Müəllif: Valentina REZNİKOVA
27 sentyabr 2020-ci il ölkəmizin tarixinə Vətən müharibəsinin başlanması ili kimi düşdü. Ali Baş Komandanın başçılığı altında bütün ölkə ədaləti əbədilik bərpa etmək üçün sərhədlərini qorumağa qalxdı. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlının Qələbəyə töhfə verməsi şərəf məsələsi idi. KİV-lərin köməyinə sosial şəbəkələrdə çalışan, təbliğat və maarifləndirmə işini öz üzərinə götürən könüllülər ordusu gəldi. Azərbaycanın keçmişi və bu günü ilə bağlı tarixi və sənədli gerçəkləri milyonlarla internet istifadəçisi auditoriyasına çatdırmaq lazım idi. Buna paralel olaraq, Vətən uğrunda döyüşə gedən əsgərləri dəstəkləmək işi bir saniyə də dayanmadı: məktublar, gündəlik tələbat əşyaları olan bağlamalar arxa cəbhədə qalanların gündəlik qayğısına çevrildi. Bu heç də ordunun zəif təmin olunması demək deyildi – sadəcə hər kəs torpaqların azad edilməsi kimi müqəddəs işə töhfə vermək, öz iştirakını hiss etmək istəyirdi. İnsanlar cəbhədən xəbər almadan yuxuya getmirdilər. Azərbaycanın əsrlər boyu topladığı multikultural dəyərlər də öz nəticəsini verdi: hər kəs özünü döyüşçü kimi hiss etdi. Hər kəs ədalətin bərpası prosesinə öz töhfəsini verməyə çalışdı! Hər kəs "Bu mənim müharibəmdir!" dedi. Çoxlarına kitab sözü kimi görünən "Vətən" kəlməsi konkret məzmun və forma aldı.
Vətən haradan başlayır?
Azərbaycanın xalq artisti Aleksandra Nikuşina üçün Vətən sevgidən başlayır. Bu məsələdə onun hisslərində yarım tonlar yoxdur. Həm rol üzərində işləyərkən, həm də şeir yazarkən o, coşqulu bir yüksəliş yaşayır. Kimsə bunu sırf onun peşəsi ilə bağlaya bilər və yəqin ki, haqlı olar. Lakin bundan daha çoxun demək mümkündür: bu, rusların genetik yaddaşının təzahürüdür - çətin zamanlarda onlara qucaq açmış, sığınacaq vermiş və Ana Vətənə çevrilmiş torpağa sonsuz minnətdarlıq hissini yaşadan yaddaşın. Onlar bu torpağı sevdilər və heç vaxt ondan üz döndərmədilər. Ruslar bütün Azərbaycan xalqı ilə birlikdə öz torpaqlarının taleyini paylaşdılar...
Nikuşin soyadının Bakı həyatının tarixi 20-ci əsrin əvvəllərində başlayır. O zaman Saratov quberniyasından İvan Nikuşin öz həyat yoldaşı Matrena ilə birlikdə hər baxımdan isti olan Bakı şəhərinə köçüblər. Gənclər milli geyimlərin müxtəlifliyi ilə göz oxşayan və bütün dinlərin daşıyıcılarına öz məbədində dua etməsinə imkan verən bu şəhərdə xoşbəxt idilər. Məscidlər, sinaqoqlar, kilsələr, kirxalar və kostellər bu şəhərdə bir araya gələrək üzvi şəkildə bir-birini tamamlayır və insanlar arasında yeni bir mədəniyyət münasibəti meydana gətirirdi. Məhz bu ahəngdar qarşılıqlı əlaqə onilliklər sonra qısa və sadə bir şəkildə təqdim ediləcək: "Belə bir millət var - bakılılar".
Dostları və teatr həmkarlarının Şura kimi çağırdığı Aleksandra Nikuşina üçüncü nəsil bakılıdır. O, xalq artisti titulu ilə yanaşı, bakılı olması ilə də fəxr edir. Onun üçün bu, sadəcə, sözlər deyil. Bu, onun yaradıcı, peşəkar və fərdi bioqrafiyasının bir hissəsidir ki, bütünlüklə dövrün kontekstinə və onun Vətəninin - Azərbaycanın ümumi taleyinə uyğun gəlir.
