Müəllif: Xəzər AXUNDOV
Cənubi Qafqazın nəqliyyat potensialının qlobal əhəmiyyəti regionda baş vermiş son geosiyasi dəyişikliklər fonunda əhəmiyyətli dərəcədə artıb. Bakı ilə Moskvanın «Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizi ilə yüklərin tranzitini artırmaq niyyəti Qərbin İrana qarşı tətbiq etdiyi sanksiyaların gözlənilən yumşalması ilə Tehran tərəfindən də dəstəklənə bilər. İran Azərbaycanla sərhəddə avtomobil yolu infrastrukturunu genişləndirmək, sözügedən beynəlxalq nəqliyyat dəhlizinin son seqmenti olan Rəşt-Astara dəmir yolu xəttinin tikintisini sürətləndirmək niyyətindədir. Üstəlik, bu işlər Hindistan tərəfindən də dəstəklənir və Dehli dənizlə daşınan yüklərinin bir hissəsini «Şimal-Cənub» marşrutuna yönləndirməyə hazırdır. Beləliklə, ilk konteyner blok qatarının Helsinkidən yola çıxdığı marşrut Azərbaycan ərazisindən keçməklə Hindistanın Nava-Şeva limanınadək uzanacaq.
Yeni reallıqlar
Azərbaycanın Qarabağ müharibəsindən qalib ayrılması heç də yalnız regionun geosiyasi düzəni üçün miqyaslı multiplikasiya effekti verməyib. İqtisadi sahədə, xüsusilə Cənubi Qafqazda reallaşdırılan nəqliyyat layihələri baxımından da müsbət irəliləyişlər müşahidə olunmaqdadır. Bu effekt istər regionun əsas nəqliyyat habı olan Azərbaycanın strateji mövqeyinin möhkəmlənməsi, istərsə də nəqliyyat kommunikasiyalarının asılması üçün yeni imkanların yaranması baxımından vacibdir. Söhbət həm də Zəngəzur dəhlizinin açılması perspektivindən gedir. Bu, yük və sərnişinlərin tranziti üçün dəhlizlərin coğrafi şaxələndirilməsi üçün imkanları xeyli genişləndirəcək.
Ekspertlər düşünürlər ki, postmüharibə reallıqları «Şimal-Cənub» dəhlizinə aid dəmir və avtomobil yolları infrastrukturunun formalaşmasına, bu dəhlizlə yük daşımalarının artmasına da müsbət təsir göstərəcək. Çünki bu, daha effektiv və daha təhlükəsiz dəhlizdir.
«Zəngəzur dəhlizinin açılması və gələcək istismarı planları kontekstində digər regional nəqliyyat layihələrinin də əhəmiyyəti artır. Onlardan biri də Rusiyadan Hindistanadək uzanan «Şimal-Cənub» dəhlizidir: bu layihənin tezliklə reallaşdırılması Azərbaycanın strateji mövqeyinin güclənməsi baxımından da vacibdir. Bu halda beynəlxalq yük daşımaları həcminin yüksələcəyini, ölkənin qeyri-neft gəlirlərinin artacağını nəzərə alsaq, onun əhəmiyyəti daha da çoxalır», - deyə Milli Məclisin deputatı Vüqar Bayramov bildirir. Deputatın sözlərinə görə, Süveyş kanalında hərəkəti dayandırmış, qlobal tədarük zəncirinə ciddi təhdid yaratmış son konteyner insidentinin ardından «Şimal-Cənub» dəhlizinin əhəmiyyəti daha da artıb. Bu gün yalnız region ölkələri deyil, Avropa dövlətləri də bu dəhlizin iqtisadi effektivliyini və strateji əhəmiyyətini etiraf edir, ona dəniz daşımalarına alternativ kimi baxır.
İlk qatar
İyunun sonlarına yaxın Finlandiya paytaxtı Helsinkidən Hindistanın Nava-Şeva limanına ilk blok qatarı yola düşüb. Kağız məhsulları aparan qatar 32 40 futluk konteynerdən ibarət olub. Layihənin operatoru Azərbaycanın «ADY Container LLC» şirkətidir. Onun dəmir yolu platformaları yükləmənin həyata keçirilməsi üçün Finlandiyaya göndərilib. Pilot layihədə tərəfdaş qismində «RJD Logistics» və «Tarkib Trans Co.» şirkətləri də iştirak edir. Blok qatarı «Şimal-Cənub» dəhlizinin dəmir yolu xətti ilə Rusiya və Azərbaycan ərazisindən keçəcək. Yüklər Astara terminalında böyük treylerlərə yığılacaq və buradan İrana, Fars körfəzi limanlarından gəmilərlə Hindistana aparılacaq. Ümumilikdə konteyner qatarı bu marşrutla 7200 kilometr məsafə qət edəcək. Bu, yola 22-23 gün qənaət deməkdir. Bu müddət yüklərin ənənəvi dəniz yolu ilə daşınması ilə müqayisədə xeyli azdır. Beləliklə, yüklərin «Şimal-Cənub» nəqliyyat dəhlizi ilə daşınması Hindistanla Avropa arasında daşıma müddətinin 40 gündən 20-dək azalmasına imkan verməklə yanaşı, nəqliyyat xərclərini də 30% azaldacaq. Bununla yanaşı, yük ekspeditorlarının ləngiməsi də xeyli azalacaq. Standart 40 yutluq konteynerin Mumbaydan Moskvaya çatdırılması 3 min dollardan da ucuz, Şimali Avropa ölkələrinə isə bundan bir qədər baha başa gələcək.
Hindistanın Ekspeditorlar Assosiasiyaları Federasiyasının sədri Şankar Şinde yeni layihənin üstünlüklərindən danışarkən bildirib ki, İrana qarşı qüvvədə olan sanksiyalara rəğmən, Beynəlxalq yük daşımaları haqqında Gömrük Konvensiyası və Hindistan hökumətinin səyləri nəticəsində yüklərin maneəsiz daşınması təmin olunur.
Ümumilikdə Avropa və Hindistan ekspeditorları Avropa və Rusiyaya göndərilən yüklərin bir hissəsinin quru marşrutu ilə daşınmasına böyük maraq göstərirlər. Bu, bu ilin yanvarından gəmi xidmətinin əhəmiyyətli dərəcədə bahalaşmasından, həmçinin vaxt itkisi və Süveyş kanalından keçidin baha başa gəlməsindən qaynaqlanır. Odur ki, konteyner blok qatarının hərəkəti ilə bağlı ilk pilot layihənin uğurlu alınacağı təqdirdə bu iş davamlı xarakter ala bilər. Finlandiyadan Hindistana kağız məhsulları, maşın və avadanlıqlar, əks istiqamətdə isə əczaçılıq, kimya və toxuculuq malları göndəriləcək. Avropa İttifaqının Hindistanın vacib ticarət tərəfdaşı olduğunu nəzərə alsaq, yüklərin çeşidləri zamanla daha da artacaq, bu isə «Şimal-Cənub» dəhlizi üçün dayanıqlı yük bazasının yaranması ilə nəticələnəcək.
Beləliklə, Azərbaycanın bu layihədən qazanacağına şübhə yoxdur. «Şimal-Cənub» marşrutunun tam gücü ilə işləməyə başlamasından sonra Azərbaycan ərazisi ilə illik yük daşımalaranın həcmi 6 milyon tonadək artacaq. Üstəlik, gələcəkdə bu rəqəmin 2 dəfə artması da mümkündür. «Şimal-Cənub» dəhlizinə beynəlxalq marağın artması ilə ona Azərbaycanda da dəstək güclənir. Bu mənada, son illər ölkəmizdə infrastrukturun inkişafı, layihəyə investisiyaların cəlbi baxımından çox işlər görülüb», - deyə V.Bayramov qeyd edib.
İran seqmenti
Beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan-İran istiqamətində də işlər gücləndirilib. İranın yol və şəhərsalma naziri Məhəmməd İslaminin Azərbaycana bu yaxınlarda etdiyi səfər zamanı iki ölkənin sərhədində yerləşən Astaraçay üzərində yeni körpünün inşasına dair ikitərəfli protokol imzalanıb. Dəyəri 4,7 milyon avro olacaq yeni körpünün il ərzində paritet şərtlərlə tikilməsi nəzərdə tutulub. O, «Şimal-Cənub» dəhlizinin avtomobil yolu infrastrukturunun vacib komponenti olacaq. Ölkələr arasında birbaşa dəmir yolu əlaqəsinin olmadığını nəzərə alsaq, onun tranzit daşımalarında xüsusi rol oynayacağı daha aydın görünür. İmzalanmış sənədə əsasən, Azərbaycanın işğaldan azad olunmuş ərazilərindən Araz çayı üzərində də avtomobil yolu körpüsünün tikintisi, həmçinin Ərdəbil dəmir yolunun Azərbaycanın dəmir yolu ilə birləşdirilməsi nəzərdə tutulur.
«Azərbaycan Dəmir Yolları» QSC isə öz növbəsində, Azərbaycan-İran sərhədi yaxınlığında, İran ərazisində Astara yük terminalının tikintisini davam etdirir. «Hazırda İranın Rəşt və Astara şəhərləri arasında dəmir yolu xətti çəkilir. Layihənin son məqsədi Azərbaycan və İranın dəmir yollarının birləşdirilməsi, bununla da «Şimal-Cənub» dəhlizi boyunca dəmir yolu əlaqəsinin təminidir. Hədəfimiz Azərbaycanla İran arasında dəmir yolu ilə illik daşımaların həcmini 2 milyon tona çatdırmaqdır», - deyə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bildirib. Onun sözlərinə görə, bu gün Azərbaycanın 500 milyon dollar kredit ayırması məsələsi gündəmdədir və hazırda tərəflər bir sıra texniki problemlərin həlli ilə məşğuldur.
Ekspertlər deyir ki, İrana tətbiq olunmuş sanksiyaların yaxın zamanlarda aradan qaldırılacağı gözlənildiyindən, qonşu dövlətlər İranla birgə layihələrə maliyyə ayırmaq imkanı qazanacaqlarını gözləyirlər. Məsələn, İrana borcların verilməsi 221 kilometrlik Rəşt-Astara dəmir yolunun qısa vaxtda çəkilməsinə və onun Azərbaycanın Astara rayonunda dəmir yolu ilə birləşdirilməsinə imkan verəcək.
Hədəfin bir addımlığında
İranla tamhəcmli dəmir yolu əlaqəsinin olmaması belə, «Şimal-Cənub» layihəsinin reallaşdırılmasına mane olmur. Dəmir yolu və avtomobil daşımalarının hesabına Bakı ilə Tehran yüklərin həcmini artırır. Bu iş çox çətin keçmiş 2020-ci ildə də davam etdirilib. Ötən il Rusiya, Azərbaycan və İranın «Şimal-Cənub» dəhlizi ilə tranzit yük daşımalarının həcmi 19, bu ilin ilk rübündə isə 23,5% artıb.
Rusiya və Azərbaycanın logistika və nəqliyyat şirkətlərinin Azərbaycanın Astara rayonunda nəqliyyat terminallarının yaradılması üzərində uğurla fəaliyyət göstərdikləri də qeyd olunmalıdır. Orada effektiv multimodal xidmət yaradılır – taxta-şalban, taxıl, konteyner və digər yüklər İrana məxsus yük maşınlarına yüklənərək Fars körfəzinin limanlarına çatdırılır. Üstəlik, yaxın vaxtlarda burada regionun ən nəhəng taxıl terminalı da istismara veriləcək. «Astara Grain Terminal» adlanacaq terminalın illik buraxılış gücü 1 milyon ton olacaq. Nəticədə, Astara nəqliyyat habının tranzit potensialı bir neçə dəfə artacaq.
Azərbaycanın cənub istiqamətində nəqliyyat-logistika infrastrukturunu inkişaf etdirmək üçün illərdir apardığı işlər ««Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin fəallaşdırılması: Azərbaycanın rolu» mövzusunda keçirilmiş onlayn forumda ən yüksək qiyməti alıb. Bunu Hindistanın Ekspeditorlar Assosiasiyaları Federasiyasının sədri Şankar Şinde də təsdiqləyib: «İnkişaf etmiş nəqliyyat infrastrukturdan, o cümlədən dəmir yolu komponentinə malik Azərbaycan «Şimal-Cənub» dəhlizinin aparıcı oyunçusudur. Bu potensial geniş bir regionda yük daşımalarının artırılması üçün yeni imkanlar açır».
Beləliklə, dünya əhəmiyyətli nəqliyyat hablarından birinə çevrilmək hədəfinin bir addımlığındadır. Bu, onun yük daşımaları və tranzitindən ciddi gəlir götürməsinə imkan verəcək.
MƏSLƏHƏT GÖR: