Müəllif: Nigar ABBASOVA
Nigar ABBASOVA
OPEK+ ölkələri nazirlərinin sentyabr görüşü heyrətamiz sürətli və yekdil qərarı ilə yadda qaldı - əvvəl təsdiqlənmiş plana uyğun olaraq, neft hasilatının hər ay günlük 400 min barel artırılması davam edəcək. Görüşdən sonra ilk 10 günün nəticələri göstərir ki, neft bazarı bu xəbəri nisbətən sakit qəbul etdi: görüşdən bir gün sonra “Brent” neftinin noyabr fyuçerslərinin qiyməti 71,38 dollar/barelə düşdü, indi qiymətlər 73 dollar/barelə bərabərdir.
Bununla yanaşı, koronavirus pandemiyasının davam edəcəyi ilə bağlı narahatlıq hələ də dünya bazarında neftə tələbata mənfi təsir edir. Lakin COVID-19 əleyhinə peyvəndləşmə getdikcə güclənir, bu da o deməkdir ki, keçənilki sərt qapanma ssenarisinə, çətin ki, qayıdılsın və buna görə də yaxın gələcəkdə yanacağa tələbatın kəskin azalması gözlənilmir.
Sonrası da var
Bütün cari il boyu OPEK+ neft bazarının əlavə ehtiyaclarına ehtiyatla reaksiya verib. Anlaşma üzrə öhdəliklərini aşan istehsalı könüllü olaraq azaldan və pandemiya məhdudiyyətlərinin yumşalması səbəbindən neftə artan tələbi nəzərə alan Səudiyyə Ərəbistanının səyləri sayəsində may ayında ticari neft ehtiyatları 2015-2019-cu illərin orta səviyyəsindən aşağı düşdü - OPEK+ neft hasilatını məhdudlaşdırmaq üzrə əldə etdiyi anlaşmanın effektivliyini rəsmi olaraq bu göstərici əsasında qiymətləndiririr.
İyul ayında OPEK+ ölkələri 5,8 milyon barel/günə bərabər azalma səviyyəsinə çatdılar və ilkin olaraq, bunun 2022-ci ilin mayına qədər davam edəcəyi güman edilirdi. Ancaq elə həmin ay anlaşma dekabr ayına qədər uzadıldı.
Bundan əlavə, 2021-ci ilin avqust ayından etibarən OPEK+ ölkələri azalmanı tam örtənə qədər neft hasilatını hər ay 400 min barel/gün artırmağa razılıq verdilər. Yəni 2022-ci ilin may ayına qədər onlar 5,8 milyon barel/gün azalmanı saxlamalı, sonra isə ondan imtina etməli idilər. İndi isə onlar bu 5,8 milyon barel/günü bazara qaytarmaq üçün 2022-ci ilin sentyabrına qədər istehsalı tədricən artıracaqlar. Bununla belə, Səudiyyə Ərəbistanı istisna etməyib ki, bazarda vəziyyət tələb etdiyi təqdirdə, 2022 -ci ildən sonra da OPEK+ ölkələrinin birgə fəaliyyəti mümkün olacaq.
Nazirlər qeyd ediblər ki, COVID-19 pandemiyasının təsirləri bəzi qeyri-müəyyənlikləri artırmağa davam etsə də, bazarın təməl göstəriciləri güclənib, bərpa prosesləri sürətləndikcə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində ticari neft ehtiyatlarının azalması davam edir.
Qiymətlərlə bağlı vəziyyət də ən əlverişli şəkildə görünür: neftin qiyməti hətta pandemiyadan əvvəlki qiymətlərdən də yuxarı yüksəldi - 2020-ci ilin yanvar ayında “Brent” markalı neftin bir bareli 55 dollara satılırdısa, iclas öncəsi qiymət 73 dollara qədər artmışdı. Bu, 2021-ci ilin oktyabrında neft hasilatının artırılması barədə anlaşmanı mümkün etdi. Beləliklə, gələn ay OPEK+ anlaşması çərçivəsində hasilat 400 min barel/gün artacaq.
Təbii ki, görüş zamanı neft hasilatının həcmini öhdəlikdən az ixtisar etmiş OPEK+ ölkələri tərəfindən öhdəliklərinin yerinə yetirilməsi məsələsi də müzakirə edilib. Yeni bir qərarla, öhdəliyi "gecikdirənlərə" 2021-ci ilin dekabrına qədər möhlət verilib.
Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman bildirib ki, OPEK+ istehsal səviyyələri ilə bağlı gələcəkdə qərarlar verərkən, ABŞ-ın neft sanksiyalarının ləğv edilə biləcəyi İranın neft hasilatını və digər istehsalçıları hasilatını, həmçinin pandemiyanın inkişafını izləyəcək.
Onun sözlərinə görə, dərhal 2022-ci ilin sonuna qədər qərar verilməsi o deməkdir ki, OPEK+ nəinki ilin qalan hissəsində, həm də gələn il balanslaşdırılmış bazar əldə etməyə çalışacaq. "Bu, bazara aydınlıq, istiqamət və hara getdiyimizə dair baxış verir", - deyə o vurğulayıb.
Nazirlər həmçinin anlaşmanın qüvvədə olduğu müddət ərzində hər ay görüşmək və vəziyyəti qiymətləndirmək, 2022-ci ilin sentyabrına qədər ixtisarları baş çatdırmağa istiqamətlənərək, növbəti ay üçün istehsal həcmlərini müəyyən etmək barədə anlaşıblar.
Azərbaycansayağı həmrəylik
Azərbaycan, təbii ki, OPEK+ ölkələrinin yeni qərarlarını dəstəklədi. Ölkənin energetika naziri Pərviz Şahbazovun sözlərinə görə, bu anlaşmalar qlobal neft bazarında balansın qorunmasına kömək edəcək.
Azərbaycan üçün neft hasilatının azalması bazası dəyişməyib, 2018-ci ilin oktyabr səviyyəsində qalıb - 718 min barel. Yeni anlaşmalara əsasən, Azərbaycan sazişin bütün dövrü ərzində hər ay neft hasilatını 7 min barel/gün artıracaq. Yəni təkcə bu ilin sonuna qədər Azərbaycan hasilatı sutkada toplam 35 min barel artıracaq.
2021-ci ilin iyul ayında Azərbaycanın kondensat istisna olmaqla, neft hasilatı üzrə kvotası 620 min barel olub. Beləliklə, Azərbaycan oktyabr ayında günlük neft hasilatını daha 7 min artıraraq, 640 min barelə çatdıracaq və dekabrın sonunda bu rəqəm 655 min barelə çatacaq.
Eyni zamanda ABŞ Energetika Nazirliyinin Enerji Məlumatları İdarəsi (EIA) gözləyir ki, 2021-ci ildə Azərbaycanda neft hasilatının (kondensatla birlikdə) 740 min barel/gün olacaq (2020 -ci ildə - 700 min barel/gün olmuşdu), 2022-ci ildə 800 min barelə çatacaq.
Son illərdə Azərbaycan ÜDM-ində neft -qaz sektorunun payı azalsa da, buna baxmayaraq, büdcə gəlirlərində və ixracda bu sektorun payı yüksək olaraq qalmaqdadır. Belə ki, 2020-ci ildə neft-qaz sektoru ÜDM-in 29,9%-ni, dövlət büdcəsinin gəlirlərinin 56,7%-ni və ixracın 86,5%-ni təşkil edib. 2021-ci ildə hakimiyyət neft-qaz sektorunun ÜDM-də payının 33%, dövlət büdcəsinin gəlirlərində 54,1% olacağını gözləyir.
OPEK+un yeni qərarı Azərbaycan hökumətinə ölkədə makroiqtisadi və fiskal sabitliyi qorumağa imkan verəcək, çünki neft ixracı bir barelin qiymətinin 70 dollardan yuxarı olduğu şəraitdə daha çox gəlir gətirəcək. Xüsusilə, nəzərə alsaq ki, Azərbaycanın 2021-ci il dövlət büdcəsi neftin bir barelinin orta qiymətinin 40 dollara bərabər olması əsasında hesablanır. Ölkə rəhbərliyi bu cür ehtiyatlı yanaşmanı davam etdirmək qərarına gəlib və neftin bir bareli üçün 45 dollar qiymətinə əsaslanaraq, gələn il üçün dövlət büdcəsi layihəsi hazırlayıblar.
Qiymətlər nəzarət altındadır
Yeri gəlmişkən, Azərbaycan hökuməti növbəti beş il üçün dünya neft qiymətləri ilə bağlı öz proqnozlarında ehtiyatlılıq nümayiş etdirib. İqtisadiyyat Nazirliyinin baza ssenarisinə görə, 2021-2022-ci illərdə neftin orta qiyməti 55 dollar/barel, 2023-2025-ci illərdə 50 dollar/barel olacaq.
Bütövlükdə proqnoz hədərə gedən fəaliyyət olsa da, ABŞ Energetika Nazirliyinin versiyası daha optimist görünür. Qurum hesab edir ki, cari il üçün “Brent” markalı neftin orta qiyməti 68,61 dollar/barel olacaq, 2022-ci ildə isə 66 dollar/barelə düşəcək.
"Biz gözləyirik ki, 2022-ci ildə OPEK+ ölkələrində, ABŞ-da və OPEK-ə daxil olmayan digər ölkələrdə hasilat artımı qlobal neft istehlakının yavaşlamasını üstələyəcək və “Brent” markalı neftin qiyməti orta illik 66 dollar/barel səviyyəsinə enəcək", - deyə EIA-dan izah edirlər.
Əslində, əgər OPEK+un neft hasilatının artımı müəyyən edilmiş sürətlə davam edərsə, yaxın gələcəkdə neft qiymətlərində artım gözləməyə dəyməz. Digər tərəfdən həm OPEK+ anlaşmasının liderləri, həm də digər neft istehsalçıları dəfələrlə bildiriblər ki, bir barel üçün 60-65 dollar aralığında olan qiymət həm "qara qızıl" istehsalçıları, həm də istehlakçıları üçün optimaldır. İstehsalı "qara qızıl" ın hər bahalaşması ilə intensivləşən şist nefti amilini də unutmaq olmaz. Bazarın hazırkı məqamda və yaxın gələcəkdə artıq neft təklifinə ehtiyacı yoxdur, buna görə də OPEK+ ölkələri çox güman ki, həm bunun, həm də qiymətlərin şok səviyyədə düşməsinin qarşısını almaq üçün çox səy göstərəcəklər.
“Bu gün OPEK+ anlaşmasının parametrləri 2022-ci ilin sonuna qədər müəyyən edilib və ümid edirəm ki, dəyişməyəcək. Neftin qiymətinin yenidən bir barelə görə 100 dollardan baha olmasını istəməzdim, çünki bu, aşağı səmərəli layihələrə investisiyanı stimullaşdıra bilər və sonra yenidən keçdiyimiz şeylərə - bazarın çökməsinə gətirib çıxara bilər”, - deyə Rusiyanın şirkəti «LUKOYL» şirkətinin prezidenti Vahid Ələkbərov bildirib.
"Neftin bir barel üçün 65-75 dollara bərabər qiyməti istehlakçılar üçün də əlverişlidir və OPEK+ ölkələri həcmləri tənzimləməklə, onu qorumağa çalışır",- deyə o, vurğulayır.
OPEK+ nazirlərinin növbəti iclası oktyabrın əvvəlinə nəzərdə tutulub, onda anlaşma iştirakçıları noyabr ayında neft hasilatının planlaşdırılan ssenariyə uyğun olaraq artımının davam etməsinə və ya artımın dayandırılmasına qərar verməli olacaqlar. Hazırda geriyə addım atmaq üçün heç bir ön şərt yoxdur və hər şey alyans üzvlərinin ilin sonuna qədər neftə yaşıl işıq yandırmasına doğru gedir.
MƏSLƏHƏT GÖR: