19 Dekabr 2024

Cümə axşamı, 10:06

SÜLHƏ APARAN ÇƏTİN YOL

Dağıdılmış Ağdam, Zəngəzur dəhlizi və Qarabağın ermənilər yaşayan hissəsinin gələcəyi haqqında Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey MARKOVUN «Region Plus»a müsahibəsi

Müəllif:

15.05.2021

Özülünədək dağıdılmış minlərlə ev, yaşıllıqlar arasından görünən dağıntılar buralarda nə vaxtsa dinc həyatın olduğunu xatırladır… «Onlar yüzilliklər ərzində Ağdamda yaşamış, sevib-sevilmiş, dostluq etmiş, işləmiş, çalışmış, sonda etnik təmizləmə və kütləvi repressiyalardan qurtulmaq üçün doğma evlərindən qaçmaq məcburiyyətində qalmış ailələrin məzar daşlarına bənzəyir», - deyə Azərbaycanın erməni işğalından azad olunmuş Ağdam rayonunu öz gözlərilə görən Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirir.

O, Ağdama mayın əvvəlində rusiyalı deputatlar və ekspertlərdən ibarət nümayəndə heyəti ilə səfər edib. S.MARKOV gördükləri haqda təəssüratını və regionda postmüharibə dövrü ilə bağlı fikirlərini jurnalımızla bölüşüb.

- Ağdamda gördüklərimiz insana çox pis təsir edir. Bu mənzərə bizim üçün gözlənilməz olmasa da, adam çox qəmlənir. Dağılmış yaz Ağdamın havasında sanki hal-hazırda ot basmış yollarla qaçaraq, doğma şəhərlərini tərk etməyə məcbur olmuş minlərlə insanın fəryadı asıla qalıb. Qəbiristanlıqlara, məzarlara qarşı insanlığa yaraşmayan münasibət də sarsıdıcıdır: bütün qəbirüstü daşlar sökülərək aparılıb, məzarlar barbarcasına ekskavatorla qazılıb, oradakı insan qalıqlarının taleyi isə məlum deyil.

Ağdamda onu işğal etmiş ermənilərin bu cür mənasız vəhşilik etdiklərini Moskvada danışdığım zaman çoxu buna inana bilmirdi. Təxminən 25 il əvvəl Ağdamı işğal etmiş qüvvələr üçün daha bir biabırçılıq məscidlərə göstərilmiş münasibət, orada inək, donuz saxlanılmasıdır. Bu insanları xristian hesab etmək olmaz. Onlar istənilən humanist dini rədd edən cinayətkarlardır.

Bütün bunları niyə ediblər? Bu suala cavab tapmaq çətindir. Görünən odur ki, səbəb ultramillətçilikdir. Bu zaman insanlar öz millətlərini hər kəsdən uca tutur, qalan millətləri isə insanlığa layiq görmür. Vaxtilə belə ultramillətçilik Almaniyada, İtaliyada da tüğyan edib və onların İkinci Dünya müharibəsində dəhşətli cinayətlər törətməsi ilə yadda qalıb. Bu gün ağdam birmənalı olaraq, barbarlıq, vandallıq və ultramillətçilik abidəsidir.

- Bəs Ağdamda gördüklərinizi beynəlxalq hüquq nöqteyi-nəzərindən necə xarakterizə etmək olar?

- Şübhəsiz ki, söhbət Azərbaycanın suveren ərazisinin işğalından, ənənəvi müharibə normalarının pozulmasından gedir. Ərazilər kütləvi şəkildə məhv edilib, talan olunub. Açığı, bunu dəqiq necə ifadə edəcəyimi belə, bilmirəm – hərbi cinayət, yoxsa insanlığa qarşı cinayət? Qiyməti hüquqşünaslar verməlidir. Hüquqşünaslardan ibarət xüsusi beynəlxalq qrup yaradılmalıdır. Orada ilk növbədə Azərbaycan, Türkiyə, Rusiya və digər aparıcı fövqəldövlətlərin, həmçinin BMT və ATƏT-in nümayəndələri təmsil olunmalıdırlar.

- Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli razılaşmanın reallaşdırılması prosesini necə qiymətləndirirsiniz?

- Guman edirəm ki, üçtərəfli razılaşma reallaşacaq, amma arzulandığı qədər tez yox. Bunun üçün müxtəlif maneələr aşılmalıdır. Bu sənədi 3 yerə bölmək olar. Birincisi təcili humanitar məsələlər, ikincisi, siyasi-hüquqi məsələlər, üçüncüsü, strateji məsələlər.

Humanitar məsələlərlə bağlı çətin danışıqlar gedir və hər iki tərəf maksimuma çalışır. Bu, prosesin həddindən artıq uzanmasına aparıb çıxara bilər. Bu üzdən də Rusiya tərəfi humanitar məsələlərin həllində paritetlik prinsipindən imtina olunmasını, onların birtərəfli qaydada, lakin paralel olaraq eyni templərlə həllini təklif edir. Bu halda bəzən müqayisəyə belə gəlməyən güzəştlərlə bağlı ağır danışıqlara ehtiyac olmayacaq.

İkinci blok – siyasi-hüquqi problemlər. Burada əsas məsələ Rusiya sülhməramlılarının statusunun, yerləşmə zonalarının dəqiqləşdirilməsidir. Çünki bir çox yerlərdə Azərbaycan və Ermənistan hərbçiləri arasında sülhməramlılar yoxdur, bu isə yeni toqquşmalara yol aça bilər. Bununla yanaşı, bu ərazilərdə asayişi kimin təmin edəcəyi də vacib məqamdır. Azərbaycanın bütün ərazilərindən, o cümlədən erməni əhalinin yaşadığı rayonlardan bütün erməni qoşunlarının çıxarılması vacibdir.

Üçüncü blok – strateji məsələlər. Burada söhbət ilk növbədə, kommunikasiyaların açılmasından gedir. Burada bir neçə tip kommunikasiya var. Birincisi, Qarabağın erməni əhalinin yaşadığı hissəsi ilə Ermənistan arasındakı kommunikasiyalar. Bu gün bu kommunikasiyalar tam işləkdir. Lakin bu dəhlizin hüquqi statusu tam müəyyənləşdirilməyib. Çünki ərazi hüquqi baxımdan Azərbaycana aid olsa da, orada hələ də Azərbaycan hökuməti təmsil olunmur.

İkincisi, Qarabağın erməni əhalinin yaşadığı rayonları ilə Azərbaycanın digər hissələri arasında kommunikaslyalar. Məsələn, Xankəndi-Bakı, Xankəndi-Şuşa və s. Elə etmək lazımdır ki, əhali tədricən bu nəqliyyat kommunikasiyalarından rahat istifadə edə bilsin, iqtisadi həyat bərpa olunsun, Qarabağın bütün rayonlarının əhalisi tədricən Azərbaycanın ümumi iqtisadi həyatına inteqrasiya etsin.

Üçüncüsü, Ermənistanla Rusiya arasında Azərbaycan ərazisi vasitəsi ilə kommunikasiya. Burada hazırda marşrutun dəqiqləşdirilməsi işi aparılır. Bu işlə üç ölkənin baş nazir müavinləri səviyyəsində komissiya məşğuldur.

Dördüncü və ən ağır istiqamət iqtisadi-siyasi əhəmiyyətli layihə olan, Zəngəzur dəhlizi adlandırılan kommunikasiya. Söhbət Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında nəqliyyat kommunikasiyasından gedir. Zəngəzur dəhlizi reallaşdırılarsa, o, həm də dəmir yolu ilə güclü Azərbaycan və Türkiyə, həmçinin Rusiya Türkiyə iqtisadiyyatlarını da birləşdirəcək. Bu isə çox böyük ərazilərin, hətta dəhlizin keçmədiyi bölgələrin iqtisadi inkişafına stimul ola bilər.

- Sergey Lavrovun Yerevan və Bakı səfərlərinin nəticələrini üçtərəfli bəyanatın gələcək icrası baxımından necə şərh edərdiniz?

- Sergey Lavrovun Yerevan və Bakı səfəriləri klassik məkik diplomatiyası nümunəsidir. Nəzərə alsaq ki, üçtərəfli razılaşmanın icrasının ləngimə ehtimalı var, bu, çox vacibdir. İlk növbədə ona görə ki, Ermənistan rəhbərliyi özündə siyasi iradə tapa bilmir. Səbəb isə onun İkinci Qarabağ müharibəsindəki şok məğlubiyyətdən sonra öz əhalisinin iradəsinə arxalana bilməməsidir. Sergey Lavrovun indi həll etməli olduğu ən vacib problem minalı ərazilərin xəritəsi məsələsidir. Yerevan onları Bakıya verməlidir. Bu, azad olunmuş Azərbaycan ərazilərinin minalardan təmizlənməsi prosesini xeyli sürətləndirəcək. Ermənistanın bu xəritələri təqdim etməkdən niyə boyun qaçırdığını anlamaq mümkün deyil. Öəziləri hesab edir ki, xəritələrin bir hissəsi itib, digərləri düşünür ki, Yerevan bununla sadəcə, alver edir və onların əvəzinə mümkün qədər çox şey qoparmağa çalışır. Amma minalı ərazilərin xəritəsinin təqdim olunması 10 noyabr tarixli üçtərəfli bəyannamənin tərkib hissəsidir və ona əməl olunmalıdır. Lavrovun əsas vəzifələrindən biri də Yerevanı buna məcbur etmək idi və görünən odur ki, o, bui şin öhdəsindən gələcək.

- Bu gün Ermənistan tərəfi kommunikasiyaların açılması, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı razılaşmanı rədd edən çoxsaylı bəyanatlar səsləndirir. Fikrinizcə, Yerevan razılaşmanın bu maddəsinin reallaşdırılmasına mane ola bilərmi və bu, Ermənistan və ümumilikdə region üçün hansı nəticələri verə bilər?

- Zəngəzur nəqliyyat dəhlizi məsələsi əsas məsələlərdəndir. Belə başa düşürəm ki, Azərbaycanın onun ilk növbədə dəhlizdən keçəcək yüklərin və insanların təhlükəsizliyinin təmini üçün toxunulmazlıq prinsipinə malik real nəqliyyat dəhlizi olmasını istəyir. Ermənistan isə bunun hansısa dərəcədə onun ərazisinin qəsbi olacağından narahatdır. Üstəlik, keçmişzə Zəngəzur da Azərbaycanın olub. Bundan başqa, Ermənistan rəhbərliyi bütünlükdə razılaşmanın icrasını ləngidir. Çünki məğlubiyyətin ağırlığını və əhalisinin bu məğlubiyyətdən necə hiddətləndiyini çox ciddi şəkildə hiss edir. Odur ki, danışıqlar çox uzana bilər. Zəngəzur dəhlizi ilə bağlı danışıqlar uğursuz olarsa, bu, Ermənistanla Rusiya arasından Azərbaycan vasitəsi ilə nəqliyyat dəhlizinin açılmayacağı anlamına da gələcək. Halbuki, bu kommunikasiyalar yalnız regiona, Azərbaycana kömək teməyəcək, həm də Ermənistanın xroniki iqtisadi böhrandan çıxmasına yol açacaq. Bu səbəbdən, Zəngəzur dəhlizi layihəsini reallaşdıra bilməmək Ermənistanın iqtisadi inkişaf imkanlarının ciddi deqradasiyası anlamına gələcək.

- Ermənistan növbədənkənar parlament seçkisi və yeni hökumətin formalaşdırılması ərəfəsindədir. Onun nəticəsi üçtərəfli razılaşmanın gələcəyinə təsir göstərə bilərmi?

- Ermənistanda keçiriləcək parlament seçkisi üçtərəfli razılaşmaya ciddi zərbə vura bilər. Doğrudur, Nikol Paşinyanın seçkidə qələbə qazanması ehtimalı daha çoxdur. O isə bəyannaməni imzalamış, ölkəsini iqtisadi inkişaf yoluna çıxarmağı hədəfləmiş şəxs kimi, üçtərəfli razılaşmanı həyata keçirməyə hazırdır. Amma bu seçkidə Paşinyanın əvvəlkindən daha az səs toplayacağına da şüğhə yoxdur. Odur ki, burada da üç variant var.

Birinci variantda Nikol Paşinyan parlamentdə çoxluğu ələ alır – istər təkbaşına, istərsə də müttəfiqləri ilə. Bu, üçtərəfli bəyannamənin reallaşdırılması baxımından ən yaxşı variantdır.

İkinci variantda Paşinyan qalib gəlir, lakin Robert Koçaryanın rəhbərlik etdiyi Ermənistan Respublika Partiyasının simasında rəqibləri ilə koalisiyaya getmək məcburiyyətində qalır. Nəticədə Koçaryan və üçtərəfli razılaşmanın digər düşmənləri onun icrasını əngəlləmək imkanı qazanır.

Üçüncü variantda Nikol Paşinyan seçkini uduzur və Robert Koçaryan de-fakto Ermənistanın liderinə çevrilir. Bu, üçtərəfli bəyannamə üçün ən pis variantdır. Koçaryan və keçmiş hakim Respublika Partiyasından olan tərəfdarları açıq olmasa da, əsasən müharibə partiyası kimi çıxış edirlər. Onlar üçtərəfli razılaşmanı pozmaq üçün əllərindən gələni edəcəklər.

- Bəs missiyasının icrasında faktiki olaraq iflasa uğramış Minsk qrupunun dirçəldilməsi cəhdləri nə qədər uğurlu ola bilər?

- Belə cəhdlər olacaq, çünki Minsk qrupu çox nüfuzlu təşkilat olan ATƏT-i təmsil edir. Qərb ölkələri ilə münaqişə vəziyyətində olan Rusiya da Qarabağ probleminin həlli ilə bağlı göstərdiyi səylərə benəlxalq dəstək almaq istəyir. Bu gün Minsk qrupu üzvlərinin əldə olunmuş razılaşmaya dəstəklə bağlı passiv bəyanatlarını görürük. Bununla yanaşı, Fransa ilə ABŞ-ın razılaşmanı pozmaq üçün gizli və ya yarımaşkar cəhdlər etdiyi də ortadadır. Fransa və ABŞ rəhbərliyi erməni lobbisinin ciddi təsiri altındadır və çox vaxt ermənipərəst mövqe tuturlar. Bu üzdən də onlar 10 noyabr razılaşmasının Ermənistanın xeyrinə dəyişməsini arzulayırlar. Bundan başqa, Rusiyanın bu məsələdəki fəal rolu nə Parisin, nə də Vaşinqtonun ürəyincədir. Onlar hər yerdə Moskvanın rolunu azaltmağa çalışırlar və bu, Ermənistanla Azərbaycan arasındakı münaqişənin həlli prosesinə də aiddir.

Bütün bunlarla yanaşı, Minsk qrupundakı böhran ortadadır. O, işinin öhdəsindən gələ bilməyib və bu, müharibənin bərpası ilə nəticələnib. ATƏT-in Minsk qrupunun həmsədrləri destruktivlik möcüzəsi göstəriblər. Diplomatiya kitablarında Fransanın buradakı rolunu diplomatik sabotaj kimi qeyd etmək olar. Düşünürəm ki, Azərbaycanın Fransanın Minsk qrupundan uzaqlaşdırılması təklifi tamamilə əsaslıdır.

Ümumiyyətlə, Minsk qrupunun tam tərkibdə toplanaraq yeni həmsədrlər seçməli olduğu haqda fikirlər də ğtam sağlam, ağıllı fikirdir. Həmsədrlər arasında Fransa varsa, orada Türkiyənin də yer alması məntiqlidir. Yox, Türkiyəni Azərbaycanın aşkar müttəfiqi kimi ora qəbul etmirlərsə, Ermənistanın birbaşa müttəfiqi olan Fransanın da oradan kənarlaşdırılması məntiqli olardı.

Odur ki, vacib olan altıtərəfli formatın yaradılmasına başlanılmasıdır: Azərbaycan, Ermənistan, Gürcüstanla yanaşı, regionun fövqəldövlətləri olan Rusiya, Türkiyə və İran. Bu, çox perspektivli formatdır. Üstəlik, bu ölkələrin hamısının xarici siyasi və iqtisadi əməkdaşlıqla bağlı ümumi maraqları var.

- Erməni əhalinin yaşadığı və müvəqqəti olaraq rusiyalı sülhməramlıların məsuliyyət zonasında yerləşən Azərbaycan rayonlarının gələcəyini necə görürsünüz?

- Qarabağın Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan rayonlarındakı erməni əhalinin gələcəyi ilə bağlı bir neçə variant var. Onlardan ən realı Qarabağın erməni əhalisinin Azərbaycanın iqtisadi, sosial, siyasi və mədəni həyatına inteqrasiyasıdır. Doğrudur, görünən odur ki, bu, kifayət qədər uzun vaxt tələb edir. Əvvəlcə Azərbaycan son ilədək Ermənistanın işğalı altında olmuş və ötən ilin sonunda azad edilmiş ərazilərinə tam yiyələnəcək, bu regionlarda çiçəklənməyə nail olacaq. Eyni zamanda, Qarabağın erməni və azərbaycanlı əhalisi arasında kommunikasiyalar bərpa ediləcək, bu rayonlar tədricən Azərbaycanın ümumi həyatına inteqrasiya olunacaq. Bunun üçün həm də iki xalq arasında barışıq lazımdır – bu, guman ki, ekspertlər, vətəndaş cəmiyyəti fəalları, ağsaqqallar arasında görüşlərlə başlayacaq, müxtəlif konfranslar, dəyirmi masalar keçiriləcək, diskussiyalar aparılacaq, barışıq motivləri tapılacaq.



MƏSLƏHƏT GÖR:

332