Müəllif: Xəzər AXUNDOV
Dünyanın bütün turizm istiqamətlərinə misli görünməmiş ziyan vuran pandemiya böhranı hələ də Azərbaycanın istirahət sektorunu öz məngənəsində tutmaqda davam edir. Lakin bu yay bölgələrə səfər məhdudiyyətlərinin götürülməsi və kütləvi peyvənd tədbirləri ilə bağlı olaraq ölkədə istirahət üçün əlverişli meyil müşahidə olunur.
Bərpa elə tez olmayacaq
BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) məlumatına görə, 2021-ci ilin yanvar-may aylarında beynəlxalq turizm gəlirlərinin azalması pandemiyadan əvvəlki 2019-cu ilin uyğun dövrü ilə müqayisədə 85%-ə çatıb. Bu ilin beş ayında dünya üzrə beynəlxalq gəzintilərin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 147 milyon azalıb və bu rəqəm 2019-cu illə müqayisədə 460 milyon azdır.
Bu günlərdə nəşr olunan UNWTO hesabatında bildirilir ki, turizm tarixində ən böyük böhran ikinci ildir davam edir. May ayında dünyanın bir sıra ölkələrində karantin məhdudiyyətlərinin yumşaldılmasından sonra və xüsusilə də, Avropa Birliyi ölkələri tərəfindən səyahətçilər üçün rəqəmsal "yaşıl" sertifikatlar tətbiq edildikdən sonra sərhədyanı səyahətlərdə cüzi artım meyli qeydə alınır. Bununla belə, daha təhlükəli COVID-19 ştammlarının yayılması fonunda karantin yenidən qayıtdı. Uyğun olaraq, istirahət sektoru üzrə göstəricilər də dəyişdi - iyun -iyul aylarında daxili turizmin inkişaf templəri beynəlxalq səyahətlərin dinamikasını bir neçə dəfə qabaqlayır.
UNWTO ekspertlərinin fikrincə, COVID-19 pandemiyası ilə bağlı sahənin qlobal itkilərindən sonra dünya turizmi böhrandan əvvəlki səviyyəsini 2023-cü ildən tez bərpa edə bilməz. Hələ ki, ölkələrin 64%-dən çoxu turistlər üçün tam və ya qismən bağlıdır. Karantin məhdudiyyətlərinin səviyyəsini aşağı salmış ölkələrə, əksər hallarda yalnız pandemiya təhlükəsi həddindən artıq aşağı olan ölkələrdən qonaqlar buraxılır, həmçinin tam peyvənd kursunu keçmiş tətilçilərə giriş icazəsi verilir.
Peyvəndləşmə əsas stimuldur
UNWTO ekspertləri tərəfindən qeyd edilən və əksəriyyəti Azərbaycanda da müşahidə olunan mənfi meyillər gələn (incoming) və gedən (outgoing) turizmin dinamikasının yaxşılaşmasına mane olur. Əlbəttə ki, keçən ilin pandemiya piki ilə müqayisədə hələ də müəyyən müsbət dinamika var. Bu, ilk növbədə, onunla bağlıdır ki, iyulun sonuna ölkədə peyvənd edilmiş vətəndaşların ümumi sayı 4,6 milyona yaxınlaşıb və onlardan, demək olar ki, 2 milyonu iki dozada koronavirus əleyhinə preparat vurdurub. Azərbaycanın peyvənd sahəsində aşkar uğurları ölkəmizdə istirahəti nisbətən təhlükəsiz edir və bu meyar yay tətilinin ehtimal olunan risklərini qiymətləndirən xarici vətəndaşlar üçün son dərəcə vacibdir.
10 iyun 2021-ci ildən etibarən Türkiyə və Rusiya ilə avia əlaqələrin bərpasından sonra Azərbaycana gələnlərin sayı bir qədər artıb ki, bunda həm də bir ay əvvəl Bakıda keçirilən futbol üzrə Avropa Çempionatının oyunlarının da payı var. Ölkəyə, təxminən, 20 min türk fanat gəlmişdi və rusiyalı turistlərin hotel sifarişləri də nəzərəçarpacaq dərəcədə artmışdı. İyunun 21-dən etibarən Nazirlər Kabineti yanında Operativ Qərargah ABŞ, Bəhreyn, BƏƏ, Böyük Britaniya, İsrail, Macarıstan, Qətəri yüksək səviyyədə peyvənd edilən ölkələr siyahısına daxil etdi - bu ölkələrdən gələn turistlərin də Azərbaycana girişinə icazə verilir.
Balneoloji turizm də xarici turistləri cəlb etmək üçün perspektivli bir sahəyə çevrilə bilər. İyun ayından etibarən "TurStat" kimi müxtəlif turizm internet resurslarında və postsovet ölkələrinin mediasında ölkənin müalicəvi kurortlarına - Naftalan, Qalaaltı, Duzdağ, İstisuya olan marağın bərpasını təsdiqləyən çox sayda reklam dərc olundu. Rusiya bazarında ən böyük maraq Naftalan kurortuna göstərilir. Bu istiqamətin perspektivli olduğunu burada Naftalan mərkəzi sanatoriyasının açılışının baş tutması da göstərir.
«Naftalanda yeni bir tibb müəssisəsinin açılışı əlamətdar bir hadisədir, bu şəhər turizm mərkəzlərindən birinə çevrilməlidir. Son 15 ildə bura böyük sərmayələr cəlb edildi, artıq 13 mehmanxana və sanatoriya fəaliyyət göstərir, turistlər üçün 2,3 mindən çox yer yaradılıb və bu proses davam edir», - deyə Azərbaycan Prezidenti İlham Əliyev yeni istirahət obyektinin açılışı zamanı bildirib.
Aviabiletlərin bahalılığı
Müalicə istiqamətləri də daxil olmaqla, gələn (incoming) turizmin yay trafiki ilə bağlı son məlumatlar sentyabr ayına aydın olacaq. Əlbəttə ki, xarici qonaqların sayında önəmli bir artıma inanmaq çətindir. Beynəlxalq səyahət təhlükəsizliyi protokollarının hələ də razılaşdırılmaması sərhədlərarası turizmin tam bərpasına mane olur.
Azərbaycana gəldikdə, ilk növbədə, kütləvi büdcəyə uyğun sərnişin uçuşları problemini və bunun nəticəsi kimi təyyarə biletlərinin baha olmasını qeyd etmək lazımdır. Beynəlxalq Mülki Aviasiya Təşkilatının məlumatına görə, təkcə keçən il sərnişin daşımalarının həcmi 60% azalıb və nəticədə, aviaşirkətlər 370 milyard dollar ziyana düşüblər.Qlobal sərnişin aviasiyası bazarı yarım illik böhrandan nisbətən yaxın zamanlarda çıxmağa başlayıb. Aviaşirkətlər (büdcəyə uyğun loukosterlər də daxil olmaqla) böyük itkilərin əvəzini çıxarmağa çalışırlar, 2021-ci ilin yazından etibarən neftin qiymətinin artması üzündən yanacağın qiymətindəki kəskin artımdan danışmağa belə dəyməz. Uyğun olaraq, bu gün dünyanın bir çox ölkələrində aviabiletlərin qiyməti böhran öncəsi 2019-cu ilin göstəricilərini xeyli üstələyir.
Bu obyektiv amillər Azərbaycanın aviasiya bazarına da təsir göstərir. Belə ki, yay mövsümündə ən populyar olan Türkiyə istiqamətində Bakı-İstanbul-Bakı marşrutu üzrə uçuş Türk Hava Yollarından ən az 800 manata başa gəlir, digər avia şirkətlərin qiymətləri isə daha yüksək ola bilər. Təəssüf ki, bir çox ölkə ilə avia əlaqənin bərpasına baxmayaraq, milli hava daşıyıcısı AzAL biletlərin qiymətini aşağı salmağa tələsmir. Bu yaxınlarda bu problem Milli Məclisdə müzakirə edildi və millət vəkilləri AzAL-ı qiymət siyasətinə yenidən baxmağa çağırdılar. Öz növbəsində, Azərbaycan Turizm Bürosunun icraçı direktoru Florian Zenqstşmid hesab edir ki, beynəlxalq uçuşların aşağı qiyməti Azərbayjana səfər etmək istəyən xarici turistlər üçün əsas stimuldur. “Bir turizm təşkilatı olaraq, biz əlçatar nəqliyyat xidmətlərinin mövcudluğunun önəmini anlayırıq, bunun üçün dövlət və özəl sektordakı tərəfdaşlarla uyğun danışıqlar aparırıq. İnanırıq ki, bu məsələ yaxın vaxtlarda öz həllini tapacaq”, - deyə icraçı direktor vurğulayıb.
Aydındır ki, xarici loukosterlərin Azərbaycana uçuşlara kütləvi şəkildə yenidən başlamasından və aviaşirkətlərin tarif siyasətinin sabitləşməsindən yalnız 2022-2023-cü illərdə böhran aradan qaldırıldıqdan sonra danışmaq mümkün olacaq. Hələ ki, avia daşıyıcıların xidmətlərinin yüksək qiymətləri nəinki gələn, həm də gedən turizmi əngəlləyir. Azərbaycan turizm agentliklərinin qiymətləndirməsinə görə, cari tətil mövsümündə ölkə vətəndaşlarının xarici səfərlərinin təxminən 70%-i turizmlə bağlı deyil. Bunlar əsasən işçilərin kommersiya və işgüzar səfərləri, həmçinin tələbələrin gedişləri və müalicə üçün gedişləridir.
Öz evində
Beləliklə, bu yay Azərbaycan vətəndaşlarının əsas tələbi - Azərbaycanın bölgələrində istirahət etməkdir ki, bu, UNWTO konsepsiyasına tamamilə uyğun gəlir. Qurumda düşünürlər ki, 2021-ci ildə dünya ölkələri sahənin canlandırılması üçün ilk addım kimi daxili turizmin stimullaşdırılmasına yönəlməlidirlər.
Qeyd etmək lazımdır ki, Azərbaycanın istirahət potensialı bütünlükdə yetərincə imkanlara malikdir və vətəndaşların tam keyfiyyətli istirahət etməsinə imkan verir. Son iyirmi ildə ölkədə təxminən 40 min istirahətçini eyni vaxtda qəbul etməyə nəzərdə tutulmuş 600-ə yaxın mehmanxana tipli obyekt yaradılıb. İnkişaf etmiş istirahət infrastrukturu – iaşə sahəsi, əyləncə, idman obyektləri, balneoloji obyektlər yaradılıb. Son illərdə ekoloji turizmin və kənd turizminin populyarlaşması fonunda bölgələrdə minlərlə fərdi sahibkar, eləcə də fermerlər səyahətçilər üçün mənzil kirayəsi xidmətləri göstərir. Bütün bunlar, o cümlədən bölgələrə sərnişin daşımalarının bərpası deməyə əsas verir ki, bu yay bölgələrdə yerləşən otellərin, pansionatların və istirahət zonalarının doluluq göstəricisi nisbətən yüksək səviyyədə olacaq.
Dövlət Turizm Agentliyinin məlumatına görə, cari tətil mövsümündə əlverişli epidemiolojci vəziyyət davam edərsə, bölgələri istirahət və səyahət yeri olaraq seçmiş ölkə vətəndaşlarının sayında 50 faizlik artım olacağına ümid etmək olar.
İlkin məlumatlara görə, yayın əvvəlindən turizm sektorunda əsas ödəniş qabiliyyətli tələbat Azərbaycanın bölgələrində yerləşən kurort zonalarına yönəlib. Ölkənin qərbində yerləşən Qəbələ, İsmayıllı, Şəki rayonlarında istirahətə böyük tələbat var, ənənəvi olaraq Quba, Xaçmaz və Qusar rayonlarının istirahət zonalarında, həmçinin dəniz sahilində, Lənkəran zonasının dağlarında və meşələrində sıxlıq müşahidə edilir.
«Ənənəvi» qiymət artımı
Bununla yanaşı, xaricə çıxış imkanlarının olmaması və ölkənin bölgələrinə istirahətçi turizm xidmətlərinin qiymətlərinin artması ilə nəticələnib. Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, bölgələrdə istirahət qiymətləri pandemiyadan öncəki ilə müqayisədə xeyli artıb və bu gün bəzi sahibkarlar "qısa müddətdə daha çox gəlir" prinsipi ilə işləyirlər.
Fərdi sektorda ev kirayəsinin qiyməti də xeyli artıb. Əgər 2018-2019-cu illərdə dörd nəfərlik bir ailə üçün bir otağın kirayəsi gündəlik, orta hesabla, 20-30 manata başa gəlirdisə, indi bir sıra "təşviq edilən" kurortlarda qiymətlər 35 manatdan 50 manata qədər dəyişir.
Paytaxt sakinləri arasında daha çox populyar olan çimərlik tətili bölgələrində də qiymətlərdə ciddi artım qeydə alınıb. İki il əvvəl Abşeron sahillərində içərisində masa, stul və şezlonq olan bir çardağın kirayəsi 5-10 manata başa gələn bir çox çimərliklərdə indi qiymətlər 1,5-2 dəfə artıb. Çimərlik biznesi sahibkarları pandemiya dövrünün itkilərini kompensasiya etməyə çalışırlar və xarici qonaqların, demək olar ki, tamamilə olmaması fonunda qiymət fərqi orta statistik vətəndaşın çiyninə düşür. Təəssüf ki, xidmət keyfiyyəti, özəl çimərliklərin və dəniz suyunun təmizliyi əvvəlki, yetərincə aşağı səviyyədə qalıb. Xoş istisna kimi IDEA ictimai birliyinin təşəbbüsü ilə pandemiyadan əvvəl yaradılmış bir neçə bələdiyyə çimərliyini göstərmək olar. Bu cür çimərliklərə giriş və avtomobil dayanacağı pulsuzdur, stullar və şezlonqlar minimal qiymətlərlə icarəyə verilir və nəhayət burada daha təmizdir, duş və digər xidmətlər mövcuddur.
zərbaycan Hotellər və Restoranlar Assosiasiyasının idarə heyətinin sədri Samir Dübəndinin sözlərinə görə, Azərbaycanda dəniz və çimərlik istirahəti üçün böyük və hələ də tam istifadə olunmamış potensial var. Bu perspektivlər dövlət başçısı tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı”nında ən tam şəkildə təqdim edilib. S.Dübəndinin sözlərinə görə, "Fəaliyyət Planı"nda nəzərdə tutulan bəzi təşəbbüslərin gerçəkləşdirilməsi pandemiya dövründə obyektiv səbəblər üzündən təxirə salınıb. Gələcəkdə turizm sektorundakı böhran aradan qalxdıqca, Xəzərdə turizm infrastrukturunun inkişafını davam etdirmək lazımdır. Assosiasiya rəhbəri, özəlliklə, xarici turistləri cəlb etmək üçün dəniz turizmi üçün bir sıra prioritetlərdən danışıb. Bu sıraya dayvinq və yelkən turizminin inkişafını, həvəskarlar üçün balıq tutulmasının təşkilini, habelə Xəzər regionu ölkələri ilə birgə dəniz kruizlərinin gerçəkləşdirilməsini aid edib.
Son nəticədə, pandemiya yerli turizm sektorunun işinə yaramalıdır, infrastrukturu, xidməti və qiymət siyasətini yaxşılaşdırmağa sövq etməlidir. Əsas odur ki, bundan yararlanaq və fürsəti əldən verməyək.
MƏSLƏHƏT GÖR: