Müəllif: Kənan RÖVŞƏNOĞLU
İraq Ali Seçki Komissarlığı oktyabrın 10-da keçirilmiş növbədənkənar parlament seçkisinin ilkin nəticələrini elan edib. Qurumun rəhbəri Bağdadda keçirdiyi mətbuat konfransında bəyan edib ki, 3681 seçki məntəqəsində səslərin əllə sayılması prosesi başa çatıb və alınan nəticələr elektron səsvermə nəticələri ilə üst-üstə düşüb.
Qaliblər və narazılar
İlkin nəticələrə əsasən ruhani lider Müqtəda əs-Sədrin rəhbərlik etdiyi “Sairun” koalisiyası seçkilərin qalibidir. Koalisiya 73 mandat qazanıb.
Digər partiya və blokların nəticələri aşağıdakı kimidir: Parlamentin spikeri, sünni siyasətçi Məhəmməd əl-Halbusinin liderlik etdiyi İraq Mutəqəddim (Təqəddum) Partiyası – 37 mandat; Müstəqillər – 35; Bərzanilərin Kürdüstan Demokrat Partiyası – 33; keçmiş baş nazir Nuri əl-Malikinin Qanun Dövləti – 33; Həşdi-Şabi lideri Hadi əl-Amirinin rəhbərlik etdiyi Fəth Koalisiyası – 16; Kürdüstani Koalisiyası (Talabanilərin Kürdüstan Vətənpərvərlər İttifaqı və Qoran hərəkatı) -16; Sünni siyasətçi və iş adamı Xamis Xəncərin lideri olduğu Azm Hərəkatı – 13. Qalan siyasi qüvvələr nisbətən daha az mandata sahib olublar.
Eyni vaxtda keçirilən Şimali İraq Kürd Administrasiyası parlament seçkilərində Bərzanilərin Kürdüstan Demokrat Partiyası 33, Talabanilərin Kürdüstan Vətənpərvərlər İttifaqı Partiyası 16, Yeni Nəsil 9, İslami Birlik Partiyası – 4, Ədalət Cəmiyyəti - 1 mandat qazanıb.
Seçkilərin bu cür nəticəsi İraq və dünyada ciddi müzakirələrə səbəb olub. Ötən iki il ərzində baş verən etirazlar və narazılıqların fonunda seçkidə iştirak faizi cəmisi 41 olub. Bu da əhalinin seçkili orqanlara və hökumətə olan etimadının azalması kimi yozulur. Lakin ən əsas müzakirə mövzusu seçkilərin nəticəsidir. İlkin nəticələrə əsasən Müqtəda əs-Sədrin koalisiyası 2018-ci il seçkilərində olduğu kimi birinci olub. Lakin Sədr bloku səslərini daha da artırıb. Keçən dəfə 54 mandat qazanan Sədr bu dəfə mandat sayını 73-ə çatdırıb.
Daha bir uğurlu nəticəni Halbusinin partiyası göstərib. 37 mandat qazanan Halbusi İraqın parlayan gənc siyasətçilərindən hesab olunur.
Yeri gəlmişkən, seçkidə uduzan şiə siyasətçilərin bir neçəsi ortaq bəyanat yayaraq seçkilərin saxtalaşdırıldığını bəyan edib. Onlar nəticələrin tanımayacaqlarını bildirirlər. Amma böyük çoxluq nəticələrlə razıdır.
Seçkinin özəllikləri
Qeyd edək ki, 40 milyona yaxın əhalisi olan İraqda 25 milyona yaxın seçici var. ancaq seçkilərin nəticələrinə əsasən yalnız 10 milyondan bir qədər çox insan seçkilərə qatılıb. Bu isə aşağı göstərici hesab olunur. 2003-cü il İraqın işğalından bu yana ən aşağı seçici fəallığıdır.
329 yerlik İraq parlamentində sonuncu dəfə 2018-ci ildə parlament seçkiləri keçirilib. Seçkilərin nəticələrinə əsasən Sədrin lideri olduğu “Sairun” bloku 54 mandat qazanıb. İkinci yerdə gələn Həşd-Şabi liderlərinin Fəth koalisiyası isə 42 mandat qazanıb. Lakin ənənəvi olaraq hökumət qurmaq mümkün olmadığı üçün İraq siyasətində xüsusi yeri olan Ayətullah Əli Sistaninin müraciətindən sonra Adil Əbdülmehdinin rəhbərliyi ilə texnokrat koalisiya hökuməti qurulub.
Ancaq Adil Əbdülmehdinin hökuməti ölkədə tüğyan edən korrupsiya, sosial xidmətlərin yetərsizliyi və içməli su, elektrik enerjisi çatışmazlığına etiraz olaraq 2019-cu ilin oktyabrında etirazlar başlayıb. Amma əsas şüarlar sosial xidmətlər və korrupsiya əleyhinə olsa da, müşahidələrə əsasən bu aksiyaların arxasında həm də kəskin ABŞ-İran rəqabəti dayanırdı. Bu aksiyalar sonradan İran əleyhinə çağırışlarla “zənginləşdi”, nəticə etibarı ilə İraqda son illərdə İran əleyhdarlığı, ümumiyyətlə, İraqın xarici ölkələrin rəqabət meydanına çevrilməsi indi bir çoxlarını narahat edir və qəzəbləndirir. Bunların içərisində şiə siyasətçilər də az deyil.
İraq etirazları 2020-ci ilin fevralında yeni hökumətin qurulmasına səbəb olsa da, da narazılıqları aradan qaldırmaq mümkün olmadı. Baş nazir seçilən keçmiş təhlükəsizlik naziri Mustafa əl-Kazımı daha çox regional siyasətdə özünü göstərməyə çalışdı. Daxili problemlər isə həll olunmadı. Bunun nəticəsində əl-Kazımi yeni seçkilərə getdi.
Oktyabrın 10-da keçirilmiş 5-ci çağırış parlament seçkilərində 329 yerlik (320 yer seçkilərlə, 9 yer isə azlıqlara ayrılan kvota – K.R.) Məclisə seçilmək üçün 109 siyasi partiya, 21 seçki koalisiyasında birləşmiş və müstəqillərdən ibarət 3249 namizəd mübarizə aparıb.
İraqda keçirilən 10 oktyabr seçkilərinin əsas diqqət çəkən məqamı İrana yaxın hesab edilən “Həşd-Şabi” koalisiyasının uduzması oldu. Əvvəlki seçkilərdə 42 mandat qazanmış Amirinin lideri olduğu Fəth koalisiyası bu dəfə 16 mandat əldə edə bildi. Düzdür, digər İrana yaxın siyasətçilərdən hesab olunan keçmiş baş nazir Nuri əl-Malikinin koalisiyası səslərini sayını 25-dən 33-ə yüksəltdi, amma ümumilikdə bu nəticə İraqda İrana yaxın qüvvələrin, xüsusən də İraqın perspektivdə “milli qvardiyası” rolunu oynayacaq “Həşd-Şabi” üçün ciddi itki hesab olunur.
Bunun əvəzinə isə Sədr 19 mandat daha çox qazandı. Bu dəyişikliyin səbəbini bilmək üçün ötən 4 ildə baş verənlərə baxmaq lazımdır.
Kənar təsirlərə son
İraqda keçirilən 10 oktyabr seçkisini analiz edəndə qarşımıza maraqlı bir düstur çıxır. İraq xalqı ilk növbədə əsas üstünlüyü ölkənin müstəqilliyi, yada başqa sözlə xarici ölkələrin təsirindən çıxmasını istəyən qüvvələrə verib. Sədr ötən seçkilərdən sonra İranla məsafə saxlamaqla yanaşı Səudiyyə Ərəbistanı ilə yaxınlaşmağa cəhd göstərib. 2018-ci ildə Sədr ər-Riyada səfər edərək ölkənin əsas fiquru olan vəliəhd-şahzadə Məhəmməd bin Salmanla görüşüb. Bundan sonra İraq və Səudiyyə arasında münasibətlər mülayimləşib, diplomatik əlaqələr inkişaf edib. Daha sonra İraq prezidenti Bərhum Saleh və baş nazir Kazımi bir neçə dəfə ər-Riyada səfər ediblər. Bu yaxınlarda isə məlum olub ki, İraq hökuməti Səudiyyə Ərəbistanı və İran arasında əlaqələrin normallaşdırılması prosesində əsas vasitəçi kimi iştirak edir. Bundan başqa Kazımi İordaniya və Misirlə 3-lü ittifaqın bərpası istiqamətində ciddi işlər görüb, İraqın regional siyasətdə rolunu dirçəltməyə çalışıb. Sədr eyni zamanda ABŞ ordusunun da İraqdan çıxması, Vaşinqtonun İraqa təsirinin azaldılması tələbi ilə vaxtaşırı çıxışlar edir.
İraq seçicisi isə məhz Sədrə üstünlük verib. Görünür, indi iraqlılar üçün daha ciddi mövzu ölkənin kənar təsirlərdən qurtulmasıdır. Daha bir maraqlı detal isə Həşd-Şabi koalisiyasının gerilədiyi seçkilərdə Nuri əl-Malikinin irəliləməsidir. Maliki daha əvvəl İranla çox yaxın olsa da, sonradan o da İraqın müəyyən qədər müstəqilliyi üçün çalışdı. Ancaq ciddi korrupsiya və yarıtmaz idarəçilik İŞİD-in ardıcıl qələbələri fonunda Maliki Tehranın da “xeyir-duası” ilə 2014-cü ildə postundan uzaqlaşdıırldı. İndi isə o yenidən parlamentdə ciddi səs almış oldu.
10 oktyabr seçkilərinin daha bir fərqliliyi isə uzun illərdən sonra ilk dəfə qalib partiyanın hökumət quracağını elan etməsi və bununla bağlı siyasi danışıqlara başlamasıdır. Müqtəda əs-Sədr elan edib ki, onun ittifaqı hökumət quracaq və lazımı dəstəyi almaq üçün koalisiya danışıqlarına başlayır.
İraq parlament respublikası olduğu üçün hökuməti formalaşdıracaq siyasi qüvvənin parlamentin yarıdan çoxunun, yəni minimum 165 deputatın dəstəyini almalıdır. Yəni başqa sözlə, Sədr indi bir sıra partiyalarla razılaşıb koalisiyaya getməli olacaq.
İraq seçkilərində ən çox diqqət cəlb edən mövzu kürd regionundakı nəticələrdir. Çünki kürdlər hazırkı İraq siyasi sistemində ciddi yer tuturlar. Ölkənin ABŞ müdaxiləsindən sonra qurulmuş siyasi sisteminə əsasən İraqın prezidenti kürd siyasətçi (baş nazir şiə çoxluğun, məclis sədri isə sünni partiyaların nümayəndələri içərisindən) seçilir.
Bu seçkilərdə kürd partiyaları da səslərini artırıb. Ərbil kürd administrasiyasına rəhbərlik edən Bərzaninin Kürdüstan Demokratik Partiyası 10 oktyabr seçkilərində 33 mandat qazanıb. 2018-ci il seçkilərində bu göstərici 25 idi.
Bərzanilərin əsas rəqibi, keçmiş prezident Cəlal Təlabaninin partiyası olan mərkəzi qərargahı Süleymaniyyədə (ikinci böyük kürd şəhəri) yerləşən Kürdüstan Vətənpərvərlər İttifaqı Partiyası isə səs itirib. Qoran Partiyası ilə ittifaqa girən təlabanilər 16 mandat qazana bilib.
İraqdakı növbədənkənar parlament seçkilərində səs itirən daha bir siyasi qüvvə türkmənlər olub. İlk dəfə olaraq İraq türkmənləri seçkilərə vahid siyahı ilə getsə də, ilkin nəticələrə əsasən İraq Türkmən Cəbhəsi 1 mandat qazanıb.
Qeyd edək ki, ötən 2018-ci il seçkilərində İraq Türkmən Cəbhəsi (İTC) 3, “Türkmən Bloku” isə 5 mandat qazanmışdı.
10 oktyabr seçkilərinin nəticələri göstərir ki, İraq seçicisi 20 ilə yaxındır davam edən xaos və siyasi anlaşmazlıqlardan, ölkə daxilindəki parçalanma, xarici dövlətlərin təsir mübarizəsi və korrupsiyadan yorulub. Nisbətən daha böyük qüvvələrin çox səs alması indi hökumət qurma prosesini tezləşdirəcək və yeni hökumət qurulması prosesi nisbətən daha sürətli olacaq. Üstəlik seçkilərdə önə çıxan qüvvələr Müqtəda əs-Sədr, Məhəmmdə Halbusi kimi ölkənin müstəqilliyini müdafiə edən, nisbətən gənc (Sədr 1974, Halbusi isə 1981-ci il təvəllüdlüdür – K.R.), siyasi intriqa və korrupsiyaya bulaşmamış liderləri önə çıxarır. Bu da qarşıdakı dövrdə İraqda siyasi vəziyyətin nisbətən aydınlanacağını deməyə əsas verir.
MƏSLƏHƏT GÖR: