19 Dekabr 2024

Cümə axşamı, 09:16

BÜTÜN AVROPA ÜÇÜN TƏHLÜKƏ

Amerikalı ekspert Cənubi Qafqazda davamlı zorakılığa yol açan erməni liderlərin məsuliyyətə cəlb olunmasını təklif edir

Müəllif:

01.06.2021

Piter Marko Teys – Corc Meyson Universiteti nəzdində mühəndis fakültələrinin Avropa və Latın Amerikasında beynəlxalq məsələlər və geosiyasət üzrə strateji məsləhətçisidir. O, həmçinin ABŞ-ın müxtəlif universitet və təşkilatlarının ekspertidir. Son illərdə Teys dəfələrlə regionumuzda olub. Odur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi, ümumiyyətlə, Cənubi Qafqazdakı ictimai-siyasi vəziyyətlə yaxından tanışdır.

«R+» Piter TEYSdən bir neçə aktual sualı cavablandırmasını istəyib. 

- Azərbaycanın ərazilərini işğaldan azad etməsi ilə Cənubi Qafqazda yeni era başlayıb. Necə düşünürsünüz, bu yeni era ümumilikdə regiona və konkret olaraq Azərbaycana nə vəd edir?

- Azərbaycan Prezidenti İlham Əliyev müasir Avropadakı istənilən digər prezidentdən fərqli olaraq, dünyaya bölgədə geosiyasi maraqların balanslaşdırılması ilə bağlı nadir nümunə göstərib. O, ölkəsinin Ermənistan silahlı qüvvələri, tərəfindən təxminən, 30 il idi işğalda saxlanılan suveren ərazilərini məhz bu siyasətlə geri qaytarıb.

İkinci Qarabağ müharibəsi Avropa və Asiyanın yeni tarixində çox önəmli hadisədir. Azərbaycanın qəhrəman Silahlı Qüvvələrinin Füzuli və Zəngilan rayonlarının, Şuşa şəhərinin və bütünlükdə Dağlıq Qarabağ bölgəsinin azad olunmasında istifadə etdiyi hərbi taktika və texnologiya bir çox aspektinə görə nümunə sayıla bilər. Hücumlar son dərəcə yüksək peşəkarlıqla təşkil olunurdu.

Dağlıq Qarabağın azad olunması Avropada son əlli ilin ən əhəmiyyətli hadisəsidir. O, sülhü, iqtisadi çiçəklənməni təmin edir, beynəlxalq hüquqa əməl edilməsinə zəmanət verir, regionu Avropa İttifaqı və Avropa Şurası Parlament Assambleyasının demokratik standartlarına yaxınlaşdırır. 2020-ci ilin sentyabr-noyabr aylarında Ermənistanın darmadağın edilməsindən sonra dünya işğalçı erməni rejiminin Azərbaycanın hər bir kənd və şəhərində hansı vəhşilikləri törətdiyini öz gözləri ilə gördü. Tamamilə haqlı olaraq bu günümüzün Xirosiması adlandırılan Ağdamın üzləşdiyi istirabları dünya ilk dəfə İkinci Dünya müharibəsindən sonra görmüşdü.

Prezident İlham Əliyevin rəhbərliyi və praqmatik yanaşması nəticəsində Ermənistan işğalından azad olunmuş ərazilərdə artıq müasir infrastrukturun yaradılması prosesinə də başlanılıb və proses sürətlə gedir. Hazırda Füzuli rayonunda tikilməkdə olan beynəlxalq aeroport çox nəhəng layihədir və o, regionun iqtisadi inkişafını daha da genişləndirəcək, Azərbaycanın bu bölgəsini nəhəng logistik mərkəzə çevirəcək, İtaliya, Almaniya kimi ölkələrin şirkətlərini buraya gəlb edəcək. Söhbət Avrasiyanın bu hissəsində fəaliyyət sahəsini genişləndirməkdə maraqlı olan şirkətlərdən gedir.

Bundan başqa, Şuşaya Zəfər yolunun çəkilişi haqda eşitmək də xoşdur. Bu da böyük layihədir və o, Azərbaycanın işğaldan azad olunmuş torpaqlarını ölkənin digər əraziləri ilə birləşdirəcək, eyni zamanda Dağlıq Qarabağın Avropanın daha bir həyat qabiliyyətli regionuna çevrilməsinə kömək edəcək. «Yaşıl iqtisadiyyat» layihələrinin reallaşdırılması, bərpa olunan enerji mənbələrinin qurulması ilə isə qədim Şuşa şəhəri nadir şəhər və sənaye inkişafı nümunəsinə çevriləcək, digər ölkələr üçün çox yaxşı nümunə olacaq.

Füzulidə tikilməkdə olan beynəlxalq hava limanının 2021-ci ilin sonlarında istismara verilməsi nəzərdə tutulur. O, bütünlükdə Qafqaz regionunun inkişafı baxımından ən vacib infrastruktur layihələrindəndir. Çox tezliklə Azərbaycan vətəndaşları və əcnəbi turistlər Füzuli aeroportu vasitəsi ilə Şuşaya səfər edə biləcəklər.

Daha bir nəhəng layihə Zəngəzur dəhlizidir. O, «Şərq-Qərb» beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsinə çevriləcək.

Hava və quru yolu ilə yük daşımalarına gəlincə, Azərbaycanın işğaldan azad olunmuş suveren əraziləri böyük inkişaf potensialına malikdir. Bu layihələr qeyri-neft sektoruna aid məhsulların, o cümlədən ərzaq və kənd təsərrüfatı məhsullarının ixracında, dini və mədəni turizmin inkişafında, beynəlxalq ticarətin artmasında müstəsna rol oynayacaq.

-Bütün beynəlxalq sənədlərdə Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyi bildirilir. Lakin təəssüf ki, bu gün Bakı müəyyən təzyiqlərlə də üz-üzədir. Bu, niyə belədir və belə hücumlar nədən qaynaqlanır?

- Dağlıq Qarabağ Azərbaycandır və hər zaman belə olacaq. Beynəlxalq mülki və humanitar hüquq, BMT və digər qlobal ali qurumlar Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir. Problemin kökü dünyadakı erməni diasporudur. Fransa, ABŞ, Almaniya, Portuqaliya, Meksika kimi ayrı-ayrı dövlətlərin hökumətləri dezinformasiya və yalan hücumlarının qurbanıdırlar. Azərbaycan xalqına və dövlətinə qarşı yönəlmiş bu yalanlar davamlı olaraq əsas KİV vasitəsi ilə yayılmaqdadır. Fransalı siyasətçilər, amerikalı konqresmenlər tipik dezinformasiya kampaniyası nümunələridirlər. Dağlıq Qarabağa və ümumilikdə Qafqaza münasibətdə saxta reallıq məhz belə yaradılır.

Türkiyə və Azərbaycan mətbuatı erməni təbliğatına daha yaxşı sinə gərmək üçün bundan sonra da bütün səylərini birləşdirməlidir. Bu təbliğat Avropa demokratiyasına çox zərər verir, Konqresdə, Senatda, ABŞ Dövlət Departamentindəki ənənəvi qərəzsiz qərar qəbulu prinsiplərini pozur.

- Regionda dayanıqlı sülhün təmininə görə Ermənistan hansı məsuliyyəti daşıyır? Bu istiqamətdə İrəvan hansı addımları atmalı, hansıları atmamalıdır?

- Ermənistanın avtokrat rejimi Qərb dövlətlərinin başçıları qarşısında boşboğazlıq etməkdənsə, diqqətini regionda sülhün təmininə yönəltməlidir. Konkret desək: 1) Ermənistanın faşist silahlı qüvvələri tərəfindən Azərbaycanın suveren ərazilərində basdırılmış bütün minaların yeri, tam siyahısı Bakıya təqdim olunmalıdır; 2) «Metsamor» AES dərhal bağlanmalıdır; 3) hökumətdəki korrupsiya epidemiyası ilə mübarizəyə başlanılmalıdır; 4) iqtisadi və makroiqtisadi göstəriciləri yaxşılaşdıracaq, işsizliyin səviyyəsini azaldacaq milli layihə hazırlanmalıdır.

- Məlum olduğu kimi, Qarabağda Ermənistanın kapitulyasiya aktını imzalamasından sonra da silahlı qarşıdurma baş verib. Bu qarşıdurmanın iştirakçısı olmuş erməni yaraqlıları hazırda həbsdədir. Fikrinizcə, bölgədə belə təxribatların, terrorun qarşısının alınması üçün beynəlxalq təşkilatlar və region dövlətləri hansı addımları atmalıdırlar?

- Ermənistan rejimi qəti şəkildə pislənilməli, onun hökumət üzvlərinə qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır. Sanksiyalar erməni avtokratlarının döyüşlərin aparılması qaydalarını qəbul etmələrinədək qüvvədə olmalıdır. Nə qədər ki, Nikol Paşinyan beynəlxalq hüququn normalarına tam əməl etmir, əməllərinin həmvətənlərinin rifahının yaxşılaşdırılmasına, Avropada sülh və sabitliyin qorunmasına yönəldiyini göstərməyi bacarmır, onun ABŞ-a girişi qadağan olunmalıdır. Bu günədək Paşinyan yalnız qərbli oliqarxlara loyallıq göstərib və ölkəsinin ziyanına olmasına rəğmən, ciddi vəsait toplayıb. Nüvə materiallarının beynəlxalq dövriyyəsi, nüvə və radioaktiv materialların «qara bazar» ilə bağlı işlərin sayı durmadan artır və bütün bunlar Paşinyanın gözləri qarşısında baş verir.

Ermənistanda radioaktiv maddələrin dövriyyəsi, qaçaqmalçılığı ilə bağlı qanunsuz əməllərə qarşı niyə heç bir tədbir görülmür? Axı, bu, yalnız Cənubi Qafqaz yox, bütün Avropa qitəsi üçün təhlükədir.

- Fikrinizcə, «Metsamor» AES region üçün nə dərəcədə təhlükəlidir? Bu məsələdə rəsmi İrəvanın payı nə qədərdir? Bu istiqamətdə hansı təxirəsalınmaz tədbirlər görülə bilər?

- Birləşmiş Ştatlar, ATƏT və NATO səflərini birləşdirərək, Ermənistan liderləri Nikol Paşinyanla Armen Sarqsyanın məsuliyyətə cəlb edilmələrinə nail olmalıdırlar. Çünki onlar öz ölkələrini girov saxlayır, Cənubi Qafqazda davamlı olaraq təxribatlara əl ataraq, zorakılığa yol açırlar. Vaşinqtonla Brüssel davamlı susmaqla, Ermənistan rəhbərliyinə viza verməklə ciddi səhv edirlər. Onlar bu səhvə görə gec-tez peşman olacaqlar. Ermənistanın avtokrat rəhbərliyinə etibar etmək olmaz. Ermənistan hökumətinin üzvləri Avrasiyanın ən çox korrupsiyalaşmış şəxsləridir. Erməni xalqı isə yoxsulluq, işsizlik şəraitində çabalayır.

- ABŞ prezidenti Co Baydenin «erməni soyqırımı» ifadəsini işlətməsi Ağ Evin indiki rəhbərliyinin zəiflik göstərdiyi, erməni diasporunun təzyiqlərinə tab gətirə bilmədiyi anlamına gəlirmi? Axı, bu addım Amerika-Türkiyə münasibətləri üçün yaxşı heç nə vəd etmir…

- Baydenin «erməni soyqırımı» ifadəsini işlətməsi böyük geosiyasi yanlışlıq idi. Bu, Ağ Ev rəhbərlinin erməni diasporu liderləri ilə nə qədər sıx bağlı olduğunu göstərir. Bu kursun dəyişməsi, Vaşinqtonla Ankara arasında geosiyasi əlaqələrin bərpası üçün uzun illər lazım gələcək. Vaşinqtonda hələ də anlamırlar ki, Ankara ilə Bakı arasındakı sıx tərəfdaşlıq münasibətləri ABŞ hökumətinin geosiyasi, kommersiya və siyasi maraqlarına xidmət edir. Təəssüf ki, ABŞ-ın Kaliforniyada və bütünlükdə ölkədə dünya erməni diasporunun strategiyasının qatı tərəfdarı olan vitse-prezidenti Kamala D.Harris prezident Baydenin yaxın ətrafına ciddi təsir imkanlarına malikdir.



MƏSLƏHƏT GÖR:

336