Müəllif: Natiq NAZİMOĞLU
Bakıda açılmış Hərbi Qənimətlər Parkı Azərbaycanın 44 günlük müharibədə Ermənistanı darmadağın edərək qazandığı Böyük Qələbənin rəmzinə çevrilib. Belə bir rəmzin peyda olması Ermənistanda, həmçinin Qarabağ müharibəsinin nəticələrini acı sürpriz kimi qarşılayan bəzi beynəlxalq dairələrdə isterik reaksiyaya səbəb olub ki, bu da təəccüblü deyil.
Dözümsüzlər «dözümsüzlük» haqda
Hərbi Qənimətlər Parkının əhəmiyyəti Azərbaycan ərazisinin müqəddəs, ayrılmaz hissəsi olan Qarabağın azadlığını ifadə etməsindədir. Eyni zamanda o, əlbəttə ki, həm də 30 il ərzində Azərbaycan ərazilərini işğalda saxlamış, şəhər və kəndlərimizi yer üzündən silmiş, təbii qoruqlarımızı məhv etmiş düşmənin məğlubiyyətinin əksidir.
Rəmzi əhəmiyyət daşıyan hadisələrdən biri də parkın açılışı günü elə onun ərazisində Azərbaycan hərbçilərinin – Vətən müharibəsi qəhrəmanlarının təltif olunması idi. Onları salamlayan prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev çıxışında diqqəti Azərbaycanın İkinci Qarabağ müharibəsində XXI əsrin müharibəsini apardığına, bununla da, misli görünməmiş qələbə qazanaraq, düşməni torpaqlarından qovduğuna çəkib.
Parkda nümayiş olunan qənimətləri də erməni işğalçılarının Azərbaycan ərazilərindən qovulmasının cansız şahidləri saymaq olar. Onların arasında düşmənin ataraq qaçdığı atıcı silahlar, ağır texnika, raket kompleksləri, hərbi nəqliyyat vasitələri və döyüş sursatları var. Onların bir hissəsi Bakıda 2020-ci il dekabrın 10-da təşkil edilmiş Qələbə paradında da nümayiş olunmuşdu. Parkda isə məhv edilmiş və ya qaçmış işğalçıların dəbilqələrini, məğlub olunmuş erməni hərbçilərinin mulyajlarını da görmək mümkündür.
İlham Əliyev əbəs yerə deməyib ki, «Hərbi Qənimətlər Parkına gələn hər bir insan Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü görəcək, iradəmizi görəcək. Görəcək ki, bu Qələbəni əldə etmək nə qədər çətin idi. Çünki düşmən 30 il ərzində işğal edilmiş torpaqlarda möhkəmlənirdi, istehkamlar qururdu, səngərlər, sığınacaqlar qazırdı». Dövlət başçısı Qarabağ müharibəsinin əsas nəticəsini belə ifadə edib: «Biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Ermənistan isə məğlub edilmiş ölkədir, bizim qarşımızda diz çökmüş ölkədir, başını, boynunu bükmüş ölkədir və həmişə belə olacaq».
Bununla yanaşı, Bakıda Hərbi Qənimətlər Parkının açılmasına Ermənistan ekspertləri, siyasətçiləri və rəsmi qurumlarının isterik reaksiyası da müşahidə olunub. Onların hamısının «hökmü» birdir: guya belə parkın açılması Azərbaycan dövlətinin ermənilərə nifrət siyasətinin, ksenofobiyanın, dözümsüzlüyün və s. göstəricisidir.
Dəhşətlisi odur ki, tarixən müxtəlif xalqların, etnik və dini qrupların dinc şəkildə birgə yaşadığı Azərbaycan kimi ölkənin ünvanına bu ittihamı utanmazcasına monoetnik dövlətin təmsilçiləri səsləndirirlər. Halbuki Ermənistan müasir dünyanın xəritəsində peyda olduğu andan regional izqoy kimi tanınır! Bu, postsovet məkanında ən qanlı müharibəni qızışdırmış, Azərbaycan xalqına qarşı saysız-hesabsız hərbi cinayətlər törətmiş Ermənistandır. Bir milyon azərbaycanlını doğma ev-eşiyindən qovmuş, işğal illərində Azərbaycan ərazilərində daşı daş üstə qoymayan bu dövlətdir…
Hərbi Qənimətlər Parkı ilə bağlı düşmən iftiralarına əsaslı cavab Azərbaycan Xarici İşlər Nazirliyindən gəlib. Nazirliyin bəyanatında haqlı olaraq bildirilir ki, tarixi, mədəni və dini irsimizi yer üzündən silmiş, təbii resurslarımızı talan etmiş, 30 il ərzində 1 milyon insanın mülkiyyətini mənimsəmiş, onların fundamental hüquqlarından məhrum etmiş Ermənistan tərəfinin belə bəyanatları heç bir çərçivəyə sığmır. «Faşist cəlladı Qaregin Njdeyə İrəvanda heykəl ucaldan, birinci Qarabağ müharibəsi zamanı əli azərbaycanlıların qanına bulaşmış beynəlxalq terrorçu Monte Melkonyanı qəhrəmanlaşdıran, terrorçu Soqomon Teyliryana ayaqları altında kəsilmiş insan başı ilə abidə ucaldan bir ölkənin insana nifrətdən danışmağa heç bir haqqı yoxdur», - deyə nazirliyin açıqlamasında bildirilir.
Özünün azərbaycanlılara qənim kəsildiyini «unudan» Ermənistan tərəfi düşməni döyüş meydanında qoyaraq qaçdığı hərbi yük maşınlarının nömrə nişanlarından hazırlanmış və Bakıdakı parkda nümayiş olunan lövhəyə də etirazını bildirir. Halbuki, prezident İlham Əliyevin də çıxışında dediyi kimi, «Birinci Qarabağ müharibəsindən sonra ermənilər azərbaycanlıların şəxsi maşınlarının nömrələrini götürüb işğal edilmiş torpaqlarda nümayiş etdirirdilər. Bir lövhə düzəltmişdilər, göstərsinlər ki, azərbaycanlılar öz dədə-baba torpaqlarından didərgin salınıb».
Beləliklə, «nömrə kompozisiyası»nı ilk olaraq azərbaycanlılar düşünməyib. Əksinə, ermənilərin işğal olunmuş torpaqlarda apardıqları etnik təmizləməni nümayiş etdirən şəxsi avtomobil nömrələri ilə düzəltdikləri lövhədən fərqli olaraq, Ermənistana aid hərbi yük maşınlarının nömrələri Azərbaycan Ordusunun əlinə düşmən ordusunun işğal olunmuş torpaqlardan qovulması nəticəsinə keçib.
Əslində, Ermənistanda baş qaldırmış antiqənimət isteriyasının səbəbi heç də vaxtilə onun ordusuna məxsus olmuş silah və əşyaların Bakıda nümayişi deyil. Əsl səbəb Azərbaycan paytaxtında Hərbi Qənimətlər Parkının yaradılması faktının Ermənistanın «məğlubedilməz» ordusu üzərində qazanılmış parlaq qələbənin nümayişi olmasıdır.
Ermənipərəstlərin riyakarlığı
Müharibədə məğlub olmuş tərəfin Bakıda Hərbi Qənimətlər Parkının açılmasına reaksiyası müəyyən mənada başadüşüləndirsə, dünyanın bəzi dairələrinin, məsələn, Qərb ilə Rusiyanın məsələyə reaksiyası ən azı təəccüblüdür. Bakıda ölkənin hərbi qələbəsini nümayiş etdirən belə bir məkanın açılmasını aydındır ki, ermənipərəst qüvvələr tənqid edir. Çünki Azərbaycanın zəfəri onların «boğazında qalıb». Bu isə başadüşüləndir. Çünki Azərbaycan yalnız qlobal mərkəzlərin Cənubi Qafqazla bağlı müəyyənləşdirdikləri planları pozmayıb. O, Qarabağı işğaldan azad etmək arzusunu gerçəkləşdirib, 30 il dünyada görünməmiş imtiyazlardan yararlanan dövləti döyüş meydanında darmadağın edib. Bəli, qonşu dövlətin ərazisinin 20%-n işğal altında saxlamağın cəzası olmursa, kənardan bu əməl heç bir ciddi məzəmmət almırsa, bu, görünməmiş imtiyazdır. Bu gün ABŞ-da, Avropada və Rusiyada ermənilərlə bərabər «Azərbaycandakı ermənifobiya» haqda bağıranlara, hay-küy salanlara sual vermək lazımdır: Azərbaycan ərazilərinin erməni işğalı altında qaldığı 30 ildə harada idiniz? Himayədarlıq etdiyiniz «iztirablı» xalq yüz minlərlə dinc azərbaycanlıya əzab verərkən, onları öldürərkən, talan edərkən, doğma torpaqlarından qovarkən «haqq səsiniz» niyə eşidilmirdi?
Bu sualların cavabı, təbii ki, məlumdur. Bu dairələr üçün prinsipiallıq yaddır və onlar yalnız öz maraqlarına uyğun davranırlar. Onlardakı türkfobiya, islamofobiya hər kəsə bəllidir və bunu heç gizlətmirlər də. Bu dairələrin riyakarlığını göstərən daha bir fakt: fransalı, amerikalı, yunan, rusiyalı və s. Ermənipərəstlər, sən demə, Azərbaycanda Hərbi Qənimətlər Parkının açılmasından dəhşətə gəliblər. Sən demə, orada dəbilqələrin, manekenlərin nümayişi «erməni əsgərinin xatirəsinə təhqirdir, «orta əsrlər ənənəsinə qayıdışdır» və s.
Bu ittihamlar, həqiqətən də, riyakarlığın pik həddidir. Məsələ ondadır ki, qeyd olunan məsələdən «dəhşətə gəlmiş» dairələrin öz ölkələrində bənzər obyektlər xalq arasında xüsusi populyarlığa malikdir. Məsələn, məşhur Luvr muzey kimi şöhrətini Bonapart Napoleonun dövründə qazanıb – bu tarixi binanı onun hərbi əməliyyatları zamanı əldə etdiyi qənimətlər faktiki olaraq, hərbi zəfər muzeyinə çevirmişdi.
Yaxud Rusiyaya baxaq. Bu ölkənin bir çox şəhərində hərbi zəfər muzeylərinə rast gəlmək mümkündür və onların hər birində, təbii ki, ən müxtəlif hərbi qənimətlər nümayiş olunur. Dünyanın ən nəhəng hərbi-tarixi muzeylərindən olan Qələbə Muzeyi məhz Moskvada yerləşir. Böyük Vətən müharibəsində qazanılmış Qələbəyə həsr olunmuş muzeydə darmadağın edilmiş Hitler koalisiyasından götürülmüş 300-dək hərbi qənimət sərgilənir: pulemyotlar, avtomatlar, dəbilqələr, medallar, alman, italyan, ispan, rumın, macar və fin əsgərlərinin hərbi formaları və s. Bu muzeydə döyüş səhnələri, almaniyalı hərbçilərin mumdan hazırlanmış mulyajları da yer alır.
Londondakı İmperiya Muzeyi, Parisin Əlillər Evindəki hərbi muzey, Zosterberqdəki Niderland Milli Hərbi Muzeyi və bir çox digər muzeylər də bu qəbildəndir. Bütün bu muzeylərdə əsgər dəbilqələri, düşmən ordusunun formasında olan manekenlər, döyüş səhnəcikləri və əlbəttə ki, qənimət götürülmüş zirehli texnikalar nümayiş olunur. Hələ bəzi Avropa ölkələrində tam fərqli qəbildən əşyaların saxlandığı yerləri demirik. Məsələn, Fransadakı muzeylərdən birində qənimət kimi, fransalı müstəmləkəçilərin azadlıq uğrunda mübarizə apardığı üçün məhv etdiyi əlcəzairli döyüşçünün kəllə sümüyü nümayiş olunur. Almaniyadakı Prussiya Mədəni İrsi Fondunda isə Afrikadan yenə də hərbi qənimət kimi gətirilmiş insan kəllə sümüklərindən ibarət kolleksiya saxlanılır.
Belə çıxır ki, özlərini Avropa sivilizasiyasının siması, rəngi kimi təqdim edən fransızlarla almanlar əsarət altında saxladıqları Afrikada qazandıqları şübhəli qələbələrin rəmzi kimi, insan kəllə sümüklərini nümayiş etdirə bilərlər. Azərbaycan isə ona məxsus olan və 30 ilə yaxın müasir dünyanın gözü qarşısında işğal altında saxlanılmış Qarabağ torpağında darmadağın etdiyi erməni işğalçılarının mulyajını sərgiləyə bilməz.
Daha bir vacib aspekt isə Rusiya və Avropa muzeylərində mulyajların, İkinci Dünya müharibəsində darmadağın edilmiş alman, italyan və digər ordulara aid əsgər paltarındakı manekenlərin onların ruhuna təhqir sayılmamasıdır. Bundan başqa, elə həmin almanlar və italyanlar bu gün mütərəqqi bəşəriyyətin nasizm şəri üzərində qələbəsini hörmətlə yad edir, öz ölkələrinin faşist keçmişinə görə təəssüf hissi keçirir. Bəs, ermənilər necə, Azərbaycan xalqına qarşı həyata keçirdikləri tarixi ədalətsizliyə, onun ərazilərini uzun illər işğalda saxladıqlarına, həmin ərazilərdə görünməmiş vandalizm aktları törətdikərinə görə peşmandırlarmı?
Hər halda, hələ ki, başabəla qqonşularımızda təəssüf, peşmançılıq əlamətləri görünmür. Odur ki, Ermənistana ürəyi yanan dünya gücləri Bakıda Hərbi Qənimətlər Parkının yaradılmasından qıcıqlanmaq əvəzinə, İrəvana seçdiyi yolun məhvə apardığını izah etsə daha yaxşı olardı. Ermənistana Azərbaycan ərazilərinin faşistcəsinə işğalı planının hansı nəticələr verə biləcəyini heç olmasa onlar izah etməli idilər.
Bakıda açılmış Hərbi Qənimətlər Parkına gəlincə, onun yaradılmasında məqsəd məhz erməni faşizmi üzərində qazanılmış Böyük Qələbənin hər zaman xatırlanmasıdır. Azərbaycan Prezidenti İlham Əliyev əbəs yerə demir ki, ordumuz 44 günlük müharibədə qazandığı Qələbə ilə yalnız erməni işğalçılarını qovmayıb, yalnız torpaqlarımızı işğaldan azad etməyib, həm də erməni faşizmini darmadağın edərək, tarixi missiyanın öhdəsindən gəlib. Bəli, Hərbi Qənimətlər Parkı məhz bunun rəmzidir. Bizə erməni faşizminin yaşatdığı zülmü heç zaman unutmayacağımızın, onun yenidən baş qaldırmağa çalışacağı təqdirdə «dəmir yumruğ»un gücünü növbəti dəfə tam gücü ilə hiss edəcəklərinin rəmzi!
MƏSLƏHƏT GÖR: