22 Dekabr 2024

Bazar, 16:39

STRATEJİ YANAŞMA

Sevinc MƏMMƏDOVA: «Azərbaycanda tam şəkildə təhsildə islahatların nəticələrini görmək üçün zaman tələb olunur»

Müəllif:

01.09.2021

Sevinc Məmmədova son iki ildir Corc Vaşinqton Universitetində proqram direktoru olaraq çalışır. Corc Vaşinqton Universitetində «Təhsil siyasəti» üzrə doktorantura təhsili alıb və müdafiə edib. O və onun bir neçə həmkarı Azərbaycanı ABŞ-da layiqincə təmsil edir və bu universitetdə azərbaycanlı tələbələrin oxuması üzrə bir sıra layihələr gerçəkləşdirirlər. “R+”un müxbiri Azərbaycanın dünya təhsil sisteminə inteqrasiyası layihəsinin detalları barədə Sevinc Məmmədova ilə söhbətləşib.  

- Planetimiz “COVİD-19” adlı pandemiyanın tüğyan etdiyi bir imtahan qarşısındadır. Bu bəla dünya təhsilinə də sözsüz ki, təsirsiz ötüşməyib və təhsil sahəsində inkişaf indi hansı səviyyədədir? Enmələr baş verirmi?

- “COVİD-19” pandemiyası nəticəsində dünya üzrə təhsil sahəsində çox geriləmələr oldu, onlayn sisteminə uyğunlaşa bilməyənlər də azlıq təşkil etmədi, bir sözlə, geriləmələr oldu, əlbəttə. Ümumiyyətlə, təhsildə baş verən yeniliklər, dəyişikliklər həmişə 10-15 il sonra özünü göstərir. Azərbaycan da dünya təhsilinin bir parçasıdır və deyə bilərik ki, burada da təhsilin inkişafı ləng gedir. Amma onu qeyd etməliyəm ki, Azərbaycanda artıq müsbət dəyişikliklər hiss olunur. Təbii ki, tam şəkildə təhsildə islahatların nəticələrini görmək üçün zaman tələb olunur. Aparılan müşahidələrə əsasən təkrar edə bilərəm ki, inkişafa doğru çox şey dəyişib. Yüksək səviyyəli təhsil sisteminə nail olmaq üçün güclü resurs tələb olunur. Azərbaycanın təhsil sistemi, təhsil siyasəti tam şəkildə müsbət istiqamətə yönəlib. Resursların düzgün idarə edilməsi isə əsas şərtlərdən biridir, düzgün kadrların cəlb olunması və onların ixtisaslarına uyğun proseslərdə iştirakı və s. kimi məsələlər.  

- Azərbaycanda təhsilin dünya təhsilinə inteqrasiyası istiqamətində bir sıra layihələr həyata keçirilir, xarici ali məktəblərlə əməkdaşlıq edilir. ABŞ-ın Corc Vaşinqton Universiteti də bu sıradadır. Konkret olaraq sizin təmsil olunduğunuz layihələr üzrə hansı ali təhsil ocaqları ilə əməkdaşlıq edilir?

- Hazırda Corc Vaşinqton Universiteti olaraq biz Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə magistr proqramı üzrə ikili diplom proqramı həyata keçiririk. Biz artıq proqramın ikinci ilindəyik və bu, Azərbaycanda ali təhsil ocaqlarının rəqabətliyinin artırılması üzrə dövlət proqramı çərçivəsində reallaşdırılır. İlkin olaraq birinci qrupumuzun artıq keçən ilin sentyabrında qəbulu olub. Həm ötənilki, həm də builki qəbuldan biz 25 nəfər proqrama cəlb etmişik. Proqramın ən böyük məqsədlərindən biri təhsil sahəsində beynəlxalq aparıcı təcrübələri öyrənmək, təhsil siyasətində olan alətlər və strateji yanaşmalar, reformaların həyata keçirilməsi üzrə tələbələr hazırlamaqdır. Bu proqramı bitirdikdən sonra tələbələr təhsil problemlərini və təhsildə olan çətinlikləri daha yaxından analiz edərək öz töhfələrini təqdim etmə qabiliyyətlərinə malik olacaqlar. Proqram təhsil liderləri, təhsildə olan siyasətçiləri hazırlayır. Biz onlara “strateqlər” deyirik. Bu tələbələr təhsildə olan məsələlərin dərinliklərinə gedərək analiz etmə qabiliyyətlərinə malik olacaqlar ki, bu da təhsilin inkişafına birbaşa töhfə deməkdir. Qeyd etdiyim kimi, bu dəfə növbəti 25 nəfər proqrama seçildi. Bu tələbələrlə “Preacademic training”, yəni dərsdən əvvəl təlimləndirmə prosesi başa çatıb. Akademik dərslər başlanıb, ümid edirəm ki, çətinliklə üzləşməyəcəklər. Dərslərimiz sentyabrda başlayacaq.  

Bundan başqa demək istərdim ki, bizim proqramın məqsədlərindən biri də yerli universitet yəni Azərbaycan Pedaqoji Universitetinin tədris heyətinə yəni dərs deyən professorlara onların peşəkar inkişafına köməklik etməkdir. Corc Vaşinqton Universiteti birbaşa bu məsuliyyəti öz üzərinə götürüb və çox yaxından əməkdaşlıq edir. Məqsəd beynəlxalq təcrübəni Azərbaycana gətirmək və Azərbaycanda ali təhsil müəssisələrində işləyən professor və müəllim heyətinin bilik və bacarığının daha da möhkəmləndirilməsinə xidmət göstərməkdir. Düşünürük ki, bu 4 il ərzində 4 qrupun (layihə 5 il davam edəcək) yekunda Azərbaycana verəcəyi töhfə əvəzolunmaz olacaq. Onların öyrəndikləri bilik və bacarıqlar Azərbaycan üçün böyük bir əhəmiyyət kəsb edir.

Bizim burada bir neçə universitetlə də əməkdaşlığımız gözlənilir. İkili diplom proqramlarında olmasa da müxtəlif istiqamətlərdə tədris heyətinin peşəkar inkişafı, təlimlərin təşkili və s. kimi əməkdaşlıq nəzərdə tutulur.

- Pandemiya zamanı keçirilən onlayn dərslər nə dərəcədə səmərəli oldu?  

- Corc Vaşinqton Universitetinin professorlarının Azərbaycana səfəri gözlənilir. Keçən il biz pandemiya ilə əlaqədar olaraq dərsləri onlayn keçdik. Bu il artıq hər şeyin yaxşı olması, dərslərin üz-üzə keçəcəyi planlaşdırılıb. Təbii ki, bütün layihələrdə olduğu kimi uğurlarla yanaşı çətinliklərimiz də var. Uğurlarımız ondan ibarətdir ki, artıq birinci qrupun ilk ili bitdikdən sonra onlar yay ayları ərzində artıq təcrübə proqramından keçdilər. Müxtəlif təhsil ocaqlarında, təhsil institutlarında bir il ərzində öyrəndiklərinin tətbiqinə başlayıblar. Hətta bizim bir çox tələbələrimiz iş təklifləri alıblar və proqramda beynəlxalq təcrübəni, öyrəndikləri bilik və bacarıqlarını tətbiq etmək üçün ilkin addımlarını atıblar. Ən böyük problemlərimizdən biri pandemiya ilə bağlı dərslərin onlayn keçirilməsi oldu. Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında 9 saat vaxt fərqini nəzərə alsaq, Corc Vaşinqton Universitetindən müəllimlərin və əksər tələbələrin işdən sonra dərslərə onlayn qoşulması çox böyük gərginlik yaradırdı. Ancaq tam əminliklə və fəxrlə deyə bilərəm ki, tələbələrimiz bunun öhdəsindən çox yaxşı gəldilər. Bir il ərzində biz bu çətinliyi dəf etdik və nəticə göstərdi ki, bu proqrama seçilən tələbələr çox güclü, qabiliyyətlidirlər.  

- Bizim azərbaycanlı tələbələri Corc Vaşinqton Universitetində təhsil alan tələbələrlə müqayisə etsək, hansı üstünlüklər və çatışmazlıqlar diqqəti çəkə bilər?

- Böyük fəxr hissi ilə deyə bilərəm ki, bizim azərbaycanlı tələbələr daha güclü və iradəlidirlər. Ola bilsin ki, yanaşma, fikir və düşüncələrinə görə azərbaycanlı tələbələr bəzən çətinliklərlə qarşılaşırlar, amma bu onları əzmək əvəzinə, daha da möhkəmləndirir. Azərbaycanlı tələbələr daha güclü, açıq fikirlidirlər və mən onları müqayisə etdikdə görürəm ki, onların fəaliyyəti Amerika mühitində daha yüksək qiymətləndirilir, müsbət görünür. Təəssüflər olsun ki, əməkdaşlıq etdiyimiz tələbələr Azərbaycanda təhsil alırlar, yəni onların Amerikada təhsil almaları, hələ ki, proqramda nəzərdə tutulmayıb. Bu, gələcəkdə müzakirə olunacaq. Bəlkə, bir neçə tələbə Amerikaya səfər edəcək və orada da təcrübə qazanacaq. Hal-hazırda tədris prosesi Azərbaycanda keçirilir.  

Amerikanın yüksək reytinqli universitetlərdə işləyən azərbaycanlı mütəxəssislərimiz, professorlarımız da var. Həmçinin Corc Vaşinqton Universitetində, məsələn,  mən proqram direktoru işləyirəm. Bundan əlavə başqa bir xanım tədqiqat assistenti kimi çalışır və bir neçə azərbaycanlı tələbələr orada müəllim-assistentdirlər.

Düşünürəm ki, Azərbaycanı layiqincə təmsil edirlər. Corc Vaşinqton Universitetindən başqa digər universitetlərdə çalışan azərbaycanlı professorlarımız və işçi heyətləri var ki, onlar da Azərbaycanı öz işləri ilə yüksək səviyyədə təmsil edirlər.

- Bəs, Azərbaycan dövlətçiliyi naminə olan tədbirlərdə necə, bizim azərbaycanlılar fəaldırlar?  

- Biz müəyyən tədbirlərdə, akademik görüşlərdə oluruq. Azərbaycanı bacardığımız qədər təmsil edirik. kompakt şəkildə aksiyalar keçirir, lazımı addımlar atırıq.


MƏSLƏHƏT GÖR:

330