Müəllif: Nurlanə QULİYEVA
Pandemiya vaxtı dünya valyuta bazarları, demək olar ki, virusun özü ilə bağlı vəziyyət kimi dalğalı şəkildə titrəyir. Təbii ki, bütün bunlar qlobal tələbatın azalması, istehsalın dayanması, enerji böhranları və s. fonunda az-çox gözlənilən idi. Ancaq bəzən baş verənlər, sanki, bütün proqnozlardan kənara çıxır və iqtisadiyyatın "normal", yəni pandemiyadan əvvəlki vəziyyətə qayıdışına ümidlər getdikcə zəifləyir.
Azərbaycan manatı bütün bu təlatümlərdə “dözümlü” əsgər rolunu oynasa da, ölkənin lap sərhədlərində yerləşən valyuta bazarlarında baş verənlər təşviş doğurmaya bilməz. Gərgin rubl-dollar qarşıdurması və türk lirəsinin rekord dəyərdən düşməsi fonunda Azərbaycan Mərkəzi Bankı oktyabrın 29-da uçot dərəcəsini yenidən artırıb.
Rublun anomal artımı
Rusiyalı ekspertlərin etiraf etdiyi kimi, pandemiyanın ilk ili rublun ucuzlaşması tarixində ən pis illərindən biri olub. 2020-ci ilin yanvarından 2021-ci ilin martına qədər Rusiya valyutası dollar qarşısında 26% ucuzlaşıb. «Refinitiv»in məlumatına görə, 2020-ci ildə rublun ucuzlaşma dərəcəsi (16,5%) 1998-ci il böhranından sonrakı dövrü üçün dördüncü ən dərin ucuzlaşma olub. Bundan daha pis ucuzlaşma yalnız 1998-ci ildə (71,3%), 1999-cu ildə (23,7%), eləcə də sanksiyalar ili 2018-ci ildə (17,1%) olub. Bu ilin sonu üçün də proqnozlar yaxşı deyildi, amma birdən-birə... rubl möhkəmlənməyə başladı. Özü də, Federal Rezerv Sisteminin (FRS) pul siyasətinin sərtləşdirilməsi ilə bağlı vədləri fonunda dünyanın qalan hissəsində dolların möhkəmlənməsi fonunda bunun heç yeri yox idi. Analitiklərin fikrincə, rekord xammal qiymətləri və beynəlxalq investorların rublun yüksək məzənnəsinə marağı üzündən qlobal meyillər rubla təsir etmir.
Üstəlik, Rusiya prezidenti son vaxtlar dollarla bağlı yetərincə pessimist danışırdı. Putin demişdi ki, o, “dünyanın rezerv valyutası kimi mövqeyini sarsıdır və dollarla hesablaşmaların həcmi azalır, dünya ölkələrinin dollarla şəxsi ehtiyatlarının həcmi də azalır”. “ABŞ-ın dövlət borcu artır, Konqres növbəti dəfə dövlət borcunun yuxarı həddini artırmaq qərarına gəlib. Bəs, bu nədir? Emissiyadır. Emissiya nədir? Bu, inflyasiyanın artmasıdır. Və yəqin ki, tarixdə ilk dəfədir ki, ABŞ-da inflyasiya uzun müddət müşahidə olunmayan sürətlə artır. Bunlar artıq iqtisadi səbəblərdir və istənilən halda, bu və ya digər şəkildə valyutaya inamı sarsıdır”, - deyə Putin bildirib.
Baxmayaraq ki, deyildiyi kimi, bir çox başqa ölkələrdə Amerika dollarının mövqeyi, əksinə möhkəmlənməyə başlayıb və bu, onların iqtisadiyyatları üçün ciddi problemlər təhlükəsi yaradır. Türk lirəsinin dollar qarşısında, həqiqətən, dramatik şəkildə ucuzlaşması xüsusilə diqqəti cəlb edir. Düzdür, indiki halda söhbət dolların möhkəmlənməsindən yox, daha çox lirənin ucuzlaşmasından gedir, çünki vəziyyəti yaradan amillər daha çox Türkiyənin özündəki proseslərlə bağlıdır.
Oktyabrın ortalarında Mərkəzi Bankın üç yüksək vəzifəli məmurunun, o cümlədən başçının iki müavininin işdən çıxarılması xəbəri fonunda lirə kəskin ucuzlaşmağa başlayıb. Onların üçü də Mərkəzi Bankın pul-kredit siyasəti şurasının sentyabr ayında keçirilən iclasında uçot dərəcəsinin endirilməsinin əleyhinə səs vermişdilər.
Lirənin dramatik çöküşü
Oktyabrın 21-də faiz dərəcəsi 2%-ə qədər, yəni 18%-dən 16%-ə endirilib. Bundan sonra lirə yenidən ucuzlaşmağa başlayıb və oktyabrın 25-də rekord həddə - 9,64 TL/1 dollara qədər düşüb. İlin əvvəlindən Türkiyə valyutası 26,3% ucuzlaşıb.
Hesab olunur ki, milli valyutanın ucuzlaşması ölkədən ixracın artmasına müsbət təsir edir ki, bu da valyuta gəlirlərinin gəlməsi deməkdir. Bu konsepsiyaya görə, valyuta bazarında yaranan profisit sayəsində Mərkəzi Bank lirəni daha da gücləndirə biləcək.
Lakin azərbaycanlı iqtisadçı Elşən Bağırzadə qeyd edir ki, istehsal prosesinin xaricdən gətirilən xammaldan asılılığı da nəzərə alınmalıdır ki, bu da Türkiyədə yetərincə yüksəkdir. “Bu da öz növbəsində ucuz lirənin istehsal artımına təsirini minimuma endirir və inflyasiyaya səbəb olur. Son zamanlar daxili bazarda ciddi qiymət artımı bunu bir daha təsdiqləyir”,- deyə ekspert vurğulayıb.
Burada xatırlatmaq yerinə düşər ki, sentyabr ayında Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini artıq 1% endirmişdi, lakin məhz bu ayda ölkədə illik inflyasiya rekord həddə - 20%-ə qədər çatdı. Eyni zamanda, Türkiyə Mərkəzi Bankının açıqlamasında ortamüddətli perspektivdə 5%-lik inflyasiyaya nail olmaq planlarının dəyişməzliyi vurğulanır.
“Peyvənd vurduranların sayının artmasına baxmayaraq, virusun yeni ştamları bəşəriyyəti təhdid edir və bu, qlobal iqtisadiyyat üçün yeni risklər yaradır. Xammalın bahalaşması, bir sıra sektorlarda istehsala məhdudiyyətlərin davam etməsi və nəqliyyat sektorunun maliyyə yükünün artması istehsalın və istehlak qiymətlərinin artmasına səbəb olur”, - deyə məlumatda bildirilir.
Əsas tərəfdaşlar
Qonşularımızda baş verənlərin Azərbaycana nə dərəcədə təsir etdiyini aydın göstərmək üçün sadəcə ticarət əməliyyatları ilə bağlı statistikaya nəzər salmaq yetərlidir. Belə ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, bu ilin 9 ayında ölkənin qeyri-neft məhsulları ixracının 32,6%-i Rusiyanın, 25,3%-i Türkiyənin payına düşüb. Onlar, təbii ki, Azərbaycan məhsullarının idxalçıları arasında ilk yerləri tuturlar. Əks istiqamətdə də oxşar vəziyyət inkişaf edib: ölkəyə idxalın, demək olar ki, 17%-i Rusiya malları, 16%-i Türkiyə malları olub, bu ölkələr Azərbaycanın əsas ixrac tərəfdaşlarıdır.
Bu ölkələrdəki inflyasiya və valyuta prosesləri bizim bazara təsirsiz qala bilərmi? Təbii ki, yox. Bəzi Rusiya malları, əsasən, ərzaq məhsulları artıq bahalaşıb. Türkiyədən idxal olunan məhsullara münasibətdə qiymətlərin ucuzlaşması istiqamətində hələ də ciddi fərq yoxdur: lirə manat qarşısında ucuzlaşsa da, qardaş ölkədə inflyasiya yerli malların qiymətlərinin müəyyən qədər artmasına səbəb olub və bu, lirənin çöküşünün qiymətlərin ucuzlaşmasına təsirini neytrallaşdırıb..
“Digər tərəfdən, Azərbaycanla Türkiyə arasında ticarət əsasən dollarla aparılır, ona görə də biz dəyişiklikləri, həqiqətən, hiss etmirik. Əgər biz milli valyutalarla ticarət aparsaydıq, fərq daha ciddi olardı”, -deyə E.Bağırzadə bildirib.
Bundan başqa, Azərbaycandan ixrac olunan məhsulların Türkiyə bazarında rəqabət qabiliyyəti zəifləyir. Yəni Azərbaycanda istehsal olunan məhsulların maya dəyəri dollar ifadəsində Türkiyənin yerli istehsal məhsullarından bahadır və bazara daha yüksək qiymətə təklif olunur ki, bu da onun rəqabət qabiliyyətini məhdudlaşdırır. Məhz bu problemi həll etmək üçün bu yaxınlarda Azərbaycanla Türkiyə arasında güzəştli ticarət haqqında saziş imzalanıb. Bu, bir sıra mallar üzrə sərfəli şərtlərlə ixrac-idxal əməliyyatlarının aparılması üçün imkanların yaradılması və ölkələr arasında ticrət dövriyyəsinin genişləndirilməsi məqsədini daşıyır. Amma bütün bunların indiki vəziyyətdə nə qədər kömək edəcəyini söyləmək hələ çətindir.
Klassik yanaşma
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov oktyabrın 29-da keçirdiyi mətbuat konfransında bildirib ki, 2021-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 5,4-5,8% proqnozlarına qarşı 6,2-6,5% səviyyəsində gözlənilir. İllik ifadədə isə bu göstərici 9,5-10,5% səviyyəsində gözlənilir.
Baş bankir bildirib ki, Azərbaycanda inflyasiyaya daha çox xarici amil təsir edir. “Bizdə idxal olunan inflyasiya var. Bu, əsasən ərzaq inflyasiyasıdır və təəssüf ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, ardıcıl olaraq ikinci ildir ki, 30%-dən çox olur. Bilirsiniz, bu, əsasən pandemiya ilə bağlıdır, qlobal təchizat zəncirinin dağılması ilə, təbii ki, xammal və logistika xərclərinin artması ilə bağlıdır, buna görə də dünyada ərzaq təklifi ciddi şəkildə azalıb," - deyə o bildirib.
Bundan başqa, inflyasiyanın sürətlənməsinə daxili amillər, o cümlədən elektrik enerjisi, qaz, su və yanacaq tariflərinin qalxması da təsir göstərir. Digər tərəfdən iqtisadiyyat pandemiya böhranından uzaqlaşır, Qarabağda və Şərqi Zəngəzurda işğaldan azad edilmiş torpaqlarda yenidənqurma işləri aparılır və buna görə də bazara böyük likvidlik gəlir. Bütün bunlar istər-istəməz istehlak qiymətlərinin də artmasına səbəb olur.
Amma Türkiyə Mərkəzi Bankından fərqli olaraq, Azərbaycan inflyasiya ilə “klassik” üsulla – uçot dərəcəsinin artırılması ilə mübarizə aparır. Belə ki, oktyabrın son günlərində o, daha 50 baza bəndi artaraq 7%-ə çatıb, faiz diapazonunun aşağı həddi 6%-də, yuxarı həddi 7%-dən 8%-ə yüksəlib.
AMB: devalvasiya olmayacaq
Amma qonşuların valyutalarında baş verən titrəmələrin Azərbaycan manatına təsiri ilə bağlı E.Rüstəmov daha qəti fikirdədir. Bu olmayacaq! “Ticarət balansı vasitəsilə müəyyən təsir ola bilər, lakin ölkələr arasında bir-biri ilə əlaqəli maliyyə bazarları olmadığı üçün birbaşa təsir yoxdur”, - deyə AMB sədri bildirib.
O, devalvasiyanın mümkünlüyü ilə bağlı bütün ehtimalları rədd edərək, bu cür şərhləri “səriştəsiz” adlandırıb. AMB-nin əsas arqumentləri tədiyyə balansında önəmli profisit və neft qiymətləri ilə bağlı əlverişli proqnozlardır. “Əksinə, manatın məzənnəsinə möhkəmlənmə istiqamətində təsir edən ciddi amillər var. Bu, bizim iqtisadi strategiyamıza uyğun gəlmir, ona görə də ilin sonuna qədər məzənnəyə möhkəmlənmə istiqamətində təzyiqin azalacağını gözləyirik”, - deyə baş bankir qeyd edib.
Eyni zamanda o, əmin edib ki, məzənnənin süni şəkildə saxlanılmasından söhbət gedə bilməz: “Məzənnəni bazar tənzimləyir. Dövlət Neft Fondunun transfertlərinə gəlincə, AMB bu prosesdə yalnız agent rolunu oynayır. Bəzi dövlət xərcləri ödənilməlidir. Valyuta alırıqsa, bu məqsədlə və bəzən manata təzyiqi azaltmaq üçün alırıq”.
Ötən illərin praktikasından göründüyü kimi, Azərbaycanda devalvasiya böhranı, doğrudan da, neftin qiyməti ilə, daha doğrusu, kəskin ucuzlaşması ilə birbaşa bağlıdır. Ona görə də ölkənin baş bankirinin açıqlamasına inanmamaq üçün heç bir əsas yoxdur. Eyni zamanda, strateji valyuta ehtiyatları manatın daha bir mühüm təminatçısıdır və onlar öz artımı ilə sevindirməyə davam edirlər. Belə ki, 2021-ci ilin 9 ayı ərzində ehtiyatlar 3,4% artaraq 52,5 milyard dollara çatıb, Mərkəzi Bankın özündə ehtiyatlar isə 10,4% artıb (7 milyard dollar olub).
Bir sözlə, manat kənardan gələn zərbələrə tab gətirmək iqtidarındadır. İndi istehlak qiymətlərinin problem yaratmaması və bu il ən azı son proqnozlar daxilində qalması vacibdir. Gələn il üçün isə AMB inflyasiyanın 5,6%-ə qədər azalacağını vəd edir. Ümid edirik və gözləyirik...
MƏSLƏHƏT GÖR: