Müəllif: Valentina REZNİKOVA
Həmsöhbətinə yönələn tünd qonur gözlərin titrəyən baxışları onun diqqətli və həssas bir insan olduğunu göstərir. Rəvan emosional fon, ruhi rahatlıq vəziyyəti Azərbaycanın əməkdar artisti Rita Əmirbəyova ilə rahat söhbət üçün imkan yaradır. Onun qəhrəmanlarını xatırlayıram - kövrək, tez qırılan və çılğındırlar: Nelku ("Qəddar oyunlar", A.Arbuzov), Gelmanın eyniadlı pyesində Zinulya, Lidka ("Sıravilər", Aleksey Dudarev), utancaq, qorxu içində yaşayan və bundan əziyyət çəkən Stella («Arzular tramvayı», Tennesi Uilyams) və başqaları.
Aktrisa ilə birlikdə onun qəhrəmanları da böyüyüb. Beləliklə, "Evlilik Agentliyi 1 + ... "da Marqo ("Cehizsiz gəlin", Lüdmila Razumovskaya), "Nonsens"də falçı qadın (Natiq Rəsulzadə), Blanş Dübua elə həmin "Arzular tramvayı" pyesində, sonra "Bliss ailəsi"də xanım Bliss ("Samanlıq qızdırması", Noel Koard), Vaqif Səmədoğlunun "Yayda qartopu oyunu" pyesində Adilə xanım... Onlar çox olub: nağıl personajları, melodram, dram və ... komediya, kəskin süjet qəhrəmanları.
Teatrda 43 illik fasiləsiz iş ərzində (M.Əliyev adına İncəsənət İnstitutunun - indiki Mədəniyyət və İncəsənət Universitetinin üçüncü kursunda başlayan tələbə təcrübəsi dövrü nəzərə almadan) aktrisa Əmirbəyova səhnədə nəhəng sayda qadın obrazları oynayıb, çox sayda qadının taleyini yaşayaraq, çox sayda fərqli obrazlar yaradıb.
Əlbəttə, hamı bilir ki, öz-özünə oynanan tamaşalar olmadığı kimi, öz-özünə oynayan aktyorlar da yoxdur! Əgər bir aktyor "öz" rejissorunu, bir rejissor da "öz" aktyorunu taparsa, yaradıcılıq və peşə taleyində böyük xoşbəxtlik yaşanır. Bəs, "öz" nə deməkdir? Ustaların bu cür uyğunlaşması heç bir halda qarşılıqlı faydalı mübadilə prinsipi kimi başa düşülməməlidir: "sən - mənə, mən - sənə". Söhbət psixoloji uyğunluqdan, peşə estetikasından və münasibətlərin üst-üstə düşməsindən gedir. Bir sözlə, ümumi uğurun açarı etibar, eyni peşə dilində ünsiyyət qurmaq bacarığı, personajın xarakterində təcəssüm olunan insan ruhunun psixoloji incəliklərini analitik öyrənməyə meyil, rejissorun aktyora böyük dözümü və sevgisidir. Çünki aktyorlar körpə uşaqlar kimidir. Onlar insan həyatı barədə birlikdə səhnə hekayələri qurduqları rejissorun diqqətinə və sevgisinə ehtiyac duyurlar. Quruluşçunun inamı və sevgisi onlarda öz peşə bacarıqlarına inam yaratmaqla yanaşı, yaradıcılıq axtarışlarını da keyfiyyətcə yaxşılaşdırır.
Tez-tez öz-özümə sual verirəm: niyə qızlar və oğlanlar bu qədər asılı və həddən artıq emosional yüklənmiş peşəyə - aktyor peşəsinə belə can atırlar? Bu necə olur və bu istək onlara neçə yaşlarında və nə üçün gəlir? Bu barədə əməkdar artist Rita ƏMİRBƏYOVAdan soruşuram:
- Hərədə bir cür olur. Mən özüm haqqında deyə bilmərəm ki, erkən uşaqlıqdan aktrisa olmaq arzusunda idim. Uşaqlıqda çoxları kimi mahnı oxuyur, rəqs edir və şeir oxuyurdum. Hə, ümumiyyətlə çox oxuyurdum. Valideynlərimin evində bu qəbul edilən idi. Anamın boş vaxtını kitab oxumağa sərf etdiyini görürdüm və mən də elə etməyə başladım. Valideynlərim, ümumiyyətlə qardaşımla mənim inkişafıma böyük əhəmiyyət verirdilər. Buna görə yay aylarında bizi həmişə başqa iqlim zonalarına dincəlməyə aparırdılar. Amma anam istirahəti təhsil və maarifçilik xarakterli əyləncələrlə necə birləşdirəcəyini bilirdi.
- Yəni?
- Bu, o deməkdir ki, anamın seçdiyi hansısa bir istirahət yerinə gedərkən biz bir neçə günlüyə mütləq Moskvada dayanardıq. Orada isə muzeylərə və teatrlara məcburi baş çəkərdik. Mən teatrda nağıllara baxmağı xoşlayırdım. Artistlərə baxmaq xoşuma gəlirdi. Ümumiyyətlə, teatrla bağlı hər şey xoşuma gəlirdi. Məni teatrla bağlı nəsə xüsusi bir şey cəlb edirdi.
- Nə idi ki?
- Onda bunu başa düşə bilmirdim, amma indi geriyə baxaraq düşünürəm ki, mən bu peşənin yaydığı mediativ başlanğıcın varlığını intuitiv olaraq “tuturdum”.
- Düzü, bunu anlamaq mənim üçün çox çətindir.
- Mən daxili təlqindən bəhs edirəm, bu, rolun sadə bir analitik araşdırma ilə heç də həmişə müəyyənləşdirilə bilməyən məqamlarını görməyə və hiss etməyə kömək edir...
- Siz şüuraltı ilə iş barədə danışırsınız?
- Aktyorun rol üzərində işinin buddist rahiblərin meditasiyasına bənzəməsindən danışıram. Əgər mən aktrisa oldumsa, bu, mənəvi inkişafım da daxil olmaqla öncədən təyin olunmuş yoldur; öz Yoluna yenidən baxmaq üçün...
- Bəs, aktrisa olmaq istəyiniz necə yarandı?
- Sinifimizə Olya adlı yeni bir qız gəlmişdi. Şən, ünsiyyətcil, cazibədar idi. Hamı onu bəyənirdi. Ancaq ən əsası – o, teatr dərnəyinə gedirdi, bu barədə durmadan və həvəslə hər kəsə danışırdı, hətta bir qədər özünü dartırdı ki, aktrisadır.
- Beləcə, istək yarandı?
- Hə! Onun şən xasiyyətini və cazibəsini qiymətləndirib, bunu Olyanın teatr dərnəyində iştirakı ilə bağladım. Çıxardığım nəticə sadə idi: aktyorlar yalnız şən deyil, həm də xüsusi insanlardır. Mən də 7-ci sinifdə elə olmaq istəyirdim.
- Yeddinci sinif şagirdi Rita üçün bu özəllik özünü necə göstərirdi?
- Seçilmiş olmaqda, yəqin ki. Bir müddət sonra anama artist olmağın maraqlı olduğunu və artist olmaq istədiyimi söylədim. Anam cavab verdi ki, başlanğıc üçün peşənin özü haqqında daha çox məlumat əldə etmək yaxşı olardı, ona görə xalq teatrına yazılmağımı məsləhət gördü. Beləliklə, Semyon Şteynberqin gənclər teatrına qatıldım. Sonra M.Əliyev adına İnstitut, sonra isə Rus Dram Teatrı gəldi.
- Teatrın səhnəarxası “universitetləri” sizə nə verdi?
- Teatrı iddiaların döyüş meydanı kimi qəbul etsək, belə vəziyyətdə bu "universitetlər" çox faydalı şeylər verib.
- Məhz nələr?
- Özünü, baxışlarını, prinsiplərini qorumaq, həyatı dərindən anlamaq üsulu kimi peşənin rolunu özünəməxsus başa düşmək bacarığını; bu, xarakteri formalaşdırdı və möhkəmləndirdi, bu həyatda nəyin doğru, nəyin yalan olduğunu anlamağa imkan verdi.
- Yəni nə?
- Yeni heç bir şey deməyəcəm. Gerçəklik aktyorluq peşəsində quraşdırılmış anlayış ola bilməz. Gerçəklik – sənin sənətində özünün müəyyənləşdirdiyin və peşəkar olmanıza imkan verən doğrulardır. Bu zaman inam, ümid və sevgi böyük önəm kəsb edir: məkana və bu məkanın insanlarına, seçdiyiniz peşəyə, yaşadığınız, nəfəs aldığınız və bu yer üzündə gəzdiyiniz müddət ərzində özünüzü həsr etdiyiniz işə sevgidən söhbət gedir.
- Bəs, yalan?
- Siz gözləyirsiniz ki, mən dedi-qodulardan, intriqalardan və məkrlərdən danışım? Söhbət bundan getmir. Bizim peşədə yalan, əslində, doğrunu danışmaq istəməmək və ya bacarmamaq, ya da danışmağa qorxmaqdır: istər istedadlı ol və ya olma, peşənə uyğun gəl və ya gəlmə, peşəkar baxımdan ardıcıl yenilənmə prosesinə uyğun gəl və ya gəlmə. Yalan – sənin inkişafdan qaldığın andan başlayır. Ən nəhayət, yalan sənin özünə doğruyu söyləyə bilməməyindir: sən tamaşaçıya və teatra bu gün olduğun kimi, burada və indi gərəksənmi? Teatra və tamaşaçıya bir şəxsiyyət kimi maraqlısanmı?
