25 Noyabr 2024

Bazar ertəsi, 03:10

SİLAH DÜKANININ SONU?

Sabiq müdafiə naziri David Tonoyanın həbsi Ermənistanın silah qaçaqmalçılığı kanallarına hansı təsiri göstərəcək?

Müəllif:

15.10.2021

Ermənistanda ordu rəhbərliyinin növbəti səs-küylü həbs dalğası müzakirə olunmaqdadır. Bu dəfə həbsə atılan nə az, nə çox – düz müdafiə nazirinin özüdür! Bəli, 2019-cu ilin payızında Ermənistan vətəndaşlarına «yeni müharibə-yeni ərazilər» vədi verən nazir! Ekspertlər xatırladır ki, o, nazir postunu Ermənistanın 2020-ci il noyabrın 10-a keçən gecə kapitulyasiya aktı imzalamasından sonra tərk edib. Bundan sonra o, xüsusi diqqət çəkmirdi. Müxalifət düşərgəsinə də qoşulmamışdı. Belə olan təqdirdə, sabiq nazirin həbsi nə ilə bağlı ola bilər?

Düşünmək olar ki, sabiq müdafiə nazirinin həbsi hərbi qiyam və ya «generalların əlbirliyi»nin qarşısının alınması üçün aparılan kampaniyanın davamıdır. Lakin məlumatlı şəxslər bilir ki, David Tonoyanın hərbi təhsili belə, yoxdur. Onun həbsi tamamilə başqa proseslərlə bağlıdır. Artıq Ermənistanda bu haqda rəsmən danışırlar. «David Tonoyan xüsusilə külli miqdarda oğurluq (4,5 milyon dollar), saxtakarlıq və ictimai təhlükəli əməllərdə şübhəli bilinərək saxlanılıb», - deyə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin İstintaq departamentindən bildiriblər.

Ən maraqlısı odur ki, David Tonoyanla birlikdə yerli «silah baronu», «Patron Davo» ləqəbi ilə tanınan David Qalstyan da saxlanılıb. Bu isə hadisələri tam fərqli məcraya yönəldir.

 

«Silah baronları»nın milli xüsusiyyətləri

Ermənistan 99% Rusiya silahları ilə silahlanıb. Bununla yanaşı, o, KTMT üzvü kimi, Rusiyadan güzəştli şərtlərlə silah almaq imkanına malik olub və indi də malikdir. Üstəlik, İrəvan bir çox hallarda Rusiya silahlarını elə Moskvanın ona ayırdığı kreditlər hesabına alır.

Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra Ermənistanda belə bir söz-söhbət dolaşırdı ki, Ermənistan Rusiyadan güzəştli şərtlərlə aldığı silahları sonradan beynəlxalq qiymətlərlə başqa ölkələrə satır. Hər halda, Ermənistanın Vatikandakı sabiq səfiri, Serj Sarqsyanın kürəkəni Mikael Minasyan belə ittihamla çıxış etmişdi. Onun sözlərinə görə, «Nikol Paşinyan keçmiş rəhbərliyin onun əvvəlcə o qədər də sevmədiyi, sonradan maniakal sevgi duyduğu Rusiya ilə belə bir razılaşmasının (silah alışı – red.) olduğunu bilən kimi, yeni dostu, «Patron David» kimi tanınan David Qalstyanla xüsusi sxem düşünüb. Sxem nədən ibarətdir? Ermənistanın baş naziri David Qalstyana Müdafiə Nazirliyi vasitəsi ilə səlahiyyətlər verir, bu şəxs Ermənistan Respublikası adından şərti desək, 100 ədəd silah sifariş etmək ixtiyarı əldə edir. Daha sonra Ermənistan Respublikası David Qalstyanın offşoru ilə məsələn, bu 100 ədədin 60-nı alır. Həmin 60 ədədin pulu ödənilir və onlar Ermənistana gətirilir. Sənədlər qaydasındadır. Amma bir istisna var: sifariş olunmuş, lakin hələ pulu ödənməmiş 40 ədəd Rusiyadan birbaşa Qalstyanın əvvəldən razılıq əldə etdiyi üçüncü ölkələrə göndərilir. Məsələn, Birləşmiş Ərəb Əmirliklərinə. Bu üçüncü ölkədən silahlar dördüncü ölkəyə aparılır. Bütün mütəxəssislər bilir ki, silahların nömrələrindən onların bütün «həyat»ını bilmək olur. Rusiya Ermənistana satdığı silahların haralara gedib çıxdığından həmin silahların dördüncü ölkədə istifadə olunmasından sonra xəbər tutur».

Minasyan bu haqda danışdığı videonu hələ 2020-ci il mayın sonunda yaymışdı. Nəticədə, ciddi qalmaqal olmuşdu. David Qalstyanın Rusiyaya girişinə 10 il müddətinə qadağa qoyulmuş, Rusiyanın gözündə Ermənistanın etibarına ciddi zərbə dəymişdi.

2020-ci il noyabrın ortalarında qanunsuz erməni «köçkün»lər Azərbaycanın hələ işğal altında olan ərazilərini tələm-tələsik, unitazları sökərək, ağacları qıraraq, evlərə od vuraraq tərk edən zaman hərbi polisin sabiq əməkdaşı Vardan Qukasyan (daha çox «Doq» ləqəbi ilə tanınır) «Facebook» sosial şəbəkəsində daha bir kompromat materialı yayımlamış, tezliklə həmin material Ermənistan KİV-nin əsas mövzularından birinə çevrilmişdi. Dərc olunmuş materiallar arasında Ermənistanın müdafiə naziri ilə David Qalstyan arasında «Mosston Engineering» offşor şirkətinin yaradılmasına dair müqavilə də var idi. Müqaviləyə əsasən, Ermənistanın Müdafiə Nazirliyi şirkətə 3,5 milyon dollar «borc veribmiş».

Digər müqavilə bu offşor şirkətə Ermənistanın Müdafiə Nazirliyi adından eksklüziv hərbi texnika və döyüş sursatları almaq haqqı tanıyırdı. Məlumata görə, «bu offşor şirkət («Mosston Engineering») keçmiş sovet respublikalarından və digər dövlətlərdən istifadəyə yararsız, hesabdan silinmiş texnikalar alır, onları yeni avadanlıqların qiymətinə satmaqla, çirkli pulların yuyulması ilə məşğul olub. Məsələn, son illərdə İordaniyadan 27 milyon dollara 60-cı illərə aid nasaz «Osa» zenit-raket kompleksi və 50-ci illərə aid «M55» zenit qurğusu alınıb. 30 milyon dollara Qazaxıstandan hesabdan silinmiş sovet mərmiləri də əldə edilib. Siyahını çox uzatmaq olar. Korrupsiya sxemi durmadan işləyib və bu dövrdə Müdafiə Nazirliyinə lazımsız silahların fantastik qiymətlərə alınmasına aydınlıq gətirilməsi ilə bağlı bütün sorğulara bir cavab verilib: nazirliyin satınalmaları dövlət sirridir».

 

Ermənilərə xas «silah supermarketi»

Ümumiyyətlə Ermənistanın şübhəli silah alış-verişi haqda xəbərlər inanılmaz müntəzəmliklə yayılırdı. 2011-ci ildə ölkədə ciddi qalmaqal baş vermişdi: Liviyanın Benqazi şəhərindən İrəvana müəmmalı «İl-76» təyyarəsi gəlmişdi. Yolüstü Kişinyovda eniş etmiş təyyarədə işlənmiş silah-sursatın olduğu bildirilirdi.

Ən ciddi qalmaqal isə yəqin ki, 2020-ci ilin yazında baş verib. Həmin vaxt Avropa Təhlükəsiz Uçuş Agentliyinin (EASA) qərarı ilə Ermənistanın Mülki Aviasiya Komitəsinin Avropa İttifaqı ölkələrinə uçuşlar təşkil edən iki aviaşirkətə lisenziya verməsi qadağan olunmuşdu. Söhbət «Armenia Aircompany» və «Atlantis European Airlines» şirkətlərindən gedir. Qeyd edək ki, 44 günlük müharibə zamanı Rusiyadan Ermənistana «humanitar yardım» adı altında silahları məhz bu şirkətlər daşıyıb. O zaman bu qərarın səbəbi haqda danışan baş nazir Nikol Paşinyan demişdi: «Ermənistanda qeydiyyata alınmış təyyarələrdən Afrika ölkələrində qanunsuz istifadə olunub: silah satışı və sair. Bu, erməni korrupsionerlərlə bağlı məsələdir. Bu faktlar uzun illər ərzində gizlədilib». Amma Paşinyanın bu açıqlaması çətin ki, auditoriyanı yanıltsın. Hələ 2004-cü ildə Ermənistanın «Dvin» aviaşirkətinə məxsus təyyarə Zimbabvenin Harare aeroportunda saxlanılmışdı. Səbəb Ekvatorial Qvineyaya çevriliş törədilməsi üçün muzdlular və silah aparılması cəhdi idi.

Bəs, indi nə baş verir? David Tonoyanın həbsi nə ilə bağlıdır? Sabiq nazir «silah baronu» ilə birlikdə silah ticarətini şəxsi biznesəmi çeviribmiş? Yoxsa…

Əlbəttə ki, asan qazanc əldə etmək hərisliyi, oğurluq, rüşvət hallarını heç kim inkar etmir. Amma David Tonoyan ilə David Qalstyanın həbsində siyasi motivlərin olduğunu göstərən məqamlar çoxdur. Silah biznesi, əlbəttə ki, gəlirli işdir. Amma onu kimin kimə satdığı unudulmamalıdır. Hələ söhbət təkrar satışdan gedirsə… Halbuki silah alqı-satqısı ilə bağlı müqavilələrdə əksər hallarda onun təkrar satışı qadağan olunur.

Məlum səbəblərdən Ermənistanın silah ticarəti ilə bağlı məsələlərdə mövzunun bu tərəfinə toxunulmur. Lakin şübhə yoxdur ki, David Tonoyan-David Qalstyan tandemi bu işdə çox sərbəst olublar. Yəni onlar Rusiyadan əldə olunan silahları üçüncü, dördüncü ölkələrə Moskvanın xəbəri olmadan satıblar.

David Tonoyanın həbsinin Moskvaya ismarıc olduğu da istisna deyil: Rusiya silahları ilə qeyri-leqal alver edən erməni dükanı qapadılıb, günahkarlar cəzalandırılıb və belə hallara bir daha yol verilməyəcək. Bu məsələdə İrəvan inadkarlıq edə bilməz: o, ordusunu bərpa etməlidir. Bu isə Rusiyadan güzəştli şərtlərlə silah almadan nəzəri baxımdan belə, mümkün deyil.

Amma dükanı, həqiqətən, qapatmaq üçün David Tonoyanın həbsi kifayətdirmi?



MƏSLƏHƏT GÖR:

205