Müəllif: İlqar VƏLİZADƏ
Yaxın və Orta Şərq regionunda sürətlə inkişaf edən hadisələr, bir qrupun nüfuz dairəsini genişləndirməsi fonunda digərlərinin zəifləməsi regional siyasətin iştirakçılarını yeni oyun qaydaları axtarmaq məcburiyyətində qoyub. İraq hökumətinin Bağdadda regional konfrans keçirmək təşəbbüsünü və artıq avqustun 28-də onu təşkil etməsini məhz bu kontekstdə qiymətləndirmək lazımdır. Konfransın çağırılmasında məqsəd Yaxın Şərqdə gərginliyi azaltmaq, eyni zamanda çətin regional problemlərin həllində İraqın vasitəçi rolunu vurğulamaq idi.
«İraq uzun illər müharibələrin, münaqişələrin mərkəzində olub. Bu gün isə o, regionun liderlərini, təmsilçilərini qəbul etməklə, ölkənin suverenliyinə, çiçəklənməsinə dəstəyini ifadə edir», - deyə prezident Bəhram Salih toplantıdakı çıxışında bildirib. Bu, əslində, tədbir təşkilatçılarının əsl hədəfini aydın şəkildə ortaya qoyur.
Konfransın əsas müzakirə mövzuları regional su problemi, Yəmən müharibəsi, həmçinin Livanı iflas həddinə çatdırmış iqtisadi və siyasi böhran olub. Lakin analitiklər hesab edir ki, ən önəmli hadisə bu çətin regiondakı mövcud ziddiyyətlər fonunda belə bir tədbirin baş tutması faktının özüdür.
Ortaq məxrəcə necə gəlməli?
Bağdad sammitinə qatılmış dövlət başçıları arasında Misir prezidenti Abdel Fəttah əs-Sisi, İordaniya kralı II Abdulla, Qətər əmiri şeyx Tamim bin Hamad əl Tani, Fransa prezidenti Emmanuel Makron da olub. Küveyt və BƏƏ tədbirdə hökumət başçıları, Türkiyə, İran və Səudiyyə Ərəbistanı isə xarici işlər nazirləri səviyyəsində təmsil olunublar.
Bağdad sammitinin təşkilatçıları toplantıdan hər hansı diplomatik sıçrayış gözləmədiklərini əvvəlcədən bəyan etsələr də, bu, Əfqanıstan və İraqdan ABŞ qoşunlarının çıxması, Kabildə «Taliban» hərəkatının hakimiyyətə gəlməsi fonunda yeni regional gündəliyin formalaşdırılmasına cəhd idi.
Region dövlətləri arasında hər zaman ziddiyyətlərin olduğu sirr deyil. Son dövrlərdə isə bu ziddiyyətlər xeyli dərinləşib. Bəzi «irəli getmiş» dövlətlərin maraqlarını dövlət sərhədlərindən kənara da yaymaq cəhdləri, buna o cümlədən hərbi-siyasi sahədə nail olmaq istəyi maraqların toqquşmasına yol açır. Müxtəlif dövlətlər Yaxın Şərqin ayrı-ayrı bölgələrində hərbi mövcudluğunu artırır, bununla da mövqelərini bütün mümkün vasitələrlə qorumaq niyyətini ortaya qoyur. Bu isə vaxtilə tərəfdaş və müttəfiq olmuş dövlətləri belə, rəqibə çevirir. Digər tərəfdən keçmiş qatı, barışmaz opponentlər indi dialoqa maraq göstərir, bununla da, geosiyasi mövqelərini gücləndirməyə çalışır.
Bu fikirləri Səudiyyə Ərəbistanının bir tərəfdən BƏƏ, digər yandan isə İranla münasibətlərinə aid etmək olar. Yeni şəraitdə Bağdad israrla vasitəçi, effektiv danışıqlar meydanı rolunu təklif edir, bununla da qarşı-qarşıya duran tərəflərin meydanında yer almağa çalışır. İraqın müdafiə naziri Mustafa əl-Kazimi Bağdad sammitində açıq şəkildə bildirib ki, Ər-Riyadla Tehran arasında münasibətlərin normallaşdırılması istiqamətində danışıqlar gedir. Üstəlik, bu bəyanat İran və Səudiyyə Ərəbistanı təmsilçilərinin Bağdadda müzakirələr aparmağa başladıqlarına dair rəsmi xəbərdən uzun aylar sonra səsləndirilib. İraq bununla mövzunun qapanmadığını, prosesin məhz onun fəal iştirakı ilə davam etdiyini göstərməyə çalışır.
Bağdadın fəallığı Parisin marağındadır
Birləşmiş Ştatların regional məsələlərdən nisbətən uzaqlaşdığı bir vaxtda Bağdad digər dövlətləri hamını qane edəcək əməkdaşlıq formulunun tapılması üçün fəallıq göstərməyə çağırır. İraqın baş naziri əl-Kaziminin ABŞ-a iyulda etdiyi səfərdən sonra ehtimal olunur ki, o, Ağ Evdən bu xəttin davam etdirilməsinə icazə almağa çalışıb. Bu, Vaşinqtonun Yaxın Şərq siyasətini dəyişməsi ilə də əlaqələndirilir. Birləşmiş Ştatlara bu siyasəti həyata keçirəcək tərəfdaşlar lazımdır.
Bağdad sammitində Fransa prezidenti Emmanuel Makronun iştirakı isə birmənalı şəkildə göstərir ki, Paris indi regionda daha fəal rol oynamağa çalışır. O, mətbuat konfransında deyib: «Amerikalıların qərarından asılı olmayaraq, biz terrorla mübarizə üçün İraqda mövcudluğumuzu davam etdirəcəyik». Başqa sözlə, Makron ABŞ-ın Əfqanıstandan getməsindən sonra oyun qaydalarının müəyyənləşdirilməsinə, Vaşinqtonun İraqda hərbi mövcudluğunun minimuma endirilməsində fəal iştirak etmək iddiasını ortaya qoyur. Hər halda, Qərbin aparıcı liderlərindən Bağdad sammitinə yalnız Makron qatılıb. Livan, İordaniya, İraq, BƏƏ, Cibuti kimi ölkələrdə hərbi kontingenti olan Fransa Yaxın Şərqdə hərbi-siyasi mövcudluğunu daha sanballı hala gətirməyə, bununla da, bölgədə proseslərin gedişinə təsir imkanları qazanmağa çalışır. Doğrudur, sammitin digər iştirakçıları Parisin bu iddialarına şübhə ilə yanaşır və bunu gizlətmək üçün heç də cidd-cəhd göstərmirlər. Bununla yanaşı, region dövlətləri onların görüşlərində Qərb siyasətinin yüksək rütbəli təmsilçisinin iştirakına qarşı deyillər. Çünki bu, həmin tədbirlərə əlavə status qazandırır.
Bu arada, Bağdad sammiti ərəfəsində BƏƏ-nin vitse-prezidenti Məhəmməd ibn Rəşid Əl Maktum ilə Qətər əmiri Əl Tani arasında son dərəcə əlamətdar sayıla biləcək görüş keçirilmişdi. Görüşdə vitse-prezident əmiri «dost və qardaş» adlandırmışdı. Bu ünsiyyət Bağdadda da davam edib və bu, təbii ki, keçmiş opponentlər arasında münasibətlərin yaxşılaşdığını göstərir.
İD-nin reinkarnasiya təhlükəsi
Bəzi müşahidəçilər hesab edirlər ki, Bağdadda təşkil edilmiş regional sammit əsasən İrana həsr olunub.
«Region və dünya liderləri görüşürlərsə, əsas mövzu adətən regional xarakterli məsələlər olur. Bu dəfə, güman ki, diqqət mərkəzində İran və onun başqa dövlətlərlə münasibətləri olacaq», - deyə İordaniya kralının sabiq məsləhətçisi Abu Odeh bildirib. Onun fikrincə, ABŞ prezidenti Co Baydenin xarici siyasəti «ərəb liderlərində narahatlıq yaradıb: əgər amerikalılara arxalana bilmirsinizsə, regional həll yolları axtarmağa başlayırsınız».
Ekspertlər bildirirlər ki, regional liderlərin istənilən görüşü, xüsusilə ziddiyyətlərin dərinləşməsi fonunda keçirilən görüşlər ümumilikdə ümid yaradır. Məsələn, ictimaiyyət nümayəndələri belə yüksək səviyyəli görüşlərin xüsusilə miqyaslı enerji və nəqliyyat layihələrinin reallaşdırılması haqda razılaşmaların əldə ediləcəyi təqdirdə iqtisadi sabitliyə yol aça biləcəyini düşünür. Regionda iqtisadi vəziyyətin yaxşılaşması isə əhalinin daha zəif təbəqəsinin həyat şəraitinin yüksəlməsinə imkan verir. Söhbət xüsusilə Yaxın Şərqdə bitmək bilməyən vətəndaş müharibələrindən zülm çəkən insanlardan gedir. İstənilən belə sammit, ilk növbədə, Yaxın Şərqi bürümüş regional yanğınların söndürülməsi üçün dialoq imkanlarının genişləndirilməsi baxımından əla şansdır.
Bağdad sammiti haqda gen-bol yazılar verən ərəb KİV-i bildirir ki, toplantıda müxtəlif ölkələr təmsil olunsalar da, onun əsas oyunçuları iordaniyalılar, misirlilər və iraqlılar olub. Enerji, neft kəmərləri, vergidən azad sənaye zonaları sahəsində regional layihələrin reallaşdırılması üzərində məhz bu ölkələrin liderləri cidd-cəhdlə çalışır. Onlar bu məqsədə çatmaq üçün əlverişli siyasi şəraitin yaradılması üçün əllərindən gələni edirlər.
Bəziləri hesab edir ki, regional təhlükəsizliklə bağlı məsələlərin, o cümlədən hələ də «İslam Dövləti» (İD) təşkilatından gələn terror təhdidinin qarşısının alınması daha çox İraqın sabitliyi, suverenliyi və çiçəklənməsinə bağlıdır. Məlum olduğu kimi, İD ABŞ-ın rəhbərliyi ilə NATO qüvvələrinin İraqa girməsi, prezident Səddam Hüseyni devirməsindən (2003) 10 il sonra ələ keçirdiyi Suriya və İraq ərazisində «xilafət» yaratdığını elan etmişdi. Xarici qüvvələrin də dəstəklədiyi İraq hökuməti İD-nin darmadağın edildiyini yalnız 2017-ci ilin dekabrında bəyan edə bildi. Bununla yanaşı, İD hələ də gizli fəaliyyətdədir və zaman-zaman qanlı hücumlara görə məsuliyyəti öz üzərinə götürür. Belə qanlı hadisələrin ən dəhşətlilərindən biri iyulda – Qurban bayramı ərəfəsində törədilib və nəticədə, 30-dan çox insan həlak olub.
İD-nin əlində hələ də on milyonlarla dollar var və o, güman ki, İraq və Suriya şəbəkəsini bərpa etməklə məşğuldur. Hazırda təşkilatın əsas hədəfi Suriya və Livanda gücünü tam bərpa edənədək müxtəlif qanadlarının dinamikasını qoruyub saxlamaqdır.
ABŞ prezidenti Co Bayden iyulda verdiyi açıqlamada bildirib ki, Birləşmiş Ştatlar İraqda hərbi əməliyyatlara bu il son qoyacaq. Lakin amerikalılar İD ilə mübarizə üçün İran hərbçilərinə təlimləri davam etdirəcək, onlara buradan sonra da lazımi məsləhətlər verəcək. Antiterror koalisiyasında yer alan qüvvələr iddia edirlər ki, İraqın təhlükəsizlik xidmətinin əməkdaşları İD-nin yeni hücumlarının qarşısını almaq iqtidarındadır. Onlar ideal olmasalar da, kifayət qədər hazırlıqlıdırlar və demək, Amerika hərbçiləri artıq İraqı tərk edə bilər. Xarici analitiklər hesab edirlər ki, İraq 2014-cü ilin təkrarlanmasına imkan verməyəcək.
Proseslərin necə inkişaf edəcəyi zaman göstərəcək. Bu gün proses iştirakçıları üçün vacib olan vaxt udmaqdır. Onlar sistemdənkənar qüvvələrdən gələn yeni təhlükələr və çağırışlar fonunda vaxt qazanmalıdırlar. Aydındır ki, aralarındakı rəqabət onları yalnız zəiflədir, potensial rəqibləri isə daha da gücləndirir.
MƏSLƏHƏT GÖR: