23 Noyabr 2024

Şənbə, 01:38

ƏLVERİŞLİ QİYMƏT

OPEK ölkələri neft hasilatını daha öncə qəbul edilmiş anlaşmalar çərçivəsində artırmağın vacibliyinə əmindirlər

Müəllif:

15.11.2021

Avropa qaz bazarında yaranmış böhrandan çıxış yolu tapmağa çalışarkən, Rusiyaya qarşı birbaşa ittihamlar səsləndirilərkən, Şotlandiyanın Qlazqo şəhərində BMT-nin önəmli iqlim konfransı (COP26) keçirilib. Tədbirin iştirakçıları iqlim fəlakətindən qaçmağın ən doğru yolu kimi ənənəvi yanacaqlardan imtina edərək bərpa olunan enerji mənbələrinə üstünlük verilməsinin zəruriliyini müzakirə ediblər.

Elə bununla, demək olar ki, eyni zamanda OPEK+ ölkələri videokonfrans formatında həm özləri, həm də bütün dünya neft bazarı üçün çox önəmli olan problemi həll edirdilər – bundan sonra, daha doğrusu, artıq dekabrda necə davam etməli?

Bu zaman dilemma yaranmışdı - ya neft hasilatını 400 min barel/sutka artırmaqla bağlı ilkin plana sadiq qalmağa, ya da ABŞ-ın təkliflərinə uyaraq limiti iki dəfə - 800 min barel/sutka qaldırmağa üstünlük verilməli idi. Nəticədə, OPEK+ iştirakçıları yaxın aylarda neft hasilatının tədricən artırılması ilə bağlı öz ssenarilərinə əməl etmək qərarına gəliblər.

 

İqlim yanacağa qarşı

Birləşmiş Ştatlar, Avropa İttifaqı, Kanada və Böyük Britaniya da daxil olmaqla planetin müxtəlif regionlarından olan dövlət maliyyə qurumlarının böyük qrupu bu yaxınlarda öhdəlik götürüblər ki, 2022-ci ilin sonuna qədər xaricdəki hasilat yanacağı layihələrinə hökumətin maliyyələşdirməsini və dəstəyini dayandırsınlar. Noyabrın 4-də 19 ölkə, o cümlədən ABŞ, Kanada, Danimarka, İtaliya, Finlandiya, həmçinin beş inkişaf institutu “tarixi” adlandırmağa nail olduqları sənədə noyabrın 4-də Qlazqoda keçirilən BMT konfransında imza atıblar.

İmzalayan tərəflərin birgə bəyanatında deyilir ki, bu yanacaqlara qoyulan investisiyalar həm sosial, həm də iqtisadi risklər daşıyır. Bununla belə, sənəddə anlaşmanın məcburi olmadığı və istisnaların mümkün olması barədə qeyd də var, «Reuters» qeyd edir. Almaniya bu müqaviləyə qoşulmayıb. Eyni şəkildə Çin, Yaponiya və Cənubi Koreya xaricdəki hasilat yanacağı layihələrinə önəmli sərmayələr ayırırlar.

Bununla belə, «Oil Change International» qeyri-kommersiya təşkilatı aşkar edib ki, təşəbbüsü dəstəkləyən dövlətlər, 2016-cı ildən 2020-ci ilə qədər birlikdə hasilat yanacaqlarının çıxarılmasına hər il, təxminən, 18 milyard dollar (15,5 milyard avro) sərmayə qoyublar.

“Bu, təkcə kömür enerjisinin deyil, həm də neft və qazdan istifadənin maliyyələşdirilməsinin mərhələli şəkildə dayandırılması istiqamətində ilk siyasi öhdəlikdir. Əgər bu təşəbbüs həyata keçirilərsə, ildə 18 milyard dollar hasilat enerjisindən bərpa olunan enerji mənbələrinə yönləndiriləcək”, - deyə ABŞ-ın Biomüxtəliflik Mərkəzinin enerji ədaləti proqramının direktoru Tszin Çju deyib.

Vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri əldə olunan anlaşmaları o qədər də sevinclə qarşılamadılar. İclas gününün sonunda keçirilən mətbuat konfransında Almaniyanın «Urgewald» qeyri-hökumət təşkilatı və «Climate Action Network» birliyi enerji sahəsində mövcud vəziyyətlə bağlı narahatlıqlarını ifadə ediblər. «Urgewald»ın sözlərinə görə, ən azı 506 neft və qaz şirkəti növbəti yeddi il ərzində istehsalat portfelinə 190 milyard barel neft ekvivalenti əlavə etməyi planlaşdırır.

"Qaz və neft istehsalçılarının ən azı 96%-i öz aktivlərini genişləndirmək niyyətindədir. Sahə düşüncəsiz şəkildə genişlənmə kursuna doğru gedir, yeni layihələrin, təxminən, yarısı ən çirkli mədən üsullarına əsaslanır", - deyə təşkilatın nümayəndəsi bildirib.

T. Çju həmçinin iddia edir ki, G20 ölkələri də, təmiz enerji ilə bağlı yüksək bəyanatlarına baxmayaraq, əks istiqamətdə hərəkət edirlər. “2018-ci ildən 2020-ci ilə qədər G20 ölkələri hasilat yanacaqlarının çıxarılmasına 188 milyard dollar ayırıb ki, bu da onların bərpa olunan enerji mənbələrinə qoyduğu sərmayədən 2,5 dəfə çoxdur. Bu, sadəcə, dəhşətdir."

 

«Hamının maraqlarına uyğun»

Hələ ki, Qlazqo konfransının iştirakçıları 21-ci əsrin sonuna qədər qlobal temperatur artımını 1,5 dərəcə səviyyəsində saxlamaq üzrə, öz nöqteyi-nəzərlərinə uyğun olaraq, düzgün həll yolları axtararkən, bir vaxtlar OPEK+ alyansını yaratmış neft hasil edən 23 ölkə qrupunun isə həll etməli olduğu başqa bir məsələ var idi - dekabr ayı üçün neft hasilatı planı barədə qərar qəbul etməli idilər.

«Bloomberg» agentliyi öz mənbələrinə istinadən qeyd edib ki, ABŞ, Hindistan, Yaponiya və bir sıra digər iri neft istehlakçıları barel üçün 85 dollar həddini keçmiş yüksək qiymətlərlə bağlı narahatlıqları üzündən neft ixrac edən ölkələri “qara qızıl” hasilatını artırmağın zəruriliyinə inandırmaq üçün fəal şəkildə kampaniya aparırlar.

Üstəlik, «Bloomberg» hətta etiraf edib ki, neft hasilatını artırmaq qərarından yeni imtina OPEK+ ilə ABŞ arasında münaqişəyə səbəb ola bilər. Oktyabrın 31-də Birləşmiş Ştatların prezidenti Cozef Bayden yaranmış vəziyyətin doğru olmadığını bildirirək deyib ki, «Rusiya, Səudiyyə Ərəbistanı və digər böyük istehsalçılar daha çox neft çıxarmaq istəmirlər ki, insanlar, məsələn, işə gedib-gələ bilsinlər».

Ancaq nazirlərin növbəti görüşü noyabrın 4-də baş tutub. Yekun qərarın verilmə sürətindən aydın olur ki, OPEK+ sıralarında “fərqli düşünən” olmayıb. Gələn ay neft hasilatının sutkada daha 400 min barel artırılması qərarına yekdilliklə səs verilib. Özü də, neft bazarındakı vəziyyət və “qara qızıl”ın qiymətləri ciddi narahatlıq doğurmur, əksinə işlər yaxşı gedir.

Xatırladaq ki, OPEK+ ölkələri Covid-19 pandemiyası ilə bağlı məcbur olduqları 9,7 milyon barellik məhdudiyyəti neytrallaşdırmaq üçün 2021-ci il iyulun 18-də avqust ayından başlayaraq hasilatı mərhələli şəkildə aylıq 400 min barel artırmaq qərarına gəliblər. Bu anlaşma 2022-ci ilin sonuna qədər qüvvədədir. Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman neft hasilatının bu cür artırılması qərarını düzgün adlandırıb, çünki proqnozlara görə, kommersiya neft ehtiyatları dekabr ayında artmağa başlayacaq və bu, birinci rüb ərzində davam edəcək. Çünki OPEK+ neft hasilatını artırsa da, qışda, adətən, neftə tələbat azalır. “Fikirləşin, OPEK+ bazara dekabr, yanvar və fevral aylarında sutkada 1 milyon bareldən çox əlavə neft verəcək – bu, artıq tələbatı ödəməyə kifayət edəcək”, - deyə krallığın naziri bildirib.

Küveytin naziri Məhəmməd Əl-Faresin sözlərinə görə, 2022-ci ildə bütün proqnozlara görə, neft bazarında profisit yaranacaq.

BƏƏ-nin energetika naziri Məhəmməd Əl-Mazrui qeyd edib ki, neft bazarında artıq təklif elə 2022-ci ilin birinci rübündə yarana bilər. “Ona görə də dekabr ayında hasilatın bərpa tempini saxlamaq qərarı özünü doğruldur”, - deyə o bildirib.

Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novak isə öz növbəsində qeyd edib ki, neft bazarı bərpa olunur, lakin hələ də təzyiq altında qalır, ehtiyatlar artır. O qeyd edib ki, OPEK+ hasilatı artırsa da, qış aylarında tələbatda mövsümi azalma müşahidə olunacaq.

Səudiyyə Ərəbistanının energetika naziri qaz istehlakçılarının neftə olan tələbatının artması ehtimalından da bəhs edib, çünki onlar qiymətlərin həddən artıq yüksək olması üzündən elektrik stansiyalarında mazut, yəni əslində neft yandırmağa başlayırlar.

“Bizim enerji istehsalı sektorunu dəstəkləmək məsələsində imkanlarımız məhduddur. Bir çox analitiklər hesablayıblar ki, neft bazarının enerji sektorunu dəstəkləmək üçün təklif edə biləcəyi maksimum həcm 600 min barel/ sutkadır və artıq bunun 500 min barel/sutkası reallaşdırılıb”, - deyə o bildirib.

Bu arada, ilk uğursuz cəhdinə baxmayaraq, ABŞ hələ də OPEK+u neft hasilatını planda nəzərə tutulduğundan çox artırmağa inandırmaq fikrindən əl çəkmir. Ağ Evin rəhbəri Cozef Bayden noyabrın 6-da keçirdiyi mətbuat konfransında bildirib ki, iri neft ixracatçısı olan ölkələr hasilatı artırmağa məcburdurlar, lakin onların enerji daşıyıcıların yüksək dünya qiymətləri problemini həll etmək üçün bunu lazım olan qədər edəcəklərinə inam yoxdur.

 

Qiymətlər yüksəklərdədir

Bununla belə, neftin qiyməti artmaqda davam edir, hələ ki, 100 dollar/barelə qədər qalxmaq üçün heç bir ilkin şərt yoxdur, amma “Brent” markalı neftin qiyməti inamla 80 dollar/barelin üzərində dəyişir. Ümumiyyətlə, bu ilin əvvəlindən neftin qiyməti, təxminən, 1,6 dəfə - 50 dollardan 80 dollara qədər artıb ki, bu da təbii ki, “qara qızıl” istehlakçılarının narahatlığına səbəb olub. «Goldman Sachs»ın analitikləri hesab edir ki, ilin sonuna kimi “Brent” neftinin qiyməti 90 dollar/barelə qədər yüksələ bilər. Bankın ekspertləri qeyd edirlər ki, neft bazarında kifayət qədər təklif yoxdur və onun volatilliyinin artacağını gözləmək lazımdır. “OPEK və ABŞ prezident administrasiyası arasında yeni açıq fikir ayrılıqları, SPR-dən (ABŞ-ın strateji ehtiyatlarından – “R+”) neft satışı təhlükəsi, eləcə də İranla danışıqların potensial bərpası yaxın həftələrdə neft bazarının volatilliyini artıracaq. Xüsusilə də, ilin sonuna ticarət aktivliyinin azalması nəzərə alınmalıdır", - deyə «Goldman» analitikləri bildirib.

Səudiyyə Ərəbistanının energetika nazirinin sözlərinə görə, neftin qiymətinin güclü bahalaşması qaz və kömürün qiymətinin qalxması ilə bağlı olub ki, bu, ona məşhur “İti idarə edən quyruq” filmini xatırladır. Onun sözlərinə görə, neftin bahalaşmasının 28%-i bütövlükdə enerji sektorunda baş verən ani artımla bağlıdır.

O, qeyd edib ki, hazırda dünyada baş verən enerji böhranı qurulmuş infrastrukturun və istehsalın yetərsizliyi, eləcə də müxtəlif məhdudiyyətlərlə bağlıdır. O, həm də enerji mənbələri ilə bağlı qərarlar qəbul edərkən üç prinsipə əməl etməyin vacibliyini vurğulayıb: enerji təhlükəsizliyi, iqtisadi artım və iqlim dəyişikliyinə qarşı mübarizə. “Biz OPEK+ olaraq, hesab edirik ki, etdiyimiz hər şeyi bu üç dirək idarə etməlidir... Əks halda, baş verənləri görməyə davam edəcəyik”,- deyə Əbdüləziz bin Salman bildirib.

Rusiya baş nazirinin müavini A.Novak da öz növbəsində hesab edir ki, hazırda neftin qiymətinin 80 dollar/barel ətrafında olması bazardakı vəziyyəti obyektiv şəkildə əks etdirir. Bununla yanaşı, o hesab edir ki, bazarda qiyməti artıran bir çox amillər, eləcə də, qiyməti aşağı sala biləcək qeyri-müəyyənliklər var: bu, neftə tələbatın mövsümi azalması, kovidin «Delta» ştammının yayılması ilə bağlı tələbə təzyiq, həmçinin bəzi ölkələrin artıq indidən ticari neft ehtiyatlarını artırmasıdır.

Bununla yanaşı, «BofA» ekspertləri gələn il üçün «Brent» neftinin qiyməti üzrə proqnozlarını bir barel üçün 75 dollardan 85 dollara, 2023-cü il üçün isə 65 dollardan 75 dollara qaldırıblar. “Əgər 2022-ci və 2023-cü illərdə neft bazarı nisbətən tarazlaşdırılsa belə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində neft ehtiyatları 2025-2030-cu illərdə durmadan artan tələbatı ödəmək üçün çox kiçikdir”, – deyə «BofA» ekspertləri yazır.

Bununla belə, «Fitch Solutions» proqnozlaşdırır ki, tələbin azalması və ehtiyatların artması gözləntiləri fonunda 2022-ci ilin birinci yarısında “Brent”in qiymətləri düşəcək.

“2022-ci ildən başlayaraq tələb artımının yavaşıması və OPEK+, ABŞ və İran tərəfindən hasilatın potensial artımı üzündən bazar şəraiti daha da çətinləşəcək”,- deyə Agentlik yazır.

«Fitch Solutions»ın hesablamalarına görə, “Brent” neftinin orta qiyməti 2022-ci ildə 72 dollar/barel, 2023-cü ildə isə 73 dollar/barel olacaq.

 

İqtisadiyyata töhfə

Azərbaycan OPEK+un noyabr iclasında OPEK+ sazişi iştirakçılarının dekabrda neft hasilatının sutkada 400 min barel artırılması planını dəstəkləyib. “Biz hesab edirik ki, bu, sabitliyin qorunması üçün ən optimal həll yoludur”, - deyə Energetika Nazirliyinin rəhbəri P.Şahbazov bildirib.

Onun sözlərinə görə, bu qərar bazarda volatilliyin qarşısını almağa kömək edəcək.

P.Şahbazovun sözlərinə görə, neftin qiymətinin 60-70 dollar/barel səviyyəsində olması Azərbaycan və dünya iqtisadiyyatı üçün məqbuldur. “Bizə çox yüksək qiymətlər lazım deyil. Ola bilsin ki, bu gün qiymətlər bir qədər yüksəkdir, amma gördüyünüz kimi, OPEK+ hər ay hasilatı artırır. Hesab edirəm ki, bu, qiymətlərə təsir edəcək”, - deyə Energetika Nazirliyinin rəhbəri vurğulayıb.

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) qeyd edir ki, neftin yüksək qiymətləri fonunda Azərbaycan iqtisadiyyatının bərpası daha sürətlə gedir.

“2021-ci ilin yanvar-sentyabr aylarında ÜDM-in artım tempi qeyri-neft sektorunun 6,2 faiz artması hesabına 4,8 faiz təşkil edib. Eyni zamanda Azərbaycan OPEK+ sazişi çərçivəsində neft hasilatını tədricən artırır. Bunun hesabına yanvar-sentyabr aylarında neft-qaz sektorunda artım 1,4% təşkil edib. Yüksək neft qiymətləri və onun hasilatının artması iqtisadiyyatı 2021-ci ilin sonuna qədər dəstəkləyəcək”, - deyə bankın icmalında deyilir.

AYİB-in qiymətləndirməsinə görə, neftin əlverişli qiymətləri ölkənin tədiyyə balansının cari əməliyyatlar hesabında profisiti təmin edib.

Şimali Amerika maliyyə konqlomeratı «Bank of America»nın analitikləri proqnozlaşdırırlar ki, “Brent” markalı neftin qiyməti gələn ilin iyul ayının sonuna kimi bir barel üçün 120 dollara çata bilər. Əgər Azərbaycan Dövlət Neft Fondunun gəlirləri baxımından baxılarsa, bu mənzərə çox cəlbedici görünür. Bununla belə, tarix dəfələrlə qiymətlərin bir barel üçün 100 dollara qalxmasından sonra sarsıdıcı enişə çevrilməsini yaxşı xatırlayır. Çox güman ki, qiymətlər daha bir neçə həftə ərzində bir barel üçün 80 dollardan yuxarı səviyyələrdə qalacaq, lakin daha sonra artması inandırıcı deyil. OPEK+un neft hasilatını artırmaqla bağlı sonrakı qərarları nəzərə alınsa, qiymətin həm istehsalçılar, həm də istehlakçılar üçün rahat olan 70-73 dollar/barel səviyyəsinə endirilməsi ssenarisi daha realdır. Ancaq bunun üçün 2022-ci ilə qədər gözləmək lazım deyil.


MƏSLƏHƏT GÖR:

193