26 Noyabr 2024

Çərşənbə axşamı, 00:29

QAZ VERMƏK LAZIMDIR

Avropa Azərbaycan qazını qəbul etmək üçün yeni infrastrukturun yaradılmasını sürətləndirir

Müəllif:

01.08.2021

İyul ayında Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) səhmdarları boru kəmərinin gücünü iki dəfə artırmaq üçün bazar araşdırmalarına başladıqlarını elan ediblər. Tədbirin məqsədi yükgöndərənlərin TAP-ın yeni uzunmüddətli potensialı ilə maraqlanıb-maraqlanmadıqlarını öyrənmək və sonrakı mərhələdə onların buna çıxışlarını təmin etməkdir.

Özəlliklə də, Avropa İttifaqı ölkələrinin tək qaz təchizatçısından asılılığı azaltmaq istəyi nəzərə alınarsa, testin nəticələrinin müsbət olacağına şübhə yoxdur. Məsələn, Bolqarıstan təkcə TAP vasitəsilə təbii qaza olan tələbatının 33%-ni təmin edərək, tədarük təhlükəsizliyini artıra bilər.

Rusiyanın Avropaya qaz nəqli üçün yeni bir infrastruktur («Şimal axını – 2» layihəsini) istismara vermək və bu bazarda mövqeyini daha da gücləndirmək üzrə planları nəzərə alınarsa, avropalıların alternativ mənbələrə marağının yalnız artacağını söyləmək olar.

 

TAP-2 testi

Bu mərhələdə TAP ilə Avropaya ildə 10 milyard kubmetr Azərbaycan qazının göndərilməsi planlaşdırılır: İtaliyaya - 8 milyard kubmetr, Yunanıstana – 1 milyard kubmetr, Albaniyaya - 1 milyard kubmetr. TAP ilə ticari nəqlə 31 dekabr 2020-ci il tarixdə başlanıb. 2021-ci ilin 6 ayı ərzində avropalı istehlakçılar Azərbaycandan 3 milyard kubmetrdən çox "mavi yanacaq" alıblar. Beynəlxalq Enerji Agentliyi bu il Azərbaycan qazının TAP ilə Avropaya ixracının 5-5,5 milyard kubmetr səviyyəsində olacağını proqnozlaşdırır.

Öz növbəsində Azərbaycan hökuməti əmindir ki, gələcəkdə nəql həcmi artacaq.“Yanvarın 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Əlbəttə ki, Avropa bazarına ixrac olunacaq təbii qazın həcmi artacaq”, - deyə Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurasının Prezidenti Şarl Mişellə birgə mətbuat konfransında bildirib. O, vurğulayıb ki, son 15 il ərzində Azərbaycan Avropa istehlakçılarına etibarlı xam neft tədarükçüsüdür.

"Sözsüz ki, qaz təchizatçısı kimi bizim potensialımız artacaq və bu, ixracatçı olaraq bizim üçün, tranzit ölkələr üçün və istehlakçılar üçün daha çox imkanlar yaradacaq. Çünki Azərbaycan qazı təkcə yeni marşrutdan olan qaz deyil, yeni mənbədən olan qazdır və bu, Cənub Qaz Dəhlizi layihəsini, həqiqətən də, enerji təhlükəsizliyi layihəsinə çevirir”, - deyə Azərbaycan lideri əlavə edib.

İndi Cənub Qaz Dəhlizinin bütün komponentləri işə düşəndən sonra, gələcəyi düşünməyin və bu qaz nəqli infrastrukturunun gücünün artırılması imkanlarını ətraflı öyrənməyin vaxtı çatıb.

İyulun 12-də «Trans Adriatic Pipeline» AG (TAP AG) konsorsiumu, boru kəmərinin tutumunu indiki ildə 10 milyard kubmetr qaz səviyyəsindən iki qat artırmaqla bağlı könüllü bazar sınağı mərhələsinə başlayıb. “2021-ci ilin bazar sınağı yükgöndərənlərin TAP-ın genişləndirilməsi çərçivəsində gələcək potensiala olan maraqlarını ifadə etmək imkanı verir. Biz həm də TAP marşrutu boyunca yeni çıxış nöqtələri tələb etməyə də imkan veririk", - deyə TAP AG-nin kommersiya direktoru Mariya Savova bildirib.

Boru kəmərinin ötürmə qabiliyyətinin genişləndirilməsi üçün üç əsas ssenari nəzərdən keçirilir: məhdud – ildə 14,4 milyard kubmetrədək, qismən - 17,1 milyard kubmetrədək və tam - 20 milyard kubmetrədək..

"TAP-ın ilkin gücü mərhələlərlə iki dəfəyə qədər artırıla bilər. Bu, xüsusilə Cənub-Şərqi Avropada daha təmiz enerjiyə keçidi dəstəkləyən əlavə qaz resurslarının Avropa bazarlarına çatdırıla biləcəyi deməkdir", - deyə TAP-ın icraçı direktoru Luka Şippati bildirib.

 

Şaxələndirmə yolunda

Hələ ki, TAP səhmdarları qaz kəmərinin genişləndirilməsi imkanlarını araşdırır, Avropada artıq interkonnektorların çəkilməsi üzərində fəal iş gedir ki, bu, digər Avropa İttifaqı ölkələrinə də TAP vasitəsilə ötürülən Azərbaycan qazına çıxış əldə etməyə imkan verəcək. Bu baxımdan, Avropa İttifaqının enerji bazarının təhlükəsizliyini və rəqabət qabiliyyətini təmin etmək üzrə yeddi prioritet layihədən biri sayılan Yunanıstan-Bolqarıstan qaz kəmərinin (Interconnector Greece-Bulgaria, IGB) tikintisinə çox diqqət yetirilir. Layihə Bolqarıstan və Cənub-Şərqi Avropa bölgəsi üçün qaz mənbələrinin və qaz nəqlinin şaxələndirilməsi baxımından önəmlidir. Bu qaz kəməri vasitəsilə Bolqarıstan TAP-dan 1 milyard kubmetr həcmində Azərbaycan təbii qazı alacaq, birləşdirici keçid isə Alekandropolisdəki terminal vasitəsilə ABŞ, Qətər, Əlcəzair, İsrail, Misir və digər ölkələrdən mayeləşdirilmiş təbii qaz (LNG) almaq imkan yaradacaq.

Layihənin Bolqarıstan üzrə rəhbəri Teodora Georgiyeva bildirib ki, qaz boru kəmərinin inşası razılaşdırılmış müddətlərə uyğun olaraq qrafik üzrə gedir. Gözlənilir ki, infrastruktur 2021-ci ilin sonunda hazır olacaq.

Rumıniya da IGB qaz kəmərinin tamamlanmasını səbirsizliklə gözləyir. Rumıniyanın energetika naziri Vircil Daniel Popeskunun sözlərinə görə, Bolqarıstan-Yunanıstan interkorrektorunun tikintisi başa çatdıqdan sonra, Rumıniya 2022-ci ilin iyuluna TAP-dan Azərbaycan qazını almağa hazır olacaq. Onun sözlərinə görə, IGB Şaquli Dəhlizin (Yunanıstandan Bolqarıstan üzərindən Rumıniyaya gedən magistral qaz kəmərinin) işə salınmasına, habelə Azərbaycan qazının və Yunanıstan limanlarından LNG-nin BRUA-ya (Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya qaz kəmərinə) çatdırılmasına imkan yaradacaq.

Bundan başqa, iyul ayının birinci yarısında Yunanıstan və Şimali Makedoniya hökumətləri yeni bir qaz kəməri çəkməklə bağlı razılıq əldə ediblər ki, bu da makedoniyalıların TAP-a qoşulmasına imkan verəcək.

Boru kəməri Yunanıstanın Nea Mesimvria şəhərindən Makedoniyanın şimalındakı sərhəd Gevgeliya şəhərinə kimi çəkiləcək. Layihənin dəyəri 130,6 milyon dollar olaraq qiymətləndirilir. Şimali Makedoniya bu boru kəməri ilə TAP-dan gələn Azərbaycan təbii qazı və ehtimal ki, Yunanıstanın Revitussadakı LNG terminalından qaz alacaq.

Hazırda Rusiya tərəfindən qazla təmin olunan Serbiya da təchizat mənbələrini şaxələndirməyə çalışır. “Serbiya Cənub Qaz Dəhlizi ilə Azərbaycan qazının idxal edilməsində maraqlıdır və bu səbəbdən, Bolqarıstanla interkonnektorun həddindən tez tikilməsi çox vacibdir ki, bu, qaz təchizatı marşrutlarının və təchizatçılarının daha da şaxələndirilmsinə imkan verəcək. Yunanıstan və Bolqarıstan arasında interkonnektorun tikintisindən sonra, təbii qazı Yunanıstanın LNG terminalından, eləcə də TAP-dan Serbiyaya çatdırmaq mümkün olacaq”, - deyə baş nazirin müavini, Serbiyanın mədən və energetika naziri Zorana Mixayloviç bildirib.

Bolqarıstanla Serbiya arasında Azərbaycan qazının nəqlini nəzərdə tutan Niş-Dimitrovqrad qaz kəmərinin çəkilməsinə 2021-ci ilin dördüncü rübündə başlanacaq. Onun 2023-cü ilin ortalarında işə salınması planlaşdırılır.  

“Bu boru kəməri sayəsində TANAP və TAP da daxil olmaqla, digər potensial təchizatçılarına qoşula biləcəyik. Bu kontekstdə iki ölkə arasında enerji sahəsində əməkdaşlığın gücləndirilməsi və gələcəkdə daha yüksək səviyyəyə qaldırılması üçün bir çox imkanlar var”, - deyə Z. Mixayloviç bildirib.

