Müəllif: Aqil MƏMMƏDOV
Pandemiyanın doğurduğu qlobal böhran dünya iqtisadiyyatını bir neçə il geriyə atdı. Analitiklərin fikrincə, son iki ildə tətbiq edilmiş karantin və qapanmaların nəticələrini təmizləmək üçün qlobal iqtisadiyyata hələ çox illər lazım gələcək.
Ancaq bərpa prosesinin hökumətlərin əhali qarşısında sosial və digər öhdəliklərin yerinə yetirilməsini təmin etmək, kütləvi işsizliyin və yoxsulluğun artmasının qarşısını almaq üçün lazım olan sürətə çatacağına ümidlər getdikcə artır. Bu işdə xilas üçün ümidlərin bağlandığı sonuncu saman çöpü, əlbəttə ki, vaksinlər oldu – bu gün dünyanın normal həyata qayıtmasının əsas şərti məhz peyvəndləşmə hesab olunur.
Lakin dünya iqtisadiyyatının "sağalması" çox ləng gedir, mütəxəssislər xəbərdarlıq edirlər ki, vaksinlərin ölkələr arasında qeyri-bərabər paylanması davam etdikcə, heç bir nəzərəçarpacaq irəliləyiş gözləməyə dəyməz.
Yoxsulların ümidsizliyi
Amerikalı iqtisadçıların statistik təhlilləri göstərib ki, gündəlik yeni yoluxmaların sayı və yeni koronavirus infeksiyasından ölüm səviyyəsi ilə birjaların düşməsi arasında böyük asılılıq var. Özü də, bütün dünya üzrə məlumatları təhlil edərkən bu asılılıq daha çox nəzərə çarpır. Başqa sözlə, yeni yoluxmaların sayı nə qədər çox olarsa, maliyyə bazarlarında volatillik də bir o qədər çox olar.
Pandemiya, demək olar ki, iqtisadiyyatın bütün sahələrinə mənfi təsir göstərib. Ancaq vəziyyət pandemiyanın birinci ili ilə müqayisədə fərqlidir. Onda qəfil böhran ümidsizliyə səbəb olmuşdu, amma vaksinlərin ilk dozalarının bazara çıxarılması ilə əhval-ruhiyyə və analitiklərin proqnozları yaxşılaşmağa başladı. "Bu il, bəlkə də, gələn il də vaksin siyasəti iqtisadi siyasət olacaq, o hətta böhrandan çıxmaq baxımından maliyyə və pul siyasətindən də daha önəmli ola bilər", - deyə Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgiyeva bildirib.
«Bloomberg» agentliyinin son məlumatına əsasən, 14 sentyabr tarixinə dünya üzrə 184 ölkədə 5 milyard 700 milyon dozadan artıq vaksinasiya həyata keçirilib. Vaksinasiyada öndə gələn ölkələr arasında Çin - 2 milyard 200 doza ilə birinci, Hindistan 750 milyon doza ilə ikinci, Avropa Birliyi ölkələri isə 560 milyon doza ilə üçüncü yerdə qərarlaşıb.
Ümumiyyətlə, qısa müddət ərzində təsirli vaksinlərin hazırlanıb dövriyyəyə buraxılması dünya əczaçılıq tarixində rekord hesab edilə bilər.
“Nature” dərgisində yayımlanan araşdırma məqaləsində qeyd edilir ki, 4 şirkət 2021-ci ilin sonuna qədər dünya əhalisinin 30 faizini 2 doza vaksinlə təmin etmək imkanına malikdir. ABŞ-ın Duke Universitetinin Qlobal Sağlıq İnnovasiya Mərkəzinin araşdırmasına görə isə azgəlirli ölkələrdə yaşayanlar 2023-2024-cü ilə qədər 1 doza vaksin almaqda çətinlik çəkəcək və uzun müddət gözləməli olacaqlar.
Mövcud mənzərəni ÜST-ün Baş direktoru Tedros Adhanom Qebreyesus belə şərh edib: “Dünya faciəvi mənəvi uçurumun astanasındadır.”
Vaksinlərin dünya üzrə paylanması qeyri-bərabər gedir və bu, təkcə sosial deyil, həm də iqtisadi baxımdan böyük problemlərə səbəb ola bilər. Pandemiya üzərində tam qələbə yalnız vaksinlərin əlaqələndirilmiş və ədalətli paylanması halında mümkündür.
“AstraZeneca”, “Pfizer” və “Moderna”nın 2021-ci ilin sonuna qədər 2,6-3,1 milyard nəfərə yetəcək qədər vaksin istehsal edə biləcəyi, Rusiyanın “Gamaleya” şirkətinin 500 milyon insanı vaksinlə təmin etmək gücündə olduğu qeyd edilir. Ancaq Avropa Birliyinin 27 və digər 5 zəngin ölkə istehsal potensialının böyük bir hissəsini nəzarətə almaqla bağlı şikrətlərlə müqavilələr imzalayıb. Bu ölkələr dünya əhalisinin 13 faizini təşkil edir.
Kanada əhalisinin sayı 40 milyon nəfər təşkil etsə də, bu ölkə 154 milyon insan üçün vaksin alıb. Bu isə o deməkdir ki, adambaşına 9 doza düşür. Böyük Britaniya öz əhalisinin 295, Avstraliya isə 269 faizi qədər vaksin əldə edib.
Yoxsul ölkələr isə ümidlərini Dünya Səhiyyə Təşkilatının rəhbərliyi ilə formalaşan «Covax» proqramı çərçivəsində alınmalı vaksinlərə bağlayıb. «Covax» proqramı çərçivəsində dünya əhalisinin 20 faizini vaksinlə təmin etmək planlaşdırılır. Bu proqram üçün tələb edilən vəsait 38 milyard dollar təşkil edir. Ancaq bu günə qədər zəngin ölkələr proqrama aktiv şəkildə qoşulmayıblar və tələb edilən vəsait tam şəkildə toplana bilməyib.
Varlıların manipulyasiyası
Əksər analitiklər artıq açıq etiraf edirlər ki, əgər 1970-ci illərdə dünya iqtisadiyyatının gələcəyi əsasən neftdən asılı idisə, neft resurslarının çox az sayda ölkənin əlində cəmləşməsi iqtisadi inkişafla manipulyasiya imkanı yaradırdısa, müasir zamanımızda dünya iqtisadiyyatının gələcək inkişaf meyilləri vaksindən asılıdır. 1970-ci illərdə olan vaksin istehsalının az sayda ölkənin əlində cəmləşməsi və böyük iqtisadi güclərin vaksin üzərində formalaşdırdıqları monopoliya sosial həyatla yanaşı, iqtisadi inkişaf meyillərini də əsasən təhdid etməkdədir.
BVF rəhbəri də açıq bildirib ki, ölkələr arasında peyvəndləşmə templərinin fərqi qlobal sabitliyi təhdid edir və o, qeyd edib ki, ABŞ iqtisadiyyatı peyvənd və bərpa artımı sayəsində bu il 7% arta bilər – bu, 1980-ci illərdən bəri ən yüksək göstəricidir..
"Bu amerikalılar üçün yaxşı bir xəbərdir və bundan başqa, iqtisadi təsiri bütün dünyaya yayılacaq. Ancaq eyni zamanda, peyvəndləşmədə ikili standartlar var və bir çox ölkələr, hətta inkişaf etməkdə olan ölkələrin əksəriyyəti peyvəndləşmədə geri qalırlar və bu da onların iqtisadi bərpasını gecikdirir”, - deyə K. Georgiyeva bildirib.
Onun sözlərinə görə, belə bir fərq davam edərsə, bu, inkişaf etmiş iqtisadiyyatların pul siyasətini 1-2 il ərzində normallaşdıracağı anlamına gələ bilər - xüsusən də ABŞ Federal Rezerv Sisteminin dərəcəsi "bir qədər yüksələcək". Eyni zamanda inkişaf etməkdə olan iqtisadiyyatlar artmayacaq və onların dollarla müəyyənləşmiş borclara xidmət etməsi çətinləşəcək.
"Bu, böyümənin bütövlüyü, qlobal sabitlik və təhlükəsizlik üçün bir təhlükədir", - deyə K.Georgiyeva bildirib.
Bununla yanaşı, Dünya Bankının hesablamalarına əsasən, bu il qlobal iqtisadiyyat 5.6% artmalıdır. Bu artım əsasən zəngin ölkələrin post pandemiya dövründə sürətli bərpa prosesi keçməsi fonunda müşahidə ediləcək, başqa sözlə, zəngin ölkələr ümidlərinin baharını yaşayır. Ancaq vaksinasiya prosesinin zəif getdiyi kasıb ölkələrdə isə tam əks proseslər müşahidə ediləcək.
İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr bir-biri ilə sıx iqtisadi tellərlə bağlıdırlar. Ona görə də yalnız inkişaf etmiş ölkələrin vaksinasiya prosesini başa çatdırması hələ onların iqtisadi aktivliyinin bərpası demək deyil.
Bunu Britaniyanın «The Economist» jurnalının analitik qolu olan «Economist Intelligence Unit» (EIU) tərəfindən aparılan araşdırmanın nəticələrindən aydın görmək olar.
“Gələn ilin ortalarına qədər əhalinin peyvənd edilməsini 60 faizlik səviyyəyə çatdırmayacaq ölkələrdə 2022 -ci ildən 2025 -ci ilə qədər olan dövrdə toplam ÜDM azalması 2,3 trilyon dollar təşkil edəcək", - deyə araşdırmada qeyd olunur.
Bu, hər şeydən əvvəl, əhalinin əhəmiyyətli hissəsinin hələ peyvəndin birinci dozasını belə almağa imkan tapmamış inkişaf etməkdə olan ölkələrə aiddir. EIU qeyd edir ki, qlobal iqtisadiyyatdakı itkilərin üçdə ikisi «emerging markets»in, yəni inkişaf etməkdə olan bazarların payına düşəcək.
İqtisadiyyat hamınındır
Peyvəndləşmədə lider olan inkişaf etmiş ölkələr, sanki, unudurlar ki, dünya iqtisadiyyatı ciddi bağlarla əlaqəlidir. Məsələn, bu gün Avropa İttifaqı ilə Türkiyə arasında ciddi iqtisadi əlaqələr mövcuddur. Türkiyənin ixracında Avropa İttifaqı bazarı əsas yeri tutmaqdadır, eyni zamanda ittifaq üçün də Türkiyə əsas bazarlardandır. Deməli, Avropa İttifaqının vaksinasiyanı başa çatdırması və normala dönməsi, Türkiyənin isə uzun müddət pandemik şəraitdə qalması Avropanın həm idxalına, həm də ixracına mənfi təsir göstərəcək.
Eynilə Azərbaycanın əsas kənd təsərrüfatı məhsullarının ixrac bazarı hesab edilən Rusiya və Ukraynada pandemik situasiyanın pisləşməsi və ölkələrin yenidən qapanmaya keçməsi, ictimai iaşə sektorunda tələbi azaldacaq və bu, öz növbəsində Azərbaycandan idxal edilən məhsulların həcminin azalması ilə nəticələnəcək. Ona görə də Azərbaycan üçün təkcə ölkə daxilində deyil, eyni zamanda əsas ticarət tərəfdaşlarının daxilində pandemik vəziyyətin sürətlə yaxşılaşması maraqlıdır.
Başqa sözlə, ölkələrin prosesdən sinxron şəkildə bir yerdə çıxması olduqca vacibdir. Digər bir məqam: prosesin uzun müddət uzanması inkişaf etmiş ölkələrin əsasən ağır sənaye, “İT” industriya və yüksək texnologiyalar sahəsinə mənfi təsir göstərəcəksə, inkişaf etməkdə olan ölkələrdə ən çox ziyanı xidmət sektoru çəkəcək.
Türkiyənin KOÇ universitetinin professoru Selva Demiralpın rəhbərlik etdiyi iqtisadçıların apardığı araşdırma nəticəsində qeyri-bərabər vaksinasiyanın sektorlara təsirini belə qruplaşdırmaq olar: vaksinasiyanın gecikməsi inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatına daha çox ziyan vurur; inkişaf etməkdə olan ölkələrdə ən çox zərər xidmət, turizm, əyləncə sektorunda müşahidə ediləcək; inkişaf etmiş ölkələrdə ən çox dəyər zənciri ilə inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatı ilə bağlı sektorlar daha çox ziyan çəkirlər - bura avtomobil istehsalı, metallurgiya, avadanlıq istehsalı sahəsi daxildir.
«Dünya əvvəlki kimi olmayacaq» - son illərin ən geniş yayılmış ifadəsidir. Bunun sətiraltı mənası isə daha çox mənfiliklərdən xəbər verir. Dünya üçün də, onun iqtisadiyyatı üçün də yaxşı olardı ki, ölkələr, hökumətlər nə qədər qarşılıqlı bağlantılı olduqlarını anlayaydılar və bir-birlərinə yardım etməyi öyrənəydilər.
MƏSLƏHƏT GÖR: