25 Noyabr 2024

Bazar ertəsi, 02:50

SABAH BU GÜNDÜR

Şuşada «Xarıbülbül» musiqi festivalının bərpası həm də parlaq siyasi bəyannamədir

Müəllif:

01.06.2021

Tarixi hadisələrin miqyasını heç də hər zaman anında qiymətləndirmək olmur. Amma artıq bu gün hadisələrin belə inkişafının tarix dərsliklərinə düşəcəyinə şübhə yoxdur. Mayın 7-də Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında sərəncam imzalayıb. Bu,  şəhərin işğalının 29-cu ildönümü ərəfəsinə, eyni zamanda onun azad olunmasından yarım il sonraya təsadüf edib. Cəmi 5 gün sonra – Ramazan bayramında isə Şuşada «Xarıbülbül» musiqi festivalı bərpa olunub. Beləliklə, dağların qoynunda, təmiz havada yenidən muğam səslənib. «Musiqi festivalının siyasi nəticələri» ifadəsi cəmi bir müddət əvvələdək hər kəs üçün absurd səslənə bilərdi. Lakin azad olunmuş Şuşada mayın 12-13-də keçirilmiş «Xarıbülbül» festivalı heç də sadəcə, möhtəşəm musiqi bayramı deyildi. O, həm də sanki parlaq, mənalı siyasi bəyannamə idi!

 

Bir qədər tarix

Şuşada «Xarıbülbül» festivalı ilk dəfə 1989-cu ildə keçirilib. Bu haqda həmin may günlərində az danışılmayıb. «R+» jurnalında da bundan bəhs edilib. O zaman artıq Qarabağdakı erməni millətçilərinin rəhbərləri tərəfindən irəli sürülmüş iddialar nəticəsində münaqişə qızışmışdı. Azərbaycan belə çətin şəraitdə Şuşa şəhərinin unikallığını, onun «şərqin konservatoriyası», Azərbaycanın və bütünlükdə bölgənin musiqi mərkəzi olduğunu nümayiş etdirmək üçün festivala start vermişdi...

Beləliklə, 30 il əvvəl biz sözün əsl mənasında avtomatların qarşısına sazla çıxmışdıq. O vaxt Azərbaycanın öz ordusu, güc strukturları sadəcə, yox idi. Öz dövlətini və ordusunu qurmaq kimi çətin vəzifənin icrasını üzərinə götürəcək nüfuzlu liderlərə də rast gəlinmirdi…

1992-ci ildə Ermənistan kənardan da dəstək alaraq, Şuşanı işğal etdi. Azərbaycanda əsl dövlət quruculuğuna, hərbi quruculuğa isə yalnız 1993-cü il iyunun 15-də – ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlanacaqdı…

«Əsrin müqaviləsi»nin imzalanması, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi, böyük neft dollarları, Milli Ordu – bütün bunlar sonra olacaqdı. Mütəşəkkil diplomatiya da qurulacaqdı. Və İkinci Qarabağ müharibəsi başlayacaq, Azərbaycan Ordusu 44 gün davam edəcək fasiləsiz hücumu nəticəsində inanılmaz, fantastik nəticəyə imza atacaqdı – qayaları aşaraq Cıdır düzünə çıxacaq, Şuşa şəhərini azad edəcəkdi. Nəticədə, Ermənistan kapitulyasiya aktını imzalamaq məcburiyyətində qalacaqdı…

Amma bütün bunlar o qədər də gözlənilməz hadisələr deyil. Çünki Şuşa tarixən Qarabağın, Qarabağ xanlığının paytaxtı olub, rəmzi məna daşıyıb və daşıyır. Bu əzəmətli qala-şəhər vacib strateji mövqedə, yolların kəsişməsində yerləşir. Bu gün – XXI əsrdə də Şuşa hərbi-strateji əhəmiyyətini qoruyub saxlayır: dağ silsiləsi, hakim yüksəkliklər, Xankəndi və vacib yollara açılan aydın mənzərə…

Münaqişənin taleyini məhz Şuşanın azad olunması həll edib. Yəqin ki, Ermənistanın hərbi qərargahlarında müharibəni davam etdirməyin nə qədər məqsədəuyğun olub-olmadığı haqda düşüncə Azərbaycan Ordusunun bu işin öhdəsindən gəlməsindən sonra yaranıb.

Bu gün artıq Azərbaycan yeni vəzifələrin öhdəsindən uğurla gəlməkdədir. Şuşanın təhlükəsizliyi yüksək səviyyədə təmin olunub və bunun yalnız siyasi deyil, həm də hərbi qarantı var. Bundan başqa, Şuşaya nəzarət Azərbaycanın özünü Qarabağda çox inamlı hiss etməsinə imkan verir. Başqa sözlə, Bakı Qarabağda «hərbi-strateji nəzarət paketi»ni ələ alıb və indi bu reallıqla istər dostlar, istər düşmənlər, istərsə də siyasi gedişlər zamanı yanlışlığa yol verməmək üçün prosesləri diqqətlə izləyən üçüncü dövlətlər barışır.

 

«Xarıbülbül»ün qayıdışı

Parlaq hərbi qələbə qazanmış Azərbaycan Şuşanın bərpasına start verib. Çoxsaylı ulduzların – Azərbaycanın ən yaxşı musiqiçilərinin, Rusiyaya məxsus «Böyük teatr»ın solistlərinin iştirakı ilə təşkil olunmuş «Xarıbülbül» festivalı da bunu aydın şəkildə ortaya qoyub. İndi Azərbaycan hərbi uğurlarını digər meydanlarda möhkəmləndirir. İlk növbədə, Şuşa «Şərqin konservatoriyası» və mədəniyyət mərkəzi statusunu bərpa edir. Onun əhəmiyyəti, təbii ki, Azərbaycanın hüdudlarını aşır. İndi Şuşa bunu daha gözəl, daha miqyaslı edir.

Aydındır ki, müharibənin təzə bitdiyi şəhərdə «Xarıbülbül» kimi miqyaslı festivalın keçirilməsi çox böyük hadisədir. Amma məsələ tək bununla bitmir.

Azərbaycan Prezidenti İlham Əliyev Şuşaya mülki geyimdə etdiyi ilk səfəri zamanı şəhərdə yeni məscidin təməlqoyma mərasiminə, Xurşidbanu Natəvanın tikdirdiyi və yeni bərpa edilmiş Xan qızı bulağının və «Xarıbülbül» hotelinin açılışına qatılıb…

Hotelin açılışı şəhərin yeni gələcəyinə atılmış addımdır. Görünən odur ki, burada prioritet turizmin inkişafı olacaq. Hər halda, Şuşa hələ Sovet İttifaqı illərində populyar kurort şəhəri olub.

Şuşaya hələ işğal illərində səfər etmiş britaniyalı jurnalist Tomas de Vaal o zaman onu «kabus şəhər» adlandırmışdı. Bu gün işğaldan azad olunmuş bu şəhərdə çox sayda infrastruktur, şəhərsalma, təşkilati, iqtisadi vəzifələrin öhdəsindən gəlinməlidir. İlk növbədə, su kəmərləri bərpa olunmalı, şəhər elektrik enerjisi ilə təmin edilməlidir.  Eyni zamanda təhlükəsizlik məsələləri həllini tapmalıdır, bu isə həm də partlamamış hərbi sursatlardır. «İsgəndər-M» raketinin qalıqları məhz burada tapılmışdı. Nəhayət, Zəfər yolunun çəkilişi başa çatmalıdır. Tarixi abidələr bərpa olunmalı, müharibənin, işğalçı vandallığının yaraları sağalmalıdır.

İşlərə start verilib. Artıq Şuşada bir çox binada, ilk növbədə, tarixi binalarda tikinti-bərpa işləri gedir.

Qala-şəhər olaraq qalan Şuşa vacib mədəni və turistik mərkəzə çevrilir. Bərpa işləri dəqiq plan üzrə aparılır və bu zaman hər hansı eklektizmə, özfəaliyyətə imkan verilmir. Hər bir ştrix, hər bir detal ümumi konsepsiyaya uymalıdır. Bu gün Azərbaycan kifayət qədər çətin işin öhdəsindən gəlməkdədir – Şuşanın tarixi simasını qoruyub saxlamaq, eyni zamanda müharibədən, erməni işğalçılarının vandallığından zərər görmüş şəhəri bərpa etmək, eyni zamanda onu müasir, bütün mənalarda «ağıllı» şəhərə çevirmək. Hazırda Şuşa dirçəlişinin başlanğıcındadır. Amma onun cizgiləri artıq bu gün görünür. Bu, yalnız yeni açılmış «Xarıbülbül» hotelinin möhtəşəm kampusu deyil. Əfsanəvi Cıdır düzünün müntəzəm olaraq yalnız «Xarıbülbül» festivalını qəbul etməklə kifayətlənməyəcəyinə şübhə yoxdur. Artıq bu gün musiqi tədbiri ilə yanaşı, orada müasir rəssamların rəsmlərindən ibarət sərgi də təşkil olunub. Bu işdə Füzulidə tikilməkdə olan aeroport, çəkilmkdə olan Zəfər yolu, memarlıq və mədəniyyət abidələrinin bərpası, müasir «ağıllı» infrastruktur da öz sözünü deyəcək.

Təbii ki, bir tərəfdən hövsələmiz daralır, işlərin tez bitməsini istəyirik. Amma digər tərəfdən, bir şeyi hər kəs anlayır: Azərbaycanın Şuşada «qaralamaya» və ya hansısa uğursuz ideyaya haqqı yoxdur. Bu şəhər ölkə üçün həddindən artıq böyük əhəmiyyət daşıyır. Bu gün Şuşada yalnız bu günün işləri görülmür. Bu gün Şuşada tarix yazılır.



MƏSLƏHƏT GÖR:

222