- Bu gün bu suallara cavab verərkən, özünüzə nə deyirsiniz?
- Gerçəkliyin “üzünə” baxaraq, özümə və sizə deyirəm: həyatı oyun kimi yenidən udmaq və yenidən yaşamaq mümkün deyil. O necədir, elə də var. Əsas - vaxtında anlamaqdır. Keçmişə görə kin saxlamağın heç bir mənası yoxdur. Öz uğursuzluğuna görə kimisə günahlandırmağın heç bir mənası yoxdur. Yalnız yaşamaq lazımdır. Burada və indi. Həm də Teatr adlı ideyaya vicdanla xidmət etməlisən. Önəmli olan tək şey budur.
- Demək istəyirsiniz ki, artıq peşə arzu və istəkləriniz yoxdur?
- Tam əksinə. Demək istəyirəm ki, istənilən ampluada, istənilən janrda, istənilən rolda peşəmə və teatrıma xidmət etməyə hazıram. Artıq peşəkar müdriklik, yetkinlik və peşəkar dəyərlərin yenidən qiymətləndirilməsi dövrü başlayıb. Bu, inanılmaz dərəcədə ahəngdar bir dövrdür! Sanki, birdən gözüm açılıb və əvvəllər ucuz bər-bəzək saydığım gerçək zinət əşyalarının düz yanımda olduğunu görməyə başlamışam. Peşəkar həyatda elə bir dövr başlayıb ki, kiçik rollar son dərəcə cəlbedici və maraqlı görünməyə başlayıb. Peşə sayəsində Faina Ranevskayanı niyə epizodun kraliçası adlandırdıqlarını anlamağı öyrəndim: Stanislavski kiçik rolların olmadığını, ancaq kiçik aktyorların olduğunu deyərkən, tamamilə haqlı imiş! Bu, yalnız gənclikdə elə gəlir - rol nə qədər böyükdürsə, bir o qədər yaxşıdır. Peşəkarlığı baş rollar olmadan da cilalamaq olar...
- Beləliklə, siz Teatra niyə gəlmisiniz?
- İlk dəfə bu sualı mənə üçüncü kursda vermişdilər ...
- Bəs, onda nə cavab vermişdiniz?
- Eyni cavabı bu gün də verəcəyəm. Teatra yaşamaq üçün gəldim...
Bunu repertuar siyahısına maraq və hörmət bəslənən aktrisa söyləyir. Çünki onun siyahısında – çox sayda tanınmış qadın qəhrəman obrazı var ki, o, fərqli janrlarda həmin obrazları canlandırmağa nail olub. Buna görə də mən bu gün deyə bilmərəm ki, o, bir aktrisa kimi mənim üçün hansı janrda daha inandırıcı görünür. Çünki o, peşəkar və insani yetişməsinin hər mərhələsində, sanki özündə əlavə imkanların sərhədini açıb, lirik-dramatik və dramatik qəhrəmanlardan asanlıqla kəskin xarakterli obrazlara, yaxud komediya obrazlarına keçib. Onun qəhrəmanlarının səhnə həyatının necə inkişaf etdiyini müşahidə etmək həmişə son dərəcə maraqlı olub.
İndi, uzun illər sonra yetkin bir ustaya çevrildikdən sonra o düşünür ki, ovaxtkı üçüncü kurs tələbəsi Rita Əmirbəyova suala o cür cavab verməklə öz bütün gələcək taleyini təyin etmişdi. Çünki o andan etibarən Teatr və Həyat, Həyat və Teatr bir-birinin tamamlayıcısına çevrilmişdi. Həyatında əskik olan hisslər, yaşantılar, sarsıntıları o, səhnədə tapırdı. Ona görə yox ki, həyatında müxtəlif cür ehtiraslar yox idi. Onun şəxsi həyatı da romantik bir dramın bütün qaydalarına uyğun olaraq inkişaf edirdi. Ancaq məhz peşəsi bu anlayışların arasında bərabərlik işarəsi qoymaq üçün misilsiz fürsət yaradırdı. Yəni belə alınıb ki, onun bütün həyatı bütün gözlənilməzliklərə baxmayaraq, özü tərəfindən proqramlaşdırılmış sadə bir düstura uyğun olub: "Mən Teatra yaşamaq üçün gəlmişəm ..."
MƏSLƏHƏT GÖR: