26 Noyabr 2024

Çərşənbə axşamı, 01:30

İNVESTORLAR ÜÇÜN CƏLBEDİCİ

Beynəlxalq reytinq agentlikləri Azərbaycanın maliyyə mövqelərinin sabitliyini təsdiqləyirlər

Müəllif:

01.06.2021

2021-ci ilin ilk dörd ayında Azərbaycanın makroiqtisadi göstəricilərinin sabitliyi iqtisadiyyatın pandemiya böhranının nəticələrini uğurla aradan qaldırmasına imkan verən əsas amillərdən biri oldu. Bu müsbət trend bu yaxınlarda Azərbaycanın maliyyə sabitliyi reytinqini yüksəldən beynəlxalq «Moody's Investors Service» agentliyinin qiymətləndirmələri ilə təsdiqlənir. Bu cür proqnozlar ölkənin təmiz kreditor mövqeyini qorumaq qabiliyyətinə və suveren fondlarda kifayət qədər valyuta ehtiyatının mövcudluğuna əsaslanır.

 

Qərarlaşıb möhkəmlənmək

Son aylarda, peyvəndləşdirmənin uğurları fonunda qlobal iqtisadiyyatda pandemiya sonrası yaxşılaşma olduğunu göstərən dayanıqlı trendlər ortaya çıxıb. Bununla belə, ABŞ-da və əksər Avropa ölkələrində bu proses, məsələn, Çinə nisbətən daha yavaşdır. Üstəlik, "çap maşınlarını" işə salaraq, iqtisadiyyatın yüz milyardlarla dollar və avro ilə doldurulmasının fonunda bazarda ciddi uyğunsuzluqlar var. Dünya bazarı üçün başlıca risk nəzarətsiz inflyasiya olub: çatışmazlıq üzündən, demək olar ki, hər şeyin - taxıl və ərzağın, əlvan metalların, taxta materialları, yarımkeçiricilərin və avtomobil sənayesi üçün mikrosxemlərin, plastikin və s.-in qiyməti qalxıb. Daha böyük qiymət artımlarını qarşılamaq üçün istehsalçılar və birja treyderləri ehtiyatlar toplayırlar və bu, uzun müddət davam edə bilən qıtlığı daha da artırır.

Bu idxal olunan inflyasiya Azərbaycan da daxil olmaqla bütün postsovet məkanında hiss olunur. Lakin bölgədəki qonşularımızdan fərqli olaraq, Azərbaycanın Mərkəzi Bankı və hökuməti baza makroiqtisadi göstəriciləri proqnozlaşdırılan hədlərdə saxlamağı bacarır. Belə ki, ölkənin milli valyutası bütün qlobal təzyiqlərə tab gətirərək məzənnə sabitliyini qoruyub. Bu, əsas ticarət tərəfdaşlarının - Türkiyə, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Gürcüstan, İran və s. ölkələrin valyutalarının ucuzlaşması fonunda xüsusilə nəzərə çarpır. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, dünya bazarında neft qiymətlərindəki artım meyli tədiyyə balansını və bununla bağlı proqnozları yaxşılaşdırır, valyuta bazarının sabitliyinə müsbət təsir göstərir və manata olan inam bank sektorunda dollarlaşmanın azalmasına kömək edir.

Azərbaycan həmçinin inflyasiya səviyyəsini, demək olar ki, hədəf diapazonunda – 4% səviyyəsində saxlamağı bacarır. "Bir az dəyişən proqnoz üfüqünə baxmayaraq, illik inflyasiya mart ayına qədər 4,1% olub və inflyasiyanı hədəf həddindən kənara çıxaracaq heç bir amil müşahidə edilmir", - deyə AMB sədri Elman Rüstəmov bu yaxınlarda vurğulayıb.

Ümumiyyətlə, AMB rəhbərinin sözlərinə görə, indiki şərtlərdə Mərkəzi Bankın monetar siyasəti iqtisadi artımın dəstəklənməsi ilə makroiqtisadi sabitliyin qorunması arasında optimal balansın qorunmasına yönəlib. O cümlədən, il ərzində iqtisadi aktivliyin stimullaşdırılması üçün bir neçə dəfə qərar qəbul edilərək uçot dərəcəsi 7,5%-dən 6,25% -dək endirilib. Nəticədə, qeyri-neft sektoruna dəstək səyləri tədricən hədəflərinə çatır - borc vəsaitlərinə tələb bərpa olunur və bank sektorunun kredit fəallığı artır. Birinci rübdə bankların məcmu kredit portfeli 1,4% artıb, ipoteka kreditləri üzrə artım isə hətta 4,4% olub. Üstəlik, Mərkəzi Bank tərəfindən makroprudensial yumşalmaların çoxunun 1 iyul 2021-ci il tarixinədək uzadılması bankların kredit fəallığına əlavə dəstək verəcək.

 

Reytinqlər yaxşılaşır

Manatın məzənnəsinin dayanıqlı olması, nəzarət olunan inflyasiya və qızıl-valyuta ehtiyatlarının yüksək səviyyəsi iqtisadi artım və maliyyə sabitliyi üçün proqnoz gözləntilərinin yaxşılaşdırılmasına yardım edir. Öz növbəsində, bu, ölkənin reytinqlərinin artırılması, həmçinin Azərbaycanın investorlar və kreditorlar üçün cəlbedici olması üçün baza şərtidir.

Belə ki, «Moody's» agentliyi bu yaxınlarda Azərbaycanın maliyyə dayanıqlığı üzrə reytinqini a2-dən a1-ə qaldırıb. Agentlik hesab edir ki, cari reytinq Azərbaycanın xalis kreditor kimi güclü mövqeyi ilə dəstəklənir. Bundan əlavə, xarici valyuta borcunun payının nisbətən yüksək olmasına baxmayaraq, ölkənin suveren fondlarının həcmi bütün birbaşa dövlət borclarını və təminatlarını örtür. Xatırladaq ki, ölkənin strateji qızıl və valyuta ehtiyatları 51 milyard dolları ötüb ki, bu da bu ilin əvvəlinə dollar ifadəsində 8.8 milyard olan xarici borcun həcmindən, təxminən, 5,8 dəfə çoxdur.

Diqqətəlayiqdir ki, daha öncə «Moody's», Azərbaycanın uzunmüddətli emitent reytinqini və prioritet təminatsız öhdəliklər reytinqini 'Ba2' səviyyəsində təsdiqləyib və proqnozu «sabit»dən «müsbətə» yüksəldib. Bu qərar ölkənin pul-kredit siyasətinin əsaslarının təkmilləşdirilməsi ilə şərtlənib ki, bu da mümkün sarsıntılar qarşısında bank sektorunda sabitliyin qorunmasına kömək edəcək. «Moody's» həmçinin Azərbaycanın bank sistemi üçün proqnozu da yaxşılaşdırıb, makroiqtisadi göstəricilərin yüksəlməsi və bank aktivlərinin keyfiyyəti üzrə risklərin azaldılması ilə bağlı onu "mənfi" dən "sabit"ə qaldırıb. Ölkədə önəmli büdcə vəsaitlərinin səmərəli istifadəsində irəliləyiş də qeyd edilib ki, bu da kontr-tsiklik xərclərin gerçəkləşdirilməsinə imkan verəcək, büdcə göstəricilərinin və borc parametrlərinin pisləşməsini məhdudlaşdıracaq.

 

İmicin qarşısına üstəgəl işarəsi

Əlbəttə ki, Azərbaycan iqtisadiyyatı üçün müsbət proqnozlar böyük dərəcədə dünya bazarında neftin bahalaşmasına və son aylarda xam əmtəəyə olan tələbatın artmasına əsaslanır. Əhalinin peyvəndləşdirilməsi üzrə uğurların və bəzi karantin məhdudiyyətlərinin aradan qaldırılması üzrə irəliləyişləri də unutmaq olmaz. Qarabağ bölgəsində infrastruktur və tikinti layihələrinin büdcə maliyyələşdirilməsi üzrə planlar da burada mühüm rol oynayır. Bunun sayəsində podrat işlərinin miqyası önəmli dərəcədə artacaq ki, bu da qeyri-neft sektorunun inkişafına təkan verir – artıq ilin ilk dörd ayında onun 4,1% artımı qeydə alınıb. Bütün bu birlikdə götürülmüş amillər iqtisadiyyatımızda müsbət dinamikanın artdığını göstərir.

Pandemiya dövründə ölkənin öz iqtisadiyyatını şaxələndirmək, dövlət borclarını azaltmaq və güclü xarici balansı qorumaq qabiliyyəti beynəlxalq reytinq agentliyi «Fitch Ratings» tərəfindən də qiymətləndirilib. Bu yaxınlarda reytinq proqnozunu «mənfi» səviyyədən «sabit» səviyyəyə yüksəltməyə, Azərbaycanın uzunmüddətli yerli və xarici valyutada defolt emitenti reytinqlərini «BB +» səviyyəsində təsdiqləməyə qərar verib.

Qeyd edək ki, reytinq agentlikləri tərəfindən Azərbaycanın makroiqtisadi və maliyyə sabitliyinin yüksək qiymətləndirilməsi ölkənin imicinin formalaşmasında, sərmayə cəlbediciliyinin artırılmasında və digər beynəlxalq təşkilatların proqnozlarının yaxşılaşdırılmasında mühüm rol oynayır.

Elə buna görə də, Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan iqtisadiyyatı üçün proqnozlarını yaxşılaşdırıb və hesab edir ki, 2021-ci ildə ölkənin ÜDM artımı 2,3%-i keçəcək. Dünya Bankının məlumatına görə, artım templəri gələn il, təxminən, 4%-ə qədər artaraq 2.8% olacaq. Öz növbəsində, «Moody's» ekspertləri 2021-ci ildə real ÜDM artımını, təxminən, 3,5% qiymətləndirirlər.

“Beynəlxalq maliyyə strukturları Azərbaycan hökumətinin pandemiya ilə mübarizə fəaliyyətini müşahidə ediblər. Azərbaycan kredit reytinqinin bir pillə böyüməsinə nail olub. Keçən il dövlət büdcəsininin köklü optimallaşdırılması aparılıb. Nəticədə, bir sıra sahələrdə xərclər azaldılıb və 431,1 milyon manata qənaət edilib”, - deyə maliyyə naziri Samir Şərifov bildirib.

Əlbəttə, beynəlxalq qurumların bütün bu proqnozları Azərbaycan hökumətinin struktur islahatlarını davam etdirməyə hazır olması ilə şərtlənir. Söhbət iqtisadiyyatın karbohidrogen ixracından hələ də yüksək qalan asılılığının azaldılmasından, vergi-büdcə qaydaları sahəsində səmərəliliyin artırılmasından, dövlət müəssisələrinin islahatlarından və onların uğurlu özəlləşdirilməsindən gedir.

Bütünlükdə, gələcək islahatların konturları indi hazırlanmaqda olan "Sosial-iqtisadi inkişafın milli prioritetləri: Azərbaycan 2030"da müəyyən edilib. Başqa işlərlə yanaşı hökumətin səyləri kölgə iqtisadiyyatına, korrupsiyaya və inhisara qarşı mübarizə də daxil olmaqla dərin struktur və institusional islahatlara yönəldilməlidir. Dövlət idarəçiliyi sahəsində şəffaflığı genişləndirmək, dövlət müəssisələrində korporativ idarəetmə metodlarını tətbiq etmək və onların borc götürmələri üzərində nəzarəti gücləndirmək lazımdır. Valyuta ehtiyatlarının sabit səviyyədə saxlanılması siyasətini dərinləşdirmək, o cümlədən Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin payını tədricən azaltmaq lazımdır. Bütün bu tədbirlər birlikdə ölkənin maliyyə sabitliyini gücləndirmək, ona dayanıqlı və uzunmüddətli səciyyə vermək, bununla da, Azərbaycanın beynəlxalq investisiya reytinqini daha da artırmaq məqsədi daşıyır.



MƏSLƏHƏT GÖR:

214