19 Dekabr 2024

Cümə axşamı, 16:48

BİZİM GÜNLƏR. XOSROV, ŞİRİN, MƏRYƏM

Aktrisa Mələk ABBASZADƏ dahi Nizami Gəncəvinin «Xəmsə»sindəki beş poemadan birinin əsasında çəkilən teleserial haqda

Müəllif:

15.11.2021

“Xosrov və Şirin” bədii televiziya serialının çəkilişləri başa çatıb. Film Azərbaycan ədəbiyyatının klassiki Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr olunub. Serialın müəllifləri - quruluşçu rejissorlar Xəyyam Abdullazadə və Elməddin Əliyevdir. Film Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası və İctimai Televiziya (İTV) tərəfindən çəkilib.

Klassik əsərin süjeti hamıya məlumdur. “Xəmsə”nin beş poemasından ikincisi İranın Sasani soyundan olan hökmdarı Xosrovun Bərdə şahzadəsi Şirinə sevgisindən bəhs edir. Onların nikahı, çağdaş dillə deyilsə, ailə hesablarına uyğun bağlanıb. Lakin Roma imperatorunun qızı Məryəm Xosrovu dərindən və ehtirasla sevir, Xosrov isə Şirinə aşiqdir. Lakin bu ruh halı belə Xosrovun çox qeyri-ciddi və pozğun həyat tərzi sürməsinə mane olmur. Filmin müəllifləri poemanın süjet kompozisiyasını pozmadan qəhrəmanları çağdaş həyatın şərtlərinə çulğaşdırırlar. Doğrudan da, XII əsrdə olduğu kimi, bu gün də insanların ehtiras dünyası eynidir. Hər şey - texnologiya, moda, təbii mənzərələr dəyişir, yalnız insan öz günahkar məzmunu ilə – dəyişməz psixoloji konstanta olaraq qalır.

Bu süjetdən bizim reallığımıza nəyin və necə uyğun gəlməsini, film müəllifləri tərəfindən süjetin bugünkü həyata necə uyğunlaşdırıldığını İctimai Televiziya kanalında premyeradan sonra görəcəyik. Serial Bakıətrafı qəsəbələrdə - Maştağa, Şüvəlan, Mərdəkan qəsəbələrində çəkilib.

Azərbaycanın əməkdar artisti Mələk ABBASZADƏ bu serialda Xosrovun (aktyor Rüstəm Cəbrayılovun) həyat yoldaşı Məryəm obrazını canlandırıb. Aktrisa “R+”a müsahibəsində filmin çəkilişlərindən danışıb.

- Rejissorlar hələ XII əsrdə yaradılmış süjeti necə müasirləşdirə bildilər?! Nə düşünmək olardı: 12-ci əsrin kostyumlarını müasirlərinə dəyişdirmək? İnteryeri və mebelləri modernləşdirmək?

- (gülür) Filmə baxmaq daha yaxşıdır, çünki serialda həm insan münasibətləri baxımından, həm də mühitlə bağlı hər bir detala varmaq önəmlidir. Həm də serialda məkanın bədii həlli ilə bağlı bütün məqamlar keyfiyyətcə yüksək bədii səviyyədə işlənib.

- Yaxşı, o zaman siz Məryəm adlı qəhrəmanınız haqqında nə deyə bilərsiniz?

- O, Xosrovu dəli kimi sevir. Məryəm bu sevgidən xoşbəxtdir, eyni zamanda həm də bədbəxtdir.

- Yəni?

- Məryəmin atası onu Xosrova ərə verəndə qızının hisslərini düşünməyib. Bu onun üçün sadəcə yaxşı bir sövdələşmə olub. Amma bu qadının bütün faciəsi ondadır ki, o, Xosrovu gerçəkdən sevir: qadın ruhunun bütün şövqü və ehtirası ilə.

- Hətta ondan qarşılıq almasa da belə?

- Məhz belə. Ərinin çoxsaylı xəyanətlərinə baxmayaraq, onu sevir.

- Bu, normaldır?

- Qadın sevir. Bu sevgi hissi onun üçün müqəddəsdir. Üstəlik, ona tam gücü ilə yaşamaq imkanı verən də sevgidir, çünki hər anı canlı insan emosiyası, parlaq duyğu ilə rənglənir. Sevgi onu istiqamətləndirir, hərəkətlərini və əməllərini idarə edir. Onun etdiyi hər şeyi sevgi yönəldir. Bu insani ehtirasın gücü o qədər böyükdür ki, onun təsiri altında mənim qəhrəmanım səhvlərə yol verir.

- Bu qadın ehtirasları dünyasını yaratmaq bir aktrisa kimi sizə maraqlı gəldimi?

- Çox maraqlıdır! Film 12 seriyadan ibarətdir və onların hər birində qəhrəmanım ondan öz qadın mahiyyətini nümayiş etdirməyi tələb edən situasiya yaşayır. Qəhrəmanın ruh, ürək və düşüncə halını yaradan vəziyyətlərə və səbəblərə dalmaqla yanaşı, həm də ehtiras və duyğularının bütün qammasını əsaslandırmaq lazım idi. Maraqlı və həyəcanlı idi! Şadam ki, quruluşçu rejissorların təklifini qəbul etdim və peşəkar təcrübəmdə Məryəm adlı qəhrəman qadın peyda oldu. Bu, gözəl peşəkar təcrübədir.

- Teatrda belə dramatik rolla bağlı iş təcrübəniz olubmu?

- Emosional gərginlik baxımından "Torağay " tamaşasındakı Janna d'Ark rolu və "İnsan səsi" tamaşasındakı Qadın rolları oxşar olub...

- Serial haqda nə deyə bilərsiniz?

- Düşünürəm ki, serial haqqında tamaşaçılar danışacaqlar. Yalnız bunu deyə bilərəm ki, bütün iş müddətində çəkiliş meydançasında yaradıcı ab-hava hökm sürürdü ki, bu da bütün çəkiliş prosesinin ruhunu müəyyən edirdi. Çəkiliş meydançasında bütün iştirakçıların - həm aktyorların, həm də bütün çəkiliş qrupunun arasında yaranan münasibətlərin ruhunu da.

- Sizin üçün məhz bu peşə təcrübəsi nəyi ilə qiymətlidir?

- Mən məhz kinoda olması önəmli bir estetika ilə təmasda idim. Burada kinoda olduğu kimi, serial layihəsinin imkan verdiyi qədər, bütün detallara – kadrların təsviri sırasından tutmuş personajın ruh halına qədər bütün detallara diqqət yetirilirdi. Heç nə diqqətdən kənarda qalmırdı və heç nə diqqətdən qaçmırdı. Çəkiliş meydançasında yaradıcı axtarış və peşəkar inam mühiti yaratmaq, bir-birlərinə qarşı mehriban isti münasibətlər qurmaq bacarığı qiymətli, nadir hallarda rast gəlinən keyfiyyətdir. Bu da rejissorların peşəkarlığıdır. Şadam ki, bu komandanın bir hissəsi oldum və bu layihəyə qatıldım.

O, həmin an bacardığı qədər səmimi və açıq idi, o - Mələk Abbaszadə: kinoda və teatr səhnələrində çoxlu rollar oynamış aktrisa, bu rolların arasında müxtəlif xarakterli, müxtəlif emosional dolğunluqlu qəhrəmanlar olub. O, lirik-dramatik və kəskin xarakterli qəhrəmanların ampluasında ifadə olunan istedadın aktrisasıdır. Məryəm obrazı onun aktyor taleyində yeni cizgidir, belə görünür ki, bu da onun peşəkar imkanlarını faciə ilə yanaşı səslənən janrda görməyə imkan verəcək. Çünki Məryəmin səhnələrinin çəkilişi zamanı, prodüserin dediyinə görə, çəkiliş meydançasında olan hər kəs aktrisanın peşəkarlığını dərk edərək, onu alqışlayıb.

Aktyorlar, əgər bu peşə üçün doğulublarsa, ondan kənarda yaşaya bilməzlər. Çünki nadir hallarda səhnəyə çıxmaq - eləcə də nadir hallarda filmdə oynamaq - onların sağlamlığına zərər verə bilər. Pandemiya zamanı bu xüsusilə nəzərə çarpdı: aktyorlar səhnəsiz və tamaşaçısız yaşaya bilməzlər. Yaxşı ki, kino var. Yaxşı haldır ki, aktyorların sənətin bu janrında özlərini peşəkarcasına ifadə etmək imkanları var.

Bütün bunlar seçdiyi sənətə hörmət, peşəyə sədaqət, həyat və psixologiya həqiqətinə əsaslanan rus teatr məktəbinin ənənələrini mühafizə etməsi ilə bağlıdır. «VQİK»in, Aleksey Batalovun emalatxanasının məzunu olan aktrisa uzun müddət həm həyatda, həm də peşəsində özünü axtarıb. Ancaq həyat daha müdrik yanaşıb: ona aktyor peşəsinin xoşbəxtliyini və əzablarını verərək, öz sözünü deyib. Bu - özünüzü dünyaya açmaq və bütün dünyanı özünüzdə kəşf etmək xoşbəxtlik deyilmi?

Bu yay Mələk Abbaszadə Vaqif Mustafayevin yanında maraqlı “Həyat, deyəsən, gözəldir” adlı filmə çəkilib. Ancaq bu, necə deyərlər, tamamilə fərqli hekayədir!



MƏSLƏHƏT GÖR:

237