Müəllif: Valentina REZNİKOVA
Mən öz dostlarımdan soruşdum ki, Rezo Qabriadze adını eşidəndə və ya tələffüz edəndə yadlarına ilk düşən nədir? Kimsə Odessada Rabinoviçin abidəsini xatırladı, kimsə dərhal onun "Mimino" və "Kin-dza-dza" filmlərindən sitatlar gətirdi, kimsə də heyranlıqla sovet dövrünün qısametrajlı filmlərindən, Tbilisi Marionet Teatrının bənzərsizliyindən danışdı, Batono Rezonun özünün düşündüyü və nəfəs verdiyi teatrın özünün orijinal memarlıq görünüşünü təsvir etdi və s.
Deyirlər ki, o, tez-tez köhnə Tbilisidə «Ne qoryuy!» ("Qəm yemə») kafesində otururmuş. İstənilən müştəri ilə asanlıqla dialoqa girirmiş, ona ünsiyyət sevinci və sadə, hiyləsiz düşüncələrinin müdrikliyini bəxş edirmiş. Bəziləri bu cür söhbətlər üçün özəl olaraq köhnə Tbilisinin o hissəsinə gəlirmiş, o yerə ki, Marionet Teatrı 1981-ci ildən bəri orada "yaşayır"...
Rezo Qabriadze Kutaisidə – qədim Kolxidanın paytaxtında anadan olub, ona görə də "Mən Kolxidadanam" deyirdi. Bu açıqlamada heç bir qürur və təkəbbür yox idi, ancaq ortaq insanlıq tarixinin və mədəniyyətinin bütöv bir təbəqəsinə aid olmaq barədə müdrikcəsinə yenidən düşünmək var idi.
«Tbilisi mələyi»
6 iyun 2021-ci il tarixdə o, bizi tərk etdi. O, qalaktik fəzaya getdi, saysız-hesabsız ulduzlar dünyasına qərq oldu ki, o yüksəklikdən qoyub getdiyi hər kəsi və sevdiyi hər şeyi görə bilsin: insanları, şəhəri, teatrı, həyatı. Onun gedişi postsovet məkanında və təbii ki, Azərbaycanda böyük rezonans doğurdu. Onun yaradıcılığı ilə yalnız "əslən SSRİ-dən olanlar" deyil, yaşı 20-dən bir az yuxarı olanlar tərəfindən də tanınır və sevilir. KİV-lər və sosial şəbəkələr onun istedadının çoxsaylı pərəstişkarlarının ürək sözləri ilə sözün əsl mənasında partlayırdı. Ustadın özü isə bildirmişdi ki, istedad insanların öz tənbəlliklərinə rahat haqq qazandırmaq üçün icad etdiyi bir mifdir. O deyirdi ki, uğurun təməlində insanın zəhməti və səmərəliliyi durdu. Buna görə də çalışmaq lazımdır. Həddindən çox işləmək lazımdır. O, bunu oğlu Leoya vəsiyyəti etmişdi. Elə bizim hamımıza da.
Yazıçı, ssenarist Viktoriya Tokareva həftəlik «Zvezda» qəzetinə verdiyi müsahibəsində deyib: “O, tam bir dahi idi. Ağıllı gözləri olan təvazökar bir dahi. Aramızda yaşayan dahi. Mən bunu onun "Ana, sən bilirsən mən haradaydım?" multfilminə baxanda başa düşdüm. Onun kimi bir insan yalnız dahiyanə işlər görə bilər."
Film tənqidçisi Andrey Plaxov «Facebook»da yazıb: “Əslində, o, Gürcüstanın “yeni dalğası”nın mənəvi lideri idi. 1960-70-ci illərdə Gürcüstanda kino milli prestij məsələsinə çevrildi və dünyada "antiklik və İntibah adası" kimi bir şöhrət qazandı - gürcü kino məktəbinin müəlliflərinin dünyagörüşünü və üslubunu o dövrdə səciyyələndirən, bu cərəyanın atalarından biri də himn İntibah ruhunun daşıyıcısı Rezo Qabriadze idi".
Gürcüstan prezidenti Salome Zurabişvili administrasiyası tərəfindən yayılan açıqlamasında rəssam, ssenarist və rejissor Rezo Qabriadzenin ölümündən sonra Gürcüstan mədəniyyətinin böyük itki yaşadığını söylədi: “Biz yoxsullaşdıq, yetim qaldıq.”
29 iyun tarixində amerikalıların “Gürcüstanın milli dəyəri” və fransızların “Tbilisi mələyi” adlandırdıqları Ustadın 85 yaşı tamam olmalıydı ...
«Ana, sən bilirsən, mən hardaydım?»
Həmin gün Bakıda Rusiya səfirliyi və Bakıdakı Rus Evinin dəstəyi ilə Rezo Qabriadzenin xatirə gecəsi təşkil edildi. Tədbirin ideya müəllifi, təşkilatçısı və aparıcısı Vəfa Məmmədova idi. O, gecənin adını Leo Qabriadzenin atası haqqında çəkdiyi filmi adlandırdığı kimi adlandırıb - "Ana, sən bilirsən, mən harada idim?" Demək olar ki, iki saat ərzində tamaşaçılar aparıcı ilə birlikdə "müdrik gözlü təvazökar dahi"ni adi həyatı nağıla çevirməyi bacaran bir sehrbaz kimi xatırladılar, bu nağılda isə hər şey Kutaisidə anadan olmuş və müharibə dövrünə düşmüş uşaqlığın tənhalığından İncəsənət adlı bir dünyaya "qaçmağı" bacaran sehrbazın iradəsinə tabedir. Elə bu "tənhalığ"ı yadında saxlamaq və ona məhəbbəti qorumaqla çox sayda unudulmaz sənət inciləri yaradıb. O cümlədən, Rezo Qabriadze ailəsinin hekayəsinə çevrilən film üçün mətnlər və rəsmləri yaradıb. "Ana, sən bilirsən, mən harada idim?" Rezonun ifa etdiyi və filmin sonunda səslənən bu məzəli mahnı bir etiraf kimi düşünülmüşdü, ancaq həmin axşam o, bir rekviyem kimi səsləndi.
Rəssam öz uşaq dünyaörüşü barədə belə sadə və bəsit şəkildə danışır. Özü də, onun uşaqlığının, gəncliyinin və qocalığının bütün hekayələri elə bir orijinal fantaziyaya sığır ki, orada 10 yaşlı Rezonun Lenin və Stalinlə necə dost olması, siqaret çəkərək Qurbağa ilə necə və nə haqqında söhbət eləməsi, gecikdiyinə görə sinifdən qovulduğu zaman Siçovulla 6 nömrəli kitabxanada elmi gəmirməsi və s. yer alır. Qabriadzenin oğlu Leo bu filmi çox uzun müddət çəkib, onu hissə-hissə real baş verən hadisələr rejimində toplayaraq çəkib. Bu, o deməkdir ki, kameranın bu tərəfindəki studiyada həmişə dostları - Rezonun uşaqlıq fantaziyalarını etibar etdiyi, onları yaddaş rəsmləri ilə müşayiət edən dinləyicilər olurdu. Bu, güvəni bir nəqletmə mühiti yaradırdı. Rejissor Leo üçün çox önəmli idi ki, Rezonun tərcümeyi-hal əhvalatı vərəqdən oxunmasın, çünki Rezo heç vaxt aktyor-ifaçı roluna razı olmazdı. O, yalnız nəqlçi olmağı bacarırdı. İstedadlı və təkrarsız. Bu, improvizasiya hekayəsi olmalı idi. Belə də oldu. Yekaterinburq telekanalına verdiyi müsahibədə Leo Qabriadze filmin janrını belə müəyyənləşdirdi:
- Bu, yetkinləşmə filmidir. Kompüter animasiyası Rezonun hekayələrindən və rəsmlərindən ibarətdir. Multfilm – bu, ailə tarixçəsinin qorunmasıdır. Hər ailənin öz mifologiyası olmalıdır: kim və haradan olduqları barədə. Əks təqdirdə, hər şey mənasızlaşır.
Film 2018-ci ildə ekranlara çıxdı. Ancaq o axşam Rezo Qabriadzenin xatirəsini yad etməyə gələnlərdən çox az adam onu gördü. Axşamın atmosferində heç bir dramatizm yox idi, amma yüngül kədər və həm də “ağıllı gözlü dahi gürcü”nün ad günü 29 iyunndə salonda olması hissi vardı. Özü də, tamamilə açıq şəkildə, uşaq etibarilə bizə varlığın "sirlərini və gizlinlərini" etibar edirdi. Bu gün, burada və indi o, hamıya və hər kəsə gərək idi. Çünki sehrbazlara yaraşan kimi, özündə İnsanı və İnsanlığı itirməmək üçün nə edəcəyini bilirdi...
Rezo Qabriadze Bakıda
Heç də hər kəs bilmir ki, rejissor Georgi Danelianın "Kin-dza-dza" filminin Türkmənistanın Nebit-Dağ şəhəri yaxınlığında, Qaraqum səhrasında baş tutan çəkilişləri zamanı Rezo Qabriadze tez-tez Bakıya gəlirmiş. Bu, kulta çevrilmiş filmin çəkilişləri haqqında çox sayda mif və fantaziyalar yaranmağa başladı. Çox populyar bir mifə görə, qəzəblənmiş yadplanetlilər çəkiliş prosesini izləyirmişlər və hər cür şəkildə ona zərər verirmişlər: gah filmdəki uçan boşqabı - "pepelats"ı qaçırdırmışlar, gah kostyumları korlayırmışlar, gah da əfsanəvi yadplanetliləri - "patsak"ları qorxudurmuşlar və ya ssenari müəllifini bilərəkdən Tbilisi ilə Nebit-Dağ arasında haradasa bir yerdə saxlayırmışlar. Bu "bir yerdə" tam olaraq Bakı şəhəri idi və Rezo Qabriadze Türkmənistandakı çəkilişlərə məhz buradan keçərək gedə bilirmiş. Amma 1985-ci il idi və əslində hər şey daha prozaik və sadə idi. Tbilisidən Bakıya gələn ssenarist təyyarə ilə Türkmənistana uçmalı idi. Ancaq bunu xatırladıram ki, 1985-ci il idi! Hələ mobil telefon, internet, kompüter yox idi. Ancaq dostluq və qarşılıqlı yardım anlayışı var idi.
Azərbaycanın xalq artisti Məbud Məhərrəmov xatırlayır:
- O vaxt mən Azərbaycan Kinematoqrafçılar İttifaqında işləyirdim və mənə tapşırdılar ki, Rezo Qabriadze adlı bu ecazkar, xeyirxah, istedadlı insana ev sahibliyi edim. Çətin vaxtlar idi: çox az sayda mehmanxana var idi, indi deyildiyi kimi, aviabiletlər ilə bağlı vəziyyət gərgin idi: «Aeroflot»un təyyarəsinə vaxtında bilet almaq və ya sifariş etmək, demək olar ki, mümkün deyildi. Mən bilet və mehmanxana problemini həll etmək üçün bütün cazibəmi istifadə etməli, bütün əlaqələrimi işə salmalı olurdum. Əlbəttə, o vaxt yanımda hansı bir dahinin olduğunu anlamırdım və onunla asanlıqla ünsiyyət qururdum. Bu cür hallar bir neçə dəfələrlə olmuşdu, çox təvazökar və incə bir insan olan Rezo özünü pis hiss edirdi ki, mən təyyarə bileti almaq üçün bütün mümkün yollara əl atıram: yalnız əlaqələrdən deyil, həm də aktyorluq məharətindən də istifadə etməli olurdum. Bəzən bir aktyorun teatrı kimi olurdu. Bir dəfə bütün bunları izləyən Rezo kassadakı qıza dedi: sizin Məbuda yazığınız gəlmir? Bir dəfə də, yola düşməmişdən əvvəl söhbətləşirdik, bir qələm və çox keyfiyyətli olmayan bir kağız vərəqi götürüb dedi: "Otur, portretini çəkəcəm". Bu portret, necə deyərlər, Rezo Qabriadze tərəfindən qoyulmuş gürcü dilində bir yazı ilə birgə ortaya çıxdı.
Portretdən gənc, dikbaş görünüşlü Məbud baxdı. 1985-ci ilin Məbudu! Bu rəsmin altındakı yazıda deyilirdi: "Rüstəm İbrahimbəyovun köməkçisi Məbud Məhərrəmov və Bakıda mənim üçün tamaşalara bilet axtaran, yardım edən köməkçim..."
Burada vəziyyət Ustadın yozumunda ironik-gülməli təsvir edilirdi: o, Məbudun aktyorluq istedadını layiqincə qiymətləndirmişdi, onun hərəkətlərini tamaşa hissəsinə bərabər tutmuşdu!
Bakı Marionet Teatrının bədii rəhbəri Tərlan Qorçu xatırlayır:
- Uşaqlıqda heç vaxt oyuncaqla oynamamışam. Niyəsini xatırlamıram, amma belə olub. Heç təsəvvür belə edə bilməzdim ki, 32 yaşımda həyatım məni kuklalarla sonsuza qədər bağlayacaq şəkildə dəyişəcək. Marionet kuklalarla. 1985-ci ildə kukla teatrında "Dədə Qorqud" tamaşasına quruluş verdikdən sonra mən Beynəlxalq Kukla Teatrları Festivalında iştirak etmək üçün kollektivlə Tbilisiyə getdim.
Bu, ölkədən kənarda ilk və ən xoşbəxt səyahət idi. Sonra onlar çox olacaqdı. Ancaq bu, ən xoşbəxti idi. Çünki o, mənə həm Rezo Qabriadze ilə bu cür yaradıcılıq dostluğunun sevincini verdi, həm də mənə marionet kuklaları peşəkar kəşf sevinci bəxş etdi. O vaxtadək varlıqlarından xəbərsiz idim. Tamaşanı oynayacağımız teatrın foyesində mən eskizlər sərgisi tərtib etmişdim. Kostyumların eskizləri Rezonu son dərəcə maraqlandırdı və onlardan ikisini hədiyyə kimi qoymağımızı istədi. Mən bunu etməməli idim, çünki eskizlər artıq Mədəniyyət Nazirliyinin mülkiyyyəti sayılırdı. Amma yenə də mən ona Basatın kostyumunun eskizini verdim. Payızın axırları idi və Tbilisidə yağış yağırdı. Mən soyuqlamışdım və foyedə oturub tamaşanın bitməsini gözləyirdim. Birdən gəldilər və məni səhnəyə çağırdılar, dedilər ki, Rezo Qabriadze özü məni orada gözləyir. O ana kimi onun haqqında yalnız Rezonun münsiflər heyətinin sədri olduğunu bilirdim. Səhnədə mən xeyirxah təbəssümlə xoş bir insan gördüm. O, məni bərk-bərk qucaqladı və bunun festivalda bəyəndiyi ilk tamaşa olduğunu söylədi. Səhər mən xəstəlikdən üzgün olsam da, o, məni Kutaisiyə kabab yeməyə apardı. Yolda ən sevdiyim pyesin nə olduğunu soruşdu. Cavab verdim: Uaydlerin "Bizim şəhərcik" pyesi. Onun da ən sevdiyi pyes olduğunu söylədi. Hətta o qədər sevirmiş ki, gürcü dilinə tərcümə edibmiş. Sonra hansı rəsmləri bəyəndiyimi soruşdu və cavab verdim ki, qacar rəsmlərini. Rezo daha da təəccübləndi və dedi ki, əsərlərində bu rəsm texnikasından istifadə edir. Daha sonra əmin oldum ki, bu, həqiqətən, belədir. Amma biz onun teatrında olanda məni peşəkar bir ləzzət hissi bürüdü: mən əvvəllər heç vaxt belə bir şey görməmişdim. Bu, ya teatr, ya köhnə əşyalar dükanı, ya əntiq əşyalar dükanı, ya da bir rəssamın emalatxanası idi! Ancaq bu, o qədər qeyri-adi və o qədər həyəcanverici idi ki, on illər sonra öz Marionet Teatrımızın yenidənqurulması zamanı bütün bunlar başımda idi, həmin hisslərin xatirəsinə dönə-dönə qayıtdım. Rezo məni zalın mərkəzində oturtdu və mən marionetlərin insan qavrayışına təsirinin bu sonsuz sehrini başa düşdüm. Yəqin ki, elə onda başa düşdüm ki, bundan sonra marionet kuklalarla məşğul olacam. Rezonun 2016-cı ildə bizim teatrın açılışına və premyerasına gələ bilməməsi məni kədərləndirdi. Bu, Rezo Qabriadze ilə bütün dostluq tariximizin ən güclü və ən böyük təəssüf hissidir. Artıq o, özünü yaxşı hiss etmirdi. Buna görə də gələ bilmədi. Bizi illərlə yaradıcılıq dostluğu bağlayırdı. Sonra 80-ci illərin ortalarında mənə fantastik bir təklif etdi - teatrında tamaşa qoymağımı istədi. Söhbət "Arşın mal alan" tamaşasından gedirdi. Biz işə başladıq: o, bununla bağlı tez-tez Bakıya gəlirdi, mən də Tbilisiyə gedirdim. Nəticə etibarilə, bu ortaq layihənin Tbilisi premyerası heç cür alınmadı. Ancaq bu tamamilə fərqli bir hekayədir. Rezo mənə təkcə teatr sənətinin bir növü kimi marionetləri deyil, həm də həqiqi dost olan insanları hədiyyə etdi. Onun teatrının rəssamı Tengiz Xalvaşi ilə biz bu günə qədər dostuq.
Tərlan Qorçunun xatirələri, onun "ağıllı gözlü sehrbaz" haqqında danışdıqlarından iri bir kitab yazmaq olar. Rezo Qabriadze ilə dostluqda keçən illərin hər detalı, hər anı onun üçün vacib görünür. Onların yaradıcılıq dostluğunda ikinci dərəcəli heç nə olmayıb. Nəhayət, o getdi. Ustad. Rəssam. İnsan. Dahi. Yerində sonsuza kimi kədər və hər şeyi yenidən yalnız xatirələrdə yaşamağın mümkün olması barədə qüssə qaldı.
Epiloq
Ulduzlara uçan Ustad nələri görür? Gürcüstan Prezidenti dedi ki, Rezo getdikdən sonra ölkəsi yetim qaldı. Mənə elə gəlir ki, insanlıq yetim qalıb. Sevgi və Mərhəmət işığı yayan xeyirxah dahilərdən biri də azaldı. Bəs, teatr necə yaşayır? Bu sualı sənətşünaslıq doktoru, Müasir Teatr Tədqiqat Mərkəzinin direktoru, Şota Rustaveli adına Gürcüstan Dövlət Teatr və Kino Universitetinin professoru Laşa Çxaartişviliyə veririk:
- Rezonun artıq həyatda olmadığını qəbul etmək hələ çətindir. Artıq teatrına girməyəcəyi, kafedə görünməyəcəyi, yeni dekor və tərtibat detalları düşünməyəcəyi fikri ilə barışmaq çətindir. Zaman keçməlidir. Teatr isə... Ustadını xatırlayacaq: onun çağırışlarını, dərslərini, tövsiyələrini. Və bədii yaradıcılıq xəttini yüksək peşəkar səviyyədə saxlayacaq. Başqa cür olmaz. Getdi, amma yetirmələri qaldı: onun aktyorları, rəssamları və direktor Natia Tsiklauri. Bir də repertuar, tamaşaçıların marağı və... həyat var.
Birdən-birə Poznerə ənənəvi “Qarşısına çıxanda Allaha nə deyəcəksən?” sualına Rezonun verdiyi cavabı xatırladım. Demişdi: “Heç bir şey. Ona nə deyə bilərəm? Onsuz da, hər şeyi bilir...”
Ancaq mən tamamilə fərqli bir mənzərə təsəvvür etdim. Rezo öz rəsmini muşketyor geyimində çəkərdi və papağını çıxararaq deyərdi:
- Mən Kolxidadanam!
MƏSLƏHƏT GÖR: