23 Noyabr 2024

Şənbə, 01:11

QAZ FIRTINASI

Avropada «mavi yanacaq» qiymətləri rekord vurur: Köhnə Dünya böhrandan təcili çıxış yolları axtarır

Müəllif:

01.10.2021

Koronavirus pandemiyasının səbəb olduğu iqtisadi böhrandan qurtulmağa düz-əməlli macal tapmayan Avropa artıq yeni problemlərlə üzləşib. Hazırda Avropa İttifaqı ölkələrində əsl enerji kollapsı yaşanır və bunun ərzaq kollapsına çevrilmək təhlükəsi var.

Qazın yüksək qiyməti elektrik enerjisinin qiymətini də artırır, buna görə də bir çox analitiklər xəbərdarlıq edirlər ki, qış dövründə istehlakın ən yüksək həddə çatdığı zaman bölgə ölkələri elektrik enerjisinin kəsilməsi ilə üzləşə bilərlər.

Mütəxəssislərin proqnozları da nikbinliyə səbəb olmur, heç biri mövcud vəziyyətdən çıxmaq üçün sürətli həll təklif edə bilmir. Əgər əvvəllər bu cür qiymət «yarışı» rəqib yanacağa - kömürə keçməklə dayandırıla bilirdisə, amma analitiklərin qeyd etdiyi kimi, indi Qərbi Avropada kömürlə generasiya gücləri yetərincə az qalıb və onların təsiri yetərsiz olub.

 

Səbəblər və nəticə

Təchizatda azalma olduğundan bu il Avropada qaz qiymətləri üç dəfədən çox, elektrik enerjisinin qiymətləri isə təxminən iki dəfə artıb. Analitiklər deyirlər ki, qaz böhranının əsas səbəbi Aİ-nin qaz anbarlarında ehtiyatların aşağı olması, həmçinin "Qazprom"un "Şimal axını 2"nin işə salınması ərəfəsində anbarlara qaz vurmaq və satışı artırmaq istəməməsi ilə bağlıdır. Həmçinin, qaz qiymətlərinin rekord artımına ABŞ-dan mayeləşdirilmiş təbii qazın (LNG) nəqlinin azalması və bu yaxınlarda «Qazprom»un Novıy Urenqoydakı zavodunda baş verən qəza səbəb olub. "Mavi yanacağ"ın qiymətlərində kəskin artım avqustun ortalarında «Qazprom»un Yamal-Avropa boru kəməri ilə Avropa İttifaqına qaz nəqlini kəsməsindən sonra başlayıb.

Sentyabrın ortalarında Avropada spot qaz qiymətləri tarixi maksimum həddə yaxınlaşdı - 76 avro MVt/saat və ya min kubmetr üçün 969 dollar oldu.

Avropada qazın qiymətini maye qaz nəqlinin artması azalda bilər, lakin Avropa hələ də Asiya ilə rəqabəti inamlı şəkildə uda bilmir, orada qiymətlər və yanacağa artan tələbat yüksək səviyyədə qalmaqdadır.  

2021-ci ilin birinci rübündə Şərqi Asiya və Şimali Amerikada şiddətli soyuqlar olub. Onların ardınca Asiyada isti cərəyan və müxtəlif bölgələrdə, o cümlədən Braziliyaya da quraqlıq gəlib.  

«Bütün bu hadisələr qaza olan tələbatın artması meylini gücləndirdi. Asiyada qaza olan tələbat il ərzində yüksək olaraq qaldı, ilk növbədə, Çinin, həmçinin Yaponiya və Koreyanın hesabına. Təklifə gəldikdə isə, qlobal LNG istehsalı dünyada bir sıra planlaşdırılmamış fasilələr və gecikmələr üzündən, həmçinin 2020-ci ildən texniki xidmətin gecikməsi səbəbindən gözləniləndən aşağı idi»,- deyə Beynəlxalq Enerji Agentliyi (BEA) qeyd edir.  

Sentyabrın 22-də Sloveniyada Aİ-nin enerji nazirlərinin qeyri-rəsmi görüşündə qaz böhranının müzakirəsi də nəticə verməyib. Bununla belə, Avropa komissarı Kadri Simson vəd edib ki, Avropa Komissiyası önümüzdəki həftələrdə ümumi tövsiyələr hazırlayacaq: planetin ən böyük siyasi birliyinin 27 ölkəsindəki 450 milyon insan üçün böhranı yüngülləşdirməyin yollarını arayacaq.

Sloveniyanın infrastruktur naziri Erney Vrtovets sədrlik etdiyi iclasdan sonra bildirib ki, elektrik və təbii qaz bazar malları olduğu üçün Aİ-nin üzv ölkələrdə qiymətin bazar komponentini tənzimləmək üçün xüsusi rıçaqları yoxdur və ola da bilməz. Bununla belə, ölkələr qiymət artımlarının tənzimlənən qiymət komponentinə təsirini yumşaltmaq üçün fərqli yanaşmalar tətbiq edirlər.

Sloveniyalı nazirin sözlərinə görə, bu təsirlərin yumşaldılması gələcəkdə, xüsusən də hasilat yanacağı idxalından asılılığı azaltmaqla və aşağı karbon tərkibli daxili mənbələrə diqqət yetirməklə gerçəkləşdiriləcək.

"Həmçinin enerji səmərəliliyinin artırılması ilə istehlak edilən enerjinin ümumi miqdarının azaldılmasına ehtiyac da olacaq ki, bu da son istehlakçı üçün xərcləri azaltmağa, həm qaz, həm də elektrik enerjisi üçün daxili enerji bazarının dayanıqlılığını dəstəkləməyə və daxili bazar tam inteqrasiyaya kömək edəcək", - deyə E Vrtovets vurğulayıb.

Enerji böhranı məsələsi, böyük ehtimalla, 21-22 oktyabr tarixlərində Aİ sammitinin gündəliyinə əlavə olunacaq.

 

Tələsmək – ağır nəticə verə bilər  

Eyni zamanda bir çox ekspert və qaz bazarı iştirakçıları bu fikirdədirlər ki, qazın qiymətinin artmasına Avropa ölkələrinin ənənəvi enerji mənbələrindən bərpa olunan enerji mənbələrinə keçidi çərçivəsində tələskənlik səbəb olub.  

"Avropada qazın bahalaşması kömür istehsalından sürətlə imtinadan qaynaqlanır, enerji keçid prosesində müəyyən addımların iqtisadi nəticələri əvvəlcədən hesablanmalıdır", - deyə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov bildirib.

Rus nazirin sözlərinə görə, dünyanın bir çox ölkələri müəyyən bir tarixə qədər karbon neytrallığına nail olmaq barədə bəyanatlar verərkən, məsələnin nəyə başa gələcəyi barədə dəqiq təsəvvürləri olmayıb.

"İndi aşağı karbonlu inkişaf məsələsinin həyata keçirilməsində bizim üçün vacib olan, əlbəttə ki, bu məsələnin dəyəri, başqa sözlə, bu işlərin icrası üçün kimin, hansı həcmdə, nə vaxt pul ödəməsi məsələsidir... Aydın cavablar almırıq. Kömürdən imtina etməyi haqqını kimin ödəyəcəinə cavab almadığımız kimi və s." – deyə RF İqtisadi İnkişaf Nazirliyinin rəhbəri bildirib.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov da eyni fikirdədir.

"Qaz qiymətinin bu qədər yüksək olması investisiya çatışmazlığı ilə bağlıdır, bu, həm də biz dünyanın enerji təhlükəsizliyini bərpa olunan enerji mənbələri hesabına təmin edəcəyimizi söylədiyimiz zaman gerçəkliyi düzgün başa düşməməyimizdən qaynaqlanır",- deyə nazir Dubayda keçirilən «Gastech» enerji konfransında bildirib.

Qətərin energetika naziri Saad Əl-Kaabi mövcud vəziyyətlə bağlı narahatlığını gizlətməyib: “Biz belə yüksək qiymətləri istəmirik. Bunun istehlakçı üçün yaxşı olduğuna inanmırıq" deyən Əl-Kaabi bununla birlikdə maye qaza olan tələbatın böyük olduğunu vurğulayıb.

 

Qiymətlər artır – rentabellik düşür

Qazın qiymətinin rekord artımı Avropadakı sənaye müəssisələrinin fəaliyyətinə ağır zərbə vurub. Məsələn, İngiltərədə gübrə zavodunun bağlanmasına səbəb olub ki, bu, qazlı içkilərin istehsalında və heyvanları kəsməzdən əvvəl yatırmaq üçün, nüvə elektrik stansiyalarını soyutmaq üçün istifadə edilən CO2-nin əsas mənbəyi idi.  

Norveçin gübrə istehsalçısı «Yara International» yüksək qaz qiymətləri səbəbindən Avropa zavodlarında ammonyak istehsalını, təxminən, 40% azaldacağını söyləyib.

Sahənin digər bir sənaye nümayəndəsi Amerikanın «CF Industries Holdings» şirkəti qazın qiymətinin artması üzündən Böyük Britaniya iki fabrikin fəaliyyətini dayandırıb və Britaniya hakimiyyəti onların işi bərpa edə bilməsi üçün şirkətə maliyyə yardımı etmək məcburiyyətində qalıb.

Gübrə istehsalçılarından başqa, elektrik təchizatçıları da qazın qiymətindəki sıçrayışdan əziyyət çəkirlər ki, onların da bir çoxu artıq iflas ərəfəsindədir.

Təbii qaz təchizatının yetərincə olmaması üzündən Avropada elektrik enerjisi qiymətlərinin rekord həddə yüksəlməsi öz növbəsində bir sıra iri sənaye müəssisələrinin rentabelliyinin azalmasına gətirib çıxarır ki, bu da bütün regionun iqtisadiyyatının bərpasını poza bilər.

Belə ki, Avropanın aparıcı kimya şirkəti «BASF SE» bildirib ki, istehlak olunan enerjinin 80%-ni özü istehsal etməsinə baxmayaraq, rekord elektrik qiymətlərinin təsirini tamamilə neytrallaşdıra bilməyəcək. Qitənin ən böyük mis istehsalçısı «Aurubis AG» bəyan edib ki, elektrik enerjisi xərcləri artıq mənfəəti azaltmağa başlayıb və rentabelliyə ilin sonuna qədər təsir etməyi davam edəcək.

Dünyanın ən böyük müstəqil neft treyderi «Vitol»un baş direktoru Rassel Hardinin sözlərinə görə, qazın qiymətinin artması sənaye şirkətlərini, həmçinin kimyəvi məhsul və gübrə istehsalçılarını qaza alternativ axtarmağa məcbur edəcək. Bununla yanaşı, mütəxəssis vəziyyətdən çıxış yolunu yaxşı havada görür(!).

R.Hardi düşünür ki, treyderlər Avropadakı hava şəraitini yaxından izləyəcəklər, çünki Şimal yarımkürəsində mülayim qış enerji bazarını bir qədər sakitləşdirə bilib. Ekspertin sözlərinə görə, Avropa oktyabr və ya noyabr aylarında başlayan soyuq mövsümə 78% doldurulmuş qaz anbarları ilə girəcək ki, bu da vəziyyəti olduqca çətinləşdirir.

BEA Avropada qaz çatışmazlığı ilə bağlı vəziyyəti yaxşılaşdıra biləcək tədbir olaraq Rusiyaya təklif edir ki, qarşıdan gələn qışın isitmə mövsümünə hazırlıq olaraq, yeraltı qaz anbarlarını lazımi səviyyədə doldurmaq üçün regiona qaz tədarükünü artırsın. Agentlik hesab edir ki, bu, həm də Rusiyanın Avropa bazarının etibarlı təchizatçısı kimi nüfuzunu vurğulamaq üçün bir fürsətdir.

 

Azərbaycan uğur qazandı  

Aydındır ki, qaz çatışmazlığı Avropa istehlakçılarını kəsiri azaltmaq üçün variantlar axtarmağa sövq edir. Özü də, Rusiyanın "Qazprom" şirkəti müqavilədə göstərilən həcmdən artıq nəql etməyi planlaşdırmadığı bir vəziyyətdə, gözlər başqa təchizatçılara, məsələn, Azərbaycana yönəldi. Beləliklə, Azərbaycan qazının tədarükü ilə bağlı uzunmüddətli müqavilələrə əsasən, İtaliya hər il 8 milyard kubmetr alacaq, qalan 2 milyard kubmetr isə Yunanıstan və Bolqarıstan arasında bərabər bölünəcək.

TAP boru kəməri operatorunun – «Trans Adriatic Pipeline AG»nin (TAP AG) məlumatları göstərir ki, Azərbaycan qazının İtaliyaya gündəlik nəqli 24 milyon kubmetr səviyyəsində dəyişir və üçüncü rübün bəzi günlərində hətta gündə 27 milyon kubmetrə yüksəlib. Əgər bu meyil qış tələbatının zirvəsində qorunarsa, Azərbaycan İtaliyaya müqavilədə nəzərdə tutulduğundan daha çox qaz sata bilər.

Energetika Nazirliyindən verilən məlumata görə, bu il Azərbaycan qazının Avropaya ixracı 5 milyard kubmetr səviyyəsində gözlənilirdi. BEA da öz proqnozunu açıqlamışdı – 5 milyard kubmetrdən 5,5 milyard kubmetrə kimi. Bununla yanaşı, TAP AG konsorsiumu, demək olar ki, sentyabrın ortalarında təntənəli şəkildə elan edib ki, 31 dekabr 2020-ci ildən bu günə qədər TAP vasitəsilə Avropaya ixrac edilən Azərbaycan qazının həcmi artıq 5 milyard kubmetr olub. Yəni illik proqnoz artıq yerinə yetirilib, amma yeni ilə hələ üç ay qalıb.

Normativdən artıq nəql nəzərə alınmaqla bizim ölkəmiz üçün həddindən yüksək qaz qiymətləri, şübhəsiz ki, əlverişlidir, çünki bu, qaz satışından gələn gəlirlərin artmasına kömək edir. Bundan başqa, 20 illik müqavilənin müddəti 2021-ci ilin 16 aprel tarixində başa çatması ilə bağlı Türkiyəyə nəqlin dayandırılmasından sonra buraxılan «Şahdəniz» yatağının «Mərhələ-1»indən qaz həcmlərinin ixracı məsələsinin həllini asanlaşdırır.

Yeri gəlmişkən, bu ixracın bərpası məsələsində irəliləyiş əldə edilib. Türkiyənin enerji nazirinin müavini Alparslan Bayraktarın sözlərinə görə, son bir neçə ildə elektrik enerjisi istehlakı artıb. Eyni zamanda, bərpa olunan enerji mənbələri nəzərəçarpacaq rol oynamağa başlayıb və elektrik enerjisi sənayesi tərəfindən qaz istehlakı bir qədər azalıb.  

“Bu il biz görürük ki, qaz istehlakı artır. Qazın yüksək qiymətləri enerji təchizatına təsir göstərir. Keçən il daha çox LNG (15 milyard kubmetr – “R+”) əldə edə bildik, çünki rəqabətqabiliyyətli qiymətlər var idi, bu il, həqiqətən, çətin olacaq, ancaq biz Azərbaycan, Rusiya kimi mövcud təchizatçılarımızla yeni müqavilələr və həcmlər barədə danışıqlar aparırıq", - deyə A. Bayraktar bildirib.

Bundan başqa, Türkiyə KİV-lərindən məlum olub ki, Azərbaycan və Türkiyə uzun danışıqlardan sonra Azərbaycan qazının Türkiyə bazarına tədarükü ilə bağlı müqaviləni uzadıblar. Tərəflərdən heç biri bu barədə ictimaiyyətə məlumat verməsə və təfərrüatları açıqlamasa da, mətbuatda yayılan məlumatlara görə, yeni müqavilə 2024-cü ilin sonuna qədər qüvvədə olacaq və güman edilir ki, Azərbaycan Türkiyəyə qazı, faktiki olaraq, spot qiymətləri ilə satacaq. Azərbaycan üçün bu, «Şahdəniz» layihəsinin «Mərhələ-2»si üzrə mövcud uzunmüddətli müqaviləyə əlavə olaraq Türkiyə ilə qaz ticarətinin yeni bir forması olacaq. Ola bilsin ki, indiki vaxtda spot vasitəsilə ticarət Bakı üçün daha sərfəlidir. Hər halda, bu saziş tərəflərə qaz bazarındakı vəziyyəti qiymətləndirmək və lazım gələrsə, anlaşmaları uzunmüddətli müqavilələrə dəyişdirmək üçün vaxt verəcək.



MƏSLƏHƏT GÖR:

173