Müəllif: Aqil MƏMMƏDOV
Qarabağlıların doğma torpaqlarımıza «böyük qayıdış» həyəcanını yaşadığı bu günləri Azərbaycan yetərincə çox gözləyib. Qarabağa Zəfər yolu yetərincə mürəkkəb relyefdən keçsə də, demək olar ki, Azərbaycan ordusunun Azərbaycanın ürəyi Şuşaya qələbə yoluna bənzər bir sürətlə çəkilir. Daha doğrusu, artıq çəkilib. Prezident İlham Əliyevin regiona bu yaxınlarda etdiyi səfər çərçivəsində məlumat verildi ki, 2-3 zolaqlı Əhmədbəyli - Füzuli - Şuşa yolunun 101 kilometrinin artıq 92 kilometrində artıq asfalt-beton örtük çəkilib.
Daha bir rekord - Füzuli Beynəlxalq Hava Limanıdır. Dövlət başçısının qeyd etdiyi kimi, "bəlkə də, dünyada heç bir hava limanı belə sürətlə tikilməyib". Toğanalı - Kəlbəcər avtomobil yolunda Murovdağdan keçən 11,6 km uzunluqlu tunelin, Kəlbəcər - Laçın avtomobil yolundakı 3,4 kilometr uzunluqlu tunelin də tikintisi başlayıb – onların təməlləri Azərbaycan Prezidenti tərəfindən avqust ayının sonunda qoyulub. Bütün bunlar Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərində gerçəkləşdirilən genişmiqyaslı nəqliyyat infrastrukturunun yalnız bir hissəsidir.
Avtomagistrallar və tunellər
Beynəlxalq nəqliyyat marşrutlarına çıxış imkanları ölkənin və onun regionlarının iqtisadi dirçəlişinin əsas katalizatoru kimi çıxış edir. Çünki, nəqliyyat ümumi iqtisadiyyatın damar sistemi funksiyasını daşımaqdadır. Buna görə də, işğaldan azad edilmiş ərazilərin Azərbaycanın ümumi iqtisadi sisteminə sürətli inteqrasiyasını təmin etmək, eyni zamanda bu ərazilərin qısa müddət ərzində bərpası və mərhələli şəkildə doğma yurdlarına qayıdan sakinlər üçün əlverişli həyat şəraitinin təmin edilməsi məqsədi ilə ilk öncə nəqliyyat arxitekturasının qurulmasına start verildi.
Bu proses artıq sinergetik şəkildə bir-biri ilə bağlanmış aşağıdakı 3 kateqoriya formasında icra edilir: 3 hava limanının tikintisi; mövcud dəmir yolu xətlərinin bərpası; uzunluğu 700 kilometrdən çox olan avtomobil yollarının bərpası və yenilərinin tikintisi.
Son bəndlə bağlı qeyd edək ki, bu yolların 600 kilometrdən çoxu mövcud yolların bərpasını, 130 km dən çoxu isə yeni yol infratrukturunun qurulmasını nəzərdə tutur. Ümumilikdə, hər min 1000 kvadrat kilometr əraziyə 70 kilometr yol infrastukturu qurulur, bu da orta dünya miqyasından 2 dəfə çoxdur.
Yol infrastukturunun qurulması ərazilərdə məskunlaşma prosesini sürətləndirməklə yanaşı, həm də bu ərazilərə investisiya cəlbini asanlaşdıracaq. İşğaldan azad edilən ərazilərin böyük aqrar və sənaye potensialının olması məlumdur. Məlumdur ki, bu ərazilər kənd təsərrüfatı və sənaye üzrə böyük potensiala malikdirlər. Yol infrastrukturunun müasirləşməsi burada istehsal edilən məhsulların maya dəyərini aşağı salmaqla, onların rəqabət qabiliyyətini artıracaq ki, nəticədə, işğaldan azad edilmiş ərazilərdə istehsal edilən məhsullar həm yerli, həm də xarici bazarlarda daha tez mövqe tuta biləcəklər.
Sürətli iqtisadi inkişaf eyni zamanda əmək resurlarının yerdəyişmə proseslərini də sürətləndirəcək. Beləliklə, mərkəzdən işğaldan azad edilmiş ərazilərə təbii köç prosesi baş verəcək ki, bunun da nəticəsində həmin bölgənin əmək bazarı inkişaf edəcək və əməyin dəyəri yüksələcək. Nəticədə, işğaldan azad edilmiş ərazilərdə xidmət sektoru da inkişaf edəcək. İqtisadçı Pol Kruqmanın NEG - (New Economic Geograpy – yeni iqtisadi coğrafiya) nəzəriyyəsinə əsasən, A və B məntəqələri arasında ticarət logistik potensialın imkan verdiyi həcmdə olur. Başqa sözlə, ticarətdə məntəqələr arası məsafə onu qət etməyə sərf edilən vaxtın həcminə görə qiymətləndirilir.
İşğaldan azad edilmiş ərazilərdə yol arxetikturasının quruculuğunda diqqət yetirilən əsas məqamlardan biri də 365 gün 7/24 saat ərzində naviqasiyanın açıq saxlanılmasıdır. Ona görə də Toğanalı - Kəlbəcər avtomobil yolu üzərində 11,6 km uzunluğunda inşa ediləcək tunel həm nəqliyyat axınlarının sürətini artırmağa imkan verəcək, eyni zamanda bu göstərici üzrə Azərbaycanı dünyanın ilk 20 ölkəsinin sırasına çıxaracaq.
Bir faktı da nəzərə almaq lazımdır ki, Azərbaycan öz yol infrastrukturunu gələcəkdə Ermənistanla kommunikasiyaların açılması prespektivlərini nəzərə alaraq həyata keçirir. Bu isə o deməkdir ki, bir tərəfdən işğaldan azad edilmiş ərazilərin inkişaf etdirilməsi hədəflənirsə, digər tərəfdən bu layihələrin ötürücülük həcmi regionda kommunikasiyaların açılması perspektivlərinə hesablanıb. Kommunikasiyalar açıldıqdan sonra Qərbi Zəngəzur bölgəsinin Ermənistanın digər bölgələri ilə müqayisədə daha sürətlə inkişaf etmək şansı yaranacaq. Misal üçün, Meksikanın və Kanadanın ABŞ-la sərhəddə yerləşən regionları digər bölgələrlə müqayisədə daha sürətlə inkişaf edirlər. Bu isə onların daha yüksək dəyərli bazara daha sürətli çıxış imkanları ilə bağlıdır.
Dəmir yolu infrastrukturunun bərpası
Mövcud inkişaf etmiş ölkələrin tarixinə nəzər saldıqda məlum olur ki, onların tərəqqisi dəmir yolu infrastrukturu ilə sıx bağlıdır. Bu gün üçün dəmir yolu sistemi A və B məntəqəsi arasında müəyyən zaman kəsiyində ən çox mal və sərnişin daşıması qabiliyyətinə malik tək nəqliyyat növüdür.
Dahi mütəfəkkir İbn Haldun deyirdi ki, coğrafi mövqe hər bir xalqın taleyidir. Amma əksər hallarda bir çox uğurlu coğrafi mövqeyə malik olan ölkələrin necə əzildiyinin, mövqeyi yaxşı olmayanların isə necə çiçəkləndiyinin şahidi oluruq. Coğrafi mövqe hər ölkənin taleyi olsa da, ondan düzgün faydalanmağı yalnız uğurlu lideri olan xalqlar bacarır.
10 noyabr Bəyanatının imzalanmasından heç 100 gün keçməmiş Azərbaycan Prezidenti Horadiz-Ağbənd dəmir yolu xəttinin tikilməsinə start verdi. Bu nəqliyyat arteriyasının Naxçıvana qədər uzadılması üçün Ermənistan ərazisində 40 kilometrlik yolun bərpa edilməsinə ehtiyac var ki, bunu da Rusiya reallaşdıracaq. Çünki Ermənistan dəmir yolları borc qarşılığında Rusiya tərəfinin sərəncamına keçib. Ümumiyyətlə, bu nəqliyyat dəhlizi 30 illik fasilədən sonra tək region ölkələri üçün deyil, daha geniş coğrafiyada iqtisadi aktivliyə səbəb olacaq.
Naxçıvana birbaşa dəmir yolu xəttinin çəkilməsi Muxtar Respublika iqtisadiyyatının bütöv Azərbaycan iqtisadiyyatına inteqrasiyasını möhkəmləndirəcək. Bununla da, Naxçıvan 30 illik blokadadan çıxmaqla iqtisadi fəallığını artıracaq. Naxçıvan iqtisadiyyatına nəzər yetirsək, görərik ki, onun ÜDM-nin 27,6%-ni sənaye, 12.4%-ni isə kənd təsərrüfatı təşkil edir. Muxtar Respublika istər kənd təsərrüfatı, istərsə də emal sənayesinin genişləndirilməsi, turizmin canlandırılması üçün böyük potensiala malikdir. Lakin buradan məhsul ixracı baha başa gəlir ki, bu da, son nəticədə, imkanlardan maksimum faydalanmağa imkan vermir. Naxçıvanla Bakı arasında birbaşa dəmir yolu xəttinin istifadəyə verilməsi buradan ixracı sürətləndirəcək, bazarlarda Naxçıvan istehsalı olan məhsulların rəqabət qabiliyyətini artıracaq. Eyni zamanda dəmir yolunun istifadəyə verilməsi ilə Azərbaycan öz strateji tərəfdaşı olan Türkiyə ilə iki istiqamətdə nəqliyyat əlaqəsinin qurulmasına nail olacaq.
Digər tərəfdən avtomobil yollarında olduğu kimi, dəmir yolu nəqliyyatında da, Azərbaycanın Naxçıvanla birbaşa əlaqə yaratması Ermənistana müasir və sürətli nəqliyyat dəhlizlərinə çıxış imkanı verəcək. Belə ki, Ermənistan eyni anda Azərbaycan, Türkiyə, Rusiya və İranla birbaşa dəmir yolu xəttinə malik olacaq ki, bu da iqtisadi canlanmaya gətirib çıxaracaq. Xüsusən də, Ermənistanın cənubunda yerləşən dağ-mədən kompleksləri daha aktiv şəkildə işləyə biləcəklər və birbaşa Rusiya, Türkiyə bazarlarına çıxış əldə edəcəklər.
Dəmir yolunun istifadəyə verilməsi Türkiyənin İqdır və Qars bölgəsinə investisiyaların cəlb edilməsinə müsbət təsir göstərəcək. Adətən, ixracyönümlü şirkətlər daha çox nəqliyyat dəhlizlərinə asan çıxış olan ərazilərə investisiya yatırırlar. İxracyönümlü məhsullar isə əsasən daha yüksək dəyərli olur. Ona görə də Türkiyədə bu gün üçün əsas sənaye bölgələri sahil ərazilərində cəmləşib. Bu baxımdan dəmir yolu xəttinin işə düşməsi istehsalın Türkiyənin dərinliklərinə gəlməsinə müsbət təsir edəcək.
Ümumiyyətlə, Azərbaycanın təşəbbüsü ilə nəqliyyat kommunikasiyalarının tam şəkildə açılması təkcə region ölkələrinin deyil, ümumilikdə, Yaxın Şərq, Orta Asiya, Çin, Skandinaviya ölkələri, Ukrayna, Belarus və Yaponiyanın da iqtisadi maraqlarına tam cavab verir.
Dəhlizin tam şəkildə işə düşməsi Yaponiya – Rusiya – Azərbaycan – Ermənistan – Türkiyə - Yaxın Şərq nəqliyyat dəhlizinin yaranmasına təsir göstərəcək. Beləliklə, Azərbaycan Prezidentinin daha bir təşəbbüsü 30 milyon insanın yaşadığı böyük bir coğrafiyada xalqların birliyinə və firavan gələcəyinə təminat verir.
Hava qapıları
İşğaldan azad edilmiş ərazilərin nəqliyyat arxitekturası 3 hava limanı ilə tamamlanır. Füzulidə inşa edilən hava limanı artıq finiş nöqtəsinə çatmaqdadır.
"Hava limanının inşasına bu il başlanıldı. Dedim ki, bu il Füzuli Beynəlxalq Hava Limanı istifadəyə veriləcək. Bəlkə də, dünyada belə sürətlə heç bir hava limanı tikilməyib. Uçuş-enmə zolağı artıq hazırdır. Burada son işlər gedir. Bir daha vurğulamaq istəyirəm ki, bu il hava limanının təməlini qoydum və indi tikinti işləri ilə tanış olacağıq. Bu hava limanı Qarabağın hava qapısıdır", - deyə dövlət başçısı Füzuli və Şuşaya bu günlərdə etdiyi səfəri zamanı bildirib.
Zəngilan və Laçın hava limanlarının tikinti işləri isə davam etməkdədir. İlk öncə, hava limanlarının işə düşməsi nəticəsində işğaldan azad edilmiş ərazilərə xarici turistlərin gəlməsi asanlaşacaq. Xüsusən də, Azərbaycan mədəniyyətinin paytaxtı Şuşaya indinin özündə belə gəlmək istəyən 10 minlərlə insan var. Ona görə tikilən Füzuli və Laçın hava limanları imkan verəcək ki, xarici ölkələrdən turistlər daha sürətli və sərfəli şəkildə bu regionu ziyarət etsinlər.
Eyni zamanda hava limanının inşası və yaxın gələcəkdə istifadəyə verilməsi yeni iş yerlərinin yaradılmasına da xidmət edəcək. Bu, xüsusən işğaldan azad olunmuş ərazilərimizdə məskunlaşan vətəndaşlarımızın məşğulluğunun təmin olunması baxımından da vacibdir. Ümumiyyətlə, heç kəsə sir deyil ki, hava limanlarında xüsusi bilik və bacarıq tələb edilən peşəkarlar çalışır və hava limanının idarə edilməsi çətin texnoloji prosesdir. Ona görə də bu məkanlarda orta əməkhaqqı həmişə yüksək olub. Bu baxımdan, bu regionda ilk dəfə olaraq yüksək dəyərli iş yerləri yaradılır.
Xüsusi diqqət cəlb edən əsası bu ilin avqust ayında Prezident İlham Əliyev tərəfindən qoyulmuş Laçın Hava Limanıdır. Bu liman Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olmaqla yanaşı, bütövlükdə çətin relyefdə inşa edilən hava limanı baxımından da fərqlənəcək. Bu limanı regionun ən faydalı hava limanı olmağa namizəd hesab etmək olar. Qonşu Kəlbəcər rayonunun dağlıq ərazidə yerləşdiyini və qış aylarında naviqasiyanın çətinləşməsini nəzərə alsaq, o zaman Kəlbəcərin mərkəz Bakı və dünya ilə bağlantısında Laçın hava limanı müstəsna potensiala malik olacaq.
Ona görə də Laçın hava limanını sadəcə iqtisadi deyil, eyni zamanda sosial layihə kimi qiymətləndirmək olar. Bu hava limanı qonşu rayonlara geri dönüşü sürətləndirməklə yanaşı, regionda yaxın zamanlarda bir sıra yay və qış turizm mərkəzlərinin yaranmasında töhfə verəcək.
Laçın və Zəngilan hava limanlarının sosial-iqtisadi mahiyyəti ilə yanaşı, hərbi strateji mahiyyəti də mövcuddur. Bu hava limanları Ermənistan - Azərbaycan dövlət sərhədinə ən yaxın məsafədə yerləşdiyindən ehtiyac olacağı təqdirdə PUA və hərbi aviasiya vasitələri üçün baza rolunu oynaya biləcək. Bu, ehtiyac yaranacağı təqdirdə, Azərbaycanın suverenliyinə və insanların dinc həyatına mane olacaq elementlərin dərhal neytrallaşdırılmasına imkan verəcək.
Bir sözlə, belə geniş və çoxfunksiyalı nəqliyyat sistemi qurmaq ölkənin bölgədəki geosiyasi və iqtisadi mövqelərini gücləndirməsinə, ticarət əlaqələrini genişləndirməsinə imkan verəcək, həmçinin Qarabağ və Şərqi Zəngəzurun potensialını tam şəkildə açmağa şərait yaradacaq.
MƏSLƏHƏT GÖR: