22 Dekabr 2024

Bazar, 20:31

DÜNYA BƏSTƏKARI

Tomris HÜSEYNOVA: «Mənim atam ən çətin zamanlarda Azərbaycanın musiqi mədəniyyətini təbliğ etmək üçün hər şeyi etdi»

Müəllif:

01.08.2021

Musiqi və onu yaradan ölməzdir. Bu gün çox sayda böyük şəxsiyyət aramızda yoxdur, amma onların əsərləri getdikcə daha çox qəlbi fəth edərək dünyanı gəzməkdə davam edir. Virtuoz skripkaçı, bəstəkar, ilk milli klassik yapon operası «Kodayu»nun yaradıcısı, «Kraliça Aba» baletinin, «Gənc şahzadə» operasının müəllifi, keçmiş SSRİ-nin bir çox şəhərlərində və xaricdə ifa edilmiş fortepiano, skripka, violonçel üçün sonataların, solistlər, xor və orkestr üçün kantataların yaradıcısı azərbaycanlı bəstəkar Fərhəng Hüseynovun əsərləri də belədir.

Hələ gənc musiqiçi olanda, 1972-ci ildə o, Moskva Konservatoriyasının orkestrinin üzvü kimi Qərbi Berlində Herbert von Karayan adına müsabiqədə iştirak edib. O, fəxri qızıl medala layiq görülüb. 1991-ci ildə onun "Zamanda səyahət" əsəri Tokioda keçirilən beynəlxalq bəstəkarlar müsabiqəsində mükafat alır, 1995 -ci ildə isə "Qoy, Yer üzündə sülh olsun!" oratoriyası BMT-nin xüsusi mükafatına layiq görülür.

1992 -ci ildən Türkiyəyə köçən Fərhəng Hüseynov Türkiyədəki Çukurova Universitetinin Dövlət Konservatoriyasında simli alətlər kafedrasının müdiri kimi fəaliyyətini davam etdirir. 2010 -cu ildə Fərhəng Hüseynov dünyasını dəyişib, lakin dünya irsinə verdiyi töhfələr musiqiçinin adını ölümsüz etdi. Bu yay Türkiyənin Adana şəhərindəki Çukurova Universitetinin Dövlət Konservatoriyasının orkestr zalına Fərhəng Hüseynovun adı verilib.

Qızı, pianoçu Tomris HÜSEYNOVA atası ilə bağlı xatirələrini «R+»la bölüşdü.

- Təşəkkür edirik, Tomris xanım, atanız haqqında - dünya musiqisində zəngin bir miras qoymuş böyük musiqiçi haqqında danışmağa razı oldunuz. Ancaq KİV-lərdə atanız haqqında bu qədər az məlumat olduğuna görə, güman edirik ki, Fərhəng müəllim çox təvazökar bir insan olub...

- Sizə də təşəkkürlər. Hə, doğrudur, atam çox təvazökar bir insan idi. Təvazökar, lakin özünə tələbkar. Vətəndən kənarda qazandığı uğurlar sayəsində atam Azərbaycanın musiqi mühitində tanınmış bir şəxs idi. Bu, başqa məsələdir ki, ictimaiyyət onun haqqında çox şey bilmirdi.

- Bu yay Fərhəng Hüseynovun adı Türkiyənin Adana şəhərində yerləşən Çukurova Universitetinin Dövlət Konservatoriyasının orkestr zalına verilib. Sizin üçün və Azərbaycan üçün əlamətdar olan bu hadisədən danışın. Buna təşəbbüs kimin tərəfindən göstərilib?

- Atam 18 il Adanada yerləşən Çukurova Universitetinin Dövlət Konservatoriyasında çalışıb və bu müddət ərzində çox sayda tələbələr yetişdirib. İşlədiyi dövrdə o, orkestrə rəhbərlik edib, "Kraliça Aba" baletini yazdı və bu qurumun inkişafı naminə çox işlər gördü. Bu qərar universitetin Direktorlar Şurası tərəfindən Fərhəng Hüseynovun xidmətlərinin tanınması üçün qəbul edilib. Bu önəmli hadisədir. Mən bundan çox qürur duyuram.

- Elə faktlar, hadisələr varmı ki, mətbuatda hələ getməyib, ancaq siz onu oxucularımıza çatdırmağı vacib hesab edirsiniz?

- Bəli, Fərhəng Hüseynov haqqında çox danışmaq olar. Atam geniş bilik sahibi, erudit adam idi və oxumağı çox sevirdi. O, coğrafiyanı, hətta bütün dövlətlərin bayraqlarına qədər mükəmməl bilirdi. Hətta kiçik ada ölkələrin bayraqlarını belə. Antik tarix barədə dərin biliklərə sahib idi. Onu Türkiyənin cənubunda yerləşmiş qədim Kilikiyanın hökmdarı olmuş bir döyüşçü qadın haqqında "Kraliça Aba" baletini yaratmağa sövq edən də məhz antik dövrə olan sevgisi idi.

- Yaponiyalı qadın opera müğənnisi Eyko Aokinin sifarişi ilə Fərhəng Hüseynov Rusiya ilə Yaponiya münasibətlərinə həsr olunmuş «Kodayu» operasını yaradır. Lütfən, bu operanın yaranma tarixindən danışın...

- 1993-cü ildə məşhur opera müğənnisi Eyko Aokinin sifarişi ilə atamın yazdığı əsər Yaponiyanın ilk milli klassik operası oldu və ilk dəfə orada səhnəyə qoyuldu. Amma bu əhvalatın ön hekayəsi var. Hər şey uzaq 90-cı illərdə başlayıb. 1993-cü ildə UNESCO-nun təşəbbüsü ilə "İpək yolu" adlı beynəlxalq simfonik əsərlər müsabiqəsi keçirilib. Müsabiqəyə 10 ölkədən 278 əsər qatılıb. İlk seçim turundan sonra atamın "Zamanda səyahət" simfonik konserti 10 seçilmiş əsərin arasına düşüb. Növbəti seçim turunun nəticələrinə görə ilk beşliyə daxil olan əsərlər arasında ikinci yeri tutub. Onda müsabiqənin münsiflər heyətinin sədri ona mükafatı təqdim edərək, "Yaponiya Azərbaycanı ilk dəfə sizin şəxsiyyətinizdə tanıdı" demişdi. Yapon şahzadəsi isə çıxışında atama üzünü tutaraq qeyd edib: “Ölkəmdə ilk dəfə hər kəsin ağzından “Azərbaycan” sözü eşidilir. Ölkəniz sizinlə fəxr etməlidir, çünki istedadınız və yaradıcılığınız yaponların və mənim qəlbimi fəth etdi. Sizi doğma hesab edirik."

Orkestr üçün «Zamanda səyahət» konsertinin müvəffəqiyyəti o qədər böyük idi ki, Eyko Aoki onu şəxsiyyəti ölkədə əfsanəyə çevrilmiş cəsur dənizçi Kodayu haqqında yazdığı libretto əsasında bir opera yazmağa dəvət etdi. Operanın tam adı "Daykoku Kodayunun Rusiya Odisseyası"dır. Söhbət Rusiyanı ziyarət edən və hətta İmperatriça II Yekaterina ilə ünsiyyətdə olmuş ilk yapondan gedir. Daykoku Kodayu 1751-1828-ci illərdə yaşayıb və ticarət gəmisinin kapitanı olub. Bir dəfə bir fırtına onu şimala, Aleut adaları silsiləsindəki Açik adasına aparıb. Fırtınalara məruz qalmış gəminin sonrakı istifadəyə yararsız olduğu üzə çıxıb. Daha sonra Kodayu 17 komanda üzvü ilə birlikdə quru ilə evə qayıtmağa çalışdılar. 11 il çəkən səyahət bütün Rusiyadan keçdi. İrkutskda o, məşhur təbiətşünas Kirill Laksmanla tanış oldu, onun köməyi ilə Kodayu Sankt-Peterburqa getdi və II Yekaterina ilə tanış oldu. İmperatriça ona Rusiya gəmisində Yaponiyaya qayıtmaqda kömək etdi – bu Uzaq Şərq ölkəsi ilə əlaqələr qurmaq üçün ticarət missiyası təşkil edildi. Ancaq daxili problemlərə başı qarışmış və ölkəni xaricilərə açmaq istəməyən yapon sequnları ruslarla danışıqlardan imtina etdilər və Kodayunu xain elan etdilər.

Eyko Aoki atama "İllərdir balıq axtarırdım, amma balina tutdum" deyərək, heyranlığını ifadə edib. Onun sözlərinə görə, sovet dövrünün bütün bəstəkarlarından yalnız Fərhəng Hüseynov onun Rusiya - Yaponiya münasibətlərinə həsr olunmuş bir opera yaratmağı arzusunu həyata keçirə bilərdi. Atam təklifi qəbul edib və gerçəkləşdirməyə başlayıb.

Ancaq bir çətin məqam yaranıb - musiqi heç cür öncədən təklif olunmuş librettoya uyğun gəlmirmiş. Onda o, librettonun yaradılmasını öz dostuna - çox istedadlı şair və musiqiçi Azik Əfəndiyə həvalə etmək qərarına gəlir. Birlikdə yorulmadan, gecə -gündüz çalışaraq bu şah əsəri yaradırlar. Diqqətini dağıtmamaq üçün atam bağa köçür və üç ay oradan çıxmadan bu tarixi əsəri tərtib edir.

- Hazırda atanızın əsərləri hansı səhnələrdə ifa olunur?

- Təbii ki, Yaponiya, İsrail, İsveç, Rusiya, İngiltərə, Türkiyə və Cənubi Amerikada. 2022-ci ildə «Kodayu»nu vətəndə tamaşaya qoymağı planlaşdırırıq. Axı, 2022-ci il "Azərbaycan və Yaponiya dostluq ili" elan edilib.

- Fərhəng Hüseynov yapon mədəniyyəti və ənənələri ilə mənəvi cəhətdən sıx bağlı idi. Yaponiya özünü ona nə ilə sevdirmişdi?

- Atam Yaponiyaya aşiq idi. Sonsuz sevgi, coğrafiyasını və tarixini bilməsi atama yapon koloritinin və mədəniyyətinin bütün mürəkkəbliklərini və çoxçalarlılığını mənimsəməkdə kömək etdi. Daha öncə heç zaman yapon musiqisini eşitməmiş atam öz intellekti və təhsili sayəsində bu ölkənin milli musiqi alətlərində çalmağı mükəmməl öyrənib.

- Atanız Bakı haqqında hansı xatirələrini bölüşməyi daha çox sevirdi?

- 90-cı illər haqqında. 1991-ci il onun yaradıcılığının Azərbaycanda tanınması baxımından əlamətdar olub. Onu Azərbaycanın qəhrəmanı adlandırırdılar, çünki Yaponiyada mükafat almağı və tanınmağı bacarmış ilk azərbaycanlı idi. Yeri gəlmişkən, atama bu müsabiqə haqqında mərhum Tofiq Quliyev xəbər vermişdi. Yaponiyadan qayıtdıqdan sonra atamın bu xəbəri verməyə tələsdiyi ilk şəxs Tofiq Quliyev idi. Atamın necə xoşbəxt olduğunu və sevindiyini təsəvvür edirsinizmi? Və əlbəttə ki, Tofiq müəllimə dərin minnətdarlıq hiss edirdi... Haradasa uzaq Yaponiyada Azərbaycan haqqında məlumat alırlar. Atamın musiqisi sayəsində.

- Yerli incəsənət xadimlərinndən Fərhəng müəllim daha kimlərlə dostluq edirdi?

- Çoxları ilə. Fərəc Qarayev, Oqtay Zülfüqarov, Firəngiz Əlizadə, Arif Məlikov, Fərhad Bədəlbəyli, Azad Əliyev, Fərəh Əliyeva, Polad Bülbüloğlu, Azər Rzayevlə. Azərbaycanın bütün musiqi və mədəniyyət xadimlərini çox sevir və hörmət edirdi.

- Atanız hansı mühitdə işləməyi xoşlayırdı?

- Özünü musiqi aləminə təslim etmək üçün evdə lazım olan hər şeyi - mütləq yaradıcılıq mühitini tapırdı. Amma onun əsas ilham pərisi anam idi. İstənilən bir işin əvvəlində onun fikrini və bəyənməsini eşitmək onun üçün həmişə vacib idi. Yalnız ona güvənirdi. O da – yalnız atama (gülümsəyir).

- Bəllidir ki, siz yaradıcı ailədənsiniz. Siz özünüz pianoçusunuz. Sizin musiqiçi kimi yetişməyinizdə atanızın rolu nə olub?

- Klassik musiqinin ayrılmaz parça olduğu bir ailədə böyümüşəm. Atam mənə əməyə və çoxsaatlıq gündəlik musiqi məşğələlərinə sevgi aşılayıb. O məni məşğələlərə böyük sevgi ilə yanaşmağı öyrədib.

- Fərhəng müəllimin gözəl musiqiçi ailəsindən başqa, çox sayda tələbələri olub. Kimi onun layiqli davamçısı hesab edirsiniz?

- Atam bu günə qədər Avropa və Amerikanın ən nüfuzlu orkestrlərində solo ifa edən tələbələrinin simasında böyük bir miras qoyub. Onların sırasında Berlindən Deniz Tahbereri, Öndər Baloğlunu, Ankaradan Özgür Baskını, İsraildən Bella Qelladovanı, Fərhad Ağamalızadəni, Ozan Uludağı, Yusuf Yalçını qeyd edə bilərəm. Hamısı onun musiqi və mədəniyyət məktəbinin davamçılarıdır.

- Atanızın hansı sözləri və ya göstərişləri sizi həyatınız boyu istiqamətləndirir?

-(düşünür) Onun gözlərində mən həmişə döyüşçü olmuşam ... O, mənim iradəmi və zəhmətə olan sevgimi xüsusi vurğulayırdı. Mənim atam üçün vicdanlı bir musiqiçi və insan olaraq qalmaq, sənətə sadiq olmaq həmişə vacib olaraq qalıb. Sonuna qədər! Bu mənim üçün də böyük bir nümunədir.

- Fərhəng Hüseynov çətin 90-cı illərdə ölkəsini dünya səhnəsində təmsil etdi...

- O vaxtlar ölkə üçün, həqiqətən, çox çətin idi - həm siyasi, həm də iqtisadi baxımdan. Atam Azərbaycanın musiqi mədəniyyətini tanıtmaq üçün əlindn gələn hər şeyi etdi. Çox təvazökar bir insan idi və bunu vəzifəsi hesab edirdi. Məsələn, çox fəxr edirdi ki, Yaponiyada mükafat qazandıqdan sonra Azərbaycan Dövlət Filarmoniyasında Rauf Abdullayevin rəhbərliyi altında qələbəsinə həsr olunmuş xüsusi konsert təşkil edilib. Qeyd etmək vacibdir ki, İpək Yolu müsabiqəsi atamın yaradıcılıq həyatında yeganə qələbəsi deyildi.

2000-ci ildə Paraqvayda məşhur Paraqvay bəstəkarı və dirijoru, quaraniya lirik mahnılar janrının yaradıcısı Xose Asunyon Floresə həsr olunmuş müsabiqə keçirilib – quaraniya Cənubi Amerikada yaşayan hindu qrupu xalqlarının mahnılarıdır. Atam bu yarışma üçün «Kapriccio Quarani» əsərini yazır. Nəticələrə görə, digər iştirakçılar tərəfindən təqdim edilən 100 digər iddiaçını keçərək atam birinci yerə layiq görülür və UNESCO-nun ən yüksək mükafatını alır. İtaliya, İspaniya, Argentina və digər Latın Amerikası ölkələrindən olan bəstəkarlardan və dirijorlardan ibarət münsiflər heyəti atamın yaradıcılığını yüksək qiymətləndirərək qeyd edib: "Milliyyətcə azərbaycanlı olsanız da, Paraqvayın milli bəstəkarısınız."

- Atanızın hansı peşəkar hədəfi və ya arzusu yerinə yetirilməmiş qaldı? Fərhəng bəy ən çox nəyi arzu edirdi?

- Sağlığında həyata keçməyən arzularından biri Azərbaycanda "Kraliça Aba" baletinin səhnələşdirilməsi idi. Həm də ömrünün son illərində Azərbaycan üçün simfoniyalar yazmaq istəyirdi. Ancaq təəssüf ki, bunu etmək alınmadı.

- Ancaq törəmələrinin və təbii ki, bizlərin yerinə yetirməyi bacardığımız arzuları qaldı. Axı, böyük şəxsiyyətlərin yaratdığı hər şeyi canlandırmaq və qorumaq bizim borcumuzdur.

- Əlbəttə. Mən də inanıram ki, birlikdə səy göstərəcəyik ki, Fərhəng Hüseynovun yerinə yetirilməmiş bütün arzuları gerçəkləşsin, həmçinin onun yaradıcılığını nəsildən-nəslə ötürəcəyik.



MƏSLƏHƏT GÖR:

253