Müəllif: Nadir SƏNANOĞLU
Tokio 2020 XVI Yay Paralimpiya Oyunları başa çatdı. Azərbaycan Milli Paralimpiya komandası yarışı 163 ölkə arasında 10-cu pillədə tamamlamaqla möhtəşəm nəticə göstərdi. İdmançılarımız 14 qızıl, 1 gümüş və 4 bürünc olmaqla, ümümilikdə, 19 medal qazanmaqla yeni tarix yazdı. Tokio 2020-də qazanılan medallar Azərbaycan Paralimpiya tarixinə rekord nəticə kimi yazıldı.
Ötən il keçirilməli olan, lakin koronavirus pandemiyası səbəbindən təxirə salınan oyunlar millimizin tarixinə ən uğurlu yarış kimi düşüb. Atletlərimiz 36 idmançı ilə yollandığı Tokioda heyətin yarısından çox – 19 medal əldə edib. Hərçənd bu 36 nəfərdən ikisi yarışda iştirak edə bilməyib. Buna təmsilçilərimizin koronavirus testinin müsbət nəticə verməsi səbəb olub.
Azərbaycan medal sıralamasına görə Paralimpiadada 10-cu yeri tutmaqla ilkə imza atıb. İndiyədək komandamız ən yaxşı halda 27-ci yerdə qərarlaşıb. Dünyada 10-cu olan Azərbaycan yüksək nəticələr sayəsində Avropada 6-cı sıranı tutub. “Köhnə qitə”nin yalnız 5 ölkəsi daha yüksək sıralarda yer alıb.
Yığmamız postsovet məkanında isə 3-cü olub. Yalnız Rusiya və Ukrayna daha öndə qərarlaşmağı bacarıb. Paralimpiya komandamız medal sıralamasında hətta təşkilatçı ölkəni də qabaqlamağı bacarıb. Meydan sahibi Yaponiyanı arxada qoymağın nə dərəcədə böyük uğur olduğu aydındır. Almaniya, İran və Fransa kimi idman nəhəngləri də yığmamıza aşağıdan yuxarı baxmağa məcburdur.
Ölkəmizdə idmana göstərilən yüksək diqqət sağlamlıq baxımından əngəlli idmançılara da şamil edilir. Onların hazırlıq və toplanışları üçün şəraitin yaradılması bu nəticələrin qazanılmasında əvəzsiz rol oynayıb. Qarabağ müharibəsi qazilərinin də heyətində yer aldığı yığmamızın üzvləri bu yarış sayəsində özlərini dünya idmanının bir parçası hiss edib. Paralimpiyaçılarımız olimpiadada,sadəcə, medal qazanmadı, həm də lider imicini nümayiş etdirməklə ölkəmizin idman gücünü göstərdi.
Tokioya yollanarkən “Yenilməzlər zəfərə doğru” şüarını seçən paralimpiyaçılar bunu yarış meydanlarında da gerçəkləşdirdilər. Təmsilçilərimiz Yaponiyaya turist kimi deyil, zəfər üçün getdiklərini müxtəlif idman növlərində sübuta yetirdi.
Tarixi nailiyyətlər
Atlantadan Rioya qədər olan 6 Paralimpiadada 8 çempionluq yaşayan paraidmançılarımız təkcə Tokioda az qala ikiqat artığına nail oldu. 14 qızıl medal əldə edən təmsilçilərimiz ümumi mükafat sayında da rekorda imza atıb.
Paralimpiyaçılarımız 27-ci olduğumuz London-2012-də 12 dəfə fəxri kürsüyə qalxmışdı. Bu rəqəmi 50 faiz artırmağa nail olan yığmamız “gündoğar ölkə”də 19 mükafata yiyələnib.
Tokio-2020 üzgüçümüz Roman Saley üçün tarixi uğurla yadda qalıb. Milliləşən legioner üç qızıl medal qazanmaqla ölkə idman tarixində ilk üçqat paralimpiya çempionu olub.
Cüdoda Şəhanə Hacıyeva, Vüqar Şirinli, Sevda Vəliyeva, Xanım Hüseynova, Hüseyn Rəhimli, Dürsədəf Kərimova, atletikada Həmid Heydəri, Elvin Astanov, Lamiyə Vəliyeva, Orxan Aslanov, üzgüçülükdə Vəli İsrafilov hamını qabaqlayaraq qızıl medala layiq görülüb. Lamiyə Vəliyeva ikinci medalı qazanmaqla həm də gümüş mükafatçı olub. Pauerliftinqdə Pərvin Məmmədov, cüdoda Namiq Abaslı, İlham Zəkiyev, atletikada Səid Nəcəfzadə bürünc medala sevinib.
Tokio-2020 həm də rekordlarla əlamətdar olub. Həmid Heydəri nizə atmaqda 51,42 m, Elvin Astanov nüvə itələmədə 8,77 m nəticə ilə dünya rekordunu yeniləyib. Vəli İsrafilov 100 m brassla üzməkdə 1.04,86, Lamiyə Vəliyeva 400 m qaçmaqda 55,00 nəticə ilə Paralimpiya rekorduna imza atıb.
Əminliklə söyləmək olar ki, paralimpia komandamız olimpiya yığmamızın nəticəsini kölgədə qoyub. Tokioda qızıl medal qazana bilməyən olimpiyaçılarımız üçün əsl nümunə olan paralimpiyaçılarımız Azərbaycan bayrağını 19 dəfə fəxri kürsüyə yüksəldib. 15 dəfə Azərbaycan himnini səsləndirən paralimpiyaçılarımızın nəticəsi ölkə idmanı tarixinə qızıl hərflərlə yazılıb.
Paris-2024-ə doğru irəli
Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov “Region Plus”a açıqlamasında idmançılarımızın tarixi nəticəyə imza atdığını söyləyib: “Milli Paralimpiya Komitəsi bütün dünyaya idmançılarının gücünü nümayiş etdirdi. Azərbaycan əsgəri kimi, idmançıları da bütün dünyaya öz iradəsini, gücünü göstərdi. Bundan da yaxşı ola bilərdi. Qarşıda Paris-2024 Yay Paralimpiya Oyunları gəlir. İnşallah. 2024-cü ildə də yeni uğurlarımızla millətimizi sevindirəcəyik”.
Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan para-atleti Elvin Astanov “R+”a müsahibəsində çox xoşbəxt olduğunu deyib: "Öz borcumuzu yerinə yetirdik. Bayrağımızı ən yüksəkdə dalğalandırmalıydıq. Bunun üçün də çalışdıq, vuruşduq və Allaha şükürlər olsun ki, buna nail olduq".
Şəhidlərin əziz xatirəsinə
Nüvə itələmə növündə çıxış fəxri kürsünün ən yüksək pilləsinə qalxan 42 yaşlı idmançı eyni zamanda Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib: "Həmişə yanımızda olan Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya çox sağ ol deməliyəm. 44 günə əsgərlərimiz Qarabağı necə azad etdilərsə, biz də cənab Prezidentin tapşırığı ilə Tokioda uğurla çıxış etdik. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin. Bizim qəhrəman qızlarımıza da halal olsun. Öz medallarımızı qazandıq. Onlarla da fəxr edirik. Ən xoş arzularla Tokioya getdik və elə də qayıtdıq".
Nizəatma yarışında dünya rekordu müəyyənləşdirərək çempion olan paraatlet Həmid Heydəri uğurlarının davamlı olması üçün çalışacağını deyib: "Dünya rekordu ilə bütün rəqiblərimə qalib gəldim. Azərbaycan Prezidentinə, Milli Paralimpiya Komitəsinin rəhbərinə təşəkkürlərimi çatdırıram. Ümid edirəm ki, Paris paralimpiadasında öz rekordumu yeniləyəcəyəm".
Uzunluğa tullanma növündə bürünc medala sahib çıxan Səid Nəcəfzadə ilk dəfə paralimpiadada çıxış etdiyini xatırladıb: "Medalsız qayıtmadığım üçün sevinirəm. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. İlk olaraq, idmançıların yanında olan Prezident İlham Əliyevə minnətdaram. Şəxsi məşqçimə və ailəmə həmişə mənə inandıqları və dəstək verdikləri üçün təşəkkürümü bildirirəm. Hər kəs medalları şəhidlərimizə həsr edib. Onların qanı bahasına dalğalanan bayrağımız həmişə zirvələrdə olsun".
Qələbə əzmində
Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov idmançıların yüksək nəticə qazanacağına əvvəlcədən inandığını bildirib: "Bizim komandamız çox güclüdür. Yarışdan əvvəl də bunu demişdim. Hətta proqnoz verəndə bildirdim ki, Tokioya yollanan komanda əvvəlki heyətlərdən daha yaxşıdır".
O, komandadakı hər idmançının nəyə qadir olduğunu bildiklərini söyləyib: "Bu məlumatlar bizə əsas verir ki, düzgün proqnoz irəli sürək. Yarışdan əvvəl neçə qızıl medal qazana biləcəyimizi dilimizə gətirmirdik. Amma paralimpiyaçıların Tokioda layiqli çıxış edəcəklərini gözləyirdik. Bəzi proqnozlarımız isə baş tutmadı. Qızıl medal gözlədiyimiz idmançılar güclərindən aşağı səviyyədə çıxış etdilər. Digərləri isə gözləmədiyimiz halda paralimpiya çempionu oldu. Çünki uşaqlarda qələbə və zəfər ruhu var idi. Azərbaycan xalqına, paralimpiyaçıların dostu Prezident İlham Əliyevə təşəkkür edirik. Onun zəhməti nəticəsində bizim uşaqlar Vətənə zəfərlə dönüblər".
Rəhimov Vətən müharibəsindəki zəfərin paralimpiyaçıların çıxışına təsir etdiyini sözlərinə əlavə edib: "Qələbəmiz bizim uşaqları çox ruhlandırdı. Söz verirəm ki, idmançılarımız bundan sonra daha məsuliyyətli hazırlaşacaq. Fransanın paytaxtı Parisdəki paralimpiadaya cəmi 3 il qalıb. Çox qısa müddətdə hazırlıqlarımızı görməliyik. Yeni komanda formalaşdırılmalıdır. Təbii ki, heyətdə qalan idmançılar olacaq. Çünki komandamız çox gəncdir. Biz seleksiya işlərini davam etdirməli və yeni idmançıları da cəlb etməliyik. Bu istiqamətdə işlər görülür. Əsas işlərimizdən biri Vətən müharibəsində sağlamlığını itirən qazilərimizin paralimpiadaya cəlb olunmasıdır. Çox sayda gənc paralimpiyaçılarımız var. Onlar istənilən idman növü ilə məşğul ola bilirlər. Biz seleksiya işləri aparacağıq və çalışacağıq ki, Parisə bundan daha güclü heyətlə yollanaq".
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan idmançıları və onların məşqçiləri, eyni zamanda Milli Paralimpiya Komitəsinin üzvləri təltif olunub. Dövlət başçısı, həmçinin medal qazanan idmançılar və məşqçilərə pul mükafatlarının təyin edilməsilə bağlı da qərar qəbul edib.
MƏSLƏHƏT GÖR: