Müəllif: Sabirə ƏLƏKBƏR
Axır ki, o gün gəldi. Azərbaycanın mədəniyyət paytaxtı Şuşada, Cıdır düzündə yenidən "Bayatı Şiraz" səsləndi, «Qarabağ şikəstəsi» havalandı. Bunu hamı, bütün dünya gördü.
Biz burada, Şuşadayıq. Biz «Xarıbülbül» musiqi festivalını keçiririk, biz 29 ildən sonra küllərindən yenidən doğan Yuxarı Gövhərağa məscidində Ramazan bayramı münasibətilə bayram namazı qılırıq, bərpa edilmiş Xan qızı bulağından su içirik, Qarabağ xalçalarını buraya qaytarmaq üçün Şuşa incəsənət qalereyasını bərpa edirik, Şuşa göylərindəki sülh atəşfəşanlığından həzz alırıq, ən nəhayət burada dini məbəd və müasir memarlıq nümunəsi olan yeni bir məscidin təməlini qoyuruq. Göz yaşlarımızı saxlaya bilmirik, onlara təslim oluruq, amma artıq itirdiklərimizin kədəri və ağır itkilərin acısı olmadan. Biz sevincdən ağlayırıq və bu mübarək günlər uğrunda canlarından keçmiş oğulların əziz xatirəsi üçün Allaha dua edirik, onlara canından can vermiş və onları qəhrəman kimi böyütmüş analarına təşəkkür edirik. Azad edilmiş torpaqlara görə, Qələbə havası ilə nəfəs almaq fürsəti yaratdıqlarına görə, ordumuza, əsgərlərimizə, zabitlərimizə, generallarımıza və Ali Baş Komandana təşəkkür edirik.
"Şuşanın - alınmaz qalanın geri alınması ayrıca bir qəhrəmanlıq dastanıdır. Şuşanı götürmək, işğaldan azad etmək böyük qəhrəmanlıq, şücaət, fədakarlıq tələb edirdi. Bizim qəhrəman hərbçilərimiz bu sıldırım qayalara dırmaşaraq əlbəyaxa döyüşdə Şuşanı işğalçılardan azad etdi. Bu gün Cıdır düzündə Azərbaycan muğamı səslənəcək. Uzun fasilədən sonra biz Şuşada bu gözəl musiqi bayramını qeyd edəcəyik ", - deyə Prezident İlham Əliyev «Xarıbülbül» musiqi festivalının açılışında deyib.
Festivalda:
Hərbi qulluqçu: "Cənab Ali Baş Komandan, icazənizlə xüsusi təyinatlılar sizinlə xatirə şəkli çəkdirmək istəyirlər."
«Biz həmişəlik burdayıq!»
"Xarıbülbül" festivalının məhz mübarək Ramazan ayının qeyd olunduğu günlərdə keçirilməsinin o qədər rəmz və əlaməti var ki. Tanrı özü bizim zəfər yolumuza nur saçıb və biz bu yolun davam edəcəyinə inanırıq. Qarşıda bizi Xarıbülbül çiçəyinin sülh və qələbə rəmzi altında hələ çox əlamətdar günlər gözləyir.
"Sağ olun, çox sağ olun. Bir il bundan əvvəl burada başqa musiqi səslənirdi, başqa hərəkətlər edilirdi. O hərəkətlərə görə, bütün cinayətlərə görə düşmən öz layiqli payını aldı. Bundan sonra burada ancaq Azərbaycan musiqisi, Azərbaycanda yaşayan xalqların musiqisi səslənəcək. Doğrudan da, böyük tarixi nailiyyətdir. Hər dəfə buraya gələndə xüsusi hisslər keçirirəm. Əminəm ki, siz də bu hissləri keçirirsiniz. Çünki Şuşanı yenidən görmək bizə nəsib oldu. Bu, böyük xoşbəxtlikdir. Əlbəttə, bir daha görürük ki, Şuşa əsl Azərbaycan şəhəridir. Çünki burada Azərbaycan ruhu hiss olunur. Memarlıq abidələri, bulaqlar, - baxmayaraq ki, ermənilər o bulaqların naxışlarını dəyişmişdilər, yazıları da silmişdilər, - amma yenə də burada hər tərəf, necə deyərlər, Azərbaycan mədəniyyəti ilə qaynayır. Biz əbədi qayıtmışıq, burada əbədi yaşayacağıq. Demişəm ki, Şuşa dünyanın ən gözəl şəhərinə çevriləcək. Təkcə Şuşa yox, azad edilmiş bütün başqa şəhərlər”, - deyə İlham Əliyev «Xarıbülbül» festivalında bildirib.
Prezidentin sözləri və dağların arasında böyük, gözəl bir səhnə, konsert, Şuşa, Cıdır düzü. Doğma torpağın iyirmi faizi – ürəyimizin iyirmi faizi. Artıq məğlub Azərbaycan və artıq məğlub ruh yoxdur. Artıq Cıdır düzündə cəhənnəm rəqsi edən quduz şər qüvvələr yoxdur, çünki belə olub və həmişə belə olacaq: Xeyir Şərə qalib gəlir. “Kim üstümüzə qılıncla gəlsə - o qılıncla öləcək”, kim bizi öz evimizə “qonaq kimi” öz muğamımızı dinləməyə dəvət edərsə, özü arzuolunmaz qonağa çevriləcək. Maraqlıdır, görəsən, Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyanın arvadı Anna Akopyan “Xarıbülbül" festivalına baxanda hansı hissləri keçirir. O, 2019-cu ildə tərbiyəsizcəsinə Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanı Qarabağda qonaq qismində Azərbaycan muğamı dinləməyə dəvətə cürət etmişdi. Bəli, xanım Akopyan, siz haqlıymışsınız, bu, fantaziya deyil! Sizin öncəgörməniz gerçəkləşdi! Ancaq indi sizin qismətinizə "Qarabağ şikəstəsi"ni televizordan və Azərbaycan muğam ustalarının ifasında dinləmək düşdü.
Festivalda:
Qarabağ səmasını, qədim Şuşanı parlaq rənglərə boyamış bayram atəşfəşanlığı bütün dünyaya bir ismarıc oldu və əgər istək olarsa, müharibəsiz yaşamağın mümkün olduğunu göstərdi.
Şuşa, biz qayıtdıq!
Biz misilsiz gözəlliyi olan Xarıbülbül çiçəyinin adına bağlı musiqi festivalının keçirilməsinə yenidən başlamışıq, deyilənə görə, o, yalnız Azərbaycan ərazisində bitir və may ayında Şuşada çiçək açır. İndi biz Azərbaycan şairi və dövlət xadimi, XVIII əsrdə Qarabağ xanlığının vəziri olmuş Molla Pənah Vaqifin məzarı üzərində 1982-ci ildə ucaldılmış məqbərənin bərpa olunmasını və 1982-ci ildən bu yana iyul ayından Şuşada ənənəvi olaraq keçirilən Vaqif poeziya günlərini gözləyirik. Bu da olacaq! Doğma yurdumuzla ayrılıqda keçirdiyimiz göz yaşı və acı dolu, nə vaxtsa tarixi ədalətin qalib gələcəyi ümidi ilə yaşadığımız otuz illik zaman kəsiyi bizi daha da gücləndirdi! Biz doğma, Azərbaycan dəyərlərini daha çox qiymətləndirməyə, daha çox sevməyə başladıq. Biz vəhdət olduq. Bu illər ərzində nə qədər sözlər deyildi, Azərbaycanın ictimai xadimlərindən və mədəniyyət xadimlərindən nə qədər müsahibələr alındı. Elə bir müsahibə olmadı ki, bu sözlərlə bitməsin: "Nə vaxtsa Şuşada görüşəcəyik, mən buna inanıram". Çox təəssüf ki, bu arzu ilə yaşayanların çoxu bu gözəl anı görmədilər. Amma buna inam həmişə olub! Bilirik ki, indi yanımızda olmayanlar göylərdən bizim sevincimizi izləyirlər. Bu gün onların ruhları dinclik tapdı!
Tarix bizim tərəfimizdə, ədalət bizim tərəfimizdə, Yaradan bizim tərəfimizdədir! Şuşada əsası Prezident tərəfindən qoyulan yeni məscidin memarlığı rəmzi məna daşıyır: şəhərin işğalçılardan azad olunduğu 8 noyabr gününün - 8 rəqəminə bənzəyir və iki minarə - 11 rəqəmini əks etdirəcək. On birinci ayda Şuşa və Qarabağ tamamilə işğaldan azad edildi. Məscidin fasadı köhnə Şuşa məscidinin minarələrində istifadə olunmuş həndəsi naxışlarla bəzədiləcək. Bu memarlıq elementi Şuşanın firavan və uğurlu gələcəyinə inamın təcəssümü, keçmişlə bu gün arasındakı bağlantı olacaq. Gələcək isə başımız üstündəki dinc səmadır.
Festival və əfsanəvi Bülbülün, Seyid Şuşinskinin, Xan Şuşinskinin, Rəşid Behbudovun, Şövkət Ələkbərovanın Azərbaycanı və Qarabağı tərənnüm edən unudulmaz ifalarının video yazıları. Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun, Qara Qarayevin, Ələkbər Tağıyevin, Müslüm Maqomayevin, Niyazinin, Tofiq Quliyevin, Vasif Adıgözəlovun və digər bəstəkarların əsərləri. Musiqiçilər Alim Qasımovun, Azərinin, Dinara Əliyevanın, Elçin Əzizovun, Əlixan Səmədovun, Fərhad Bədəlbəylinin, Mənsum İbrahimovun, Murad Adıgözəlzadənin, Natiq Şirinovun, Polad Bülbüloğlunun, Azərbaycanın bütün xalqların etno-kollektivlərinin və başqalarının ifaları - bizim dəyərimiz və sərvətimizdir. Azərbaycan belədir - dinc, gözəl, istedadlı və tolerant!
Ümummilli lider Heydər Əliyevin işğal altında olan doğma torpaqlar barədə dediyi, sevimli Azərbaycan üçün sevinc və qürur göz yaşlarına səbəb olan sözlərinin videoçarxı "Xarıbülbül" festivalının kulminasiya nöqtəsinə çevrildi: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İstisuyu. Biz onlarsız yaşaya bilmərik".
Həmçinin Ali Baş Komandan Prezident İlham Əliyevin 8 noyabr 2020-ci il tarixində Şuşa şəhərinin işğaldan azad olunduğu gün xalqa müraciətində dediyi sözlər səsləndi: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"
Festivalın son akkordu:
Azərbaycan Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla və Arzu Əliyevalar səhnəyə çıxaraq bayram konsertinin bütün iştirakçılarına təşəkkür etdilər və birgə foto çəkdirdilər: "Azərbaycanın qalib "dəmir" yumruğu".
MƏSLƏHƏT GÖR: