Müəllif: Ayaz MİRZƏYEV
“Axı, bir insan başqa bir insanın içdiyi, istifadə etdiyi çayı necə çirkləndirə bilər ?!” – 27 ildən sonra öz doğma torpağı Zəngilana ayaq basan və Oxçuçayın sahilinə gedən İlqar Məmmədov gördüklərinə inanmır. O, sahilində evləri olan və gəncliyində çimdiyi və balıq tutduğu çayın suyuna indi hətta toxuna da bilmir. Mənbəyini Ermənistan ərazisindən götürən və Azərbaycan ərazisindən də axan Oxçuçay sənaye tullantıları ilə o qədər çirkləndirilib ki, həm suvarma üçün yararsız hala gəlib, həm də burada balıqların kökü kəsilib. Vaxtilə İlqar müəllim kimi bu ərazidə yaşayan kənd sakinləri üçün həyat mənbəyi olan bu çayda indi həyat özü məhv olur.
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri 27 ildən sonra Oxçuçayda ilk dəfə monitorinq aparıblar. Monitorinq çayın təhlükəli səviyyədə çirkləndirildiyini ortaya çıxarıb.
Ümumi uzunluğu 83 kilometr olan Oxçuçayın əsas hissəsi Ermənistanın Sünik vilayətinin (tarixi Azərbaycan torpağı olan Zəngəzurun), kiçik bir hissəsi isə Azərbaycanın işğaldan azad olunmuş Zəngilan rayonunun ərazisinə düşür. Əvvəl işğal altında olan ərazilərin, xüsusilə də Zəngilan rayonunun azad edilməsi nəticəsində Azərbaycan ekoloqlarının yerli çaylara çıxışı təmin olunub. 2021-ci ilin yanvar-mart ayları aralığında Oxçuçaydan götürülmüş su nümunələri üzərində aparılan analizlərin nəticələrinə görə çayda mis, molibden, manqan, dəmir, sink, xrom kimi ağır metalların miqdarının çox olduğu məlum olub. Müxtəlif günlərdə Oxçuçayın suyu gah ağ, gah da sarı rəng alır. Mart ayında Oxçuçay hövzəsində farel balıqlarının kütləvi məhv olması qeydə alınıb.
Ağır metal duzlarının böyük hissəsi ətraf mühitə çıxarma və emal müəssisələrinin tullantıları vasitəsilə düşür. Bu isə Oxçuçayın mənbəyinin yerləşdiyi Sünik vilayəti ərazisində fəaliyyət göstərən Ermənistanın ən böyük mədənçıxarma müəssisələrindən birinin ilkin təmizləmə işləri aparmadan istehsalat tullantılarını birbaşa çaya buraxmaqla, ekoloji standartlara riayət etmədiyini deməyə əsas verir.
Ağır metal tərkibinin yüksək olması təkcə çay faunasını məhv etmir, həm də insan sağlamlığı üçün son dərəcədə təhlükəlidir. Belə sudan istifadə həzm pozuntuları, böyrəklərdə və sümük toxumasında destruktiv proseslərdən tutmuş orqanizmin ürək-damar, əsəb və qan dövranı sistemlərinin xəstəlikləri kimi çox zərərli fəsadlara səbəb ola bilər.
Bu çayın çirklənmə səviyyəsi Azərbaycan üçün çox vacib əhəmiyyət daşıyır. Belə ki, Oxçuçay Cənubi Qafqazın ikinci ən uzun çayı olan Araza tökülür. Kür çayının ən böyük sağ qolu olan Araz çayı Azərbaycan ərazisində kənd təsərrüfatına yararlı sahələrin suvarılması baxımından çox böyük əhəmiyyət kəsb edir. Lakin bu çaydakı suyun keyfiyyətini nəzərə aldıqda, ondan məişətdə və kənd təsərrüfatında istifadə olunması son dərəcə mənfi fəsadlara səbəb ola bilər.
Erməni ekoloqlardan etiraf
Çayın acınacaqlı vəziyyətini və Zəngəzur mis-molibden kombinatının bu məsələdə mühüm rol oynadığını erməni ekoloqların monitorinqləri də sübut edir. Məsələn, 2017-ci ildə Sünikdə rayonun dağ-sənaye ərazilərinin su obyektlərinin ekoloji vəziyyətinə dair qiymətləndirmə həyata keçirilib. Qiymətləndirmə Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin V.B.Soçava adına Coğrafiya İnstitutunun mütəxəssislərinin köməyi ilə Ermənistanın Təhsil və Elm Nazirliyinin Milli Təhsil İnstitutu tərəfindən baş tutub. Suyun keyfiyyətinin qiymətləndirilməsi Avropa Birliyinin Su Çərçivə Direktivinin metodologiyasına uyğun aparılıb. Nəticədə, məlum olub ki, fəaliyyətdə olan mədənin ərazisindən səth suları və qrunt suları vasitəsilə çirkləndirici maddələrin, habelə Zəngəzur mis-molibden kombinatının çirkab sularının axıb gəlməsi nəticəsində Kacaran şəhərindən aşağıda suyun keyfiyyəti II sinifdən IV sinfə düşür. Ağır metal tərkibinin yüksək olması və kombinat tərəfindən çaya buraxılan su həcminin artırılması nəticəsində Oxçuçayın özünütəmizləmə və bərpaetmə potensialı da aşağı enir.
Suyu çirkləndirən Alman “standartı”
Rəsmi məlumatlara görə, 2019-cu ilə qədər kombinatın səhmlərinin böyük hissəsi Almaniyanın “Cronımet Mining AG” şirkətinə məxsus olub. “Cronımet” şirkəti mis və molibden ehtiyatlarına görə Qafqazın ən böyük mədəni olan Kacaran mədənini idarə edib. Mütəxəssislərin hesablamalarına görə, Kacaranda 1 milyard tondan çox filiz ehtiyatı mövcuddur. Gündəlik olaraq, buradan 24 min ton filiz və 5-6 min kubmetr boş süxur hasil edilir. Filizin tərkibinin 0,055%-ni molibden, 0,21%-ni mis təşkil edir.
Düzdür, şirkət indi kombinatdakı səhmlərini satdığını açıqlasa da, 2004-cü ildən başlayan istismar müddətində çaya axıdılan tullantıların qarşısının alınması istiqamətində heç bir ciddi tədbir görməyib.
1980-ci ildə Almaniyanın Karlsrue şəhərində əsası qoyulmuş “Cronımet Holdıng” faydalı qazıntı və metal hasilatı, emalı və təkrar emalı, paslanmayan polad istehsalı üçün xammalın logistikası, ticarəti və daşınması ilə məşğul olur. 2018-ci ilin məlumatına görə, şirkətin illik dövriyyəsi 2,8 milyard ABŞ dolları təşkil edib. “Cronımet” qrupunun şirkətləri Polşa əsilli alman ailəsi olan Pilarskilərə məxsusdur. Şirkətin idarəçi tərəfdaşı 83 yaşlı Günter Pilarskidir. O, şirkət yaradılandan bu yana 40 ildir ki, bu vəzifəni tutur.
Elə düşündürücü fakt da, dünyaya ekoloji standartları diktə edən Avropanı təmsil edən Almaniya və Polşa kimi dövlətlərin təmsilçilərinin Oxçuçayın çirkləndirilməsi prosesinə rəhbərlik etməsidir. Görünür, şəxsi heç nə yoxdur, sadəcə, biznes ifadəsi burada da tətbiq olunur. Ekologiyadan hər dəfə dərs keçməyə çalışan avropalılar yaxşı pulun müqabilində həmin ekologiyanı məhv edə də bilərlər.
Gizli əlaqələr: “Cronımet” və Ermənistan siyasəti
“Cronımet” şirkətinin rəhbəri Pilarski Ermənistanla sıx əlaqələrini və dostluğunu gizlətmir. O, təkcə, uzun illərdir Ermənistanın siyasi elitası ilə dostluq etmir, həmçinin iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafındakı xidmətlərinə görə 2006-cı ildən etibarən Ermənistanın Baden-Vürtemburq torpağında fəxri konsuludur. Bu barədə məlumatla elə şirkətin öz saytında da tanış olmaq mümkündür.
2019-cu ildə Ermənistanın “Civilnet” nəşrində yer alan araşdırma yazısından isə hətta məlum olur ki, üçüncü şəxslər vasitəsilə Zəngəzur mis-molibden kombinatının gizli ortaq sahibi Ermənistanın Vatikandakı keçmiş səfiri və sabiq prezident Serj Sarqsyanın kürəkəni Mikael Minasyandır. Zəngəzur kombinatının rəhbərliyi, bu məlumatı təkzib edərək, jurnalistlərə Minasyanın müəssisədə paya sahib olmadığını bildirsə də, fakt göz önündədir. “Cronımet” şirkətinin Ermənistandakı sərbəst vəziyyəti və Almaniyadan çox uzaqda yerləşən regionun ekologiyası hesabına böyük pullara qənaət etməklə keyfiyyət standartlarına laqeyd yanaşmaq imkanı “Civilnet” nəşrində dərc olunmuş məlumatın böyük ehtimalla həqiqəti əks etdirdiyinə inanmağa əsas verir.
Günter Pilarski Qafqazda törətdikləri bu “ekoloji terroru” ört-basdır etmək üçün Almaniyadakı əlaqələrindən də istifadə edir. Almaniya vətəndaşı olan bu milyarder polyak həm də Almaniyanın “Karlsruhe SC” futbol klubunun vitse-prezidenti və sponsorudur. 2020-ci ilədək klubun prezidenti Almaniya parlamentində XDİ/XSİ fraksiyasının üzvü İnqo Vellenroyter olub. Pilarskinin dəfələrlə Vellenroyterin siyasi əlaqələrini işə saldığı güman olunur.
Bununla yanaşı, ABŞ-ın nüfuzlu “The USA Tribune” nəşri bir müddət əvvəl Ermənistan tərəfindən Almaniyada pulla ələ alınmış lobbiçilərin siyahısını dərc edib. Bu siyahıda Günter Pilarskinin də adı var. Məqalədə qeyd olunur ki, 2020-ci ilin payızınadək erməni lobbi təşkilatlarının rüşvətxor siyasətçilərin ələ keçirilməsi ilə məşğul olduqları əsas ölkə Almaniya olub.
Beynəlxalq ictimaiyyətin susqunluğu
Maraqlıdır ki, bu qədər ciddi faktlar olsa da beynəlxalq ekoloji təşkilatlar və aparıcı ölkələr hələ də susur. Baxmayaraq ki, təkcə Oxçuçay yox, ermənilərin Kəlbəcəri tərk edərkən evləri, ağacları, meşələri necə yandırması da bütün dünyanın gözü qarşısında baş verdi. Amma bu vandallıq da cavabsız qaldı.
Azərbaycan bir daha beynəlxalq təşkilatları və aparıcı dövlətləri çayın çirkləndirilməsinin qarşısını almaq üçün Ermənistana təzyiq göstərməyə çağırır. Oxçuçaydakı biofəlakət də daxil olmaqla, Ermənistanın işğalı altında olduğu dövrdə Azərbaycan ərazilərinə ekoloji baxımdan çox ciddi ziyan vurulub. Ola bilər, Qoca Avropanın görmə qabiliyyəti də qocalıb. Amma Azərbaycan Ermənistanın həyata keçirdiyi ekoloji cinayətləri göstərmək üçün hətta “Azercosmos”un peyk şəkillərini də təqdim etməyə hazırdır. Ekspertlərin ilkin hesablamalarına əsasən, Ermənistanın ətraf mühitə və təbii resurslara vurduğu zərər 265,3 milyard dollar dəyərindədir.
“Mənim hər şeyin düzələcəyinə ümidim var. İnsanlıq hələ ölməyib”, - Oxçuçayın sahilində gəncliyini yada salıb dərindən köks ötürən İlqar Məmmədov sonda bu sözləri dilə gətirir. Onun kimi hər bir Azərbaycan vətəndaşı hələ də insanlığın ölmədiyini və bəşəriyyət əleyhinə olan bu ekoloji cinayətlərin cavabsız qalmayacağına ümid edir.
MƏSLƏHƏT GÖR: