Müəllif: Aqil MƏMMƏDOV
Son onillikdə dünya iqtisadiyyatının yeni trendlər və modelləri meydana gəlməkdədir. Ən uğurlu modellər sırasında azad iqtisadi zonaların yaradılması və inkişaf etdirilməsidir. Xüsusən də, son 30 il ərzində azad iqtisadi zonaların yaradılması sürətlənib. Azərbaycan da azad iqtisadi zonanın (AİZ) yaradılmasına artıq rəsmən start verdi. Prezident İlham Əliyevin iştirakı ilə Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində AİZ-in əsası qoyuldu. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zona ixracyönümlü olmaqla yanaşı, ölkə iqtisadiyyatının müxtəlif istiqamətlərdə drayver rolunu oynayacaq.
Xüsusi üstünlük
«Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkələrdəndir və belə ölkələrdə azad iqtisadi zonaları yaratmaq daha çətindir. Çünki əlverişli coğrafi vəziyyəti olan ölkələrdə bu zonalar çox böyük uğur qazanıb və ilk növbədə, coğrafi yerləşməyə görə. Ona görə bizə gəldikdə, bu coğrafi vəziyyəti nəzərə alaraq daha da səmərəli işləməli idik və investorlar üçün daha da cəlbedici şərtlər təqdim etməli idik”, - deyə Prezident İlham Əliyev təməlqoyma mərasimində qeyd edib.
Buna görə də Azərbaycan tələsmədən mərhələli şəkildə həm beynəlxalq təşkilatlarla iqtisadi qiymətləndirmə apardı, eyni zamanda investorlara veriləcək güzəştlər paketini, iqtisadi zonanın hüquqi statusunu müəyyən etdi.
Ələtdə azad iqtisadi zonanın yaradılmasını üstün edən əsas cəhət ilk öncə onun yerləşdiyi coğrafi mövqedir. Belə ki, seçilmiş ərazi «Şimal-Cənub», «Şərq-Qərb» nəqliyyat qovşaqlarının kəsişmə məntəqəsində yerləşir. Eyni zamanda Ələtdən 1000 kilometrlik ərazidə 150 milyon insanın məskunlaşdığı və ümumi iqtisadiyyatlarının həcmi 3 trilyon dollardan artıq olan böyük ixrac bazarı mövcuddur. Bu faktın özü AİZ-in effektiv fəaliyyətinin əsas faktorudur.
Eyni zamanda son zamanlar ABŞ-la İran arasında sanksiyaların aradan qaldırılması üçün aparılan danışıqların özü də AİZ-in strateji əhəmiyyətinə müsbət təsir göstərən faktordur. Belə ki, danışıqların uğurla başa çatması İran iqtisadiyyatının artım tempinə müsbət təsir göstərəcək və bəzi təhqiqatlar göstərir ki, optimistik ssenaridə post-sanksiya dövründə İranın ÜDM 4-5% artım tempinə malik ola bilər. Yeni bazarın açılması isə, idxalı sürətləndirəcək. Bu perspektiv baxımından Ələtdə fəaliyyət göstərəcək istehsal sahələrinin İran bazarına sürətli və rəqabətli məhsulla daxil olmaq imkanları mövcud olacaq.
Beynəlxalq təcrübə göstərir ki, müxtəlif idarəetmə modelləri xüsusi iqtisadi zonaların inkişafında uğurlu ola bilər, lakin bu modellərin əksəriyyəti, o cümlədən Mərakeş və Türkiyədəki xüsusi iqtisadi zonalar dövlət-özəl tərəfdaşlığına əsaslanır. Əksər xüsusi iqtisadi zonalar məşğulluğu yüksəltmək, ixracı artırmaq və birbaşa xarici investisiyaları cəlb etməklə, milli iqtisadiyyatın inkişafına ciddi töhfə verir. Məsələn, Asiya və Sakit okean ölkələrində xüsusi iqtisadi zonalar ölkə üzrə məşğulluğun 2,3 faizini və ixracın 41 faizini, Amerikada isə məşğulluğun 1,2 faizini və ixracın 39 faizini təmin edir.
Son illər yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının yaradılması və logistika sahəsində həyata keçirilən işlər Şərq-Qərb, Şimal-Cənub iqtiqamətində Azərbaycan üzərindən yüklərin daşınma həcminin artımına səbəb olub.
Avropa İttifaqının diqqət mərkəzində
Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varheli bildirib ki, Bakı Limanı davamlı nəqliyyat rabitənin təminatı baxımından Avropa İttifaqının diqqətindədir və təmsil etdiyi qurum limanda fərqli layihələrə sərmayə qoymağa hazırdır, həmçinin rəqəmsallaşma, yaşıl liman istiqamətində də dəstəyini davam etdirəcək. Bu sözlər, əslində, Bakı Limanının Xəzər hövzəsində etibarlı qovşağa çevrilməsini təmin edəcək və AİZ-in investorlar üçün marağını artıracaq prosesin Aİ tərəfindən dəstəklənməsi deməkdir.
Son statistik məlumatlara əsasən, 2021-ci ilin ilk rübündə Bakı Limanının yük dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətdə 17 %-ə yaxın artıb. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun mühüm hissəsi olan limanda, ilk rüb ərzində ümumi yükaşırmanın həcmi 1,4 milyon tondan çox olub ki, bu da 2020-ci ilin müvafiq göstəricisindən 16,7% çoxdur. Bu ilin ilk 3 ayında tranzit yüklərin payı ümumi yükaşırmanın 93%-ni təşkil edib. Ona görə də AİZ-in yaradılması imkan verəcək ki, Azərbaycan əlavə dəyərin yaradılması məntəqəsi kimi çıxış etsin. Başqa sözlə, ölkəyə daxil olan tranzit yüklər AİZ ərazisində əlavə dəyər zəncirindən keçirilməklə həm həcmini, həm də dəyərini artırmaq mümkündür.
Ələtdə Azad İqtisadi Zonanın yaradılması Prezident İlham Əliyevin 2 fevral Sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in ruhuna uyğundur. Müəyyən edilən prioritetlərdən iqtisadiyyatda dayanıqlı artım; insan kapitalının dəyərinin artırılması ilə müasir innovasiyalar üçün əlverişli məkan yuxarıda sadalanan hədəflərin reallaşmasına müsbət təsir edəcək.
Göstərilənlərlə yanaşı, azad iqtisadi zonanın inkişafı üçün vacib stimullaşdırıcı amillərdən biri də güzəşt sistemləridir. Hər bir investor istənilən kapital qoyuluşu etməzdən əvvəl onun sərəncamında olan güzəştləri və şəraiti diqqətlə öyrənir. Hər bir dövlət və ya onun bu və ya digər regionu azad iqtisadi zona yaradarkən öz güzəşt yığımlarını müəyyən edir. Bu zaman təcrübə göstərir ki, azad iqtisadi zonalarda yaradılan güzəştlər sistemi kifayət qədər individualdır və həmin dövlətin və ya regionun ərazisində həyata keçirilən proqram və layihələrlə sıx bağlıdır. Ələt Azad Ticarət Zonasının yaradılması ilə bağlı beynəlxalq məsləhətçi şirkət, Birləşmiş Ərəb Əmirliklərinin “DP World” şirkətinin seçilməsi isə prosesin beynəlxalq təcrübənin ən mütərəqqi nümunələrinin tətbiqi ilə həyata keçirilməsinə imkan verir. Bununla paralel Azərbaycanın digər regionlarınında servis şəhərləri kimi iqtisadi realizə imkanları genişlənəcək.
2021-ci ildən sonra qurulacaq yeni iqtisadi modelin ana xətti qeyri-neft sənayesində istehsal zəncirinin qurulmasından ibarət olacaq. AİZ kimi sənaye infrastrukturunun qurulması xammal ixracından yarımfabrikat və son məhsul ixracına qədər istehsalı genişləndirməyə imkan verir. Aparılan təhqiqatlar da göstərir ki, AİZ-in yaradılması artıq 2050-ci ilə qədər Azərbaycan iqtisadiyyatı üçün müstəqil ssenarilər üzrə 20-50 mlrd. dollar həcmində əlavə dəyər formalaşdırmağa imkan verəcək.
Müsbət təsir
AİZ-lərin yaradılmasından danışarkən onların ölkənin əmək bazarına təsirini də unutmaq olmaz. Ümumiyyətlə, bütün postmüharibə iqtisadiyyatlarının tarixinə nəzər saldıqda uğurlu inkişafın məhz fabriklərin yaradılması ilə müşahidə edildiyini görmək olar. Beləliklə, bu, tədricən insan resurslarının həm keyfiyyət, həm də dəyər artımına təsir edir. Yüksək dəyər təşkil edən sahələrdə daha keyfiyyətli kadr təminatına ehtiyyac formalaşdıracaq ki, bu da öz növbəsində Azərbaycanda orta peşə təhsilinin əhəmiyyətini artıracaq və biznes-təhsil sektoru arasında əlaqələri dərinləşdirəcək. İstehsalın genişləndirilməsi, eyni zamanda əmək qüvvəsinin cəlbi üçün ciddi rəqabət mühiti formalaşdırır. Ekspertlərin fikrincə, ümumiyyətlə, AİZ-in yaradılması yaxın gələcəkdə Azərbaycanda xidmət, birbaşa istehsal sahəsində 30-40 min yeni iş yerinin yaradılmasına səbəb olacaq.
Dərin istehsal sahələrinin yaradılması isə müxtəlif şəhərlərin daha sürətli inkişafını, orada maliyyə, sığorta, xidmət sektorunun keyfiyyətinin artımını şərtləndirir. Bu da inklüziv cəmiyyət quruculuğu üçün vacibdir.
Ələtdə Azad İqtisadi Zonanın yaradılması, eyni zamanda daxili miqrasiya baxımından önəmlidir. Son illər böyük sənaye mərkəzlərinin Bakı və Abşeronda cəmləşməsi regionlardan mərkəzə miqrasiya prosesini sürətləndirib. Yeni iqtisadi dönəmdə işğaldan azad edilmiş ərazilərlə yanaşı, Ələtin sənaye potensialının artması əks miqrasiya prosesinə təsir edə bilər.
Bir sözlə, azad iqtisadi zonanın yaradılması iqtisadi məqsədlərlə yanaşı, sosial və elmi məqsədlərin də reallaşdırılmasına imkan verəcək. Daha dəqiq desək: ticarət dövriyyəsi artacaq; investisiya və sərmayələrin yatırılması sürətlənəcək; regionlarda məşğulluq güclənəcək, yeni iş yerləri açılacaq; milli iqtisadiyyatın dünya iqtisadiyyatı sisteminə inteqrasiyası sürətlənəcək; ixtisaslı kadrların təhsil və peşə təcrübələrinin artırılması imkanları genişlənəcək.
Ümumiyyətlə, Strateji Yol Xəritəsində 2025-ci ilə qədər ÜDM-də 3 faizdən çox orta illik real artım və əlavə olaraq da 450 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Bu baxımdan, Azad İqtisadi Zonanın yaradılması həm ortamüddətli hədəfin reallaşdırılması, eyni zamanda 2025-ci ildən sonrakı dövr üçün əsas hədəf olaraq müəyyənləşdirilən sosial rifah halının yaxşılaşdırılması və insan inkişaf indeksinin ən yüksək səviyyəyə çatdırılması hədəfinin reallaşdırılmasına müsbət təsir edəcək.
MƏSLƏHƏT GÖR: