Müəllif: Nadir SƏNANOĞLU
Xorvatiyanın Poreç şəhərində 56-cı Avropa çempionatı və Para-Karateçilərin növbəti qitə çempionatı başa çatıb. Pandemiya şəraitində, nəhayət, karate üzrə yığma komandamız da mübarizəyə qoşulmağı bacardı. Tokio Olimpiadası ərəfəsində vacib yarış hesab edilən qitə birinciliyi idmançılarımızın qazandığı 7 medalla yadda qalıb. Mötəbər yarışda 47 ölkədən 513 karateçinin iştirak etdiyini nəzərə alsaq, nəticəni müsbət qiymətləndirmək olar.
Çətinliklərə rəğmən nəticə
Azərbaycan milli komandası bir qızıl, iki gümüş və bir bürünc medala, para-karateçilərin yarışında isə bir qızıl və iki bürünc mükafat sahibi olub. Karateçilərdən İrina Zaretska (-68 kq) Avropa çempionatında rəqib tanımadı. Əla formada olan xanım karateçimiz finalda da inamlı çıxış etməklə qızıl medala layiq görüldü. 75 kq-da çıxış edən karatenin canlı əfsanəsi Rafael Ağayev da qitə birinciliyinə yaxşı başladı. Ardıcıl qələbələrdən sonra yarımfinala vəsiqə qazanan dünya və Avropa çempionumuz burada da uğur əldə etdi. Qələbə seriyası yalnız finalda davam etmədi. Həlledici görüşdə ukraynalı rəqibinə uduzan 11 qat Avropa çempionumuz bu dəfə gümüş medalla kifayətləndi. Əslində, indiki məqamda Ağayevin gümüş medal qazanması belə uğur kimi qiymətləndirilməlidir. Karantinlə əlaqədar uzun müddət məşq etməyən tanınmış idmançımız çempionat ərəfəsində anasını itirib. Məhz bu itkiyə görə Rafael Ağayev bir müddət qitə birinciliyinə lazımi qaydada hazırlaşmaqda çətinlik çəkib. Xorvatiyadakı yarışda qazanılan mükafat onun üçün idmana dönüş baxımından əla stimul rolunu oynayacaq. Qeyd etmək lazımdır ki, 36 yaşlı Rafael Ağayev iki il əvvəl Avropa Oyunlarında olduğu kimi finalda Stanislav Qorunayla qarşılaşıb. Bu dəfə də ukraynalı idmançı qələbə qazanıb. Məğlubiyyətə baxmayaraq, mütəxəssislər Ağayevin finalı yüksək səviyyədə keçirdiyini bildirib.
Komandamızda daha bir gümüş medalı 84 kq-da çıxış edən Pənah Abdullayev qazanıb. Karate üzrə kumite milli komandası isə çempionatda bürünc medala layiq görülüb. Para-karate çempionatında Emilia Mitilinova birinci yeri, Sahib Əhədovla Eldar Əhmədov üçüncü yeri tutub.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Avropa Karate Federasiyası (EKF) İcraiyyə Komitəsinin üzvü Yaşar Bəşirov qitə çempionatının mükafatlandırma mərasimində iştirak edib. Tokio Olimpiya Oyunlarında karate yarışlarını idarə etməyə dəvət alan beynəlxalq hakim və EKF Hakimlər Komitəsinin üzvü Cahangir Babayev Avropa çempionatında final görüşlərini idarə edən referilər arasında olub. Avropa çempionatında 47 ölkədən 513 karateçi, Para-karate çempionatında isə 15 dövlətdən 49 idmançı iştirak edib.
Gərgin mübarizə gözləyərkən
Avropa çempionatı başa çatandan sonra Dünya Karate Federasiyası (WKF) Tokio Olimpiadasının təsnifat mərhələsini uğurla adlayan ilk 40 idmançının adını açıqlayıb. Onların arasında Azərbaycan karateçiləri Rafael Ağayev (-75 kq) və İrina Zaretska (+61 kq) da var. R.Ağayevin məlum rəqibləri arasında Stanislav Horuna (Ukrayna), Luici Busa (İtaliya), Bəhmən Əsgəri (İran) və Ken Nişimura (Yaponiya) var. İ.Zaretskanın rəqiblərindən isə Həmidəh Abbasəli (İran), Li Qonq (Çin), Məltəm Hocaoğlu (Türkiyə) və Ayumi Uyekusa (Yaponiya) artıq məlumdur. Siyahıda olan ən yaxşı karateçilər Tokioda çox gərgin mübarizənin şahidi olacağımızı göstərir.
İdmançılarla yanaşı olimpiadada ölkəmiz hakim qismində də təmsil olunacaq. Avropa Karate Federasiyası Hakimlər Komissiyasının üzvü Cahangir Babayev Tokio Yay Olimpiya Oyunlarını idarə edən 15 hakim sırasına daxil edilib.
Artıq iyundan etibarən karateçilərimiz Tokio Yay Olimpiya Oyunlarına intensiv hazırlığa başlayır. Milli komandamız olimpiadaya təxmini səfər proqramı da təsdiqlənib. İdmançılarımız Yaponiyaya yarışdan bir həftə əvvəl yollanmağı planlaşdırır. Pandemiya şəraitinə görə olimpiadada iştirakını başa vuracaq idmançılar 48 saat ərzində Yaponiyanı tərk etməli olacaq.
Xatırladaq ki, Tokio Olimpiadasına 32 vəsiqə 8 olimpiya kateqoriyasında reytinq cədvəlinin ilk dördlüyünə, 8 yer isə təşkilatçı ölkə kimi yapon idmançılarına ayrılıb. Ümumilikdə Tokio 2020-də 80 karateçi yarışacaq, onlardan 60 nəfəri kumitedə, 20 idmançı isə kata çıxışlarında mübarizə aparacaq.
Daha 24 idmançı 11-13 İyun tarixlərində Parisdə xüsusi olimpiya lisenziya turnirində vəsiqə qazanmağa çalışacaq. 12 əlavə olimpiya lisenziyası müvafiq olaraq qitə nümayəndəliklərinə veriləcək. Digər 4 karateçiyə olimpiya vəsiqələri üçtərəfli komissiyanın dəvəti ilə (wild card) təqdim ediləcək. Tokio Olimpiadasında karate yarışları 5-7 Avqustda Nippon Budokan mərkəzində keçiriləcək.
MƏSLƏHƏT GÖR: