Müəllif: Salatın MİRZƏYEVA
Azərbaycanlı Camal Əliyev dünyada virtuoz violonçel ifaçısı kimi tanınıb. Hazırda Türkiyədə yaşayan Camalın ilk müəllimi babası - Azərbaycanın əməkdar artisti Qara Əliyev olub. Əliyevlər ailəsinin musiqi ənənələri isə Camalın ulu babası - tar məktəbinin banilərindən olan Həmzə Əliyevdən başlayır. Gənc ifaçının babasının qardaşı tanınmış skripka ifaçısı, Azərbaycanın xalq artisti, professor Azad Əliyevdir.
Camal ilk mükafatını 9 yaşında Trakya Universitetində keçirilən gənclərin beynəlxalq violonçel müsabiqəsində qazanıb. 2004-cü ildə Zaqrebdə keçirilən 5-ci Antonio Caniqro beynəlxalq müsabiqəsinin qalibi olub və məşhur «Assembly Hall» da konsert vermək hüququ qazanıb. Artıq Türkiyənin Bilkənd Universitetinin musiqi fakültəsinin tələbəsi olan Camal Türkiyənin Prezident Simfonik Orkestrinin, Bilkent Simfonik Orkestrinin və «Borusan» beynəlxalq kamera orkestrinin müşayiəti ilə çoxsaylı konsertlərlə çıxış etməyə başlayıb. 2005-ci ildə Türkiyə Böyük Millət Məclisinin fəxri qonağı adını alıb.
Mstislav Leopoldoviç Rostropoviç Camalı dinləyərək deyib: “Səndən əvvəl mən əmin idim ki, məndən yaxşı violonçel ifaçısı yoxdur və çox güman ki, olmayacaq, amma indi fikirləşirəm...”
Məhz onun tövsiyəsi ilə violonçel ifaçısı Camal Əliyev Londonun ən nüfuzlu təhsil müəssisələrindən birinə – Yehudi Menuhin adına məktəbə imtahansız qəbul üçün dəvət alıb, məktəb son 14 ildə ilk dəfə olaraq musiqiçinin təhsil haqqını özü ödəyib. Yehudi Menuhin adına məktəbin prezidenti Daniel Barenboym daha sonra Camal haqqında deyib: “Bu oğlan, şübhəsiz ki, ölkəsini şöhrətləndirəcək”.
Onun bu öncəgörməsi gerçəkləşəcək. 2007-ci ildə Camal Moskvada Çaykovski adına beynəlxalq müsabiqə çərçivəsində keçirilən konsertdə iştirak edib. Konsertdən sonra müsabiqənin münsiflər heyətinin sədri Natalya Şaxovskaya Camalı Moskva Konservatoriyasına öz sinfində oxumağa dəvət edib. Lakin o, 2008-ci ildə Yehudi Menuhin məktəbinə oxumağa gedib. Təhsil aldığı illər ərzində o, mütəmadi olaraq Londonun ən nüfuzlu salonlarında konsertlə çıxıh edib: «The Menuhin Hall», «Royal Festival Hall», «St John's», «Smith Square», «Wigmore Hall». Fransa və İsveçrədə keçirilən beynəlxalq festivallarda Camal Menuhin məktəbinin kamera orkestrinin müşayiəti ilə bir neçə solo konsertlə çıxış edib.
Bu gün violonçel ifaçısı Camal Əliyev Böyük Britaniyanın «Classik FM» musiqi radiostansiyasının reytinqinə əsasən 30 yaşadək 30 ən yaxşı musiqiçidən biridir. Orkestrin müşayiəti ilə onun solo ifası BBC radiostansiyasında səsləndirilir.
- Siz musiqiçi ailəsində doğulmusunuz. Sizin ananız və babanız violonçel ifaçısı, atanız skripka ifaçısı, nənəniz pianoçudur. Musiqi ilə bağlı fikir ayrılıqları var, yoxsa bu mövzuda hamınız həmrəysiniz?
- Təəssüf ki, nənəm və babam artıq həyatda deyillər. Onların sağlığında mən hələ çox uşaq idim və yetişmə prosesində idim. Şübhəsiz ki, ailəmin bütün üzvlərinin fikri mənim üçün həmişə önəmli olub. Mən başa düşdüm ki, onlar daha yaşlı, daha təcrübəli, daha müdrikdirlər və mənim üçün ən yaxşısını istəyirlər. Hətta fikir ayrılığı olan anlarda belə onların sözlərinə qulaq asmağa çalışırdım. Zaman onların tamamilə haqlı olduğunu sübut etdi.
- Ailənizdə nəsildən-nəslə ötürülən musiqi ənənələri varmı?
- Ən böyük musiqi ənənəsi violonçelə olan sevgidir. Ailəmizdə artıq üç violonçel ifaçısı var. Babam, anam və mən.
- Musiqiçi ailəsi və çevrə. Daha sonra musiqi təhsili və dünya səhnələrində konsertlər. Razılaşın, musiqini dərk etmək dərhal gəlmir. Siz hansı an musiqini gerçəkdən anladınız və onun təsirini hiss etdiniz?
- Mən təbiətcə heç də işqolik deyiləm. Bu, istənilən musiqiçi üçün böyük çatışmazlıqdır. Təvazökar olmadığıma görə məni bağışlayın, amma istedadıma görə musiqi ilə bağlı hər şey mənim üçün həmişə çox asan olub. Bir tərəfdən bu, çox böyük üstünlükdür, lakin digər tərəfdən də insanı arxayınlaşdırır. Məktəbdə musiqi dərslərinə hobbi kimi yanaşırdım. Bunun əvəzində futbola, üzməyə, snukerə (bilyard oyununun bir növünə) və dostlarla ünsiyyətə daha çox vaxt ayırırdım. Gündə bir saat məşq kifayət edirdi ki, çıxıb konsertdə yaxşı çıxış edim. «Royal College of Art»da oxuyarkən biz artıq konsertlər verməyə başlamışdıq. Beləliklə, yavaş-yavaş anlamağa başladım ki, musiqiyə ciddi, sevgi və hörmətlə yanaşmaq lazımdır. Başa düşdüm ki, əgər Uca Yaradan mənə istedad veribsə, onu qorumaq, əziz tutmaq, bacarığımı təkmilləşdirib inkişaf etdirmək lazımdır. Əks halda nə qədər istedadlı olsan da, əsl musiqiçi ola bilməzsən.
- Siz hərdən milli musiqiyə üz tutursunuz, “Ayrılıq”, “Yalqızam” kimi tanınmış əsərləri ifa edirsiniz, amma ölkə səhnəsində və ölkənin özündə görünməyə tələsmirsiniz. Bu, nə ilə bağlıdır?
- Mənə bu sualı tez-tez verirlər. Azərbaycan musiqisi həmişə ailəmizin həyatının ayrılmaz hissəsi olub. Mən dünyada tayı-bərabəri olmayan Rəşid Behbudovun ifa etdiyi mahnılarla, Vaqif Mustafazadənin ovsunlayıcı bəstələri ilə, Alim Qasımovun heyrətamiz muğamı ilə böyümüşəm. Çox təəssüf edirəm ki, mən hələ də milli musiqinin melizmatikasına yetərincə yiyələnməmişəm. Baxmayaraq ki, atam bu barədə heyrətamiz dərəcədə məlumatlıdır. O, skripkada elə şeylər edir ki, mənim heç yuxuma belə girməz. Görüşəndə biz mütləq bunların üzərində işləyirik.
Söz verirəm ki, yaxın vaxtlarda “Laçın” mahnısını həqiqətən necə səslənməlidirsə, elə də ifa edəcəm. O ki qaldı Bakıdakı konsertlərə... Bu, açığı, ağrılı mövzudur. Ən azı dörd dəfə tamam başqa səbəblərdən vətəndə planlaşdırdığım konsertlərim alınmadı. Oktyabrın 26-da Moskvada Azərbaycan Konservatoriyasının 100 illik yubileyi qeyd olundu. Tədbir Konservatoriyanın böyük zalında baş tutub. Konsert gözəl dirijorumuz Yalçın Adıgözəlovun rəhbərliyi ilə Rusiya Milli Orkestrinin müşayiəti ilə keçdi. Azərbaycanın tanınmış musiqiçiləri çıxış etdilər. Mən də dəvət olunanlar arasında idim. Tamaşa Bakıda olmasa da, ölkəmin adı ilə bağlı idi. Bu, mənim üçün çox mühüm və şərəflidir.
- Amma buna baxmayaraq, siz Azərbaycan musiqiçiləri ilə əməkdaşlıq edirsiniz. Onların arasında Elvin Qəniyev də var. Başqa kiminlə işləmisiniz?
- Elvinlə biz bir yerdə böyümüşük. Əvvəllər babalarımız və nənəlrimiz dost idilər, indi valideynlərimiz dostdurlar. İndi bizim böyük dostluğumuz var. İndi çox yaxınıq. O, çox yaxşı skripka ifaçısıdır. Onunla birgə ifa etmək çox asan və xoşdur. Hələ ki, indiyə qədər Azərbaycandan başqa heç kimlə birgə ifa etməmişəm. Amma ümid edirəm ki, hər şey hələ qabaqdadır (gülür).
- "Bir gün Bakıya gələcəm..."
- Mən bir neçə dəfə Bakıda olmuşam. Həmişə doğma şəhərimin gözəlliyinə heyran olmuşam. Azərbaycandan konsertlərimi səbirsizliklə gözləyən çoxlu abunəçilərim var. Buna görə də bir gün Bakıya gələndə, mütləq itirilmiş illərin əvəzini çıxmağa çalışacağam.
- Məlumdur ki, siz “Ayrılıq” melodiyasını İkinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olmuş əsgərlərə həsr etmisiniz...
- Mən doğulanda ölkəmizin bir hissəsi artıq işğal olunmuşdu. Qarabağ mənim ulu babam, tanınmış tarzən Həmzə Əliyevin vətənidir. Hələ işğaldan əvvəl Şuşada onun adına küçə vardı. Yəni, anladığınız kimi, bu problem bizim ailəmiz üçün xüsusilə ağrılı idi. Mənim ifa etdiyim "Ayrılıq" mahnısı ruhumun fəryadıdır! Bütün bu illər ərzində xalqımız ədalətin bərpası intizarında yaşayıb. Artıq həmin gün gəldi! 2020-ci il bütün dünya üçün ən çətin il oldu. Amma ölkə rəhbərliyinin apardığı qüsursuz siyasət, xalqın göstərdiyi inanılmaz fədakarlıq və qəhrəmanlıq sayəsində bütün azərbaycanlılar üçün ən xoşbəxt il oldu!
- 10 il siz babanız - Azərbaycanın əməkdar artisti Qara Əliyevdən violonçel çalmaq sənətini öyrənmisiniz. Sonra valideynləriniz sizi Mstislav Rostropoviçin özünün dərsləri üçün Parisə göndəriblər. Maraqlıdır, bu şəxsiyyətlərin hər biri sizə nə öyrədib?
- Çox təəssüf ki, 2005-ci ildə Mstislav Rostropoviçin cəmi bir dərsində ola bildim. Onda mənim cəmi 12 yaşım var idi. Sonradan aydın olduğu kimi, həmin vaxt o, artıq ağır xəstə imiş. İki il sonra o, dünyasını dəyişdi. Amma maestro ilə keçirdiyim bu iki saat mənim gələcək taleyimi bütünlüklə öncədən müəyyənləşdirdi. Babamla məşğul olduğum illərdə elə bir baza əldə etmişəm ki, istənilən musiqiçi həsəd apara bilər (gülür). Bundan sonra baş verənlərin hamısı yalnız əldə edilmiş bazanın inkişafı idi.
- Frans Şubertin “Ave Mariya” melodiyasını mükəmməl ifa etmisiniz. Deyə bilərsinizmi, bu məşhur əsəri Londonun harasında çalmısınız və videoçarx çəkmisiniz?
- Bu, Londondakı kilsələrdən biridir. Müqəddəs Barnaba kilsəsi. Çəkiliş üçün yer axtaranda bizə bir neçə kilsə təklif etdilər. Təklif olunan yerləri uzun müddət təhlil etdim və mənə lazım olan yeri seçə bilmirdim. Bu kilsəyə girəndə məndə dərhal musiqi alətini götürmək və ifaya başlamaqla bağlı izaholunmaz bir arzu yarandı. Düşünürəm ki, videonu inanılmaz dərəcədə coşqulu edən də elə budur. Dünya üzrə baxış sayı 5 milyona yaxındır. Gözəl rəylər almaq da xoş idi. Açığı, belə uğur gözləmirdim...
- Videolarınız üçün həmişə maraqlı və qeyri-adi yerlər seçirsiniz. Seçim prosesi özü necə keçir? Bu, ifa üçün seçilmiş melodiyaların doğurduğu təəssüratla bağlıdırmı?
- Təbii ki, hər şey sırf intuitiv olaraq baş verir. Çox istərdim ki, bu videolar daha peşəkar səviyyədə çəkilsin. Ancaq bunun üçün tamamilə fərqli bir yanaşma və daha çox vaxt lazımdır.
- Repertuarınızda nələr var? Musiqi seçərkən kiminləsə məsləhətləşirsinizmi?
- Təəssüf ki, violonçel üçün repertuar skripka repertuarından xeyli yoxsuldur. Pianodan danışmağa dəyməz! Mən artıq bütün klassik violonçel əsərlərini təkrar ifa etmişəm. Mən onların çərçivəsində sıx olmalıyam. Buna görə də başqa alətlər üçün yazılmış çox sayda əsər ifa edirəm. Bundan əlavə, hələ ifa etmədiyim yetərincə çox sayda müasir əsər var. Onların sayı o qədər çoxdur ki, hamısını izləyə bilmirəm. Onları da zaman-zaman repertuarıma əlavə etməyə çalışıram. Proqram seçiminə gəldikdə isə, nədəsə şübhə yaranarsa, məsləhət üçün yalnız valideynlərimə müraciət edirəm. Onlar mənim üçün təkcə peşə fəaliyyətimdə deyil, ümumilikdə həyatda da əsas məsləhətçilərimdir. Günün istənilən vaxtı, gecə və gündüz mən onlara zəng edə bilərəm, ən çətin vəziyyətdə belə onların dəstəyini və düzgün məsləhətini alacağımı dəqiq bilirəm. Amma belə, mənim menecerlərim mənim ifa etdiyim işlərin bütün reyestrini bilirlər. Ona görə də, konsert təklif edərkən, onlar artıq bütün proqramı müəyyən edirlər. Əlbəttə ki, seçim hüququ həmişə məndə qalır, lakin seçimi çox peşəkar səviyyədə həyata keçirən menecerlərə tam etibar edirəm.
- Böyük Britaniyanın «Classic FM» musiqi radiostansiyasının layihəsi çərçivəsində yaşı 30-dan aşağı olan ən yaxşı 30 musiqiçi siyahısına daxil olmusunuz. Təbrik edirik! Bu xəbəri necə qarşıladınız?
- Bu, heç mənim ağlıma belə gəlmirdi. Bu xəbəri yaxın dostum mənə dedi, səhər tezdən zəng edib mənə məlumat verdi. İnanın, əvvəlcə bu faktı tam biganəliklə qəbul etdim. Amma dünyanın hər yerindən dostlar, tanışlar zəng vurub təbrik etməyə başlayanda başa düşdüm ki, çox vacib bir hadisə baş verib (gülür). Bu siyahıya musiqiçilər arasında cəmi üç violonçel ifaçısı daxildir. Bu, o deməkdir ki, mən 30 yaşdan aşağı dünyanın ən yaxşı üç violonçel ifaçısından biri olmuşam.
- Taleyin sürprizləri bununla bitmir. “Arzum – Fazil Say ilə birgə ifa çin oldu ” yazırsınız (Fazil Say türk pianoçusu və bəstəkarıdır – S.M.). Həyatınızda başqa hansı önəmli arzularınız gerçəkləşib?
- Yəqin ki, mən özümü xoşbəxt insan adlandıra bilərəm. Arzu etdiyim çox şey gerçəkləşib. Hətta arzu etməyə cəsarət etmədiyim də gerçəkləşib. Naşükür görünmək istəmirəm, amma həyata keçirmək istədiyim çoxlu planlar var. Bu da yaxşıdır. Axı, bəşəriyyəti təkamülə və inkişafa doğru yönəldən istəklərdir. Fazil Say canlı əfsanədir. Həm də təkcə ona görə yox ki, o, dahi pianoçudur. O, əsərlərində milli musiqi elementlərindən mükəmməl istifadə edən heyrətamiz bəstəkardır. Bu da təəccüblü deyil - o, öz ölkəsinin böyük vətənpərvəridir. Türkiyədə onu milli qəhrəman hesab edirlər. Onunla birgə musiqi ifa etmək mənim üçün böyük həzz idi.
- İndi nə üzərində işləyirsiniz?
- 2017-ci ildən mən İngiltərənin tanınmış YCAT (Young Classical Artist Trust) agentliyinin solistiyəm. İndiyədək bütün konsertlərim bu agentliyin himayəsi altında keçirilib. 2019-cu ildə isə mən Amerikanın məşhur CAG (Concert Artists Guild) agentliyi ilə müqavilə bağladım. Keçmişdə Çində, hətta Sinqapurda konsertlərim olub. Ancaq Honq-Konqdakı ilk konsertimi səbirsizliklə gözləyirəm. O, 2022-ci ilin yanvar ayının əvvəlinə planlaşdırılıb. Məcburi iki həftəlik karantin var. Buna görə də Yeni ili Honq-Konqda keçirmək lazım gələcək.
Hələ pandemiyadan öncə çox konsertlər planlaşdırırdıq. Lakin 2019-cu il bütün planlarımızı, eləcə də bütün dünyanı alt-üst etdi. İndi biz tədricən fəaliyyətimizi bərpa edirik. Türkiyə, Amerika və Asiyada qastrol turları planlaşdırılır. Oktyabrda Fazillə Antalyada konsertlərimiz oldu. Dekabrın 25-də və 26-da İstanbulun möhtəşəm «Volksvagen Arenası»nda möhtəşəm konsertlər planlaşdırılır. İlk dəfə Fazil Sayın violonçel üçün “Şahmeran” konsertini ifa edəcəm. Gələn il üçün maraqlı proqramlı disklərlə çox mühüm çəkilişlər nəzərdə tutulub. Yalnız ümid edə bilərik ki, pandemiya yenidən ideyalarımıza təsir etməyəcək.
- «Royal Albert Hall»un səhnəsində 2017-ci ildə «BBC Concert Orchestra» ilə çıxışınız haqqında danışın.
- Bu zalın səhnəsində çıxış etmək dünyada istənilən musiqiçinin arzusudur. Yeri gəlmişkən, o, oxuduğum «Royal College of Art»ın düz qarşısında yerləşir. İlk dəfə bu zalı görəndə öz-özümə dedim ki, mütləq orada konsert verəcəm. Arzular məsələsinə qayıdaraq deyim ki, bu, çin olan arzulardan daha biri idi. Sonradan orada dəfələrlə çıxış etmək mənə qismət oldu. Dünyanın ən yaxşı orkestrlərindən biri kimi tanınan BBC Orkestri ilə əməkdaşlığa nə söz ola bilər?! Bu, mənim Londonda çıxış etdiyim ilk orkestrdir. Hər yay «Royal Albert Hall»da ingilislərin çox sevdiyi «BBC Proms» konserti keçirilir. Oraya Böyük Britaniyanın hər yerindən tamaşaçılar gəlir. Bu konsert ilin bütün musiqi mövsümünün bir növ yekunudur. 2017-ci ildə məşhur Hollivud bəstəkarı, Oskar mükafatı laureatı Con Uilyamsın yubileyi münasibətilə konsert keçirildi. Bütün solistləri şəxsən özü seçmişdi. Sonradan mənə danışmışdılar ki, “Geyşa” filmindən əsəri kimin ifa edəcəyi sualı ortaya çıxanda cənab Uilyams tərəddüd etmədən deyib: “Camal Əliyev ifa edəcək”. Yeri gəlmişkən, buna qədər mən onunla heç görüşməmişdim belə. Bu isə ikiqat xoş idi. Konsertdən sonra o, «Teleqraf», «Gramofon» və s. kimi məşhur nəşrlərdən əla rəylər aldı.
- Böyük Britaniya parlamentinin Lordlar Palatasında baronessa Emma Nikolsonun təşəbbüsü ilə təşkil olunmuş görüşünüz haqqında dinlmək də maraqlıdır. Bu görüş nə ilə bağlı keçirilirdi? Sirr deyilsə, qəbulda nə barədə danışdınız?
- Çox təəssüf edirəm ki, siyasətdən tamamilə uzaq bir insan kimi əvvəldən onun hansı vəzifə tutduğunu bilmirdim. Aydın oldu ki, baronessa Emma Nikolson mənim böyük pərəstişkarımdır. Demək olar ki, o, Londondakı konsertlərimin heç birini qaçırmayıb. Bir gün mən ondan «Wigmor Hall»dakı konsertimdə iştirak edə bilmədiyi üçün üzr məktubu aldım. Ona görə də məndən Lordlar Palatasında onun qonağı olmağımı xahiş edirdi. Təbii ki, bu mənim üçün böyük sürpriz oldu. Mən hələ onun kimi hərtərəfli inkişaf etmiş bir insana rast gəlməmişəm. Amma məni ən çox onun Azərbaycana, Bakıya səfərləri haqqında həvəslə danışması təəccübləndirdi. Öz ölkən haqqında belə danışdıqlarını eşitmək çox xoşdur.
- Sizin yaradıcılığınıza nə təkan verir və yaradıcılığınız hara doğru hərəkət edir?
- Mənim yaradıcılığımı yeni biliklərə olan coşqun həvəsim yönəldir. Hələ öyrənilməmiş nələrisə ortaya çıxarmaq. Hələ çox sayda musiqiçilər, orkestrlər və dirijorlar var ki, onlarla birlikdə musiqi ifa etmək istərdim. Yaradıcılığımın məni hara apardığını ancaq zamanla anlamaq mümkün olacaq. Bu gün mənim üçün ən önəmli şey doğmalarımın, dostlarımın sağlamlığıdır. Həyat göstərdi ki, əgər sən bir şeyi həddindən artıq istəyirsənsə, o, mütləq gerçəkləşəcək. Əsas odur ki, heç vaxt ümidsizliyə qapılmayasan və inanasan. Arzular çin olur. Bunu mən artıq dəqiq bilirəm...
MƏSLƏHƏT GÖR: