25 Dekabr 2024

Çərşənbə, 00:27

ÇİÇƏKLƏNƏN CƏNNƏTİN DİRÇƏLİŞİ

Səfir Bəhram Əşrəfxanov: «Özbəkistan Azərbaycanın azad olunmuş ərazilərinin bərpası prosesindən kənarda qalmayacaq»

Müəllif:

15.10.2021

Son illər koronavirus pandemiyası dünyanın əksər ölkələrinin həyatına, həmçinin beynəlxalq münasibətlərə öz təsirini göstərib. Qlobal məhdudiyyətlər nəinki iqtisadi əməkdaşlığa, həm də mədəni, humanitar və turizm sahəsində əlaqələrə ciddi zərbə vurub. Amma hər işdə bir xeyir var. Məsələn, Azərbaycandan danışırıqsa, COVID-19 pandemiyası, xüsusilə 44 günlük müharibə onun əsl dost və müttəfiqlərinin, eyni zamanda bədxahların kimlər olduğunu görməsinə imkan yaradıb.

Azərbaycan-Özbəkistan qardaşlığı, şübhəsiz ki, bu sınaqdan da üzüağ çıxıb. Azərbaycanın Vətən müharibəsinin birinci ildönümündə, eyni zamanda Özbəkistanda keçiriləcək növbəti prezident seçkisi ərəfəsində «Region plus» jurnalı Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bəhram ƏŞRƏFXANOVA suallarla müraciət edib.

- Cənab səfir, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə nəticələnmiş İkinci Qarabağ müharibəsindən bir il keçir. Bildiyimizə görə, siz işğaldan azad olunmuş rayonlarımıza bir neçə dəfə səfər edib, oradakı vəziyyəti öz gözlərinizlə görmüsünüz. Gördükləriniz sizdə hansı təəssüratı yaradıb?

- Hörmətli nəşrinizin verdiyi fürsətdən istifadə edərək, Azərbaycan rəhbərliyini və xalqını qardaş ölkəmizin ərazi bütövlüyünün bərpası münasibəti ilə bir daha təbrik etmək istəyirəm. Bu tarixi nailiyyət hörmətli Prezident İlham Əliyevin güclü iradəsi, ölçülüb-biçilmiş və uzaqgörən siyasəti, eyni zamanda Azərbaycan vətəndaşlarının fədakarlığı və mərdliyi sayəsində əldə olunub.

İşğaldan azad edilmiş ərazilərə bir neçə səfər etmişəm. Açığı, təəssüratım ürəkaçan deyil. Təəssüf ki, bir vaxtlar çox məşhur olan qədim abidələr indi xarabalığa çevrilib.

Lakin, eyni zamanda səfərlər zamanı biz Azərbaycan hökumətinin azad edilmiş regionların bərpası və inkişafı ilə bağlı möhtəşəm planları ilə də tanış olmuşuq. Tam əminəm ki, ölkənin həmin əraziləri nəinki bərpa etmək, həm də çiçəklənən cənnətə çevirmək üçün bütün resurs və imkanları var. Buna ən parlaq nümunə Füzuli Aeroportunun tikintisidir.

Özbəkistan da öz növbəsində, Azərbaycanın azad olunmuş ərazilərinin bərpası prosesindən kənarda qalmayacaq. Məsələn, 2021-ci il martın 31-də Özbəkistan prezidenti Şavkat Mirziyoyev Türk Şurasının qeyri-formal sammitindəki çıxışında ölkəmizin Azərbaycanın tarixi ərazilərindəki qədim abidələrin, məscidlərin, mədəni-maarifçilik obyektlərinin bərpasında iştirak etməyə hazır olduğunu bildirib. Özbəkistan bu ərazilərdə ümumtəhsil məktəbi tikməyi də planlaşdırır. Hazırda azərbaycanlı həmkarlarımızla Özbəkistan tərəfinin reallaşdıracağı layihələri müzakirə edirik.

- Özbəkistan ən müxtəlif platformalarda dəfələrlə Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə edib. İkinci Qarabağ müharibəsinin nəticələrini beynəlxalq hüquq baxımından necə qiymətləndirirsiniz?

- Bəli, Özbəkistan hər zaman və hər yerdə Azərbaycanın ərazi bütövlüyü probleminə birmənalı, prinsipial yanaşıb.

Biz 2020-ci il noyabrın 10-da üçtərəfli atəşkəs bəyannaməsinin imzalanmasını böyük məmnunluqla qarşıladıq. Özbək xalqı qardaş Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü bərpa etməsindən çox məmnundur. Bununla o, faktiki olaraq, BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsini icra edib.

- Bu gün Mərkəzi Asiyadan Xəzər dənizi vasitəsi ilə Qafqaza yük daşımaları marşrutları xüsusi əhəmiyyət qazanıb. Tezliklə bu daşımaları yeni Zəngəzur dəhlizi vasitəsi ilə həyata keçirmək mümkün ola bilər. Ölkələrimizin nəqliyyat sahəsində əməkdaşlığı nə qədər uğurludur?

- İstehsal etdiyimiz məhsulların xarici bazarlara daşınması üçün marşrutların şaxələndirilməsi Özbəkistanın sürətlə inkişaf edən iqtisadiyyatı üçün aktual məsələdir. Azərbaycan isə hörmətli Prezidenti İlham Əliyevin rəhbərliyi ilə nəqliyyat-tranzit infrastrukturunun inkişafında, ölkənin potensialının reallaşdırılmasında, onun şimalla cənub, qərblə şərq arasında nəhəng tranzit habına çevrilməsində böyük uğurlar qazanıb. Bu kontekstdə Bakı-Tbilisi-Qars dəmir yolunun, Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinə, yeni yolların salınması və köhnələrinin təmiri istiqamətində görülmüş nəhəng işlərə nəzər salınması vacibdir.

Biz nəqliyyat sahəsində əməkdaşlığın böyük perspektivlərini görürük. Çünki sadalanan infrastrukturdan özbək mallarının istər Azərbaycana, istərsə də üçüncü ölkələrə daşınması üçün fəal istifadə edirik. Düşünürəm ki, nəqliyyat sahəsində əməkdaşlığımız getdikcə genişlənəcək. Bu proqnozun əsasında Özbəkistanın bu ilin aprelində GSP+ imtiyazlar sisteminə qoşulması da dayanır. Bu, ölkənin Avropa İttifaqına 6200 adda malı rüsumsuz ixrac etməsinə imkanı verir. Demək, Özbəkistandan Avropaya ixrac olunan malların həcmi sürətlə artacaq. Ölkəmiz bu işdə qiymət və müddət baxımından ən optimal marşrutlardan istifadə etməyi düşünür.

Ümid edirik ki, Bakı da Mərkəzi Asiyanın tam ortasında yerləşən, iqtisadi və strateji xarakterli böyük imkanlara malik Daşkəndin potensialından istifadədə maraqlıdır. Bu mənada, qeyd etmək istərdim ki, Özbəkistan-Qırğızıstan-Çin, Məzari-Şərif-Kabil-Pişəvər dəmir yolları kimi layihələr Avrasiyanın nəhəng nəqliyyat-tranzit potensialının açılmasına yönəlib və perspektivdə onlar Azərbaycan üçün Şərqi və Cənubi Asiya istiqamətində əlavə tədarük marşrutlarına çevrilə bilər.

Bundan başqa, «Nəvai» azad ticarət zonası da ölkələrimiz arasında nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün yaxşı imkan yaradır. Avtomobil, dəmir və hava yollarının vacib kəsişməsində yerləşən Nəvai şəhərinin aeroportu Cənub-Şərqi Asiyanı Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq, həmçinin Avropa qitəsinin ölkələri ilə birləşdirir. Burada yeni birgə istehsalat obyektlərinin tikintisi, qitələrarası aviasiya daşımalarının təşkili perspektivdə xüsusilə Özbəkistanla Azərbaycana çox fayda gətirəcək.

- Pandemiyaya baxmayaraq, 2020-ci ildə Özbəkistanla Azərbaycan arasındakı ticarət dövriyyəsində kifayət qədər müsbət göstəricilər qeydə alınıb. Bu il tendensiya necədir?

- Bu istiqamətdə əməkdaşlığımızın əsas prinsipi Özbəkistanın Azərbaycana BMT məkanındakı perspektivli iqtisadi-ticari tərəfdaş kimi baxmasıdır. Biz qarşılıqlı səmərəli əməkdaşlığın miqyasını artırmağa hazırıq.

Son illər ölkələrimiz arasındakı ticarət dövriyyəsində müsbət tendensiyaların olması bizi məmnun edir. Dünya iqtisadiyyatında koronavirus səbəbilə yaşanmaqda olan böhrana rəğmən, qarşılıqlı ticarət dövriyyəmizdə müsbət tendensiyaların olması ikiqat sevindiricidir. Bu trend bu il də davam edir. 2021-ci ilin yanvar-avqust aylarında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 31,1% artıb.

Lakin bazanın kiçik olduğunu nəzərə alsaq, düşünürəm ki, bu göstəricilərə qane olmaq tezdir. Əksinə, bütün səylərimizi ticarət dövriyyəsinin bir neçə dəfə artırılmasına yönəltməliyik. Bunun üçün bütün lazımi şərtlər mövcuddur. Hər iki ölkədə yüksək keyfiyyətli məhsulların geniş çeşiddə istehsal olunması da bu şərtlərdəndir.

- Məlum olduğu kimi, həm Özbəkistanda, həm də Azərbaycanda xarici investisiyalar üçün əlverişli şərait yaradılıb. Qarşılıqlı investisiyalarla bağlı vəziyyət necədir?

-Həqiqətən də, ölkələrimiz əlverişli işgüzar mühitin yaradılması istiqamətində ciddi nailiyyətlər qazanıb. Bu, dünya ictimaiyyətinin də diqqətindən kənarda qalmayıb. Bu gün Özbəkistanda aparılan miqyaslı islahatlar inkişafımızın yeni mərhələsinin əsasını qoyub. Söhbət Yeni Özbəkistan əsrindən gedir. Son dərəcə qısa dövrdə ölkədə müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyatda tamamilə yeni atmosferin yarandığını deməyimiz üçün bütün əsaslar var.

Beynəlxalq Valyuta Fondu və nüfuzlu reytinq agentliklərinin təhlillərinə əsasən, Özbəkistan hazırkı çətin dövrdə maliyyə və iqtisadi sabitliyi qoruyub saxlaya, istehsalat sahələrini bərpa edə, iqtisadi inkişafa nail olan azsaylı dövlətlərdəndir. Bu fikirlər Amerikanın «J.P.Morgan» investisiya bankının bu yaxınlarda açıqladığı «Özbəkistan: zirvəyə aparan yolda» adlı analitik məruzəsində də yer alır.

Apardığımız islahatların müsbət nəticələrinin müxtəlif beynəlxalq reytinqlərdə əksini tapması Özbəkistanın beynəlxalq maliyyə bazarlarına çıxışına imkan verir. Məsələn, bu il dövlət xarici investorlara $635 mln. i 2,5 trln. sum dəyərində avroistiqrazlar, «İpoteka bank» – $73,5 mln., «Uzavtomotors» SC isə $300 mln. dəyərində korporativ istiqrazlar satıb.

Biz investorlarda iqtisadiyyatımıza əhəmiyyətli dərəcədə inam yaratmışıq. Qısa müddətdə investisiyaların həcminin 2,1 dəfə, o cümlədən xarici investisiyaların, təxminən, 3 dəfə artması da bunun göstəricisidir.

Məmnunluqla qeyd etməliyəm ki, bu prosesdə Azərbaycan nümayəndələri də iştirak edir. Hazırda Azərbaycanın işgüzar dairələri Özbəkistanda inşaat, kənd təsərrüfatı, ərzaq məhsullarının istehsalı, enerji və digər sahələrə aid layihələrin reallaşdırılmasında iştirak edirlər. Əminəm ki, tezliklə bu, digər istiqamətlər hesabına daha da artacaq.

Özbəkistan biznesi də öz növbəsində, Azərbaycan iqtisadiyyatının inkişafında iştirak edir. Məsələn, ipəkçilikdə, avtomobil istehsalında. Hazırda Azərbaycan ərazisində trikotaj, parça, dəri-ayaqqabı, elektron, elektrotexnik və s. məhsulların birgə istehsalı imkanlarını nəzərdən keçiririk.

- Yeri gəlmişkən, son zamanlar iki ölkə arasında iqtisadi sahədə istər dövlət, istərsə də biznes subyektləri arasında əlaqələrin artdığı müşahidə olunur. Hansısa sahədə konkret nəticələr və ya planlar varmı?

- Bu ilin sentyabrında biz Özbəkistan-Azərbaycan qardaşlığının möhkəmləndirilməsi istiqamətində daha bir vacib addıma şahidlik etmişik. Söhbət «Azərmaş SR» birgə istehsalat müəssisəsinin işə salınmasından gedir. Vaxtilə bu müəssisəyə şəxsən baş çəkmiş hörmətli Prezident İlham Əliyevə layihənin investorlarına yüksək qiymət verdiyi üçün təşəkkürümüzü bildiririk.

Azərbaycanla Özbəkistanın birgə müəssisə yaratmaları bizim Gürcüstanın, Türkiyənin, həmçinin Afrika ölkələrinin ixrac bazarlarına çıxmağımıza imkan yaradacaq. Şübhə etmirəm ki, yeni avtomobil zavodunun məhsulları Azərbaycan əhalisi arasında da populyarlıq qazanacaq. Fikrimcə, yenilənmiş «Nexia», «Cobalt», «Damas» və «Labo», həmçinin «SamAvto» avtobusları onların xoşuna gələcək. Artıq deyə bilərəm ki, gələcəkdə sadaladıqlarıma «Chevrolet Onix» və «Tracker» avtomobilləri də əlavə olunacaq.

Çox iddialı hədəfimiz var: «Azərmaş SR» zavodunda ildə 5000-dək avtomobil, həmçinin 1000-dək avtobusun istehsalı planlaşdırılır. Özbəkistan dəyərli azərbaycanlı həmkarlarımıza bütün lazımi dəstəyi göstərməyə hazırdır.

Hazırda əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti – 11-ci iclasına hazırlaşırıq. Bundan başqa, Bakıda «Made in Uzbekistan» milli sərgisinin təşkili də nəzərdə tutulub. Əminəm ki, Azərbaycanın işgüzar dairələrinin bu sərgidə iştirakı iki ölkə biznesi arasında iqtisadi əlaqələrin genişləndirilməsi baxımından faydalı olacaq.

- Pandemiyanın həyatın bütün sahələrinə, o cümlədən gediş-gəlişə mənfi təsiri məlumdur. Özbəkistan pandemiyanın ümumi fəsadlarını, o cümlədən prioritet elan etdiyi turizm sektoruna təsirini aradan qaldırmaq üçün hansı addımları atmaq niyyətindədir?

- Bildiyiniz kimi, Özbəkistan Mərkəzi Asiyada, Böyük İpək yolunun kəsişməsində yerləşən qədim tarixə malik ölkədir. Onun 7,3 min mədəni irs obyekti var. Bu, regiondakı ümumi tarixi abidələrin 90%-dən çoxu deməkdir. Onların 500-dən çoxu turizm marşrutlarına daxil edilib. Əsas abidələr arasında Baxarada, Səmərqənddə, Xivə və Şəhrisəbzdə yerləşən abidələri sadalamaq olar.

Son illər prezident Şavkat Mirziyoyevin təşəbbüsü ilə Özbəkistanda həyatın, demək olar ki, bütün sahələrində böyük islahatlar həyata keçirilir. Turizm və bu sektora aid hər şey dövlət tərəfindən prioritet elan olunub. Ona iqtisadiyyatın strateji sektoru statusu verilib. Bu fəaliyyət çərçivəsində ölkənin turizm potensialının artırılması üçün fəal tədbirlər görülür. Buraya ziyarət turizminin inkişafı da daxildir. Bununla yanaşı, bazar iştirakçıları üçün çoxsaylı güzəşt və imtiyazlar nəzərdə tutulub.

Dünyanın bir çox ölkəsinin vətəndaşları üçün vizasız rejimin tətbiqi, viza verilməsi prosedurunun sadələşdirilməsi, elektron vizaların tətbiqi inqilabi addımlar hesab oluna bilər. Bu gün dünyanın 90 ölkəsinin vətəndaşları Özbəkistana vizasız gələ bilər. 36 ölkədən tranzitlə gələnlərin ölkəyə vizasız girişinə və müvəqqəti qalmasına icazə var. 57 ölkənin vətəndaşları isə 2 gün ərzində elektron viza əldə edə bilirlər.

Bütün bu tədbirlər Özbəkistanda turizm sektorunun inkişafına müsbət təsirini göstərib. Məsələn, pandemiyaya qədər bu sahədə son dərəcə ciddi artım tempinə nail olmuşduq: hər il ölkəyə gələn turistlərin sayı, təxminən, 2 dəfə artırdı. 2017-ci ildə Özbəkistana cəmi 3 milyon turist gəlmişdisə, 2019-cu ildə onların sayı 6,7 milyona çatmışdı.

Böyük məmnunluqla deməliyəm ki, Özbəkistana səfər edən azərbaycanlı turistlərin sayında da artım müşahidə olunur. Məsələn, pandemiyayadək Azərbaycandan Özbəkistana gələn turistlərin sayı hər il təxminən 20% artırdı. Lakin koronavirus pandemiyası logistika baxımından müəyyən çətinliklər yaradıb. Amma biz bu məsələ ilə məşğuluq və əminəm ki, tezliklə Daşkəndlə Bakı arasında birbaşa aviareyslər bərpa olunacaq.

Bundan başqa, Özbəkistanla Azərbaycanın tarixi şəhərləri arasında da aviareyslərin təşkili haqda düşünürük. Hər halda, qardaş Azərbaycanın bir çox sakini Buxara, Səmərqənd və Xivə kimi qədim, dünyaca məşhur həhərlərimizə baş çəkmək, onların gözəlliyi ilə şəxsən tanış olmaq istəyir.

Eyni şeyi mənim həmvətənlərim haqda da böyük məmnuniyyətlə deyə bilərəm. Onlar da Azərbaycanın Qəbələ, Quba, Gəncə, Şəki, Şuşa və digər gözəl rayonlarında olmağı arzulayırlar.

- Oktyabrın sonunda Özbəkistanda prezident seçkisi keçiriləcək. Özbəkistan bu seçkiyə hansı uğurlarla və hansı hədəflərlə gedir?

- Bəli, Özbəkistan vacib hadisə – prezident seçkisi ərəfəsindədir. Beş il əvvələ nəzər salsaq görərik ki, bu gün Özbəkistan demokratik yenidənqurmanın getdiyi, böyük imkanların açıldığı, praktiki işlərin görüldüyü ölkədir. Hesab edirəm ki, bu, həyata keçirlən islahatların vacib nəticəsidir. Yeni Özbəkistanın qurulmasına yönəlmiş gələcək islahatlarımızın məqsədi qəbul olunmuş vacib sənəddə açıq şəkildə əks olunub. Söhbət «2017-2021-ci illər üçün Özbəkistan Respublikasının beş prioritet inkişaf istiqaməti üzrə fəaliyyət strategiyası» adlı sənəddən gedir.

Bu gün əminliklə deyə bilərik ki, son illərdə həyata keçirilmiş miqyaslı islahatlar rekord sayıla biləcək nəticələr verib. Ölkənin inkişafının indiki mərhələsində ən vacib məsələlərdən danışsaq, rəhbərlik altı prioritet müəyyənləşdirib. Onlardan birincisi sosial siyasətdir. Bu siyasətin əsasında vətəndaşların rifahının, həyat səviyyəsinin yüksəldilməsi, iş yerlərinin, gəlir mənbələrinin yaradılması, yoxsulluğun azaldılması, kənd və şəhərlərin inkişaf etdirilməsi durur. Son bir neçə ildə ölkədə sosial problemlərin həlli ilə bağlı tamamilə yeni, unikal sistem yaradılıb. Əhalinin zəif təbəqəsinin dəstəklənməsi üçün özünəməxsus iş üsulları tətbiq olunub.

İkinci istiqamət iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasıdır. Özbəkistan zəngin faydalı qazıntılara malikdir. Yüksək texnologiyalı müasir istehsalat yaradırıq. Dövlət aktivlərinin satışında şəffaflığa, effektivliyə zəmanətin olması, həmçinin ictimaiyyətin bu proseslərdə geniş şəkildə iştirakının təmini vacibdir.

Üçüncü prioritet sahibkarlığa dəstək və özəl mülkiyyətin müdafiəsidir. Bu sahədəki çatışmazlıqların aradan qaldırılması üüçn iqtisadiyyatın liberallaşdırılması davam etməli, açıqlıq, şəffaflıq daha da artırılmalı, sahibkarlara xidmət etməli olan orqanların və vəzifəli şəxslərin fəaliyyətinə ictimai nəzarəti təmin edilməlidir.

Dördüncü prioritet kənd təsərrüfatının inkişafı, aqrar sektorun kompleks və sistemli tranformasiyasıdır. Məqsədimiz ona iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən birinə çevirməkdir.

Beşinci istiqamət pandemiya dövründə insanların həyat və sağlamlığının qorunmasıdır. Koronavirusla mübarizə məqsədi ilə bütün tibb ocaqlarında məsafədən xidmətlə bağlı görünməmiş tədbirlər həyata keçirilib, poliklinikalar, xəstəxanalar elektron kargüzarlığa keçib, ixtisaslaşmış mərkəzlərdə və onların filiallarında teletibbin tətbiqinə, yerlərdə diaqnostika və müalicə imkanlarının artırılmasına başlanılıb.

Dövlətin inkişafı üçün müəyyənləşdirilmiş altıncı prioritet ictimaiyyətimiz üçün çox ciddi əhəmiyyət daşıyır. Bu, mənəvi-maarifçilik fəaliyyətdir. İslam sivilizasiyasının inkişafına nəhəng töhfələr vermiş dahi ilahiyyatçılarımızın, mütəfəkkirlərimizin elmi və dini irsinin öyrənilməsi və təbliği məqsədi ilə Səmərqənddə İmam Buxari, Surxandəryada İmam Tirmizi beynəlxalq elmi-tədqiqat mərkəzləri, həmçinin Daşkənddə Özbəkistan Beynəlxalq İslam Akademiyası və İmam Matüridi Beynəlxalq Elmi Tədqiqat Mərkəzi fəaliyyət göstərir.

- Özbək xalqına uğurlu seçki arzulayır, müsahibəyə görə təşəkkür edirik.



MƏSLƏHƏT GÖR:

349