22 Dekabr 2024

Bazar, 20:20

PEŞƏDƏ «OLUM» MƏSƏLƏSİ

Oleq SƏFƏRƏLİYEV: «Yaradıcılıq, eləcə də yaradıcılıqla özünü ifadə diktəyə dözmür»

Müəllif:

01.09.2021

Son vaxtlar yaradıcı peşələrin diplomlu mütəxəssislərinin hazırlıq səviyyəsindən xeyli narazılıq eşidirik. Yalnız eşitmirik, həm də şahidi oluruq. Peşəkarların bununla bağlı fikri çoxdan qətiləşib: Boloniya təhsil sistemi cəmiyyəti mədəniyyət və incəsənət sahəsində yüksək hazırlıqlı kadrlarla təmin etmək baxımından özünü doğrultmur.

Bu sistem Azərbaycanda 2005-ci ildə tətbiq edilib. 2010-cu ildə Bakının, demək olar ki, bütün universitetləri Boloniya Bəyannaməsini qəbul edib. Artıq bu gün yaradıcılıq yönümlü ali məktələrində bu sistem çərçivəsində kadr hazırlığı problemi yetərincə aydın hiss olunur. Bu, mütəxəssislərin, peşəkarların olmaması ilə bağlı deyil, məsələ ixtisas fənlərinə ayrılan saatların sayının gülməli dərəcədə az olmasından qaynaqlanır. Təsəvvür edin, rejissorluq dərslərinə həftədə iki akademik saat ayrılıb - həftədə cəmi 180 dəqiqə! Ötən 15 ildə teatr və kino sənəti sahəsində heç bir parlaq şəxsiyyətin meydana çıxmaması bununla bağlı deyilmi? İstedadı ilə ictimaiyyəti gerçəkdən heyrətləndirəcək və ya həyəcanlandıracaq gənc rejissor və ya aktyorların sayı çox azdır!

Bəli, biz çox sayda beynəlxalq teatr və kino festivallarında iştirak edirik. Bəli, biz mükafatlar, diplomlar və xatirə hədiyyələri gətiririk. Amma rejissorların yaşına baxın. Onlar artıq bizi tərk edir. Onların sayı getdikcə azalır. Kinonun və teatrın yalnız "kadr montajı" deyil, yetərincə önəmli bir şey olduğunu başa düşənlərdən söhbət gedir.  

Aydındır ki, "İncəsənət" anlayışı cəmiyyətin ehtiyaclarına cavab verməlidir. Ancaq dövlətin "məntiqli, mərhəmətli, əbədi olanları yaymaq"la bağlı qoyduğu ideoloji qaydadan məhrum olan XXI əsr cəmiyyəti İncəsənətin necə olacağını özü müəyyən edir. Həm nəzəri biliklərə, həm də praktik bacarıqlara malik peşəkarlar lazımdırmı? Lazımdır. Biz də bu barədə kinorejissor, ssenarist, prodüser və Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Məktəbinin müəllimi Oleq Səfərəliyevlə söhbətləşdik.

Bu gün o – müəllimdir, kinonu dərindən bilən peşəkardır, gözəl müsahib və həmsöhbətdir, tələbələrini kino dilinin ideyası, mənası və önəmi haqqında söhbətlərlə ovsunlamağı bacaran ciddi bir ustaddır; Avropa, milli və dünya incəsənəti tarixini mükəmməl bilən bir insandır. O, bir rejissorluq müəllimi olsa da, Lermontovun, Baratinskinin, Zabolotskinin, Puşkinin, Brodskinin, Sədinin, Nizaminin şeirlərini necə gözəl oxuyur?! Sözlərin, misraların, bəndlərin, vəznin duyğusu tələbələrin təsəvvüründə gözəl poetik obrazlar yaratmaqla yanaşı, həm də müəllifə məxsusluq illüziyası bəxş edir.

Oleq Səfərəliyev 1988-ci ildə VQİK-i, yəni Ümumittifaq Dövlət Kino İnstitutunu (Sergey Solovyov və Anatoli Vasiliyevin emalatxanasını) bitirib. O, tammetrajlı bədii filmlərin və teleserialların quruluşçu rejissorudur, ORT, RTR, TV-3-ün sifarişi ilə çəkilmiş çox sayda teleserialların quruluşçu rejissoru, RTR-də çəkilmiş "İş dinlənilir" verilişlər tsiklinin (1999-2001) rejissoru, "Yevraziya Film" kino şirkətinin prodüseri və baş direktoru (1996-2006) olub. Oleq Mirzağa oğlu SƏFƏRƏLİYEVlə bizim söhbətimiz maarifçi söhbət xarakteri daşıyırdı ki, bu, kinonun yaranmasının məktəbdən başlayan kadrarxası dünyasının sirlərinə dalma imkanı idi. Bəli, məhz məktəb partasından.

 

Oxu. Bax. Yaz.

Məktəb – tədris və yaradıcılıq mühitinin, dinləyici ilə müəllim arasında peşəkar etimadın yarandığı ən doğru təyinatıdır. Məktəb binasında keçirdiyimiz bir neçə saat ərzində burada diplom işinə hazırlaşan tələbələrlə rastlaşdıq – onlar gah montaj masasının arxasına keçir, usta montajçı ilə məsləhətləşir, gah da seyr otağında filmlərin çəkilməsi üçün texnoloji incəlikləri öyrədən materialları izləyirdi. Bütün bunlar o qədər orqanik şəkildə baş verirdi ki, otaqlardakı ab-hava qədim Yunanıstandakı Platon məktəbinin siniflərin xatırladırdı. Dərhal aydın olur ki, burada işləməyi bacaran və işləməyi sevən hər kəsin yaradıcılıq potensialına bir inam var. Əgər sən kollokviumu keçib və qabiliyyət imtahanından keçərək, bura gəlib çıxmısansa, bu, səndə böyük peşəkarlıq alovlarına səbəb ola biləcək qığılcımın olması deməkdir. Başqa sözlə, ya dünyanın ehtiyac duyduğu yaradıcı biri olmaq, ya da heç kim kimi qalmaq seçiminiz var. Qalır ələ düşən şansdan istifadə etmək. Hər kəsin seçimində sərbəstdir.  

Məktəb yetərincə geniş proqrama və sərt tədris qaydalarına malikdir. Sərtdir, amma məcburi deyil. Burada üç peşə istiqaməti var: kinodramaturgiya emalatxanası, kinorejissorluq emalatxanası və animasiya emalatxanası. Tələbələrin hər biri özü üçün qərar verir: peşəkar olmaq və ya olmamaq. Əgər olmağa qərar verirsə, unutmamalıdır ki, yaradıcı peşədə 8 saatlıq iş günü, istirahət günləri və məzuniyyət olmur. Yaradıcılıq şüurun və ruhun sutkanın 24 saatını əhatə edən vəziyyətidir. İllərlə. Onilliklərlə. Nə qədər ki, yaşayırsan. Buna görə də “Oxu. Bax. Yaz” - bu, yalnız məktəbin iki illik tədris şüarı deyil, həyatın qalan hissəsi üçün qaydasıdır.

- Oleq, məktəbə istəyən hər kəs girə bilər?

- Ən azı orta və ya ali təhsilə, bütünlükdə ədəbiyyat, kino, incəsənət sahəsində geniş biliyə malik olmaq şərti ilə hər kəs; əgər kreativ düşüncəsi və yaradıcı düşünmə qabiliyyəti varsa.

- Məktəbə qəbulu necə elan edirsiniz?

- Bunun üçün həm Kinematoqrafçılar İttifaqının, həm də kino məktəbinin öz internet saytları var. Maraqlananlar müraciət edərək fərdi müsahibəyə gəlirlər.

- 2019-2021-ci il qəbulunda məktəbə daxil olmaq istəyən neçə abituriyent var idi?

- Yüz iyirmi. Fərdi müsahibədən sonra 60 nəfər qaldı və yaradıcılıq işlərinin təhvilindən sonra - 30 nəfərə düşdü. Sonra, hər zaman olduğu kimi, təhsilin birinci ilindən sonra da məktəbdən ayrılanlar var. İndi nəzəriyyədən baxışlara və praktikaya keçirik. Bu müddət ərzində insanın yaradıcılıq qabiliyyətinin olub -olmadığı aydınlaşacaq. İndi bizdə həm yazan, həm də çəkən 10-12 adam qalıb…

- Yəni?..

- Məktəbimizdə dərslər Moskva Ali Rejissor və Ssenarist Kurslarının təcrübəsi əsasında təşkil olunur və keçilir. Burada ssenaristlər və rejissorlar birgə təlimdən keçirlər. Bu vacibdir, çünki kino ssenaristlərin, rejissorların, aktyorların və operatorların bacarıqlarını qovuşduran bir prosesdir ...

- Kino rejissorluğu emalatxanasının gələcək tələbələri qəbul üçün necə əsərlər yazırlar?

- Gələcək filmlər üçün iki - üç qısa hekayə və iki - üç sinopsis (düşüncə)...

- Azərbaycan Kinematoqrafçılar İttifaqının nəzdindəki kino məktəbinə qəbul olunmaq istəyən 120 nəfər ümumilikdə necə təsir bağışlayırdı?

- Gənc nəslin ümumi təhsil və mədəni səviyyəsi daha yaxşısını arzu etməyə vadar edir. Onlar praktiki olaraq az oxuyurlar. Buna görə də dünya klassiklərindən xəbərləri yoxdur: nə ədəbiyyatda, nə filmlərdə, nə də təsviri incəsənətdə. Buna görə də müraciət edənlərin yarısı dərhal sıradan çıxır.

- Hansısa təhsil müəssisəsini bitirmiş bu insanlar, nəzəri olaraq, artıq bu cür biliklərə malik olmalı idilər?

- Təəssüf ki, hə...

- Bura daxil olanlar rejissorluq emalatxanasında nə öyrənirlər?

- Quruluşçu - rejissorun bilməli və bacarmalı olduğu hər şeyi: dünya kinosunun tarixini, təsviri incəsənəti, montajın və kinematoqrafiyanın əsaslarını, kinodramaturgiyanı, rejissorun aktyorla işini, fotoqrafiya incəsənətini.

- Çatdıra bilirlərmi?

- Başqa cür necə ola bilər? Bir şeyə nail olmaq istəyirlərsə, daha az yatsınlar.

- Siz onlara konkret göstərişlər verirsinizmi?

- Mən ancaq məsləhət verə bilərəm və ya yol göstərə bilərəm, amma göstəriş artıq diktədir. Yaradıcılıq, həmçinin özünü yaradıcılıq yolu ilə ifadə etmək diktəyə dözmür. Buna görə də təhsilin birinci ilindən başlayaraq onlara klassik filmlərə baxmaq və klassik ədəbiyyatı oxumaq tapşırığı verilir. Tapşırıqlar tövsiyə xarakteri daşıyır. Əgər bir insan peşədə "olmağı" seçərsə, o zaman hər şeyə baxmaq və oxumaq üçün vaxt tapar. Harvard Universitetinin proqramı 800 film nəzərdə tutur, mən yalnız 250 film verirəm.

- Bu az deyil!

- Bu, hələ hamısı deyil. Hər filmə onlar üç dəfə baxmalıdırlar. Birinci dəfə - süjetlə tanış olmaqdır. İkinci - ssenarinin nüanslarını və ssenarinin paradiqmasını (konseptual sxemini) öyrənmək üçündür. Üçüncü dəfə - səssiz baxmalıdırlar: montaj və kinematoqrafiya texnikasını öyrənirlər...

- Bəs, təhsilin ikinci ilində nə baş verir?

- Əgər sinopsis təsdiqlənərsə - ssenari yazmaq, filmin çəkilməsi və montajı. Bax, burada aydın olur: bu, insan müstəqil yaradıcılıq fəaliyyətinə hazırdırmı, fikrini ekranda canlandırmaq üçün biliyə və iradəyə sahibdirmi...

- Ümidverici, perspektivli adlar deyə bilərsinizmi?

- Heç cür olmaz! Bu, pedaqogikaya uyğun olmaz. Amma 2020-ci ilin dekabrında keçirilən XI Bakı Qısametrajlı Film Festivalında iştirak edib qalib gələnlərin adını çəkə bilərəm…

- Kimlərdir ki?

- Azər Allahverdiyev "Üç yol" filminə görə iki nominasiya - "Ən yaxşı film" və "Ən yaxşı ssenari" üzrə qalib oldu. Elnur Paşa - "Quyu" filminə görə festivalın Qran Prisini aldı. Nicat Dadaşov festivalının "Sənədli film üçün ən yaxşı ssenarisi" diplomunu aldı. O, eyni zamanda "Divar" qısametrajlı filminin ssenarisi ilə Mədəniyyət Nazirliyinin müsabiqəsində pitçinqin qalibi oldu. Bunlar məhz məktəbdə iki illik təhsilin nəticəsidir. İndi hamısı 2021-ci ilin payızında müdafiə edəcəkləri diplom işlərinin üzərində işləyirlər.

- Onlar diplom alacaqlar?

- Onlar kino məktəbinin müəyyən edilmiş formada diplomlarını alacaqlar.

- Məktəb fasiləsiz praktiki və nəzəri tədris prosesindən başqa daha nələr təqdim edir?

- Kino sənətinin aparıcı simalarının master klasslarını. Məşhur rus kinodramaturqu Pavel Finn kinodramaturgiya üzrə məşğələlər apardı, sovet kinosunun klassiki Əli Xamrayev isə rejissorluq üzrə master-klass keçirdi. Dünyada məşhur fransız fotojurnalisti Reza Deqqati isə bədii fotoqrafiya üzrə dərslər keçdi.

- Diplom işlərinin müdafiəsi necə olacaq: tamaşaçı ilə və ya tamaşaçısız?

- Düşünürəm ki, pandemiya şəraitində bu barədə danışmaq hələ tezdir. Gəlin, payızı gözləyək. Əlbəttə ki, bayram olmasını istərdik...

- Kino emalatxanasına qəbul zamanı yaş məhdudiyyəti varmı?

- Var. Azyaşlıları və pensiya yaşında olanları qəbul etmirik.

- Bəs, kino məktəbinə yeni qəbul nə vaxt keçiriləcək?

- Bu barədə saytlarımızda mütləq məlumat verəcəyik.



MƏSLƏHƏT GÖR:

230