Onun sözlərinə görə, Türkiyə ilə Bolqarıstan arasında interkorrektorun tikintisi TANAP vasitəsilə Serbiyaya qaz nəqlinə imkan verəcək.

Mayın ortalarında Serbiya hökuməti Avropa İnvestisiya Bankı ilə Nis-Dimitrovqrad qaz kəmərinin tikintisi üçün kredit müqaviləsi imzalayıb. 25 milyon avroluq kreditə əlavə olaraq daha öncə EU IPA proqramı çərçivəsində, təxminən, 50 milyon avro verilmişdi. Qalan vəsait dövlət tərəfindən ayrılacaq.

Macarıstan da Azərbaycan qazını almağa ümid edir. Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun sözlərinə görə, Cənub Qaz Dəhlizin çıxış IGB vasitəsilə, eləcə də Macarıstan və Serbiya arasında tikintisi 2021-ci ilin sonuna qədər başa çatacaq interkorrektor vasitəsilə mümkün olacaq.

 

Maneəısiz finişə doğru

Qaz təchizatının şaxələndirilməsi bu gün Avropa İttifaqı (Aİ) ölkələri üçün əsas məsələ olaraq qalır və bu səbəbdən, qitədə Rusiya qazından asılılığı azaltmaq üzrə sistemli işlər aparılır. Əlbəttə ki, Cənub Qaz Dəhlizi Aİ bazarlarına "mavi yanacaq" nəqlinin strukturuna kiçik bir töhfə verir, ancaq unutmaq lazım deyil ki, bu qaz nəqli infrastrukturunun hətta iki dəfə artan gücü «Qazprom» üçün ciddi rəqabət yaratmaq üçün yetərli olmayacaq.  

Bu baxımdan, Aİ -nin müəyyən ümidləri Mərkəzi Asiya bölgəsinin, məsələn, Türkmənistanın qazı ilə bağlıdır, lakin Aşqabadla danışıqlar hələ ki, istənilən nəticəni verməyib. Ola bilsin ki, məsələ ilə bağlı avqustda ilk addımlar atılsın. Hazırda Türkmənistan elə Xəzər sahilində "Avaza" milli turizm zonasında Türkmənistan, Azərbaycan və Türkiyə liderlərinin iştirakı ilə keçiriləcək üçtərəfli zirvəyə hazırlaşır.

21 yanvar 2021-ci ildə Aşqabadda Türkmənistanla Azərbaycan arasında Xəzərdəki «Dostluq» karbohidrogen yatağının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə Anlaşma Memorandumunun imzalanması ilə bağlı olaraq, üç ölkə prezidentləri arasında danışıqların əsas mövzularından birinin Türkmənistanın enerji ehtiyatlarının Avropaya çıxarılmasının mümkünlüyü barədə müzakirənin olacağı gözlənilir.  

Bununla belə, Rusiya "Şimal axını 2" qaz kəmərinin ikinci qolunun çəkilişini avqustun sonunda başa çatdırmağa və hər iki qolu bu ilin sonuna qədər istifadəyə verməyə hazırlaşır. ABŞ-ın bu layihəyə qarşı 2019-cu ildə tətbiq etdiyi sanksiyalar, Vaşinqtonun Berlinə Rusiya qaz kəmərinin çəkilməsindən imtina etməsi ilə bağlı təzyiqləri gözlənilən effekti vermədi. Almaniya kansleri Angela Merkellə Ağ Evin yeni administrasiyasının rəhbəri Co Baydenin görüşündə ABŞ-ın Almaniyanın ərazi sularında qaz kəmərinin tikintisinin tamamlanmasına müdaxilə etməyəcəyi barədə razılaşma əldə edildi. Bunun müqabilində Almaniya Rusiya qazının Ukrayna ərazisindən tranziti ilə bağlı mövcud müqaviləni 2024 -cü ildə – cari beş illik müqavilənin müddəti bitdikdən sonra daha 10 il uzadacaq.

Xatırladaq ki, «Şimal axını – 2»yə Rusiya sahillərindən Baltik dənizi vasitəsilə Almaniyaya qədər uzanın və birgə ötürmə gücü ildə 55 milyard kubmetr olan iki qaz kəməri daxildir. Birinci xəttin tikintisi iyunun 4-də başa çatıb.

Layihənin tərəfdarları hesab edirlər ki, "Şimal axını - 2" qaz kəmərinin işə salınması Rusiyaya yeni yataqlarından ən qısa marşrutla Avropaya qaz nəqlini artırmağa imkan verəcək. Özü də, gələcəkdə bu kəmərlə hidrogen də nəql edilə bilər. Tənqidçilər isə əmindirlər ki, bu boru kəməri Avropanın Rusiya qazından asılılığını artırmaq məqsədi daşıyır. Əgər belədirsə, bu, Avropa istehlakçılarını heç bir tərəddüd etmədən Xəzər qazının Avropaya ixracı üçün qaz nəqli infrastrukturunun gücünün artırılması barədə qərar qəbul etməyə sövq edəcək.



MƏSLƏHƏT GÖR:

221