Vətən – Sevgi – Ölkə
Hər şey Sevgidən başlayır. Ətrafımızdakı dünyanı bizə məhz o açır. Özümüzü tanımağımıza kömək edən məhz odur. Ancaq bunu anlamağa hər kəsin öz yolu var. Aleksandra Nikuşinada bu, sözlə bağlıdır. Söz onun üçün özü ilə dünya arasında qurduğu dialoqda həm bələdçi, həm də vasitəçidir.
...Qarabağda hərbi əməliyyatlar başlayanda, o, gecə yata bilmədi və cəbhə xəttindən xəbər gözləyə-gözləyə ağladı. Elə ki, Ali Baş Komandanın nitqini və ya Qarabağdakı hərbi əməliyyatlar barədə xəbərləri, milli ziyarətgahların və mədəniyyət abidələrinin vəhşicəsinə dağıdılması və yox edilməsi barədə məlumatları eşidən kimi beynini duyğular toplusu sarırdı. Yaddaşında keçmişdən xatirələr canlanırdı. Teatrın Şuşa və Ağdam qastrolları, Ağdam teatrının binası, çay içdikləri yol kənarı kafenin ikinci mərtəbəsində ağdamlıların onları qonaq etməsi. Yadına həm də Azərbaycanın yeddi möcüzəsi düşürdü. Onlar barədə o, «Rossotrudniçestvo»nun maarifləndirici tədbirləri çərçivəsində xüsusi bir proqram hazırlayaraq, ölkənin bütün rusdilli platformalarında böyük sevgi və qürurla danışmışdı.
Azərbaycan- heyrətamiz ölkədir
Ölkədə gözəlliyi ilə diqqəti çəkən çox maraqlı yerlər var. Ancaq Aleksandra düşünür ki, ölkənin əsas sərvəti – onun insanlarıdır! Xeyirxah, qayğıkeş, mərhəmətli insanları. O anlaya bilmirdi: niyə insanların anadangəlmə xeyirxahlığının və həssaslığının qarşılığı total ədalətsizlik olmalıdır? Ürəkağrıdan məsələ o idi ki, doğma torpaqlar həyatda hələ heç nə görməmiş gənc oğlanları itirərək güclə geri qaytarılırdı. Aktyorluq fantaziyası onun iradəsinə zidd olaraq, sosial şəbəkələrdən məlumat aldığı hər bir insan taleyinə görə sarsıntı yaşamağa məcbur edirdi. Bu ağrı onun ürəyini daha da çox yandırırdı. Ona elə gəlirdi ki, bütün ölkə yekdilliklə Vətəni müdafiə etmək üçün ayağa qalxıb, yalnız o, ölkə üçün önəmli bir şey edə bilmir. Həm də işlərin həqiqi vəziyyəti haqqında sosial şəbəkələrdə yaydığı doğru materiallara görə düşmən tərəfin hücumlarına tab gətirməli olurdu, amma o, gördüyü işləri az sayırdı.
Sosial şəbəkələrdə qeydiyyatdan keçmiş hər kəs bunu edirdi. Amma onun şəxsi töhfəsinə ehtiyacı vardı. Və buna nail oldu. Sonrakı hadisələrə təkan verən məlumatlar böyük oğlundan gəldi. Oğlu zəng vurub 10 il əvvəl bağban və iki qızılgül kolu haqqında birinin danışdığı hekayənin təəssüratı altında yazdığı şeirlərindən birini sosial şəbəkələrdə yerləşdirmək üçün icazə istədi. Bağban gülləri Birinci Qarabağ müharibəsi zamanı Şuşadan çıxarıbmış.
«Bu mənim də savaşımdır!»
Bu adamın hərəkəti onu heyran etmişdi. Öz ata evindən qovulan zaman qızılları, pulları deyil, iki kol Şuşa qızılgülünü özü ilə gətirib, hətta sağ qalacağını, onları bir yana çıxarıb-çıxarmayacağını, başqa yerdə bitib-bitməyəcəyini bilmədən. Axı, qızılgül həssas bitkidir. Şuşa qızılgülü - özəlliklə. Amma qızılgül kök atıb və yaşayıb. Bağban bu nadir Şuşa gözəlliyi növünü daha sonra vətəninə qaytarmaq üçün xilas edib. Aleksandra Nikuşina bu adamın əməlinə o qədər heyran qalıb ki, şeiri nikbin bir sonluqla bitirib və müəllifin ədalətin təntənəsinə tam inamını ifadə edib.
İnanıram, xalq o günü görəcək -
Qorxu keçmişdə qalıb, dumanlarda itəcək,
Şuşa azadlığının bəhrəsini dərəcək,
Günəşin istisinə yenidən isinəcək.
Qızılgül də dönəcək anası Qarabağa,
Azərbaycana çiçəkdən çələng bağlamaq üçün!
Qızılgül və bağban haqqında şeir ona bütöv bir silsilə yazmağa təkan verib və bu şeir onun poetik kompozisiyada birinci yerdə durur. Bu həm məntiqlidir, həm də qanunauyğun. Müəllifin Vətən müharibəsi illərində müəllifin xronoloji ardıcıllıqla yazdığı bütün sonrakı şeirlər də bizim insanların misilsiz igidlik və iradə gücü göstərməsi ilə bağlıdır. Müəllif, xalqın bu keyfiyyətlərini tərənnüm edir, amma öz xalqına və onun multikultural dəyərlərinə qürur, hörmət və sevgi hisslərini də gizlətmir. Onun özü də bu xalqın bir nümayəndəsidir və ortaq taleyin ağrılı anlarını ağır yaşayır.
Biz hamımız «bir gəmidəyik»
Müəllifin sosial şəbəkələrdə yerləşdirdiyi poeziya kompozisiyası səkkiz şeirdən ibarətdir. Bu, şairin ürəyinin Qarabağda baş verənlərə verdiyi əks-sədadır. Burada uydurma qəhrəmanlar yoxdur. Hər birinin gerçək prototipi var. Burada yanan Kəlbəcər də yer alıb – orada azərbaycanlıların mədəni irsi vəhşicəsinə məhv edilir…
O həm də Anadır, oğluna qələbə üçün xeyir -dua verən, sonra da qadağalara və ənənəyə baxmayaraq, vədini yerinə yetirmək üçün oğlunun tabutunu çiyinlərində aparan Anadır:
Get, əzizim, Qarabağımızı qaytar!
/ ... / Səni Qələbəylə gözləyəcəyəm,
Sevinc göz yaşı ilə basıb bağrıma.
Allah dərgahına aparsa səni,
Səni öz əlimlə yola salaram,
Səni yatağında uyudan kimi
Beşiyin torpağa qoyub ağlaram.
Bu isə döyüş öncəsi az-az olan sakitlik anlarında əsgər yoldaşlarının döyüş ruhunu öz mahnıları ilə yüksəldən mərhum 22 yaşlı Xudayar Yusif-zadədir:
Oxu, sən, Xudayar! Oxu, dayanma!
Sən öz nəğmən ilə əbədi sağsan.
Nəğmən yayılıbdır bütün ölkəyə
Səslənir hər yerdə, diyarbadiyar.
Ağlamaqdan şişmiş göz qapaqlarını vərəqdən çətinliklə ayırır. Neçə nəfər ölüb və daha neçə nəfər orada əbədi qalacaq? Onları necə qorumaq olar? Bunun qarşısını necə almaq olar? Necə? Sanki, ana ürəyi ağrı və qayğıdan partlayacaq, çünki onun özü də iki oğul anasıdır. Müəllifin hər sözü, hər sətri dünyaya itki ağrısı, tökülən qanın faciəsi barədə göz yaşları ilə bəyan edilir. Həmçinin xalqın cəsarətinə, müdrikliyinə və alicənablığına coşğulu bir heyranlıq duyulur. Azadlıq adına. Ədalət adına. Həyat adına. İşıq adına. Əbədi və Həyatın özü kimi sonsuz İşıq adına, Bütün Şər qüvvələrinə və ədalətsizliyə baxmayaraq, onların əksinə. Bütün bunlar, Akademik Rus Dram Teatrının aktrisası, əslən rus olan, özünü qürurla bakılı qadın və rus əsilli azərbaycanlı adlandıran Aleksandra NİKUŞİNAnın şeirləridir. Onun "Böyük zəvvarın əhvalatı" şeirindən sonra isə ermənilər ona sosial şəbəkələrdən təhdidlər yağdırırmağa başladı.
- Bu, sizi qorxutdu?
- Yox! Sevindirdi. Anladım ki, oxum hədəfə dəyib. Bu, həm də mənim müharibəmdir! Əgər mən informasiya müharibəsində iştirak edərək hədəfi vura bilirəmsə, demək, boş yerə yaşamıram. Mən anladım ki, söz həm də güclü silah ola bilər. Məni o da sevindirdi ki, müxtəlif millətlərdən olan həmvətənlərimin bir çoxu bu təhdidə reaksiya verərək, məni müdafiəyə qalxdılar. Bu, Ali Baş Komandanımızın "Biz birlikdə - güclüyük!" çağırışının doğruluğuna bir daha əmin oldum.
- Mənim üçün xüsusi sevindirici fakt, - deyə müəllif yazır, - Natəvanın, Bülbülün və Üzeyir Hacıbəyovun abidələrinin bərpa olunaraq, Qarabağa -, əvvəlki "qeydiyyat" yerlərinə qaytarılması idi. Bu səbəbdən, mən silsiləmi "Hər şey öz çevrəsinə döndü" şeiri ilə başa çatdırdım.
Xalq artisti Aleksandra Konstantinovna Nikuşina "Bu mənim müharibəmdir!" poetik silsiləsinin müəllifi kimi Azərbaycan Müdafiə Nazirliyi tərəfindən elan olunmamış, amma sosial şəbəkələrdə monitorinq nəticəsində müəyyən olunan "Qarabağ - Azərbaycandır" yaradıcılıq müsabiqəsinin qaliblərindən biri oldu. Bu monitorinqin nəticəsi "Müharibə haqqında şeirlər" nominasiyasında nazirlikdən alınan diplom oldu.
Diplom onun üçün çox əzizdir və evinin ən hörmətli yerində saxlanılır. Üstəlik, şeirlər sifarişlə yaradılmayıb və xüsusi olaraq müsabiqə üçün yazılmayıb, ən yüksək ədalət uğrunda informasiya döyüşlərində iştirak üçün nəzərdə tutulub. Bir dəfə fevralda Aleksandra Konstantinovnanın evinə telefon zəngi gəldi. Bu, Müdafiə Nazirliyindən idi. Ona müsabiqənin qalibi olduğu, diplomla təltif edildiyi və Qarabağa səyahətə layiq görüldüyü bildirilib. O bunu fərəhlə xatırlayır və həyəcanla növbəti zəngi gözləyir. Ümid edir ki, o zəng tezliklə gələcək və bəlkə də, Qələbə Günümüzü müsabiqənin digər iştirakçıları ilə birlikdə Şuşada qeyd edəcək! Bəs necə? Gözəl arzular xəyallar gerçəkləşməlidir...
P.S. Rus azərbaycanlı Aleksandra Nikuşinanın həyatından bu qısa hekayə ölkəmiz üçün xarakterikdir. Çoxmillətli xalqımızın bir çox nümayəndələrində sadiq və şəksiz sevginin, əvəzolunmaz vətənpərvərliyin sübutlarını görmək olur. Hər kəs Vətəninin maraqlarının müdafiəsinə qalxmağa hazırdır. Çünki hələ də heç kimin əlimizdən ala bilməyəcəyi bir xüsusiyyətimiz var - bu, milli dəyərlərimizi qorumaq qabiliyyətidir! Təəccüblü deyil ki, ölkəmizdə şəhidlərimizin adlarının sadəcə bir qəhrəmanlıq keçmişinə çevrilərək unudulub getməsini istəməyən qayğıkeş qadınlar çoxdur, Onlar bir daha ata evinə heç vaxt girməyəcək, valideynlərini qucaqlamayacaq, sevdiyi qızla görüşə çıxmayacaq şəxslərin adlarını və rəsmlərini əbədiləşdirmək istəyirlər.
Bizim oğlanlar - türk azərbaycanlılar, rus azərbaycanlılar, talış azərbaycanlılar, ləzgi azərbaycanlılar, yəhudi azərbaycanlılar ... - şəhər qəbiristanlıqlarını bir-birinə bənzər qara məzar daşları ilə dolduraraq, sonsuza qədər 20 yaşda qaldılar. Bizim oğlanlar. Bizim uşaqlar. Bizim oğullar. Öz həyatları bahasına Ədaləti bərpa etdilər, ölkənin bütün kişilərinə şərəf, ləyaqət və özünə hörmət hissini qaytardılar.
İşıq üzü görmüş “Vətən simurqları. İkinci Qarabağ müharibəsinin qəhrəmanları” kitabının birici cildində onlar haqqında - bir daha heç vaxt gəlməyəcək, sevgilisini qucaqlamayacaq, öz uşağını qucağına götürməyəcək, ilk öpüşün dadını bilməyəcək oğullar haqqında danışılır. Qalan cildlər üzərində iş gedir.
MƏSLƏHƏT GÖR: