr formal olaraq seçkiqabağı kampaniya dövrü adlandırılmalıdır. Artıq növbədənkənar parlament seçkisinin tarixi də məlumdur – 20 iyun. Baş nazir Nikol Paşinyan da artıq istefa verib. Doğrudur, o, hökumət başçısı səlahiyyətlərinin icrasını öz əlində saxlayıb və demək, həm də bütün hakimiyyət rıçaqları Paşinyanın əlindədir. Beləliklə, artıq Ermənistanın informasiya məkanında seçkiqabağı mitinqlər haqda xəbərlər, müsahibələr, debatlar, seçicilərlə görüşlər və s. ön sırada olmalıdır. Amma…
Elan olunmamış yenilənmə
Ermənistanda yaşananlara ötəri nəzər salmaqla belə, seçkiqabağı kampaniyanın dayandığını görmək mümkündür. Cəmi bir neçə həftə əvvələdək ölkədə mitinqlər tüğyan edir, alyanslar yaranır və ya parçalanır, müxalifətin vacib cəbhəsi formalaşdırılır, vahid namizəd irəli sürülür, ekspertlər həyəcanla Ermənistanda siyasi qüvvələrin yeni konfiqurasiyasını öyrənirdi. Amma bir anda gözlənilmədən hər şey dəyişdi. Müxalifətin vahid namizədi Vazgen Manukyan bir anda «kölgəyə çəkildi». O, nə ölkəni gəzir, nə müsahibələr verir, nə mitinqlər keçirir. Müxalifət Nikol Paşinyanın «istefasız istefa»sından narazılığını bildirir – və qalib gələcəyi təqdirdə ölkədə nəyi necə dəyişəcəyini izah etmədən kölgəyə çəkilir.
Nikol Paşinyanın partiyası da öz proqramını açıqlamağa tələsmir. Əslində, ötən 3 ildə Ermənistan onsuz da müxtəlif vədlərdən, planlardan, proqnoz və proqramlardan bezib. Uduzulmuş müharibə isə yeni vədlər üçün heç də yaxşı fon yaratmır. «Seçkiyə hazırlaşan» Ermənistanda debata bənzər də heç nə baş vermir. İnformasiya məkanında ara-sıra seçkiqabağı siyahılar müzakirə olunur, amma seçkiyə maraq zərrə qədər də hiss edilmir. İndi Ermənistanda diqqət mərkəzində olan tamamilə başqa məsələlərdir.
Robert Koçaryanın adı gündəmdən düşmür. O, tərəfdarları ilə silsilə görüşlər keçirir, görüşlərdə Ermənistanın ən ciddi problemlərini – Rusiya ilə münasibətlər və təhlükəsizlik məsələlərini müzakirə edir. Bu zaman, təbii ki, Paşinyanı «sancmağı» da unutmur: «Hakimiyyət deyir ki, Rusiya ikitərəfli razılaşmaya əsasən, hərbi-siyasi müttəfiqimiz kimi bizi qorumalıdır. Bəli, bu, belədir. Amma hərbi-siyasi müttəfiq o deməkdir ki, sənin də ordun var, onun da. Siz müqavilə imzalayırsınız, bu müqaviləyə əsasən hərbi ittifaq yaradırsınız, ittifaqda isə siz öz ordunuzla, Rusiya öz ordusu ilə yer alır. Amma sizin ordunuzun döyüş qabiliyyəti yoxdursa, o, bizim bugünkü ordumuzun vəziyyətindədirsə, bu, o anlama gəlir ki, biz özümüzü qorumaq iqtidarında deyilik, qoy bu işi Rusiya görsün. Demək, sən öz statusunu dəyişməlisən…». Bunun ardınca sabiq prezident Paşinyanı «bombalamağa» başlayır: «Altı ay keçib, parlamentdə təhlükəsizliyimizlə bağlı bir müzakirə belə, görmüsünüzmü? Hökumət Silahlı Qüvvələrimizlə bağlı bir dənə də olsun qərar qəbul edibmi? Yalnız hansısa məlum olmayan islahatlardan danışırlar».
Daxili siyasi müzakirələrdə ordu mövzusu
Ordu mövzusu Paşinyan üçün son dərəcə, hətta ən ağrılı mövzudur. Onun generalitetlə münasibətləri tutmur. Güman olunurdu ki, generalların silsilə həbsi, orduda korrupsiya ittihamı ilə aparılan təmizləmələr Nikol Vovayeviçin orduya nəzarəti ələ almasına kömək edəcək. Amma reallıqda bütün bu proses ordunun başında anti-Paşinyan blokunun yaranması ilə nəticələnib.
İndi orduda xüsusi gərginlik hökm sürür. Ermənistan ordusu sadəcə Qarabağda sarsıdıcı məğlubiyyətlə üzləşməyib. Söhbət əsl darmadağından gedir: komandir korpusu sıradan çıxarılıb, zirehli texnika parkı məhv edilib və bu şəraitdə hərbi potensialın bərpası heç də asan olmayacaq. Çoxdankı gerçəkliyi, lakin Paşinyan komandasının dilə gətirmək istəmədiyi gerçəkliyi ilk dəfə Robert Koçaryan ifadə edib. Ermənistan ordusu artıq hərbi struktur kimi mövcud deyil. Demək, o, ölkənin təhlükəsizliyini təmin edə bilməz. Əvəzində Ermənistan silahlı qüvvələri daxili siyasətdə ciddi alət olaraq qalır. Üstəlik, yeni generalitet Ovik Qasparyanın baş tutmayan çevriliş cəhdindən bu yana siyasi diskussiyalara kifayət qədər fəal qoşulub. Bu diskussiyaların əsas mövzusu isə bəllidir: Qarabağda ümumi darmadağına və ayrı-ayrı əməliyyatların iflasa uğramasına görə məsuliyyəti kim daşıyır?
Qarşı tərəf, əlbəttə ki, hər şeyə görə Nikol Paşinyanı təqsirləndirir. Silahlı qüvvələrin sabiq Baş Qərargah rəisi Onik Qasparyan hələ bir müddət əvvəl bildirirdi ki, Lələtəpə yüksəkliyinə hücum əmri baş nazirdən gəlmişdi və Ermənistan ordusunun beli məhz bu zaman qırılmışdı. Bundan başqa, generallar hələ müharibənin ilk günlərində baş nazirə cəbhədə işlərin qaydasında olmadığına dair xəbərdarlıq edirlərmiş. Amma Paşinyan əməliyyatların davam etdirilməsi əmrini verib və bu da Ermənistan üçün faciə ilə nəticələnib.
Lakin bu ittihamlardan sonra parlamentdə çıxış edən baş nazir tam fərqli açıqlamalarla yadda qalıb. Ölkənin informasiya agentlikləri Paşinyanın fikirlərini kəsmədən yayımlayıblar. O, hərbi əməliyyatların dayandırılmamasına görə Onik Qasparyanı günahlandırıb: «Söhbət Təhlükəsizlik Şurasının sentyabrın 30-da keçirilmiş iclasından gedir. İclasda Baş Qərargah rəisi ordunun qarşıya qoyulmuş bütün tapşırıqları yerinə yetirdiyini, düşmənin uğur qazana bilməyəcəyini deyirdi».
Keçmiş hakimiyyət də Paşinyanın ittihamlarından kənarda qalmayıb: kritik infrastrukturun inkişafı baxımından Ermənistan Azərbaycandan 10:1 hesabı ilə geri qalırmış, ölkənin hərbi-sənaye kompleksinin formalaşdırılmasına isə 2016-cı ilin aprelində, yəni Azərbaycandan 11 il sonra başlanılıbmış. «2017-ci ildə artıq Azərbaycanın 2 peyki var idi və onlardan biri kəşfiyyat peyki idi. Bəli, Azərbaycan bir kəşfiyyat peyki də almışdı. Ermənistan hökuməti isə o vaxt Avropada, yunan adalarında, bir sözlə, harada mümkündürsə torpaq sahələri almaqla məşğul idi», - deyə N.Paşinyan bildirib.
Sonradan Ermənistanda Onik Qasparyanın çıxışının stenoqramı da yayılıb (ixtisarlarla). Oradan məlum olur ki, həqiqətən də, Baş Qərargah rəisi Paşinyana ordunun qarşıya qoyulmuş vəzifələri yerinə yetirdiyi haqda məruzə edib. Məruzə zamanı indiki vəziyyətin yarana biləcəyinə heç bir eyham yoxdur.
«Zəngəzur tələsi»
Bəlkə də, Nikol Paşinyanın parlamentdəki çıxışından sonra əksər ekspert bunu baş nazirin yaxşı hazırlanmış piar-hücumu kimi qiymətləndirib. Hər halda, cəbhədə iflasa uğradıqlarına görə məsuliyyəti generalitetin üzərinə qoyan baş nazir bu dəfə də «sudan quru», ən azı isə «minimum itki» ilə çıxa bilmişdi. Amma vəziyyət yenidən dəyişib. Bu dəfə baş nazir ciddi səhvə Zəngəzura səfər etməklə yol verib.
Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev elə Paşinyanın bu səfəri ərəfəsində demişdi: «Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq».
Bu sözlər Ermənistanda sözün əsl mənasında təşviş yaratmışdı. Üstəlik, İlham Əliyev bunu Ermənistanın Zəngəzur dəhlizinin yaradılması ilə bağlı razılığı pozmaq üçün əlindən gələni etdiyi şəraitdə səsləndirirdi. İrəvan Azərbaycan Prezidentinin məsələnin Ermənistan üçün «qiyməti»ni belə açıq şəkildə dilə gətirəcəyinə qətiyyən hazır deyildi.
Beləliklə, Nikol Paşinyan şəxsən Zəngəzura yollanmaq qərarına gəldi və… son dərəcə ciddi yanlışlığa yol verdi. Yerli əhali onu etiraz aksiyaları, iğtişaşlar, təhqiramiz şüarlarla qarşıladı, baş nazirin korteji yumurta atəşinə belə, tutuldu. Cavabında Paşinyan onu təhqirlərə məruz qoymuş şəxslərin həbs olunması haqda göstəriş verdi. Belə olduqda irəvanlılar küçələrə axışdılar. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan belə, Paşinyana qarşı çıxdı və onun Zəngəzur səfərini «sadizm və abırsızlıq» nümunəsi adlandırdı.
Paşinyanın rəqibləri üçün ona qarşı «Zəngəzur mövzusu»ndan istifadə etmək çox cəlbedici gəlir. Amma onlar bir şeyi anlamaya bilməzlər: Zəngəzurla bağlı razılaşmaya istənilən halda əməl etmək lazım gələcək. Odur ki, tək keçmiş «kabab füreri»nin deyil, Ermənistandakı digər qüvvələrin də «Zəngəzur tələsi»ndən qurtulmaq şansı yoxdur.
MƏSLƏHƏT GÖR: