Müəllif: Nurlanə QULİYEVA
Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının tezliklə bərpasına yönəlmiş layihələr bu gün təkcə hökumət üçün deyil, özəl sektor üçün də prioritetlər sırasındadır. İş dairələri nəinki özləri bu genişmiqyaslı prosesə fəal qoşulmaqla yanaşı, xarici tərəfdaşları cəlb etməyə hər cür çalışırlar.
Özəlliklə, nəzərə almaq lazımdır ki, şəhər və kəndlərin “ağıllı” idarəetmə sistemlərinin təşkili sahəsində Azərbaycanın elə də böyük təcrübəsi yoxdur, ancaq Qarabağda və Şərqi Zəngəzurda yaşayış məntəqələrinin əksəriyyətinin məhz belə idarə olunması planlaşdırılır. Bu baxımdan, Rusiyadan olan həmkarların dəstəyi hökumətin və biznesin işinə çox yarayar, bu yaxınlarda Azərbaycana işgüzar səfər zamanı Rusiya şirkətləri şəhər infrastrukturunun inkişafı üzrə öz təcrübələrini təqdim etmişdilər.
Ticarət lideri
Məlumdur ki, Rusiya qeyri-neft sektorunda Azərbaycanın ticarət tərəfdaşları siyahısında inamla lider mövqeyini tutur. Bu ilin ilk üç rübünün yekunlarına görə, Azərbaycanın qeyri-neft məhsullarının böyük hissəsi (ümumi ixracın 32,4 faizi) məhz bu ölkəyə ixrac edilib. Proqnozlaşdırılır ki, 2021-ci ilin sonunadək Azərbaycan-Rusiya qarşılıqlı ticarət dövriyyəsinin həcmi təqribən 3 milyard dollar təşkil edəcək. Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikovun sözlərinə görə, bu o deməkdir ki, ölkələr artıq pandemiyadan öncəki 2019-cu ilin səviyyəsinə çıxıblar.
“Bu, çoxçeşidli qarşılıqlı fəaliyyət üçün yetərincə geniş imkanlar açır. İndi Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracının artırılması imkanlarına böyük əhəmiyyət verilir, son altı ayda Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının tədarükü üçün dəmir yolu nəqliyyatının cəlb edilməsi intensivləşib. Bizim nəqliyyat sistemlərimiz getdikcə şaxələnir, yeni yaradılmış Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında gerçəkləşdirmək üçün yeni imkanlar açılır”, - deyə Boçarnikov vurğulayıb.
Rusiya İxrac Mərkəzinin (RİM) baş direktoru Veronika Nikişina da hesab edir ki, ölkələr arasında ticari-iqtisadi əlaqələrin artırılması üçün potensial var. RİM artıq Azərbaycanda investisiya layihələri üçün təkliflər alıb və hazırda bu layihələrdə maraqlı olan Rusiya şirkətləri barədə araşdırma aparır.
“5 milyard dollarlıq rəqəm (ticarət həcmi) – bu, 2022-2023-cü illərin sonunda görməli olduğumuz rəqəmdir”. Bu cür iddialı planı “Roseksimbank” ASC-nin İdarə Heyətinin sədri Azər Talıbov bildirib.
Onun sözlərinə görə, bunun üçün bir neçə problemi həll etmək lazımdır. «Bunların sırasında biznesin aparılması üzrə - həm Azərbaycanda Rusiya iş adamları üçün, həm də Rusiya Federasiyasında Azərbaycan iş adamları üçün əlverişli mühitin yaradılması da var. Bundan əlavə, inzibati maneələri və bürokratik çətinlikləri aradan qaldırmaq lazımdır», - deyə Talıbov bildirib.
Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Səməd Qurbanov Rusiya biznesini Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının bərpası çərçivəsində təklif etdiyi layihələrə diqqət yetirməyə çağırıb.
Azərbaycanın iqtisadiyyat nazirinin müavini Elnur Aydınovun da qeyd etdiyi kimi, məhz onlar hazırda ölkə üçün prioritetdir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə investisiyaları dəstəkləmək üçün artıq layihə hazırdır ki, bu da bu regiona investisiyalarla bağlı bütün nüansları özündə əks etdirir. Bununla yanaşı, hökumət xarici investorları dəstəkləmək üçün lazımi alətlər hazırlayıb.
Bununla bağlı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri üçün konseptual sənədin hazırlanması həvalə edilib və burada Rusiya şirkətlərinin fəal iştirakı gözlənilir.
Rusiya təcrübəsi
IDC analitik agentliyinin hesablamalarına görə, 2023-cü ilə qədər dünya üzrə “ağıllı şəhərlər”in yaradılması xərcləri 189,5 milyard dollar təşkil edəcək. Bu layihələr dünyanın, demək olar ki, bütün inkişaf etmiş ölkələrində həyata keçirilir. Bəs, Azərbaycan bu sahədə Rusiya təcrübəsini niyə cəlb edir? Birincisi, bizim ölkələrimizdə uzun illər şəhər təsərrüfatının idarə olunması eyni prinsiplərə əməl edilib, buna görə də onların rəqəmsal yenidən qurulması məsələləri də oxşar xüsusiyyətlərə malikdir. Digər tərəfdən Rusiyada “Ağıllı şəhər” konsepsiyasının tətbiqi artıq bir neçə ildir ki, bir neçə iri yaşayış məntəqəsində aparılır. Uyğun olaraq, yetərincə təcrübə toplanıb, sınaq və ya səhv yolu ilə şəhər iqtisadiyyatının və infrastrukturunun rəqəmsallaşdırılmasının planlaşdırılması üçün düzgün alqoritmlər əldə edilib. Yada salaq ki, ümumi mənada “ağıllı şəhər” vətəndaşların həyatına hər hansı bir şəkildə təsir edən bütün amillər haqqında ən dolğun, operativ və etibarlı məlumatların toplandığı əks əlaqəyə malik şəhər mühitidir. Söhbət yalnız elektron vericilərin çoxfunksiyalı sistemindən getmir, həm də vətəndaşların müəyyən yaşayış və həyat proseslərinin qiymətləndirilməsini nəzərə almağa imkan verən texnologiyalar bura aiddir. Bu məlumatlar əsasında şəhər rəhbərliyinin vətəndaşların rahatlığına mənfi təsir göstərən problemlərin həlli istiqamətində gələcək fəaliyyəti formalaşdırılır.
Çox sayda nüanslar var. Məsələn, Rusiyanın Novosibirsk şəhərində parkların «Wi-Fi»lı, smartfonlara, noutbuklara və ya elektrik skuterlərinə enerji yüklənməsinə imkan verən və səsli bildirişlərlə idarə olunan dirəklərlə təchiz edilməsi layihəsi gerçəkləşdirilib və Rusiya şirkətlərinin Bakıda yuxarıda qeyd olunan biznes missiyası zamanı bu təcrübə təqdim olunub.
«Ağıllı» dayanacaqlar, işıqforlar, həmçinin avtomatikanın avtomobil axınını təhlil edib tənzimləyəcəyi və hətta xüsusi siqnalları olan avtomobillərin keçməsinə icazə verəcəyi yol ayrıcları - bütün bunlar artıq fantaziya deyil, bu Sibir şəhərində həyata keçirilən real layihələrdir. Təbii ki, bunların hamısı ekoloji tələblərə maksimum riayət etməyə və atmosferə atılan tullantıların azaldılmasına yönəlib. Konkret misal kimi şəhərdə elektriklə işləyən avtomobillərin sayının artmasının stimullaşdırılmasını, onlar üçün çoxlu sayda yanacaqdoldurma məntəqələrinin quraşdırılmasını və s. göstərmək olar.
Qeyd edək ki, Azərbaycan hakimiyyəti daha çox məhz bu səbəbdən azad edilmiş torpaqlarda baha başa gələn “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarını həyata keçirməyə üstünlük verib. Ekoloji tarazlığın qorunmasına maksimum yönəlmiş həllər vasitəsilə regionun unikal biomüxtəlifliyi qorunacaq. Axı, bizim üçün təkcə dağılmış evləri, müəssisələri deyil, həm də Qarabağın zəngin təbiətini bərpa etmək, onu ilkin əzəmətinə qaytarmaq son dərəcə vacibdir.
MƏSLƏHƏT GÖR: