12 Mart 2025

Çərşənbə, 04:36

BAKIDA UĞURLU ÇIXIŞ!

Mixail Malkin dünya çempionatında gümüş medal qazandı

Müəllif:

01.12.2021

Azərbaycan paytaxtı Bakı gimnastika üzrə növbəti mötəbər yarışa ev sahibliyi etdi. Bu dəfə Milli Gimnastika Arenasında batut gimnastikası üzrə dünya çempionatı keçirildi.

Yarıdan öncə Milli Gimnastika Arenasında idmançı, məşqçi və hakim heyətinin ədalət prinsiplərinə sadiq qalacaqlarına dair andiçmə mərasimi oldu. İdmançıları Azərbaycan təmsilçisi Mixail Malkin təmsil etdi

Açılış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov ölkəmizin müxtəlif idman növləri üzrə yarışların uğurlu təşkilatçısı kimi tanındığını vurğuladı. Nazir bu tədbirlər arasında gimnastika yarışlarının xüsusi yer tutduğunu söylədi. Qeyd olundu ki, Azərbaycan batut gimnastikası üzrə dünya çempionatına ilk dəfə ev sahibliyi etsə də, bu, gimnastika üzrə Bakıda keçirilən dördüncü dünya birinciliyidir.

Nazir bildirib ki, Azərbaycanda fəaliyyət göstərən müasir idman qurğularındakı şərait, təşkilatçılıq təcrübəsi və xalqımıza məxsus qonaqpərvərlik tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilir.

Sonra Beynəlxalq Gimnastika Federasiyası - FIG-nin prezidenti Morinari Vatanabe Bakıda keçirilən batut gimnastikası üzrə 35-ci dünya çempionatında ən yaxşı idmançıların yüksəlişini izləyəcəklərini vurğuladı. O, dünya çempionatı üçün Bakıya yenidən səfər etməkdən məmnunluğunu bildirdi. Bu möhtəşəm məkanda bir çox dünya çempionatlarının təşkil edildiyini, amma batut gimnastikası üzrə mundialın ilk dəfə keçirildiyini vurğulayan M.Vatanabe qonaqlara yaradılan yüksək şərait görə Azərbaycan Gimnastika Federasiyasına təşəkkür etdi.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra dünya çempionatında yarışlara start verildi. Dörd gün ərzindədünya çempionatında 33 ölkədən 300-dək gimnast iştirak etdi. Çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda çıxış etdilər. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşdi.

Batut Gimnastikası üzrə 35-ci Dünya Çempionatında Azərbaycanı tamblinq üzrəAvropa çempionu Mixail Malkin təmsil etdi. Təsnifat mərhələsində mürəkkəb hərəkətləri yüksək peşəkarlıqla nümayiş etdirən idmançımız final mərhələsinə vəsiqə qazanan 8 gimnastdan biri oldu. Tamblinq cığırında keçirilmiş final yarışlarında Mixail hakimlərdən 76.300 xal alaraq fəxri kürsünün 2-ci pilləsinə yüksəldi. Birinci yerdə Rusiya təmsilçisi Aleksand Lisitsin (80.000 xal), üçüncü yerdə isə ABŞ təmsilçisi Kaden Braun (75.400 xal) qərarlaşdı.

 

Özünə əminlik və sonadək mübarizə

İdmançımız Mixail Malkin dünya çempionatında gümüş medal qazanması barədə danışarkən uğur qazanacağına inandığını deyib: "Medal qazanacağıma əmin idim. Çünki özümü texniki cəhətdən rahat hiss edirdim. Məşqçim dedi ki, medal qazancağına inanmalısan. Dostlarımı pis vəziyyətdə qoymaq istəmədim. Hamısına söz vermişdim. Toparlandım və yekunda 2-ci yeri tutdum".

25 yaşlı idmançı 2 ay ərzində yarışa ciddi hazırlaşdığını bildirib: "Sadəcə, çiynimdəki zədəyə görə çətinliklərim oldu. Hər addım, hər medal, hər hadisə sənin üçün yeni təcrübədir. Sadəcə, dişlərini sıxıb, sonadək mübarizə aparmalısan".

Avropa çempionu zədə səbəbindən Bakıda təşkil olunacaq batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışlarına qatılmayacağını söyləyib: "Çiynimdəki zədəni sağaltmaq istəyirəm. Buna görə də qarşıdakı yarışda sadəcə, Milli Gimnastika Arenasına gəlib komanda yoldaşlarıma dəstək olacağam".

Malkin pandemiya dövründə məşq etməyin çətinliklərindən də söz açıb: "Pandemiya vaxtı zala buraxmırdılar. Amma mən həyətdə, küçədə məşq edirdim. Açığı, zal açılandan sonra tullanmağa bir az qorxurdum. Amma sonra gördüm ki, hazırda əvvəlkindən də güclüyəm".

Dünya çempionatında yüksək rəqabətə baxmayaraq Mixail Malkinin gümüş medal qazanması yüksək nəticə kimi qiymətləndirilməlidi. Bu idmançımızın karyerasında dünya çempionatında qazandığı ilk medal oldu. Zədəni sağaldandan sonra Malkinin daha yüksək formada olacağını proznoqlaşdırmaq olar.

 

Maraqlı məqamlarla yadda qalan yarış

Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatının ulduz səfirləri, Olimpiya oyunlarının üçqat mükafatçısı, batut gimnastikası üzrə dünya çempionu Karen Kokbern (Kanada) və batut gimnastikası üzrə dünya və Avropa çempionatlarının qalibi Devid Martin (Fransa) Region Plus-a açıqlamasında yarışların təşkilindən heyran olduqlarını bildiriblər.

Ulduz səfirlər bildiriblər ki, Bakıda çox gözəl Milli Gimnastika Arenası var, burada məşqlər və yarışlar üçün gözəl şərait yaradılıb. Karen Kokbern yüksək təşkilatçılığa görə Yerli Təşkilat Komitəsi və Azərbaycan Gimnastika Federasiyasına təşəkkür edib:  "Dünya çempionatı maraqlı anlarla yadda qaldı. Biz həm məşhur idmançıların, həm də yeni adların çıxışlarını izlədik. Bakıda dünya çempionatında olmaqdan məmnun olduq. Bu cür idman yarışının ulduz səfiri olduğumuz üçün qürur duyuruq. Pandemiyadan sonra istənilən yarışı keçirmək bir qədər çətin olub. Hər zaman olduğu kimi Bakının yüksək təşkilatçılıqla hamını heyran etdiyini deməliyəm. Həm idmançılar, həm də qonaqlar yarışda zövq aldı" deyə, K.Kokbern bildirdi.

Batut gimnastikası üzrə dünya və Avropa çempionatlarının qalibi Devid Martin şəhərimizi xoş xatirlərlə tərk etdiyini dedi: "Azərbaycan Gimnastika Federasiyası yarışları çox gözəl təşkil etdi. İdmançılar üçün gözəl şərait yaradıldı. Milli Gimnastika Arenasında gözəl mühit hökm sürür və biz burada olmaqdan, çempionatın bir hissəsi olmaqdan məmnun olduq. Bakını xoş xatirələrlə tərk etdik”. O əlavə edib ki, gələn il batut gimnastikasının qaydalarında dəyişikliklər olacaq, çalışmaların kombinasiyaları çətinləşdiriləcək.



MƏSLƏHƏT GÖR:

195