Müəllif: Sənan ŞƏFİZADƏ Bakı-Kazan-Bakı
İlk dəfə Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrin daxili yarışı kimi təşkil edilən I MDB Oyunları başa çatdı. 9 ölkənin təmsil olunduğu beynəlxalq turnir Rusiyanın Kazan şəhərində keçirildi.
Oyunlarda meydan sahibləri ilə yanaşı, Azərbaycan, Belarus, Moldova, Ermənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan idmançıları qüvvəsini sınadı. Son anda pandemiyaya görə Türkmənistan yarışda iştirak edə bilmədi.
Maraqlıdır ki, Rusiyanın irəli sürdüyü və digər ölkələrin dəstəyi ilə qarşılanan yarışda yalnız 14-23 yaşadək idmançılar mübarizə apardı. Bu da yeniyetmə və gənc idmançıların beynəlxalq arenada təcrübə toplaması baxımından böyük əhəmiyyət kəsb edir. Gələcəkdə Olimpiya Oyunları, dünya və Avropa çempionatlarında çıxış edəcək bu istedadlar indidən uğur qazanmağın yollarını Kazanda öyrənməyə çalışdı.
Güc birlikdədir
Doqquz ölkədən olan 1261 idmançı “Bizim gücümüz birlikdədir” şüarı altında Kazanda toplaşdı. 494 hakim və 1174 könüllünün də qatıldığı oyunlarda 16 idman növü üzrə 184 dəst medal sahibini tapdı.
Əslində, yeniyetmə və gənclərin yarışında nəticələr ikinci dərəcəli sayılır. Burada təcrübə toplamaq, inkişaf etmək önəmlidir. Bununla belə, MDB ölkələrinin Oyunları idmançılarımız üçün daha böyük yarışlara keçid ərəfəsində mühüm əhəmiyyətə malikdir. Gənclərin Olimpiya Oyunları, Yeniyetmələrin Olimpiya Festivalları kimi daha genişmiqyaslı turnirlər ərəfəsində Kazan sınağı idmançılar üçün faydalı oldu. İştirakçılar böyük arenalara çıxmazdan öncə həm beynəlxalq yarışların ab-havasını hiss etdi, həm öz gücünə bələd olmaq üçün bacarığını göstərdi.
Yarışdan əvvəl komandamızın medal sıralamasında liderlər sırasında yer alacağı gözlənilirdi. Proqnozlar doğruldu. Daha çox döyüş növlərində uğur qazanan idmançılarımız ümumilikdə 60 medala sahib çıxıb. Təmsilçilərimiz 15 dəfə çempionluq sevinci yaşayıb. Azərbaycan idmançıları 16 gümüş və 29 bürünc medala da yiyələnib. Millimiz mükafat sıralamasında 9 ölkə arasında 4-cü olub. Yığmamız Rusiya, Özbəkistan və Qazaxıstandan geri qalmaqla, Belarus, Qırğızıstan, Tacikistan, Ermənistan və Moldovanı arxada qoyub.
Azərbaycan yığmasında qızıl medalları Camal Feyziyev (koreş), Rövşən Əliyev (cüdo), Səbinə Əliyeva (cüdo), İnci Əzizova (karate), Cavid Həsənov (stend atıcılığı ), Nicat Məmmədli, Elvin Bağırov, Toğrul Salmanov (hamısı sambo), Əşrəf Əşirov, Abubakr Abakarov, Osman Nurmaqomedov (sərbəst güləş), Sərxan Məmmədov, Nihat Quluzadə, Həsrət Cəfərov (yunan-Roma güləşi), Diki Dvi Panqastu (badminton) qazandı.
Finalda məğlub olmaqla gümüş medalla kifayətlənən idmançılarımız Rəvan Nitfəliyev, Diki Dvi Panqastu, Muhammed Amri, Aqil Qabilov, Era Mafruxa, Nigar Əliyeva, Mədinə Nağıyeva, Həcər Nuriyeva ( badminton, qarışıq komanda), Əlisəftər Məmmədli (koreş), Rövşən Əliyev, Əhməd Yusifov, Elçin Hüseynov, Murad Fətiyev, Adil Kərimli, Yaşar Nəcəfov, Zelim Tçkayev, Südabə Ağayeva, Səbinə Əliyeva, Ramilə Əliyeva, Nərmin Əmirli, Zeynəb Məmmədova, Şəfəq Həmidova, Diana Şoranova (cüdo, komanda növündə), Əhməd Yusifov (cüdo), Osman Osmanlı ( karate) , Əminağa Quliyev ( karate), Həsənəli Həsənov(karate), Rəvan Ağazadə (tayboks), Leyanna Mari Saer (tayboks), Rəsul Aydəmirov – (sambo), Aydın Əhmədov ( sərbəst güləş), İslam İlyasov (sərbəst güləş), Qurban Qurbanov (yunan-Roma güləşi), Şəhanə Nəzərova (qadın güləşi), Era Mafruxa ( badminton), Diki Pangestu/Məhəmməd Xədafidi (badminton).
MDB Oyunlarının nəticələrini təhlil etdikdə güləşdə qazanılan nəticələri xüsusi qeyd etmək lazımdır. Güləşçilərimiz Kazanda 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanmaqla komandamızın xal ehtiyatını artırdı. Güləşçilərin 6 medalı yığmamızın medal sıralamasında irəliləməsinə kömək oldu. Təəssüf ki, eyni sözləri boksçular barədə söyləmək olmur. Kazana 8 boksçuyla yollanan dəri əlcək sahibləri ümumilikdə 5 bürünc medalla qayıtdı. Yarımfinalda məğlubiyyət idmançılarımızı finalsız qoydu. Bu mənada yeniyetmə boksçuların çıxışından razı qalmaq mümkün deyil. Karateçilərimiz dörd finalda iştirak etsə də, yalnız bir dəfə çempionluq sevinci yaşadı. Sambo və cüdonun nəticələrini müsbət qiymətləndirmək olar. Samboçular dörd finalda layiqli mübarizə aparmaqla üç dəfə Kazanda Azərbaycan himnini səsləndirdi. Cüdoçularımız fərdi yarışlarda iki qızıl medala layiq görüldü. Komanda yarışlarında isə yalnız Özbəkistana uduzmaqla ikinci yerlə kifayətləndi.
Bakı, yoxsa Minsk
Növbəti oyunlar iki il sonra paytaxtımız Bakıda təşkil oluna bilər. Azərbaycan MDB ölkələrinin II Oyunlarına namizədliyini rəsmən irəli sürüb. Bu barədə Rusiyanın Kazan şəhərində MDB-yə üzv ölkələrin Bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığa dair Şurasının iclasında elan edilib. Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Namiq Novruzov Azərbaycanda idmanın inkişafına və idman infrastrukturlarının yaradılmasına böyük diqqətin yetirildiyi, ölkədə böyük idman yarışlarının təşkil edildiyini diqqətə çatdırıb. O, ölkəmizin II MDB Oyunlarını da təşkil etməyə hazır olduğunu vurğulayıb. Toplantıda Belarus nümayəndəsi də növbəti Oyunlar üçün namizədliyini irəli sürüb. Təşkilatçı ölkənin MDB İcraiyyə Komitəsinin dekabrda keçiriləcək iclasında seçiləcəyi, yarış proqramının yaxın vaxtlarda müəyyənləşəcəyi və növbəti Oyunların 2023-cü ildə təşkil olunacağı diqqətə çatdırılıb.
Rusiya idman nazirinin müavini Aleksey Morozov “Region Plus”a açıqlamasında ölkəmizin bu yarışı yüksək səviyyədə keçirə biləcəyini bildirib: “Azərbaycan və Belarus I və II Avropa Oyunlarına ev sahibliyi edib. Düşünürəm ki, bu yarışı da yüksək səviyyədə keçirmək üçün kifayət qədər yaxşı infrastruktur və potensiallı kadrlar var. MDB Oyunlarının Əsasnaməsində yarışın açıq ola biləcəyi nəzərdə tutulur. Hesab edirəm ki, bu gün bizim müəyyən təcrübəmiz var. Növbəti oyunlara gəlincə Azərbaycan və Belarus çox maraqlı təkliflərlə çıxış edəcək. Ev sahibi ölkə bir neçə idman növünü oyunlar proqramına əlavə edə bilər. Hər iki namizəd bu yarışları yüksək səviyyədə keçirməyə qadirdir”.
Hələlik yeniyetmə idmançılarımız yaxın aylarda baş tutacaq dünya və Avropa çempionatlarında iştirak edəcək. MDB Oyunlarından fərqli olaraq həmin yarışlarda ölkələrin sayı və rəqiblər də daha çox olacaq.
MƏSLƏHƏT GÖR: