26 Noyabr 2024

Çərşənbə axşamı, 00:37

STRATEJİ ALYANS

SOCAR və TPAO üçüncü ölkələrin bazarlarına çıxırlar

Müəllif:

01.07.2021

Bakı və Ankara arasında neft-qaz əməkdaşlığı hələ 90-cı illərdən, müstəqil Azərbaycanın «Azəri-Çıraq-Günəşli» yataqlar blokunun işlənməsi üçün «Turkish Petroleum» (TPAO) da daxil olmaqla 11 xarici neft şirkəti ilə ilk məşhur "Əsrin müqaviləsi"ni bağladığı dövrdən başlayır. Bununla da iki ölkənin dövlət neft şirkətləri - SOCAR və TPAO arasında əməkdaşlığın təməlləri qoyulub.

Daha sonra “Turkish Petroleum”un dünyanın ən böyük qaz-kondensat yataqlarından biri olan "Şahdəniz"in işlənməsinə daxil olması, Bakı-Tbilisi-Ceyhan, Bakı-Ərzurum, TANAP (Cənub Qaz Dəhlizi) boru kəmərlərinin tikintisində və istismarında iştirak etməsi ilə birgə layihələrin siyahısı böyüyüb.  

Çətin ki, belə uğurlu alyansın birliyi burda bitsin, özəlliklə də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan SOCAR və TPAO-nun üçüncü ölkələrdə birgə sərmayə fəaliyyətinin mümkünlüyünü şəxsən elan etməsindən sonra. Bu məsələ Azərbaycan və Türkiyə liderlərinin Şuşada keçirdiyi tarixi görüşün gündəliyinə də daxil edilmişdi.

 

Liviya qovşağı  

“Təkcə Türkiyədə deyil, lazım gələrsə, SOCAR ilə “Türkiyə Petrolları”nın üçüncü ölkələrdə də investisiya qoymaq məsələsini qardaşımla birlikdə müzakirə etdik. İnşallah, bunun üzərində də işləyirik və işləyəcəyik”,- deyə Türkiyə lideri danışıqlardan sonra İ.Əliyevlə birlikdə mətbuata verdiyi açıqlamada bildirib.

Daha sonra türk jurnalistlər üçün verdiyi bir müsahibədə qardaş dövlətin başçısı üçüncü ölkələr dedikdə... məsələn, Liviya başa düşülə biləcəyini söyləyir. Gözlənilməzdir, lakin məntiqlidir.

“Hazırda bizi Azərbaycanla TANAP və TAP qaz kəməri layihələri bağlayır. Bu layihələr xaricində biz yeni addımlar ata bilərik. Nə ola bilər? Məsələn, TPAO ilə əlaqəsi olan bir şirkət var, onunla birlikdə, indi TANAP və TAP layihələrində birgə olduğumuz kimi, əziz dostum İlham Əliyevlə birgə Liviyada da fəaliyyət göstərə bilərik”, - deyə R.T. Ərdoğan bildirib.

Türkiyə lideri əlavə edib ki, Azərbaycan və Türkiyə zəngin bilik və təcrübəyə sahibdirlər, buna görə hətta "qazma sahəsində də" addımlar atıla bilər. “Ümid edirəm ki, bu cür ortaq addımlar ataraq, biz yalnız Avropaya açılmaq üzrə imkan qazanmaqla qalmırıq, həm də öz ölkələrimizdə və daha da çox başqa ölkələrdə fəaliyyətimizi genişləndirəcəyik ”, - deyə R.T. Ərdoğan əminliklə bildirib.

Niyə məhz Liviya? Məsələ bundadır ki, TPAO-nun da bu ölkə ilə xüsusi əlaqəsi var.

Ondan başlayaq ki, Liviyanın 48 milyard barelə bərabər neft ehtiyatları dünya ehtiyatlarının 3%-ni təşkil edir və Afrikada ən böyük neft ehtiyatlarına malik ölkədir. Liviya lideri Müəmmar Qəddafinin devrilməsindən və vətəndaş müharibəsinin başlamasından əvvəl (2011-ci ilin əvvəlinə kimi). ölkə gündə 1,6 milyon barel neft hasil edirdi. Lakin 2011-ci ildən başlayaraq, ölkədə korporativ fəaliyyətə çətin siyasi vəziyyət təsir edir - əksər neft yataqlarında və limanlara fəaliyyət hərbi əməliyyatların fonunda dayandırılıb (qarşıdurma Liviya Milli Ordusunun komandiri feldmarşal Xəlifə Həftarla BMT tərəfindən qəbul edilmiş milli anlaşma hökumətinin rəhbəri Baş nazir Faiz Saracın arasında gedir).

Buna baxmayaraq, X.Həftar 18 sentyabr 2020-ci il tarixdə elan edib ki, döyüş əməliyyatları ilə bağlı yanvar ayından dayanmış neft hasilatını və Liviya limanlarından ixrac bərpa olunur. Ertəsi gün Liviya Milli Neft Korporasiyası (NOC) bildirdi ki, yataqlarda və limanlarda fövqəladə vəziyyət qaldırılır. Bunun nəticəsində, ötən ilin sentyabr ayından etibarən ölkədə neft hasilatı artmağa başladı. NOC-un baş direktoru Mustafa Sanalla bu ilin mart ayında bildirib ki, Liviya ilin sonuna qədər gündəlik neft hasilatını 1,4 milyon barelə, iki il ərzində 1,6 milyon barelə, önümüzdəki 4 ildə isə 2,1 milyon barelə çatdırmağı planlaşdırır.

Liviyada xam neft əldə etməyin qiymətinin torpağın quruluşu və qaynaqların dərinliyi baxımından aşağı olması ölkəni neft istehsalçıları üçün cəlbedici edir. Bundan əlavə, Liviya neftinin az kükürdlü olması, xüsusən Avropa bazarında ona olan tələbi artırır.

 

Türkiyə yad deyil

Türkiyə və Liviya arasındakı tərəfdaşlığa gəldikdə isə, Ankara və Tripoli arasında 2019-cu ilin noyabrında dəniz yurisdiksiyası ilə bağlı müqavilə imzalandıqdan sonra iki ölkə arasında hərbi, siyasi, diplomatik və iqtisadi əlaqələr inkişaf etməkdədir. Mart ayında yeni müvəqqəti hökumət and içdikdən sonra əlaqələr daha da güclənib.

Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurası yanında Türkiyə-Liviya İşgüzar Şurasının sədri Mürtəza Karanfil bildirib ki, türk sərmayəçilərinin bu ölkəyə marağı davam edir: “Liviya sözün hər mənasında sərmayəyə ehtiyacı olan ölkədir. Dəvət olunan Türkiyə şirkətlərinin sayəsində başa çatmamış layihələrin elementar tələblər üzrə ehtiyacları aradan qaldırılıb.”

Türkiyənin hələ də enerji resurslarının idxalçısı olduğu və Liviyanın da təchizatçılardan biri olduğu nəzərə alınarsa, Tripolinin Ankara üçün orta və uzunmüddətli dövrdə enerji təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm tərəfdaşı olaraq qalacağı gözlənilir.

Liviya TPAO üçün yad bir ölkə deyil. Şirkət 2000-ci illərin ikinci yarısında bu ölkənin «Sirt» və «Sebha» yataqlarında kəşfiyyat işləri aparıb. Kəşfiyyat işlərinə 100-150 milyon dollar xərclənib və 7 yataqda neft aşkar edilib. Hər sahədə minlərlə barel "qara qızıl" istehsal etmək imkanı olduğu deyilir. Lakin Liviyadakı qeyri-sabit siyasi vəziyyət səbəbindən 2011-ci ildə şirkətin fəaliyyəti dayandırıldı və quyular bağlandı.

Buna baxmayaraq, Liviya nefti son 20 ildə Türkiyəyə gtirilməkdə davam edib və Ankara bu ölkənin bazarındakı rolunu genişləndirmək perspektivlərindən imtina etmək niyyətində deyil, hətta orada istehsal olunacaq yanacaq həcmini artırmağı da planlaşdırır.

Türkiyə Şərqi Aralıq dənizindəki neft yataqlarının işlənməsi üzrə 2019-cu ildə Liviya hökuməti ilə bağladığı anlaşma çərçivəsində aldığı hüquqlar əsasında keçən il işlərə başlamağa hazırlaşırdı. Türkiyənin enerji naziri Fatih Dönmez 2020-ci ildə bildirmişdi ki, bu anlaşmaya əsasən, Ankara neft kəşfiyyatı və qazma işləri üçün Şərqi Aralıq dənizində yeddi lisenziya sahəsi müəyyənləşdirib və «Turkish Petroleum Corporation» bu işlərin həyata keçirilməsi üzrə lisenziya üçün müraciət edib. Rəsmiləşdirmə proseduru bir neçə ay çəkəcək, bundan sonra şirkət qazma işlərinə başlamağa hazır olacaq.

Elə onda, türkiyəli nazir yerli mətbuata verdiyi müsahibədə TPAO-nun Liviyada digər xarici şirkətlərlə birgə fəaliyyət göstərməsinin mümkünlüyünə də diqqət çəkmişdi. “TPAO Liviyada NOC ilə birlikdə kəşfiyyat işləri aparacaq. Bu əvvəllər də belə idi. Həmçinin, birlikdə işləyə biləcəyimiz beynəlxalq şirkətlər də ola bilər. Zaman keçdikcə, bu, daha aydın olacaq”, - deyə o vurğulayıb.

Artıq bu ilin may ayında F.Dönmez öz «Twitter» hesabında Liviya ilə neft və qaz yataqlarının işlənməsi sahəsində əlaqələri gücləndirmək üzrə müqavilələrdən bəhs edib.

“Biz Liviya Milli Birlik Hökumətinin neft və qaz naziri Məhəmməd Əhməd Oun ilə çox məhsuldar bir görüş keçirdik. Özəlliklə, neft və qaz sahəsində əməkdaşlığı dərinləşdirmək qərara alındı”, - deyə Türkiyə Enerji Nazirliyinin başçısı yazıb.

 

Komfort zonası  

Azərbaycana gəldikdə isə, Liviya layihələrində iştirak bizim üçün yalnız qazma podratçısı kimi deyil, həm də investor kimi maraqlı ola bilər. Bu, SOCAR-a xarici layihələr portfelini şaxələndirməyə və Yaxın Şərqdəki mövqelərini möhkəmləndirməyə imkan verər.

Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayə İdarəsinin müdiri Vaqif Əliyev bütünlükdə SOCAR və TPAO-nun öz dövlətlərində kənarda birgə fəaliyyətinin mümkünlüyü barədə danışarkən bildirib ki, bu şirkətlər 1994-cü ildən bəri müxtəlif layihələrdə əməkdaşlıq edirlər, buna görə də "bu təcrübəni üçüncü ölkələrdə tətbiq etmək imkanları var". "Bununla belə, çox uzaq coğrafi regionlar haqqında düşünmək yanlışdır, yaxınlıqda zəngin enerji mənbələrinə malik regionlarda işləmək olar", - deyə o dəqiqləşdirib.

İdarə və ya şirkətlər səviyyəsində istənilən əməkdaşlıq bu ölkələrin liderlərinin siyasi iradəsi ilə başlayır. R.T.Ərdoğanın SOCAR və TPAO-nun üçüncü ölkələrdə birgə investisiya fəaliyyəti barədə təklifini nəzərə alaraq, demək olar ki, bu işin ilk addımı artıq atılıb.

Bununla belə, SOCAR Qara dəniz də daxil olmaqla karbohidrogen ehtiyatlarının işlənməsi üzrə layihələrdə TPAO ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu gizlətmir. Özəlliklə də, Türkiyə tərəfindən aşkar edilən son qaz yataqları ilə bağlı.

Hazırda Azərbaycanın Dövlət Neft Şirkəti xaricdəki fəaliyyətini, əsasən neft və neft məhsulları ticarəti sahəsində cəmləşdirib. Türkiyədə, düzdür, şirkət bir qədər irəli gedərək, öz fəaliyyətini neft emalı və neft-kimya, neft məhsullarının pərakəndə satışı, konteyner terminalında liman xidmətləri və qaz paylama sahələrinə yönəldib. Beləliklə, Türkiyədə «up-stream» sektoruna daxil olmaq SOCAR üçün bu sahədə ilk xarici layihə olacaq.

“Biz Qara dənizdəki təbii qaz ehtiyatlarının çıxarılmasına töhfə verməyə hazırıq. Neft və təbii qaz sahəsində ixtisaslaşmış bir şirkət olaraq, lazım olduqda Türkiyəyə bu prosesdə hər cür dəstəyi verməyə hazırıq. Azərbaycanda və Gürcüstanda təbii qazın paylanması sahəsində uzun illər qazandığımız bilik və təcrübəmizi bölüşməkdən məmnun qalarıq”, - deyə «SOCAR Turkiye Enerji» şirkətinin rəhbəri Zaur Qəhrəmanov bildirib.

Türkiyə prezidenti iyunun 4-də elan edib ki, Qara dənizdə 135 milyard kubmetr qaz ehtiyatı olan yeni bir qaz yatağı kəşf olunub. Ötən payızda ehtiyatları 405 milyard kubmetr olan qaz yatağının kəşf olunması nəzərə alındıqda, Türkiyənin Qara dənizdə aşkar etdiyi təbii qaz ehtiyatlarının ümumi həcmi 540 milyard kubmetrə çatıb. Türkiyə prezidenti bu yataqlardakı enerji resurslarının hasilatının 2023-cü ildə başlayacağını vəd edir.

“Türkiyənin Qara dənizdəki kəşfləri strateji önəm daşıyır. Yatağın işlənməsi və istehsalı sahəsində TPAO ilə əməkdaşlıq etməyimiz nəzəri cəhətdən mümkündür. Bu, bizim peşəkar maraqlarımıza uyğundur", - deyə SOCAR Sərmayə İdarəsinin rəisi bildirib.

V.Əliyevin sözlərinə görə, Azərbaycan şirkətinin dənizdə kəşfiyyat və qazma işlərindəki böyük təcrübəsi Qara dəniz şelfindəki karbohidrogen istehsalı prosesində TPAO üçün faydalı ola bilər. "Qara dənizdə dərinlik və dalğaların intensivliyi üzündən ənənəvi platformanın tikintisi yersiz ola bilər, lakin istehsal yeni texnologiyalarla, o cümlədən pilotsuz üsullarla həyata keçirilə bilər",- deyə o bildirib.

Türkiyənin energetika nazirinin sözlərinə görə, yeni kəşflər nəzərə alınmaqla, iki ildən sonra Türkiyə yeni enerji erasına daxil olur və bu respublikanın sakinləri üçün qaz 30% ucuzlaşacaq.

Bununla yanaşı, ekspertlərin fikrincə, Qara dənizdə tapılmış yataqların işlənməsi çətin və bahalı olacaq. Layihə üçün ixtisaslı kadrlar və ən azı 3,2 milyard dollarlıq sərmayə lazımdır. Bu vəziyyətdə qardaş dövlətin şirkətini, təcrübəsi və maliyyə imkanları nəzərə alınaraq, ortaq kimi cəlb etmək olduqca məntiqli olar. Üstəlik, bu günə qədər «SOCAR Turkey» şirkəti Türkiyəyə ən böyük xarici sərmayəçi olaraq, 19,5 milyard dollarlıq sərmayə qoyub.



MƏSLƏHƏT GÖR:

234