25 Noyabr 2024

Bazar ertəsi, 03:23

İRANIN SƏKKİZİNCİ RƏİSİ

İslam Respublikasının 8-ci prezidentindən gözləntilər

Müəllif:

01.07.2021

İyunun 18-də İranda keçirilən prezident seçkilərində Seyid İbrahim Rəisi qalib gəldi. Onun qalib gələcəyi bir çox ekspertlər tərəfindən əvvəldən proqnozlaşdırılmışdı. Seçki gününə qədər baş verən bir sıra hadisələr İran məhkəmə sisteminin 60 yaşlı rəhbərinin qalib gələcəyinə açıq işarə idi.

İndi artıq seçki prosesi arxada qalıb və 48 faizlik ümumi seçki aktivliyi fonunda 62 faiz səs qazanan Seyid İbrahim Rəisi İslam Respublikasının 8-ci prezidenti seçilib. Seçkilərdə İbrahim Rəisinin rəqibləri ondan çox geridə qaldı. “İslahat” qanadının əsas namizədi, Milli Bankın keçmiş sədri Əbdünnasir Himməti Rəisidən 7 dəfə az, cəmisi 2,4 milyon səs ala bildi.

Daha əvvəldən də məlum olduğu kimi, İranın 8-ci prezidenti “mühafizəkar” qanadı təmsil edir. İranda son 30 ilə yaxın vaxtda ilk dəfə olaraq hakimiyyətin bütün qolları mühafizəkar qrupun əlində cəmlənmiş oldu. Yeri gəlmişkən, İranın ali dini lideri və İbrahim Rəisi hər ikisi Məhəmməd Peyğəmbərin (s.a.s) soyundan gəlir, yəni seyiddirlər.

Buna qədər İranda, bir qayda olaraq, hökumət, parlament və ya məhkəmə sistemi kimi hakimiyyət qolları “islahatçılar” və “mühafizəkarlar” arasında bölünürdü. İndi isə ötən il fevralın 21-də parlament seçkilərində qanunverici məclisin 70 faizinə nəzarəti ələ keçirən mühafizəkarlar indi də prezident hakimiyyətini aldılar. Qarşıdakı illər İranda mühafizəkar xəttin təkbaşına hakimiyyəti dövrü olacaq. Bu isə bir sıra səbəblərə görə hazırkı İran hakimiyyəti üçün vacibdir. Bu barədə bir qədər sonra.

 

O kimdir?

İranın yeni prezidenti Seyid İbrahim Rəisi və ya əsl adı ilə İbrahim Rəis əs-Sadati 1960-cı il dekabrın 14-də Məşhəd şəhərində ruhani ailəsində dünyaya gəlib. Atası din xadimi olub. İ.Rəisi ilk təhsilini Məşhəddə aldıqdan sonra Quma köçüb və burada İranın nüfuzlu islam alimləri Ayətullah Seyid Hüseyn Burucerdi, Mürtəza Mütəhhəri, Əbülqasim Xəzali, Ayətullah Hüseyn Nuri Həmədani, Ayətullah Əli Meşkini, Mürtəza Pəsəndidən din dərsləri alıb. Rəisinin adı bəzi mənbələrdə Höccət əl-İslam, bəzi yerlərdə isə daha üstün olan Ayətullah ünvanı ilə qeyd olunur.

Tələbə olduğu zaman Qumda Şaha qarşı etirazlara qoşulan İbrahim Rəisi inqilabçı ruhanilərə yaxın olub. Onun inqilabdan sonra məhkəmə sisteminə daxil olması da məhz bununla izah olunur.

İranda İslam inqilabı qalib gəldikdən sonra Rəisi məhkəmə-hüquq sistemində çalışıb, ilk iş yeri Abadan vilayətində Məscidi Süleyman qəsəbəsi olub. Ancaq sonrakı illərdə vəzifə pillələrində sürətlə irəliləyib. 1981-ci ildə Kərəc (Tehran yaxınlığında şəhər – K.R.) şəhərində və ardınca Həmədanda prokuror işləyib. 1985-ci ildə Tehran şəhər prokurorunun müavini təyin olunan İbrahim Rəisi 4 il sonra 1989-cu ildə Tehran şəhər prokuroru təyin olunub.

5 il Tehran prokuroru işləyən Rəisi 1994-cü ildə dövlət nəzarəti qurumuna rəhbərlik edib. 10 il bu vəzifədə çalışdıqdan sonra 2004-cü ildə Ali Məhkəmə sədrinin müavini təyin olunub. 2012-ci ildə isə İbrahim Rəisi, eyni zamanda İranda (Qumda) fəaliyyət göstərən yalnız din xadimlərinin mühakiməsini həyata keçirən dini məhkəmənin hakimi (hazırda da bu postu tutur) seçilib.

2014-cü ildə İranın baş prokuroru olan İbrahim Rəisi 2016-cı ildə dini lider tərəfindən Astani Qüdsi Rəzəvi vəqfinin rəhbəri vəzifəsinə təyin olunur. Xalq arasında İmam Rza (ə) Hərəmi adlandırılan bu vəqf (Bonyad) İranda və ümumiyyətlə, Yaxın Şərqdə ən böyük dini vəqflərdən biri hesab olunur, milyard dollarla büdcəsi, istehsal müəssisələri, xəstəxana və yardım qurumlarından ibarətdir.

2017-ci ilə seçkilərində prezidentliyə namizəd olsa da, Həsən Ruhaniyə məğlub olan İbrahim rəisi 2 il sonra İran məhkəmə sisteminin rəhbəri vəzifəsinə gətirildi.

Bu da ona ölkənin ali rəhbəri tərəfindən xüsusi dəstək və etimadın göstəricisi idi. Sərt xarakterli şəxs kimi tanınan İbrahim Rəisi yüksək dövlət vəzifələrində olduğu müddətdə hökuməti tez-tez tənqid edib, Ali Məhkəmənin sədri olduqdan qısa müddət sonra isə fəaliyyətdə olan prezident Həsən Ruhaninin qardaşı Hüseyn Feridunu korrupsiya ittihamı ilə həbs etdirib.

2019-cu ilin noyabrında ABŞ hökuməti İbrahim Rəisinin adını sanksiya siyahısına daxil edib. İranın 8-ci prezidenti dini liderin yaxın adamı, mühafizəkar xəttin adamı və Qərbə qarşı sərt fikirləri ilə tanınır. Beynəlxalq insan haqları təşkilatları isə Rəisini 1988-ci ildən sonra müxalifətə qarşı kütləvi cəza verilməsində iştirakı və 2009-cu il prezident seçkilərindən sonra etirazların yatırılmasında sərt mövqeyinə görə ittiham edir.

 

İran-ABŞ münasibətləri necə olacaq?

İndi hər kəsi bu sual düşündürür. ABŞ-la nüvə sazişi bağlayan və bu xəttin tərəfdarı olan Həsən Ruhanidən sonra İbrahim Rəisi necə hərəkət edəcək? Yeri gəlmişkən, İranda seçkilər keçirilərkən Avstriyanın paytaxtı Vyana şəhərində İran və “altılıq” ölkələri təmsilçiləri arasında Avropa İttifaqının vasitəçiliyi ilə nüvə müzakirələri davam edirdi.

Lakin nüvə danışıqlarının bundan sonra necə olacağı şübhə altındadır. Seçkilərdən sonra keçirdiyi ilk mətbuat konfransında İbrahim Rəisi ABŞ prezidenti ilə görüşmək istəmədiyini bildirdi. Jurnalistlərin “sanksiyalar götürülərsə ABŞ prezidenti ilə görüşməyə hazırsınızmı?” sualına İbrahim Rəisi “xeyr” cavabını verib.

Eyni zamanda İranın 8-ci prezidenti ABŞ rəhbərliyini 2015-ci ildə imzalanmış sazişə sadiq olmağa çağırıb. O, ABŞ prezidentinin sələfi tərəfindən imzalanmış nüvə sazişinə sadiq olmalı, sanksiyaları ləğv etməyə çağırıb. Eyni zamanda İbrahim Rəisi Vaşinqtonun nüvə sazişi ilə bağlı iki əsas şərtinin – ballistik raket istehsalı və Yaxın Şərqdə silahlı qruplara yardımın dayandırılması – qəbuledilməz olduğunu da ayrıca vurğulayıb.

Bu, əslində, “mühafizəkar” prezident üçün gözlənilən açıqlama idi. Çünki İranın dini lideri bu barədə mövqeyini daha əvvəl elan edib. İndi isə prezident Rəisinin oxşar mövqe nümayiş etdirəcəyi gözlənilən idi. Lakin bu açıqlama həm də o deməkdir ki, Vaşinqtonun Tehranla yaxın zamanda dil tapması real deyil. Çünki Tehran Vaşinqtonun yeni nüvə sazişi ilə bağlı iki əsas şərtini qəbul etməyəcək. Bunlar, ballistik raket istehsalı və Yaxın Şərqdə silahlı qruplara dəstəyin dayandırılmasıdır.

Məlum olduğu kimi, daha əvvəl 2018-ci ildə ABŞ-ın ozamankı prezidenti Donald Tramp İranla nüvə sazişindən çıxanda və Tehrana qarşı yeni sanksiyalar imzalayanda əsas şərt kimi məhz ballistik raket istehsalı və silahlı qruplara yardımın dayandırılmasını irəli sürmüşdü. Bir çox müşahidəçilərə görə, Vaşinqtonu nüvə məsələsindən daha çox narahat edən məhz bu iki mövzudur. Lakin İranın mühafizəkar dairələri üçün silahlı islamçı qruplara yardım inqilabın yayılması ideologiyasının əsas sütunlarından biridir. Buna görə də, xüsusən də dini lider də daxil olmaqla, mühafizəkar qanadın bundan çəkilməsi inandırıcı deyil.

Bundan sonra Vaşinqton-Tehran danışıqları yalnız nüvə mövzusu ətrafında davam edə bilər. Burada isə Vaşinqtonun nə qədər qane olacağını zaman göstərəcək.

 

Yeni ali dini lider

Lakin İbrahim Rəisi üçün qarşıda heç də asan günlər olmayacaq. Məlumdur ki, mühafizəkar qanadın məhz Rəisi üzərində dayanmasının xüsusi səbəbi var. Qarşıdakı illər İran üçün həlledici əhəmiyyət daşıya bilər. Söhbət ölkənin yeni dini liderinin seçilməsi ehtimalından gedir. İran dövlət rəhbərliyi Rəisini məhz bu keçidi həyata keçirmək üçün seçib. Yeri gəlmişkən, İslam Respublikasının potensial dini liderliyə namizədləri arasında adı hallanan şəxslərdən biri də İbrahim Rəisidir. Ancaq hətta bu olmasa belə, Rəisi İslam hüququnun dərin bilicisi, məhkəmə sistemindən gəlmiş və mühafizəkar xəttin – inqilab ideologiyasının sadiq nümayəndəsi kimi ölkənin birinci şəxsinin seçimini, yəni başqa sözlə dini-siyasi hakimiyyət keçidini təşkil etməli ola bilər.

Amma bu keçid və ümumiyyətlə, mövcud çətin vəziyyətdən çıxmaq üçün İbrahim Rəisi qarşısında ciddi çətinliklər var. ABŞ-ın ağır sanksiyaları nəticəsində İranın iqtisadiyyatı ağır zərbələr alıb, ölkənin milli valyutası kəskin şəkildə ucuzlaşıb. Əhalinin sosial-iqtisadi vəziyyəti pisləşib. Seçkilərdə iştirak faizinin (ölkə üzrə ümumi olaraq 48 faiz, bəzi regionlarda, o cümlədən paytaxt Tehranda daha aşağı – K.R.) aşağı olması bununla izah olunur. Düzdür, İbrahim Rəisi sələfi Həsən Ruhani kimi böyük iqtisadi yüksəliş (seçki vədləri sırasında əhaliyə birbaşa maddi yardım, yerli valyutanın dəyərinin dollara nisbətdə sabitləşməsi və sair – K.R.) vəd etməyib, amma istənilən halda hər kəs başa düşür ki, yaxın iki ildə ölkə iqtisadiyyatında durğunluq aradan qalxmasa, sosial vəziyyət yaxşılaşmasa ən yaxşı halda mühafizəkar qanad nüfuzunu itirəcək. Üstəlik, narazılığın daha da artması, kütləvi etirazlara səbəb olması riski də yüksək olaraq qalacaq. Bu səbəbdən, indi cənab Rəisi üçün əsas hədəf yaxın aylarda ölkə daxilində sosial-iqtisadi vəziyyəti düzəltməkdir. Bunun üçünsə, güman ki, o, “ən yaxşı bildiyi” sahədən, yəni korrupsiya ilə mübarizədən başlayacaq. Bu, yaxın bir dövr ərzində sosial-iqtisadi narazılığı yatırmaq, büdcə oğurluğunun qarşısını almaq üçün vacib amildir. Seçki debatlarında da Rəisi məhz bu istiqamətə daha çox vurğu edib.

Bundan başqa, əsasən yeri istehsalın inkişafı və yeni bazarlara çıxışı əsas iqtisadi inkişaf prioriteti elan edən mühafizəkar baxış indi Cənubi Qafqazda, xüsusən də Azərbaycanla əlaqələrin yaxşılaşmasına çalışacaq. Çünki ortada Şimal-Cənub dəhlizi layihəsi, həmçinin işğaldan azad edilmiş ərazilərin bərpasında İran şirkətlərinin iştirakı kimi, rasional iqtisadi layihələr var. Tehran Cənubi Qafqazda yeni hərbi-siyasi reallıqda Türkiyə və Azərbaycan ittifaqına yaxınlaşacaq, birgə iqtisadi layihələrə qoşulacaq.

Əlbəttə, mühafizəkar Rəisinin zamanında İsraillə münasibətlər daha da gərginləşə və bu regiona öz təsirini göstərə bilər. Amma yuxarıda qeyd olunan praqmatik iqtisadi maraqlar və yeni reallıqlar özünü qabarıq göstərəcək.



MƏSLƏHƏT GÖR:

204