25 Noyabr 2024

Bazar ertəsi, 00:18

DAŞLARI TOPLAMAQ VAXTIDIR

Regionda yeni siyasi reallıq: Azərbaycan sürətləndirir, Ermənistan ləngidir

Müəllif:

01.08.2021

Əsas regional və qeyri-regional aktorlar 44 günlük müharibədən sonra yaranmış reallıqlara əsaslanan yeni geosiyasi və geoiqtisadi gerçəklikləri qəbul edirlər. Yalnız Ermənistan elə davranır ki, sanki müharibə regionda heç nəyi dəyişməyib. Yerevan məhz belə görüntü yaratmaq üçün köhnə gündəmə qayıtmalı olduğunu deyir, yeni ahəngdə də olsa, «köhnə mahnılar»ı oxuyur. Azərbaycan isə əksinə, hər kəsə israrlı şəkildə göstərir ki, keçmişə qayıdış mümkün deyil. Bu mənada, Prezident İlham Əliyevin Moskvaya bu yaxınlarda etdiyi səfər də əlamətdar olub.

 

Kreml kompromisə görə minnətdardır

Maraqlıdır ki, Azərbaycan Prezidenti Moskvaya səfəri özü üçün ən əlverişli dövrdə edib. Hər halda, o, Rusiyaya erməni və rus siyasətçilərinin silsilə qarşılıqlı səfərləri, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında telefon danışıqlarından sonra yollanıb. Demək, İlham Əliyevin qarşısında baş verənlərlə bağlı tam mənzərə formalaşıb, bu isə ona əvvəlki təmasların nəticələrinə köklənmək imkanı yaradıb.

Keçmişə aid müəyyən təhlillər apardıqda ortaya bəzi maraqlı məqamlar çıxır. Məsələn, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanda keçirilmiş parlament seçkisindən cəmi üç gün sonra Rusiyanın dövlət başçısına zəng edib. O zaman prezidentlər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyannamənin reallaşdırılması ilə bağlı vəziyyəti müzakirə ediblər. Güman ki, Bakı N.Paşinyanın seçkini qazanmasının ardından erməni tərəfinin üçtərəfli bəyannamənin müddəalarının reallaşdırılmasını sürətləndirməsini istəyib. Söhbət erməni hərbçilərinin Azərbaycan ərazilərindən tam çıxarılmasından və digər məsələlərdən gedir.

Xatırladaq ki, bu məsələlər Rusiya baş nazirinin müavini Aleksey Overçukun iyulun 13-də Bakıya etdiyi səfər zamanı da müzakirə olunub. Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli komissiyasında Moskvanı məhz bu şəxs təmsil edir. Overçukun Bakıya səfəri çərçivəsində əsas müzakirə mövzusu üçtərəfli komissiyanın fəaliyyətinin bərpası, regionda kommunikasiyaların açılması prosesinin sürətləndirilməsi ilə bağlı olub. O zaman tərəflər komissiyanın fəaliyyətinin tezliklə bərpasında, qalan məsələlərin isə ardıcıl şəkildə həllində maraqlı olduqlarını təsdiqləyiblər.

İlham Əliyevin Moskva səfərinə gəlincə, son dərəcə önəmli hadisə Vladimir Putinin həmkarına Qarabağ münaqişəsinin həllində kompromisə getdiyi üçün təşəkkürünü bildirməsidir. Bununla, Putin Ermənstanın qeyri-ardıcıl əməlləri qarşısında Bakının təmkin nümayiş etdirməsinin Moskvada yüksək qiymətləndirildiyini göstərib.

Dövlət başçılarının görüşü 2 saatdan çox çəkib. Demək, regional və ikitərəfli münasibətlərlə bağlı vacib məsələlər detallı şəkildə müzakirə olunub.

 

Moskva göz yaşlarına inanmır

Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın Moskvaya iyulun 7-də etdiyi səfər Azərbaycan Prezidentinin səfərindən tam fərqli keçib. Bu, hakim «Vətəndaş müqaviləsi» partiyasının parlament seçkisində qazandığı qələbədən bir neçə həftə sonra baş tutmuş işgüzar səfər idi. Odur ki, səfər çərçivəsində tərəflər arasında heç bir sənəd imzalanmayıb. Bundan başqa, bu, həm də Paşinyanın qələbədən sonra ilk xarici səfəri idi. Demək, İrəvan üçün Moskva əsas tərəfdaş olaraq qalır. Ermənistanın siyasi rəhbərliyi həm daxili siyasi və iqtisadi, həm də xarici siyasi məsələləri Rusiya ilə dialoq çərçivəsində həll edir.

İndiki mərhələdə İrəvan üçün, ilk növbədə, sərhəd məsələlərinin həllində Rusiyanın dəstəyi vacibdir. Ermənistanda istəyirlər ki, Moskva bu məsələdə Bakıya təzyiq göstərsin, Azərbaycan tərəfinin sərhədlərin delimitasiyası və demarkasiyası prosesini ləngitməsinə nail olsun. Azərbaycanın fəal şəkildə sərhəd infrastrukturu yaratdığı bir vaxtda Ermənistan buna adekvat reaksiya vermək üçün lazımi vəsaitə malik deyil. Ermənistanın istər maliyyə, istərsə də hərbçilərin sayının artırılmasına ehtiyacı var. Bu işi İrəvan məhz Rusiya hərbçilərinin hesabına çözməyə çalışır. Lakin sonuncular sərhəddə monitorinq keçirdikdən sonra prosesə xüsusi maraq göstərməyiblər. Bunu Rusiya prezidentinin mətbuat katibi D.Peskov da təsdiqləyib. Onun sözlərinə görə, Moskva Ermənistan-Azərbaycan sərhədinə sülhməramlı və ya sərhədçilər yerləşdirmək niyyətində deyil. Üstəlik, Rusiya Bakı ilə qarşıdurmaya getmək də istəmir. Çünki bunun onun üçün lazımsız, lakin ciddi geosiyasi çətinliklər yaradacağını anlayır.

Bakı ilə İslamabada KTMT-də tərəfdaş statusunun verilməsi haqda söz-söhbətin yayıldığı bir vaxtda Ermənistan buna qəti etirazını bildirir. Halbuki Rusiya Azərbaycan və Pakistanla hərbi-siyasi və hərbi-texniki sahələrdə dialoqu fəal şəkildə inkişaf etdirmək niyyətindədir. Moskva buna o cümlədən, KTMT çərçivəsində nail olmaq istəyir. Belə bir vəziyyətdə Bakı ilə dialoqda çətinliklər, üstəlik, Ermənistanın xeyrinə olan çətinliklər Moskvaya gərək deyil.

Moskva İrəvanla arasındakı mümkün ziddiyyətlərə (Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı) Ermənistanın təhlükəsizliyinə ciddi zəmanət verməklə, eyni zamanda İrəvanın Bakı ilə İslamabada KTMT-də tərəfdaş statusu verilməsinə etiraz etməməsi şərti ilə son qoya bilər. Məlum olduğu kimi, Ermənistan Sünik vilayətində Rusiya hərbçilərinin mövqeyinin gücləndirilməsini istəyir, Bakıya güc yolu ilə təzyiq göstərilməsi üçün səylərini əsirgəmir. Buna isə o, yenə də Moskvanın əli ilə nail olmağa çalışır.

Lakin Kreml Paşinyanın yalvarışlarını eşitmir. Rusiya danışıqları öz maraqlarına uyğun məcraya yönəltməyə çalışır, bu isə postmünaqişə dövrünün reallıqlarının dayanıqlılığının möhkəmləndirilməsidir. Moskvada yaxşı anlayırlar ki, regionda baş verəcək istənilən yeni qarşıdurma xarici oyunçuların fəallaşmasına səbəb olacaq, bunun isə aşkar geosiyasi riskləri var.

Bundan başqa, Moskva Azərbaycan, Ermənistan və Rusiyanın baş nazir müavinlərinin iştirakı ilə yaradılmış üçtərəfli komissiyanın fəaliyyətini bərpa etməsinə çalışır. Lakin İrəvan bu məsələni yeni hökumətin formalaşması prosesi və guya Ermənistan ərazisində olan Azərbaycan qüvvələrinin oradan çıxarılması ilə əlaqələndirir. İrəvanın bu cür zəhlətökən istəkləri Rusiya tərəfini çoxdan bezdirib. Amma Moskva Ermənistana aşkar təzyiqlərdən də çəkinir. Çünki o, ilk növbədə, Ermənistanda antirusiya əhvalının artmasını istəmir. Bu isə postmünaqişə dövrü ilə bağlı kompleks məsələlərin həllini uzadır.

 

Son dərəcə aydın

Bu arada, Prezident İlham Əliyev Moskva səfərindən sonra Azərbaycan Televiziyasına geniş müsahibə verib. O, bildirib ki, Kremldə apardığı danışıqlarda mübahisələrə yol açacaq mövzu olmayıb. Bu isə postmünaqişə dövrü ilə bağlı strateji məsələlərdə Azərbaycanla Rusiyanın mövqelərinin üst-üstə düşdüyünü göstərir.

Prezident deyib ki, Azərbaycan postmüharibə dövründə sürətli işləyib, hər sahədə fəallıq göstərib, gündəmin hamı tərəfindən qəbul edilməsinə nail olub və hazırda işlər həmin gündəm əsasında aparılır. Bu, həm Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə, həm ətrafa, həm siyasi müstəviyə, həm də Ermənistan-Azərbaycan sərhədinə aiddir. Beləliklə, Bakı hesab edir ki, yaranmış vəziyyətdə sülhməramlı missiyanın işi də daxil olmaqla, öz ərazisinə nəzarəti özü həyata keçirir.

İlham Əliyev bildirib ki, Bakı Laçın dəhlizi vasitəsilə Qarabağa daxil olan xarici maşınlara da nəzarət edir. «Demişik ki, buna son qoyulmalıdır, bu, bizim ərazimizdir. Bizim icazəmiz olmadan xarici maşın necə girə bilər ora? Bir də əgər kimsə hesab edir ki, biz bunu görmürük, səhv edir. Bəzi hallarda o maşınlara erməni nömrələri yapışdırılır. Ancaq biz oradayıq, biz dəhlizdəyik. Biz hər şeyi görürük, Xankəndini də, dəhlizi də. Ona görə buna da son qoyulmalıdır. Oradan gündəlik çıxan maşınların sayı girən maşınlardan xeyli çoxdur. 25 min insan üçün status yaratmaq hansı məntiqə sığır?»

Azərbaycan tərəfinin imkanlarını detallı ifadə edən Prezident bildirib ki, Bakı bu ərazidə baş verənləri müşahidə etmək üçün geniş imkanlara malikdir. Başqa sözlə, Azərbaycan öz ərazisində onun suveren hüquqlarının pozulması ilə bağlı bütün faktları görür və qeydə alır.

İlham Əliyevin sözlərinə görə, Bakı ilə Moskvanın Qarabağla bağlı mövqeləri üst-üstə düşür. Həm Azərbaycan, həm də Rusiya Qarabağ münaqişəsinin başa çatdığını düşünür. Beləliklə, köhnə mövzulara qayıdılmasını nə Bakı, nə də Moskva qəbul edəcək. Regionda istənilən qarşıdurma yeni risklərə yol açacaq, bu risklər isə nə Azərbaycan, nə də Rusiya üçün arzuolunandır. Onlar regionda postmünaqişə dövrünün verdiyi üstünlüklərdən maksimum istifadə etməyə çalışırlar. Bununla yanaşı, İlham Əliyev konkret nümunə göstərərək bildirib ki, «müharibədən sonra yaranmış vəziyyəti, o cümlədən Zəngəzur dəhlizini və postmünaqişə dövrünü müzakirə etdik. Bizim yanaşmamızda fikir ayrılığı yoxdur».

Rusiya ilə ikitərəfli münasibətlərə də toxunan dövlət başçısı Bakı ilə Moskvanı «strateji tərəfdaşlar» adlandırıb. « Bizim aramızda çox möhkəm dostluq əlaqələri var və şəxsən mənim cənab Putinlə çox yaxın əlaqələrim var, biz bir-birinə inanan siyasətçilərik», - deyə o, qeyd edib. İ.Əliyevin dediklərindən məlum olub ki, ikitərəfli münasibətlərdə bu amil çox zaman əsas vektora çevrilir və bütün mübahisəli məsələlərin bu formatda həlli potensialı çox yüksəkdir.

Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmalı olduğunu, tərəflərin bir-birinin ərazi bütövlüyünü tanımalı olduğunu, ümumi sərhədlərin delimitasiyası prosesinin həyata keçirilməsinin vacibliyini də bildirib. «Mən bunu dəfələrlə demişəm, deyirəm: Biz hazırıq, danışıqlara başlayaq. Müharibə qurtarıb? Qurtarıb. Sülh istəyirsən, Ermənistan? İstəyirsən elə bil ki. Onda nə üçün sülh müqaviləsi imzalanmasın? Tanı bizim ərazi bütövlüyümüzü, sülh müqaviləsi imzalansın, sərhədlərin delimitasiyası həll olunsun», - deyə İ.Əliyev İrəvana müraciətlə bildirib. Azərbaycan üçün yeni geosiyasi reallıqların açarı, Ermənistanın siyasi dairələrinin revanşa cəhd etməyəcəyinin qarantı budur.

İndi yığılıb qalmış məsələlərin həlli üçün optimal yol kommunikasiyaların açılması və sərhəd problemlərinin həllinə dair üçtərəfli komissiyanın işinin bərpasıdır. Moskva diskussiyaları iqtisadi məsələlərin razılaşdırılması məcrasına yönəltmək istəyir. Güman ki, bu mərhələdə tərəflər Ermənistandan konstruktiv addımlar gözləyir. Amma bu, təəssüf ki, çox ləngiyir. Nəticədə, İrəvana təzyiq alətlərindən istifadə zərurətə çevrilir.

Bəs, Ermənistan Bakı ilə Moskvanın ismarıcını eşidəcəkmi? Artıq bu, o qədər də vacib deyil. Bu gün regional siyasi gündəmi Azərbaycanın start verdiyi siyasət müəyyənləşdirir. İrəvan gec-tez reallıqla barışmalı olacaq.



MƏSLƏHƏT GÖR:

219