23 Dekabr 2024

Bazar ertəsi, 06:23

YEDDİ İL SONRA

«Neftçi» «Qarabağ»ın davamlı çempionluğuna son qoydu

Müəllif:

01.06.2021

Azərbaycanda futbol mövsümünə yekun vuruldu. Pandemiya şəraitində olmağına baxmayaraq Peşəkar Futbol Liqası Azərbaycan çempionatı və Ölkə Kuboku uğrunda oyunları təqvim üzrə keçirməyə nail oldu. Karantinlə əlaqədar bütün matçlar azarkeşlərsiz baş tutdu.

 

İntriqasız ötüşmədi

Ölkə çempionatında son illər izlənilməyən intriqa yaşandı. Son 7 ilin dəyişməz çempionu “Qarabağ” izləyicisi “Neftçi”ni 1 xal qabaqlamaqla qızıl medalların taleyini 28-ci tura saxladı. Son turda “Neftçi” “Qarabağ”ı qəbul etdi və çətin qələbə qazanmaqla qızıl medallara sahib oldu.

Gözlənilənlərin əksinə, son turdakı oyun ağdamlıların üstünlüyü ilə başladı. Qurban Qurbanovun komandası topa daha çox nəzarət edir, rəqib müdafiəsini yarmağa çalışırdılar. Fasilədən sonra meydanda qüvvələr nisbəti bərabərləşdi. “Neftçi”də Buqrinlə Hondanın oyunu istənilən səviyyədə alınmadı. 53-cü dəqiqədə Xayme cərimə meydançası daxilində Stankoviçin müdaxiləsindən sonra yerdə qaldı. Elçin Məsiyev bu epizodda davam işarəsi verdi. Lakin həmin anın videogörüntülərinə baxanda serbiyalı müdafiəçinin qaydanı pozduğu açıq-aşkar görünür. Bundan sonra “Neftçi” daha çox qısa ötürmələrlə topu özündə saxlayır, hücum qurmağa çalışırdı. Andrade ilə Mahirin zədələnməsi “Qarabağ”ın oyun planına ciddi təsir etdi. “Neftçi”nin baş məşqçisi Samir Abasov bütün hücum gücünü – Mirabdulla Abbasov, Jozef-Monroz və Əhməd Əhmədovu meydana buraxdı. Sona yaxın “Qarabağ”ın qapısı önündə təhlükəli hücumların sayı artdı. Nəhayət, 90-cı dəqiqədə Jozef-Monrozun sol cinahdan asmasını Mboc başla Əhmədə göndərdi. Türk əsilli bolqar forvard “Neftçi”yə 8 ildən sonra çempionluq qazandıran qolu vurdu. “Neftçi” Samir Abasovun rəhbərliyi altında sayca 9-cu çempionluğuna qovuşdu.

 

Azarkeşlər nədən narazılıq etdi?

Çempionun müəyyənləşdiyi oyunda "Qarabağ" azarkeşlərinin kəskin narazılığına səbəb olan iki mübahisəli epizod yaşandı. Qeyd etdiyimiz kimi, 53-cü dəqiqəyə təsadüf edən ilk epizodda Romero Stankoviçlə mübarizədə yerdə qaldı və elə görünür ki, “Neftçi”nin müdafiəçisi ona toxunub. İkinci epizod isə uzatma dəqiqələrinə təsadüf etdi. İsmayıl İbrahimlinin zərbəsindən sonra top əvvəlcə Stankoviçin ayağına, sonra isə əlinə dəydi. Baş hakim Elçin Məsiyəv hər iki epizodda qayda pozuntusunun olmadığını düşünərək, penalti qərarı vermədi.

İstənilən halda “Qarabağ” son üç matçda “Neftçi”yə uduzmaqla əsas rəqibinə 9 xal bəxş etdi. Buna görə əsas səbəbi Ağdam təmsilçisi özündə axtarmalıdır. “Qarabağ”ın premyer-liqanın 2020/21-ci il mövsümü üçün şifariş ərizəsinə diqqət yetirək. Burda cəmi 18 futbolçunun adı qeyd olunub. Mövsümün əvvəlində bu rəqəm 20 idi. Nəzərə alaq ki, Musa Qurbanlı dövrələrarası fasilədə “Zirə”yə icarəyə göndərildi. Vild-Donald Gerye isə intizamsızlığa görə komandadan göndərildi. “Qarabağ” mövsümü 18 futbolçuyla keçirdi. “Neftçi” isə cari mövsüm 28 oyunçudan istifadə etdi.

Uzun müddət zədə səbəbindən “Qarabağ”ın oyunlarında iştirak etməyən oyunçuların siyahısına nəzər yetirək: Qara Qarayev, Patrik Andrade, Xayme Romero, Mahir Emreli, Abbas Hüseynov, Şahruddin Məhəmmədəliyev, Filip Ozobiç. Sifariş ərizəsində cəmi 18 futbolçu olan komandada bu qədər oyunçunun uzun müddətə zədələnməsi, təbii ki, mənfi təsir göstərdi.

Digər səbəb kapitan Rəşad Sadıqovun yoxluğu. 14 nömrə futbolçu karyerasını bitirməklə məşqçiliyə başladı. Kapitan karyerasını bitirəndən sonra onun “Qarabağ”dakı yerini doldurmaq çətin oldu. Digər tərəfdən “Neftçi”nin mövsüm ərzindəki əzmkarlığı, futbolçuların çempionluğa susaması “Qarabağ”ı taxtdan saldı. Samir Abasovun “Neftçi”yə gələndən sonra ruhdan düşmüş komandanı canlandırması da flaqmanın yekunda sevinməsinə səbəb olan əsas məqamlardandır.

Azərbaycan çempionu olan “Neftçi” qızıl medallarla təltif olunandan sonra II Fəxri xiyabanı ziyarət etdi. Paytaxt təmsilçisi matçdan dərhal sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsini yad etmək üçün bu addımı atdı. Klub prezidenti Kamran Quliyev, baş məşqçi Samir Abasov, klub əməkdaşları və futbolçular tam heyətlə II Fəxri xiyabana yollanıb. Çempionluq kubokunu da özü ilə aparan “Neftçi” həm də şəhid olan azarkeşləri - mayor Rüfət Əsgərov və leytenant Teymur Məcidzadə məzarını da ziyarət edib, ruhuna dualar oxuyublar.

 

Kubok uğrunda mübarizə

Çempionat başa çatandan sonra Azərbaycan kubokunda final oyunu keçirildi. Həlledici qarşılaşma Masazırdakı arenada baş tutdu. 2020/21-ci il mövsümünün son qarşılaşmasında “Keşlə” və “Sumqayıt” üz-üzə gəldi. Matç erkən qolla başladı. Miyuşko Boyoviç öz qapısına qol vuraraq sumqayıtlıları hesabda önə çıxardı. Lakin buraxılan qoldan sonra toparlanan Bakı klubu fasiləyədək hesabda tarazlıq yaratdı. Şəhriyar Əliyev fərqləndi 1-1. İkinci hissədə isə Boyoviç yenidən səhnəyə çıxdı. Legioner bu dəfə rəqib qapısına qol vuraraq “Keşlə”ni hesabda irəli çıxardı. Oyun 2-1 hesabı ilə “Keşlə”nin xeyrinə başa çatdı. Bu qələbə paytaxt təmsilçisini tarixində 2-ci dəfə kubokun qalibi etdi. Bakılılar 2017/18-ci il mövsümündəki uğurunu təkrarladı. “Keşlə” bununla da Konfrans Liqasına da vəsiqə qazandı. Maraqlıdır ki, çempionatı son pillədə başa vuran “Keşlə” ölkə kubokunu qazanmaqla mövsümü mükafatla başa vurmağı bacardı.

“Sumqayıt isə ardıcıl 2-ci dəfə finalda məğlubiyyətə üzüldü. İki il öncə olduğu kimi yenə “Gənclik şəhəri” təmsilçisinin arzusunu Sənan Qurbanovun komandası gözündə qoyub. O, 2018/19-cu il mövsümündə “Qəbələ”, bu dəfə “Keşlə” ilə kuboka yiyələnib. Qurbanov ardıcıl iki finalda fərqli klublarla yarışın qalibi olan ilk mütəxəssis kimi tarixə düşüb.

Beləliklə futbol mövsümünün nəticələrinə əsasən çempion “Neftçi” Çempionlar Liqasında, gümüş və bürünc medalçılar “Qarabağ”la “Sumqayıt” o cümlədən kubokun sahibi “Keşlə” UEFA Konfrans Liqasında çıxış edəcək. Avrokuboklar mövsümü iyulda başlayacaq.


MƏSLƏHƏT GÖR:

242